Logo
news content
User
Kateqoriyalar

Xəbər

33 milyon cərimə - Avstraliyada yeniyetmələrin sosial mediadan istifadəsi yasaqlandı

Dekabrın 10-da Avstraliya yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan edib. Bu, dünyada ilk belə haldır. Bir çox valideynlər və uşaq hüquqları fəalları bu addımı alqışlayıb, böyük texnologiya şirkətləri, söz azadlığı müdafiəçiləri isə tənqid ediblər.

Dekabrın 10-na keçən gecədən TikTok, YouTube, Instagram və Facebook platformalarına uşaqları bloklamaq göstərişi verilib. Əks halda, onlar 33 milyon dollarlıq cərimə ilə üzləşə bilərlər.

Baş nazir Entoni Albaniz bunu ailələr üçün "qürurlu gün" adlandırıb.

"Bu, böyük fərq yaradacaq. Ölkəmizin üzləşdiyi ən böyük sosial və mədəni dəyişiklikdir", – Albaniz deyib.

"Reuters" yazır ki, yaşı 16-dan az olanların bəziləri sosial mediasız həyata adaptasiyadan narahat olduqlarını deyiblər.

Bu gün təkcə TikTok-da 200 minədək hesabın deaktiv olunduğu, yaxın günlərdə yüz minlərlə hesabın bloklanacağı açıqlanıb.

Yeni qanunun təxminən 1 milyon uşağa təsir göstərdiyi bildirilir.

"Daha sosial media olmayacaq... dünya ilə əlaqəm olmayacaq", – bir yeniyetmə TikTok-da yazıb.

Bir ildir ölkədə uşaqların sosial mediada uzaqlaşdırılmasının mümkünlüyü müzakirə mövzusudur. Bu, bütün dünyada hökumətlər üçün sınaq olacaq, çoxları sosial media şirkətlərinin platformalarda ziyanın azaldılmasına yönəlik tədbirləri ləng gerçəkləşdirdiyini deyirlər.

Danimarkadan Yeni Zelandiyaya, Malayziyaya qədər bir sıra ölkələr Avstraliya modelini araşdıracaqlarını deyiblər.