ABŞ İranla müharibədə ekipajsız sürət qayıqlarından istifadə olunduğunu bildirir
28 Mart 2026
Pentaqon İranla müharibədə ekipajsız sürət qayıqlarından istifadə olunduğunu ilk dəfə etiraf edib. Məlumatı "Reuters" martın 26-da yayıb.
Müşahidə və kamikadze hücumları üçün uyğun olan bu qayıqlardan istifadə haqda indiyədək məlumat verilməmişdi.
Ukrayna isə daha öncə Rusiyanın Qara dəniz donanmasına ziyan vurmaq üçün ekipajsız, partlayıcı maddələrlə yüklənmiş sürət qayıqlarından istifadə edib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Houkins "Reuters"ə deyib ki, "Global Autonomous Reconnaissance Craft" (GARC) kimi tanınan ekipajsız qayıqlardan ABŞ-nin İrana qarşı patrul xidmətində istifadə olunub.
"Reuters" yazır ki, ABŞ illərdir daha bahalı, ləng gəmilərə və sualtı qayıqlara alternativ olaraq ekipajsız suüstü və sualtı gəmilərdən ibarət donanma qurmağa çalışır.
Layihənin texniki problemlər, xərc sarıdan narahatlıqlar, sınaq zamanı uğursuzluqlar ilə üzləşdiyi bildirilir.
GARC təxminən 5 metr uzunluğunda itibucaqlı sürət qayığıdır.
"GARC inkişaf etdirilir, ABŞ-nin 5-ci Donanmasının suüstü dronlar donanmasına daxildir, regional sularda baş verənlər barədə məlumatlılığı artırmaq üçün istifadə olunur", – Houkins deyib.