Azər Qasımlının işi - "Ortada məhkəmə qərarı var və icra olunmalıdır"
28 Aprel 2026
Mənbə: Azadlıq Radiosu
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının vəkilləri onun haqqında 12 illik həbs hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılmasını istəyir. Vəkillər Aqil Layıc və Rövşanə Rəhimova aprelin 27-də Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasında da bu barədə vəsatət qaldırıblar.
Müdafiəçilər bildirib ki, məsələn, zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovun keçmiş həyat yoldaşı Fərəhbanu Niftəliyevanın məhkəmədə dindirilməsi vacibdir. Q.Yusibov iddia edir ki, A.Qasımlı onu azyaşlı oğlunu oğurlamaqla təhdid edib.
Vəkillər vurğulayıb ki, F.Niftəliyeva gəlib məhkəmədə sualları cavablandırmaqla, həm də belə bir hadisənin baş verib-vermədiyinə aydınlıq gətirə bilər.
Müdafiəçilər yada salıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsində F.Niftəliyevanın çağrılıb dindirilməsi barədə qərar qəbul edilmişdi. Lakin son nəticədə o dindirilmədi:
“Ortada məhkəmə qərarı var və o, icra olunmalıdır. İkincisi, Qurbanəli Yusibov oğlu ilə təhdid olunduğunu iddia etdiyi vaxt artıq boşanmışdılar, həmin ünvanda yaşamırdı. Bu baxımdan, Fərəhbanu Niftəliyevanın gəlib ifadə verməsi Azər Qasımlının Qurbanəli Yusibovu təhdid etməsi haqda ittihamı alt-üst edə bilər”.
“Necə olur ki, məhkəmə uşağın atasına danışmaq hüququ verir, amma anasına yox?”
Təqsirləndirilən politoloq da vəkillərinin vəsatətlərini müdafiə edib. A.Qasımlı vurğulayıb ki, zərərçəkmiş qismində tanınan şəxs istər istintaqda, istərsə də məhkəmədə ziddiyyətli ifadələr verib:
“Özünü zərərçəkmiş kimi təqdim edən şəxs deyir ki, uşağımı oğurlamaqla təhdid edirdi. Necə olur ki, məhkəmə uşağın atasına danışmaq hüququ verir, amma anasına yox?”
Apellyasiya məhkəməsində zərərçəkmiş Q.Yusibovun nə özü, nə də nümayəndəsi iştirak edib. A.Qasımlının vəkilləri buna etiraz edib.
“Özünü zərərçəkmiş kimi təqdim edən şəxsə suallarımız var. Gəlib cavab verməlidir”, – vəkil R.Rəhimova belə deyib.
Müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb. Zəfər Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib ki, A.Qasımlının apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasın.
Məhkəmə baxışı mayın 11-nə təyin olunub.
Xatırlatma
51 yaşlı Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Qurbanəli Yusibovun şikayəti əsasında həbs olunan politoloq Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda gəlir əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 12 il həbs cəzası kəsilib.
A.Qasımlı ittihamı qəbul etmir, siyasi sifariş əsasında həbs olunduğunu bildirir. O vurğulayır ki, bu işdə yeganə zərərçəkmiş özüdür.
A.Qasımlı ilə Q.Yusibov arasında bir neçə il öncə “Binance” kriptovalyuta portalına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği “Binance” portalındakı hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən A.Qasımlı pulunu istəyib. Sonradan bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxıb.
Mingəçevir şəhər Məhkəməsi Q.Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib. Həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Qərar belə əsaslandırılıb ki, bu məsələyə kommersiya məhkəməsində baxılmalı idi.
A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və politoloqun əleyhinə qərar verilib.