Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-nin müdafiə büdcəsi 1 trilyon dolları keçir

ABŞ-nin müdafiə büdcəsi 2026-cı ildə 1 trilyon ABŞ dollarını keçir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2027-ci ildə bu məbləğin 1,5 trilyon ABŞ dollarına çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, son bir ildə dünyanın vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib: "Bu gün hər şey cəmi bir il əvvəlkindən xeyli fərqlənir. O zaman dünya, əslində, alov içində idi, baxmayaraq ki, bir çoxları bunu dərk etmirdilər".

D.Tramp vurğulayıb ki, əldə edilmiş uğurların əhəmiyyətli bir hissəsi onun ilk prezidentlik müddətində ABŞ Silahlı Qüvvələrinin bərpası və onların gücləndirilməsi sayəsində mümkün olub: "Bu misli görünməmiş uğurun böyük qismi ona görə mümkün oldu ki, ilk prezidentlik müddətimdə Silahlı Qüvvələrimizi bərpa etdim, indi isə biz onları daha da güclü edirik".

Bundan əlavə, ABŞ Prezidenti bəyan edib ki, NATO üzrə müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaq öhdəliyini əldə etməyə nail olub.

"Demək olar ki, bütün ölkələr İspaniya istisna olmaqla razılaşıb. Mən bilmirəm İspaniyada nə baş verir. Niyə onlar bunu etmirlər? Düşünürəm ki, onlar hər şeyin pulsuz olmasını istəyirlər. İspaniya xaricində bütün ölkələrdə artım ÜDM-in 5 %-nə qədər olub. Biz İspaniya ilə danışmalıyıq", - D.Tramp vurğulayıb.