Üsyançı kapitan, izi itirilən gəmi, “zampolit”in ölümcül inqilabı
Kapitan Sablin SSRİ-də nəyi dəyişmək istəyirdi?
17 Noyabr 2025
50 il əvvəl, 1975-ci il noyabrın 8-də SSRİ Hərbi Dəniz Qüvvələrinin Baltik Donanmasına məxsus “Storojevoy” gəmisinin siyasi işlər üzrə komandir müavini Valeri Sablin gəmidə üsyan qaldırdı. Sablini̇n niyyəti̇ncə, bu hadisə Rusiyanın dördüncü i̇nqilabı olmalı idi. Üsyan uğursuzluğa düçar oldu, Sablin güllələndi və sonra onun bu hərəkəti haqqında xatirəni belə silmək üçün hər şey edildi.
Valeri Sablin 1939-cu ildə Leninqradda dünyaya gəlib. 1956-cı ildə Qorkidə (indiki Nijni Novqorod) məktəbi bitirib, inqilabdan əvvəl “Dəniz korpusu” adlanan Frunze adına Leninqrad Ali Hərbi Dəniz Məktəbinə daxil olub.
1959-cu ildə Sablin Kommunist Partiyasına üzv oldu. Hərbi artilleriya üzrə ixtisas alan Sablin doqquz il Şimal və Qara dəniz donanmalarının gəmilərində xidmət etdi. 1968-ci ildə, artilleriya gəmisinin köməkçisi vəzifəsini tutan kapitan-leytenant Sablin Hərbi-Siyasi Akademiyaya qəbul olundu. “Znamya” jurnalında 1998-ci ildə dərc olunan “Güllələnmiş fırtına quşu” adlı sənədli povestin müəllifi Oktyabr Bar-Biryukovun fikrincə, Sablini̇n akademiyaya girməsi “ölkədəki vəziyyət haqqında uzun illər davam edən düşüncələrinin nəticəsi”, rəhbərlərin qurultay və yığıncaqlarda dediyi “gözəl sözlərin niyə əməllərlə təsdiq olunmadığını anlamaq cəhdi” idi.
“Sablin Sovet hakimiyyətinə qarşı yox, harınlamış partiya-dövlət rəhbərliyinə qarşı çıxırdı… O, dövlət qərarları qəbul edən şəxslərin qeyri-peşəkarlığına və məsuliyyətsizliyinə, hökumətin kobud səhvlərinə, hakimiyyət eşelonlarında korrupsiyaya etiraz edirdi. Brejnevə və ölkənin digər rəhbərlərinə verilən, layiq olmadıqları mükafatlara — Sovet İttifaqı Qəhrəmanı kimi titullara qarşı idi… Bu isə xalqın, xüsusilə də hərbçilərin və veteranların narazılığına səbəb olurdu. Eyni zamanda Sablin çoxpartiyalılığın, söz və müzakirə azadlığının, partiyada və ölkədə seçki qaydasının dəyişdirilməsinin, cəmiyyətdə digər demokratik islahatların tərəfdarı idi. Onu hərbçilər arasında “zabit şərəfi” kimi anlayışın itməsi və həddindən artıq rütbəpərəstlik narahat edirdi…” — Bar-Biryukov yazırdı.
Əlaçı, rəftarda sadə
III dərəcəli kapitan (mayor) Valeri Sablini̇n adı Hərbi-Siyasi Akademiyanı 1973-cü ildə fərqlənmə ilə bitirənlərin siyahısının yer aldığı mərmər lövhədə qızıl hərflərlə yazılmışdı. Onu “Storojevoy” gəmisinə komandirin siyasi işlər üzrə müavini təyin etdilər. Ümumən, donanmada siyasi rəisləri sevmirdilər: adətən, onlar xüsusi biliklər çatışmazlığını partiya bileti ilə kompensasiya edirdilər. Amma Sablin dəniz işini yaxşı bilirdi, rəftarında sadə idi, şəxsi heyətlə səmimi danışırdı, onlara qayğı göstərirdi və ekipaj onu tezliklə sevdi. Hətta siyasi məlumat saatlarını belə quru şəkildə keçirmir, nəsə insani tonda danışmağı bacarırdı. Məsələn, Lenin kayutuna Uilyam Qodvinin “Siyasi ədalət haqqında mülahizələr” əsərindən sitat olan bir poster asmışdı: “…Hər kəs öz müstəqilliyini hiss etməlidir ki, ədalət və azadlıq prinsiplərini öz vəziyyətinin şərtlərinə və başqalarının yanılmalarına xəyanətkarcasına uyğunlaşdırmağa məcbur qalmadan təsdiq edə bilsin…” Sablini̇n niyə məhz bu sitatı seçdiyi aydındır — görünür, çoxdan qərara almışdı ki, öz əqidəsini “xəyanətkarcasına uyğunlaşdırmayacaq”.
