Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-İran razılaşması necə əldə olunub? - “Axios” prosesin gizlinlərini açıqlayıb

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei iranlı rəsmilərə ABŞ-la razılıq əldə etmək yolunda addım atmağa dair göstəriş verib.

Bu barədə anonim İsrail rəsmisi, bir regional və daha bir məlumatlı mənbə “Axios”a danışıblar.

Belə ki, Donald Trampın təhdidlərindən sonra atəşkəs elan olunana qədər, hətta ABŞ Prezidentinə yaxın adamlar belə onun son qərarının nə olacağını bilməyib.

Nəşrin yazdığına görə, ABŞ-ın Yaxın Şərqdəki qoşunları və Pentaqon rəsmiləri İranın infrastrukturuna saatlarla kütləvi hücum planlaşdırıb və onlar belə Trampın qərarının nə olacağından əmin olmayıb. Üstəlik, region ölkələri də İranın güclü cavab zərbələrinə hazırlaşmağa başlayıblar.

Məlumatda deyilir ki, bazar ertəsi günü Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff çox əsəbi halda telefonda vasitəçilərlə danışıb və o, İranın təqdim etdiyi 10 maddəlik planı “fəlakət” adlandırıb. Bundan sonra pakistanlı vasitəçilər planın üzərində dəyişiklik edilmiş yeni versiyaların İranın xarici işlər naziri Abbas Əraqçi və Uitkoff arasında mübadiləsini təşkil ediblər.

Yazıda qeyd olunub ki, Türkiyə və Misirin xarici işlər nazirləri də ABŞ-la İran arasında körpülərin qurulmasında iştirak ediblər və bazar ertəsi gecəyə qədər artıq ABŞ-ı iki həftəlik atəşkəs razılaşmasına inandıra biliblər. Bundan sonra isə əsas qərar İranın Ali Rəhbərindən asılı olub.

Bildirilib ki, İsrail tərəfindən sui-qəsdə məruz qalmaq ehtimalına görə, Xamenei iranlı rəsmilərlə yazılı formatda əlaqə saxlayıb.

Bundan başqa, Əraqçi SEPAH-ın komandirlərini razılaşmanı qəbul etməyə məcbur edib.

Çin də İranı müharibəni dayandırmağa çağırıb.

Mənbələr vurğulayıb ki, bütün bunlara baxmayaraq, Xameneinin icazəsi olmadan razılaşma baş tuta bilməzdi.

Əlavə edilib ki, Macarıstanda səfərdə olan ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens aktiv şəkildə telefonla pakistanlı vasitəçilərlə əlaqə saxlayıb. Bu müddət ərzində İsrailin Baş naziri Benyamin Netanyahu da Trampla mütəmadi olaraq kontaktda olub, çünki israillilər prosesin onların nəzarətindən çıxacağından narahat olublar.

Çərşənbə axşamı günortaya qədər isə tərəflərin iki həftəlik atəşkəs üzrə razılaşmaları təmin olunub.

Pakistanın Baş naziri Şahbaz Şərifin “X” hesabında razılaşmanı elan etməsindən sonra Tramp müharibəni dəstəkləyən ABŞ rəsmilərindən zənglər və mesajlar alıb. Onlar Trampı müharibəni dayandırmamağa çağırıb. Həmin şəxslər Trampın atəşkəsə razılaşmayacağına inanıb, lakin sonra Trampın razılaşmanı qəbul etməsi onların təəccübünə səbəb olub.