Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan iqtisadiyyatı yenə kiçilib

Azərbaycanda Ümumi Daxili Məhsulda (ÜDM) mənfi göstərici qeydə alınıb.

Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0.3 faiz az ÜDM istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0.2 faiz artıb.

Halbuki DSK bir ay əvvəl ötən ilin analoji dövrü ilə müqayisədə 0.3 faiz artımdan bəhs etmişdi. 2025-ci ildə isə ÜDM-də artımın 1.4 faiz olduğu açıqlanmışdı. Hökumət həmin ilin əvvəlində 3.5 faiz artım proqnozlaşdırırdı.

Hökumət rəsmiləri ÜDM-də mənfi göstəricini hələlik şərh etməyiblər. Amma müstəqil iqtisadçılar hesab edirlər ki, ölkədə neft hasilatının azalması, qeyri-neft sektorunda ciddi inkişafın olmaması iqtisadi geriləməni qaçılmaz edir.

Üstəlik, iqtisadçılar vurğulayırlar ki, mart ayı ərazində dünyada neft 70 faizdən çox bahalaşıb. Onların fikrincə, ABŞ, İsrail-İran münaqişəsi və Hörmüz boğazının bağlanması ilə bağlı neftin müvəqqəti bahalaşması iqtisadiyyatı "qara qızıl"dan asılı olan Azərbaycanda ciddi geriləməni müvəqqəti sığortalayır.

İqtisadçılar habelə vurğulayırlar ki, ÜDM göstəricilərinə görə Azərbaycan qonşularından geri qalır.

İqtisadçıdan hökumətə: 'Problemlər qar uçqunu kimi artmamış...'

İqtisadçı Natiq Cəfərli ÜDM-nin 0.3 faizlik azalmasını şərh edərkən, resessiya (iqtisadi fəallığın davamlı geriləməsi) başladığını vurğulayıb.

O, Facebook səhifəsində qeyd edib ki, martda neft qiymətləri kəskin artıb, buna baxmayaraq, ÜDM-də azalma var, deməli, problemlər çox dərinləşib: "Qonşularımıza baxanda görürük ki, Gürcüstanda 8.4 faiz, Özbəkistanda 7 faizdən çox, Qırğızıstanda 8.8 faiz ÜDM artımı var".

N.Cəfərli xatırladır ki, bu ilin ilk iki ayında Azərbaycanın ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 23.5 faiz azalıb: "Bu çox təhlükəli tendensiyadır, insanların alıcılıq qabiliyyəti düşüb, biznes isə investisiyayönümlü avadanlıq almır".

İqtisadçının fikrincə, vəziyyət çox ciddidir: "Problemlər qar uçqunu kimi artmamış həlli yollarını tətbiq edin. Kiçik-orta sahibkarlıq boğulur, qiymətlər sürətlə artır, insanların real gəlirləri azalır, iqtisadi daralma yaşanır – daha nə olmalıdır ki, həyəcan siqnalını eşidib, hərəkətə keçəsiniz?!".