Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aviqdor Liberman: "Ən pis ssenari onların hakimiyyətdə qalmasıdır"

"Gözləntimiz bu rejimin devrilməsidir". Bunu İsrailin tanınmış müxalifət lideri, keçmiş müdafiə, xarici işlər və maliyyə naziri Aviqdor Liberman AzadlıqRadiosunun hazırda Təl-Əvivdə olan jurnalisti Rey Förlonqa deyib.

O, müharibənin "çox yaxşı" getdiyini deyib, amma əsas məsələnin yekun nəticəyə bağlı olduğunu vurğulayıb.

"Hər gün vəhşiliklər görürük. Etirazlar zamanı da vəhşilikləri gördük. Məncə bu, azad dünya üçün ən böyük çağırışdır. Uzun illər izah etməyə çalışırdıq ki, bu, təkcə bizim problemimiz deyil, bütün dünyanın problemidir. Düşünürəm ki, bu gün bu, artıq hamıya çox aydındır", – Liberman söyləyib.

Jurnalistin mümkün rejim dəyişikliyindən sonra yarana biləcək xaos barədə sualına cavabında o, Liviya, İraq və Suriyada yaşanan böyük qarışıqlığı qeyd edir, amma deyir ki, "bütün alternativlər arasında ən pis variant İranda onların hakimiyyətdə qalmasıdır. Məncə, daha yaxşı imkanlar var, çox uğurlu olmasalar belə. Ən pis ssenari onların hakimiyyətdə qalmasıdır".

Kürdlər, bəluclar...

Bu həftə ABŞ mediası Vaşinqtonun İranın kürd müxalifət qrupları, eləcə də İraqdakı kürd liderləri ilə İrana hücum ehtimalını müzakirə etdiyini yazıb. İraqdakı kürdlərin İrana daxil olması ehtimalı barədə suala cavabında Liberman İsrailin İran daxilində çoxlu müttəfiqləri olduğunu deyir.

"İlk növbədə etirazları gördük. Bu, uzun illər əziyyət çəkən İran xalqı idi. Bəluc kimi azlıqların bu rejimə nifrət etməsi üçün yetərincə səbəblər var. Kürdlər var, başqaları var. Liderliyə konkret kimin keçəcəyini bilmirəm. Amma ABŞ-də şahın oğlu var. Avropada, Skandinaviya ölkələrində, ABŞ-də güclü müxalifət qrupları var. Çoxlu qüvvə var. Kimsə bütün bu qruplar arasında əlaqələri idarə etməlidir. Fikrimcə, bu rejimi devirmək və hakimiyyəti dəyişmək istəyən yetərincə insanlar və qruplar var", – keçmiş nazir bildirir.

Xaos – ən pis ssenari

A.Liberman ən pis ssenarinin xaos olduğunu deyir: "Eyni rejim hakimiyyətdə qalmağı bacarsa, iqtisadi vəziyyətdən dolayı daha qəddar, daha fanatik bir rejimə çevriləcək. Bu halda anarxiya və etirazlar yayıla bilər".

Fevralın 28-dən ABŞ və İsrail İrana hava zərbələri endirir. Ali lider Əli Xamenei və bir neçə ailə üzvü elə həmin öldürülüb. İran isə cavabında Təl-Əvivi, ABŞ-nin regionda bazaları olan ölkələri vurur.

Martın 5-də Azərbaycanın Naxçıvan bölgəsinə də dronlar düşüb. Azərbaycan prezidenti İlham Əliyev hadisəni "terror aktı" kimi pisləyib, İrandan üzrxahlıq tələb edib. Dövlət başçısı deyib ki, hücumu törədənlər məsuliyyətə cəlb olunmalıdır.

Tehran isə Azərbaycanı, qonşu ölkələri hədəfə almadığını bildirib.