Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır - "Washington Post"

Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır.

Bu barədə "Washington Post" qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Planlara xüsusi təyinatlı qüvvələrin və adi piyadaların basqınları daxil ola bilər. Belə ki, Prezident Donald Trampın bu planlardan hər hansı birini təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.

Tramp administrasiyası İrandakı müharibənin beşinci həftəsinə qədəm qoyduğu bir vaxtda ABŞ dəniz piyadalarını Yaxın Şərqə göndərib və həmçinin ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgəri bölgəyə göndərməyi planlaşdırır.

Vurğulanıb ki, Pentaqon İranda məhdud quru əməliyyatları üçün variantları araşdırır. Bu əməliyyatlara tammiqyaslı işğal əvəzinə xüsusi təyinatlı qüvvələr və piyada qüvvələrinin hədəf reydləri daxildir.

Qeyd olunub ki, Tramp administrasiyası İranın ən böyük neft terminalının yerləşdiyi Xarq adasının ələ keçirilməsi və Hörmüz boğazının sahil zonasına basqınlar da daxil olmaqla müxtəlif mümkün ssenariləri müzakirə edir.

Buraya, xüsusən də Amerika tərəfinin fikrincə, kommersiya və hərbi gəmilərə hücum etmək üçün istifadə edilə bilən və gəmiçilik üçün təhlükə yarada biləcək silahların axtarışı və məhv edilməsi daxildir. Nəşrin məlumatına görə, mənbələr bu cür əməliyyatların ehtimal olunan müddəti ilə bağlı fikir ayrılığına malikdirlər. Bir mənbə təyin olunmuş tapşırıqların yerinə yetirilməsinin bir neçə həftə çəkə biləcəyini düşünür, digəri isə əməliyyatların bir neçə ay davam edə biləcəyini etiraf edir.

Lakin ABŞ prezidenti Donald Tramp hələlik bu cür planların həyata keçirilməsinə icazə verməyib və Amerika qoşunlarının İrana yerləşdirilməsi ilə bağlı qərarın verilib-verilməyəcəyi hələ də məlum deyil.

Daha əvvəl, 20 martda Oval ofisdə jurnalistlərin suallarını cavablandırarkən o, qoşun yeritmək niyyətində olmadığını bildirmişdi. Bu arada, dövlət katibi Marko Rubio 27 martda İrandakı münaqişənin uzanmayacağına inandığını qeyd etmiş və əlavə etmişdi ki, ABŞ quru qüvvələrindən istifadə etmədən məqsədlərinə çata bilər.