ABŞ və İsrail kəşfiyyat orqanları Müctəba Xameneinin sağ olub-olmadığını öyrənməyə çalışırlar
22 Mart 2026
ABŞ və İsrailin xüsusi xidmət orqanları - Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və "Mossad" İranın yeni Ali lideri Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmamasının səbəbini araşdırır.
Bu barədə "Axios" nəşri kəşfiyyat məlumatlarına və amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, həm ABŞ, həm də İsrail Müctəba Xameneinin sağ olduğuna dair kəşfiyyat məlumatlarına malikdir. Məsələn, iranlı rəsmilərin onunla şəxsi görüş təşkil etməyə çalışdıqlarına dair sübutlar var, lakin təhlükəsizlik səbəbindən bu cəhdlər uğursuz olub.
Məlumata görə, Müctəba Xameneinin yoxa çıxması məsələsi ABŞ Prezidenti Donald Trampa təqdim olunan xüsusi kəşfiyyat brifinqlərində dəfələrlə müzakirə edilib. Vaşinqton hələ də Tehranda vəziyyətə kimin real nəzarət etdiyini müəyyənləşdirməyə çalışır.
İsrailli yüksəkvəzifəli rəsmilərdən biri də etiraf edib ki, onların xüsusi xidmət orqanlarında məhz Müctəba Xameneinin göstəriş verdiyini təsdiqləyən sübut yoxdur.
Novruz münasibətilə videomüraciəti də İran Prezidenti Məsud Pezeşkian yayımlayıb. Müctəba Xameneinin "Telegram" kanalında isə yalnız birlik çağırışı olan yazılı mesaj və bir neçə foto yerləşdirilib.
Hazırda MKİ həmin fotoların yeni olub-olmadığını müəyyənləşdirməyə çalışır.
Qeyd edək ki, Müctəba Xamenei atası və sələfi Əli Xameneinin ABŞ-İsrail əməliyyatı zamanı həlak olmasından sonra İranın yeni ali lideri seçilib. Martın 12-də onun ilk ictimai mesajı yayılsa da, iki həftə ərzində o, ictimaiyyət qarşısına çıxmayıb.
Pentaqon daha əvvəl Müctəba Xameneinin yaralandığını bildirmişdi. Donald Tramp isə onun sağ qaldığına şübhə etdiyini demişdi. Tehran isə yeni liderin yaralandığını təsdiqləsə də, xarici işlər naziri Abbas Əraqçı onun yüngül xəsarət aldığını, tam sağlam vəziyyətdə olduğunu və vəziyyətə nəzarət etdiyini bildirmişdi.