ARDNF-in bu il neft-qaz gəlirinin 5 milyard dollar olacağı proqnozlaşdırılır
12 Yanvar 2026
Bu il Azərbaycanın payına düşən karbohidrogenlərin satışından Dövlət Neft Fondunun (ARDNF) əldə edəcəyi xalis gəlirlərin 5 milyard 30 milyon ABŞ dolları (8 milyard 551 milyon manat) təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə Hesablama Palatasının Fondun 2026-cı il büdcəsinə dair rəyində qeyd olunub.
Rəyə əsasən, bu göstərici 2024-cü ilin faktiki icra səviyyəsindən 2 milyard 910,4 milyon manat və ya 25,4 %, 2025-ci ilin proqnoz göstəricisindən isə 1 milyard 246,3 milyon manat və ya 12,7 % azdır.
Məlumatda bildirilib ki, 2026-cı ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaqla hesablanıb. Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin sərmayəçi, payçı və ya tərəfdaş olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər bu məbləğə daxil edilməyib.
Qeyd olunub ki, ARDNF-in 2026-cı il üçün büdcəsində Fonda mədaxil olunması nəzərdə tutulan mənfəət nefti və qazdan əldə ediləcək gəlirlər müəyyən edilərkən yataqlarda hasil olunan neft və qazdan Azərbaycan dövlətinə məxsus mənfəət payının həcmi əsas götürülüb.