ABŞ Venesuelaya zərbələr endirib, paytaxt Karakasa desant atılıb
03 Yanvar 2026
ABŞ Venesuelada hərbi əməliyyatlara başlayıb.
Xarici KİV-lər xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.
Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilib, şəhərdə elektrik enerjisi kəsilib.
Yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara zərbə endirdiyini bildirirlər. ABŞ-ın Karakasa desant qüvvələri endirməsi barədə məlumatlar yayılıb.
Karakas üzərində təxminən on ABŞ helikopteri müşahidə edilib. Görüntülərdə hücum təyyarəsi də qeydə alınıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə də zərbə endirib.
Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.
Məlumatlara görə, ölkənin şimalındakı Vargas ştatında Hərbi Dəniz Akademiyasının yerləşdiyi dəniz bazasına da ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb.
Bir qədər əvvəl prezident Nikolas Maduro Çinin xüsusi nümayəndəsi ilə görüşüb. Prezident sarayına gedən yollar bağlanıb.
Kolumbiya prezidenti Qustavo Petro Venesuelaya hücumla bağlı BMT-nin və Amerika Dövlətləri Təşkilatının təcili iclaslarının çağırılmasını istəyib.