Arif Hacılı ölkədən çıxışına qadağa qoyulduğunu deyir
24 İyun 2026
Müsavat Partiyası Məclisinin sədri, partiyanın keçmiş başqanı Arif Hacılı ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bildirib.
Onun sözlərinə görə, bu gün, iyunun 23-də Vyanaya səfər edərək regional məsələlərə həsr olunmuş tədbirə qatılmalı idi. Həmin tədbirdə Azərbaycanın həm hakimiyyət, həm də müxalifət nümayəndələri, habelə deputatlar iştirak etməli idi. "İyulun 3-4-də isə həmin şəhərdə Müsavat Partiyasının üzvü olduğu ALDE-nin (Avropa Uğrunda Liberallar və Demokratlar Alyansı) növbəti Konqresinə qatılacaqdım", — A.Hacılı əlavə edib.
Siyasətçi deyir ki, hava limanının sərhəd xidməti ona heç bir əlavə məlumat vermədən ölkədən çıxışının qadağan olunduğunu bildirib: "Qadağanın hansı qurum tərəfindən və hansı səbəbdən qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı".
Hələlik bu açıqlamaya münasibət almaq üçün rəsmi qurumlarla əlaqə saxlamaq mümkün olmayıb.
A.Hacılı 1992-1993-cü illərdə ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. O, iki dəfə — 2003-2005 və 2011-2012-ci illərdə — icazəsiz etiraz aksiyaları ilə əlaqədar həbs edilib.
A.Hacılı 2014-2024-cü illərdə Müsavat Partiyasına rəhbərlik edib.