Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Belarusdan Litvaya keçən hava şarları: qaçaqmalçılıq, hibrid hücum, hər ikisi?

Litvanın baş naziri deyir, "hibrid hücum" baş verib. Yüzlərlə hava şarı (aerostat) Belarusla sərhədi keçərək aeroportlarda xaos yaradıb. Amma bu, çoxdankı irimiqyaslı qaçaqmalçılıq şəbəkəsinin işi də ola bilər, Minskdə yüksək səviyyədə əlaqələri olduğu iddia edilən şəbəkənin.

Şarlar təxminən 13 kilometr yüksəklikdə uçur. Oktyabrın sonlarında sayları o qədər artıb ki, bir neçə aeroport bağlanıb. Bu da təxminən 140 uçuş və 20 min sərnişin deməkdir.

Oktyabrın 29-da NATO və Avropa İttifaqının (Aİ) üzvü olan Litva Belarusla sərhədini bir aylıq bağlayıb. Baş nazir İnqa Ruqinene bildirib ki, bu müddət "gərəkdiyi qədər" uzadıla bilər.

Hava şarları özlüyündə tamamilə yeni bir hadisə deyil.

Qara bazardakı siqaretlər

İki ölkənin səmasında hava şarlarının uçduğu vaxtda Litva hakimiyyəti siqaret qaçaqmalçılığı ilə məşğul olan yük maşınlarına qarşı mübarizəni gücləndirir.

2023-cü ildə gömrük əməkdaşları 11.9 milyon qutu siqaret müsadirə ediblər. Həmin il sərhəd-keçid məntəqələrində yeni rentgen nəzarət sistemləri tətbiq olunmağa başlayıb. Elə həmin il Litva sərhəd xidməti qaçaqmal siqaretlərlə dolu üç şarın sərhədi keçdiyini bildirmişdi.

Ötən il rəqəmlər dəyişib: gömrük orqanları cəmi 2.3 milyon qutu siqaret müsadirə edib. Artıq qaçaqmalçılar başqa üsullara əl atmağa başlayıblar – dronlar, sallar, 226 ədəd şar...

Bu il yanvar-oktyabr aylarında sərhədi keçən 546 hava şarı qeydə alınıb. Sərhədçilərin fikrincə, bu üsul artıq sərhəddən keçirilən bütün siqaretlərin 80 faizini təşkil edir.

Belaruslu kimyaçı Syargey Besarab AzadlıqRadiosunun Belarus xidmətinə deyib ki, 40-50 kiloqram yük daşıya bilən bir şarın qiyməti təxminən 500 avrodur (578 dollar).

Bu, təxminən 1500 qutu siqaret deməkdir, qara bazarda qiyməti 3 min 450 avroya bərabərdir. Besarab deyib ki, bu şarların istiqamətdən yayınma ehtimalı da çox azdır. Belə ki, yüksəklikdə külək sabit olur, ona görə də şarlar bu qədər yüksəkliyə qaldırılır.

Söhbət xeyli sayda iri helium şarlarından gedir. Məsələn, oktyabrın 3-dən 4-nə keçən gecə Litva Belarus tərəfdən 25 şarın gəldiyini bildirib.

"Belarusdan belə çox şarın xüsusi xidmətlərin xəbəri olmadan buraxılması mümkün deyil, bu, fantaziyadır", – Besarab belə deyir.

Elə Litva prezidenti Gitanas Nauseda da ötən ay deyirdi: "Aydındır ki, xüsusi strukturlar, Belarus KQB-si rəsmi məhsul, həm də qeyri-qanuni bazar üçün məhsul istehsal edən şirkətlər vasitəsilə siqaret satışında iştirak edir".

Belarus uzun müddətdir beynəlxalq siqaret qaçaqmalçılığının əsas mənbələrindən biri kimi tanınır.

Belarus siqaretlərini kim çəkir?

2016-cı ildə İtaliyanın Milan Universitetinin tədqiqatçıları "Qanunsuz tütün ticarətinin Belarus habı" adlı araşdırma dərc ediblər. Hesabatda deyilir ki, saxta siqaretlərlə yanaşı, "qanunsuz ağ" siqaretlərin, yəni, bir ölkədə qanuni istehsal edilən, lakin leqal bazarda satılmadığı ölkələrə qaçaq yolla göndərilən məhsulların böyük dövriyyəsi mövcuddur.

Tədqiqatda Belarus istehsalı qaçaq siqaretlərin əsas bazarlarının pay bölgüsü də göstərilmişdi: Almaniya (30 faiz), Polşa (22.6 faiz), Böyük Britaniya (17.8 faiz) və İtaliya (9.7 faiz).

O vaxtdan 10 il keçməsinə baxmayaraq, bu ticarət hələ də davam edir. AzadlıqRadiosunun Belarus xidmətinə danışan mənbələr Belarus markalı siqaretlərin Litva, Almaniya və Fransada qeyri-qanuni satıldığını bildiriblər.

Alqı-satqı üçün "Telegram" messencerində qruplardan istifadə olunur. Belə qruplardan birində bir şəxs yazıb ki, Finlandiyanın paytaxtı Helsinkidə Belarusun NZ markalı siqaretlərini topdan almaq istəyir. Digər qruplar isə İspaniya, Portuqaliya, Almaniya və digər Aİ ölkələrinə yönəlib.

Hava şarlarının səbəb olduğu pozuntular isə qaçaqmalçılığı daha qabarıq siyasi problemə çevirib. Oktyabrda Rusiyanın iki hərbi təyyarəsi Litvanın hava məkanını pozandan, daha sonra aeroportlar ətrafında naməlum dronlar görünəndən bəri bu məsələ daha da aktuallaşıb.

Belarus şarların göndərilməsində iştirakını danır, sərhədin bağlanması qərarını pisləyib. Noyabrın 11-də avtoritar lider Aleksandr Lukaşenko sərhədin açılması üçün ikitərəfli danışıqlara çağırıb. Litva isə bildirib ki, şarların uçuşu dayanmayınca sərhəd bağlı qalacaq.

Litva ordusunun ehtiyatda olan zabiti, media şərhçisi Daryus Antanaytis AzadlıqRadiosuna bildirib ki, sərhədin bağlanması Minskə siyasətini dəyişmək üçün təzyiq göstərməyin ən təsirli yoludur.

"Litvada xeyli sayda belaruslu işləyir, qazandıqları pulları Belarusa göndərərək Lukaşenko rejiminin büdcəsini doldururlar. Litva sərhəd-keçid məntəqələrini bağlayanda Lukaşenko rejimi sosial, siyasi və iqtisadi təzyiqi hiss edir", – o vurğulayıb.