Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupun ikinci iclası keçirilib
22 Yanvar 2026
Yanvarın 21-də Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun onlayn formatda ikinci iclası keçirilib.
İclas Azərbaycandan xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ-dən isə dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə gerçəkləşib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, iclas zamanı iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla, regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əvvəl Strateji İşçi Qrupun ilk iclası ötən il dekabrın 19-da keçirilmişdi.