Üsyanı çatdırmaq üçün müasir rabitə qurğuları
Siyasi rəis Sablin öz əqidəsini hamıya çatdırmaq qərarına gəldi. Bunun üçün o, “Storojevoy”da quraşdırılmış ən yeni rabitə vasitələrindən istifadə etmək istəyirdi. 1975-ci ilin payızında gəmi Riqada Oktyabr inqilabının 58-ci ildönümünə həsr olunmuş hərbi-dəniz paradında iştirak etməli, sonra isə planlı təmir üçün Liepayaya yollanmalı idi. 8 noyabrda Valeri Sablin kapitan Anatoli Potulnını aşağı göyərtədə kilidləyib, zabit və miçmanları toplayaraq, onlara ölkə rəhbərliyinin Lenin prinsiplərindən uzaqlaşdığını, şəxsi maraqlarla hərəkət etdiyini, dövlət aparatının bürokratiya və yalan içində çürüdüyünü söylədi.
“Xüsusi qovluq”
Tarixçi Nikolay Zenkoviçin “Ötən əsrin sirləri” kitabında Valeri Sablinə həsr olunmuş “Üsyankar kapitan” adlı bölmə var. Orada “Storojevoy”dakı üsyan barədə vaxtilə məxfi olmuş sənədlərdən parçalar dərc edilib.
“SSR İttifaqı müdafiə naziri” blankında tək nüsxədə hazırlanmış, partiyanın Mərkəzi Komitəsinə (MK) göndərilmiş və “Xüsusi qovluq. Tam məxfi” qrifi altında saxlanılan “Baltik donanmasının “Storojevoy” gəmisinin şəxsi heyətinin bir hissəsinin itaətsizliyi haqqında” adlı sənəddə 1975-ci il noyabrın 8-də baş verən hadisələrlə bağlı çox dəyərli detallar var. Məsələn, gəmi komandirinin necə təcrid edildiyi: məlum olur ki, Sablin sadəcə onu hidroakustika postuna çağırıb, lyuku örtüb kilidləmişdi.

Otağı qorumağı isə yaxın tərəfdarı matros Şeyinə tapşırmışdı…
Sablin 13 zabiti və 13 miçmanı miçmanların yemək otağında toplayaraq, sovet cəmiyyətində qanunçuluq və ədalətin pozulması ilə bağlı 1963-cü ildən bəri içində gəzdirdiyi fikirlərini izah etdi. Sablin təklif edirdi ki, Kronştadta gedilsin, ora “azad ərazi” elan edilsin və ölkə rəhbərliyindən ona mərkəzi televiziyada öz baxışlarını təqdim etmək imkanı verilməsi tələb olunsun.
Sənəddə Sablini̇n çıxışının o hissəsi də qeyd edilir ki, o, ekipaja bu təkliflərin hərbi andın pozulması, xəyanət və gəminin döyüş hazırlığını zəiflətmək olmadığını izah edirdi. Sablin vurğulayırdı ki, o, şəxsi heyətə silah paylamır, arsenaldan mühafizəni götürmür. Səsvermə zamanı bəzi matroslar və qrup komandirləri onu dəstəklədi, lakin sənəddə xüsusi vurğulanır ki, bir çoxları “çıxışın antisovet və xəyanətkar mahiyyətini” anlamayıb, ekipajın bir hissəsi isə ümumiyyətlə səs verməyib. Bir neçə matros, qrup komandiri və zabit dərhal gəmi komandirini azad etməyə və Sablini ələ keçirməyə cəhd göstərdi, lakin üsyankar komissarın tərəfdarları buna imkan vermədilər. Sablinin mövqeyini dəstəkləməyən 10 zabit və 5 miçman müxtəlif otaqlara kilidləndi.
Gəmi təmirə getməli olduğundan, onun hərəkəti şübhə doğurmamalı idi. Buna baxmayaraq, gecə elektrik-texniki qrupun komandiri, baş leytenant Firsov gəmidən qaçmağa və yaxınlıqdakı sualtı qayığa keçib “Storojevoy”dakı üsyan barədə məlumat verməyə nail oldu. Firsovun yoxa çıxmasını görən Sablin dərhal hərəkət etməyə qərar verdi və “Storojevoy”u Riqa körfəzinə çıxardı.
“Sablin Hərbi Dəniz Donanmasının baş komandanı ünvanına, guya gəminin inqilab komitəsi adından (belə bir komitənin mövcudluğu təsdiqlənmir), Sov.İKP MK-dan gəmini azad və müstəqil ərazi elan etməyi, televiziya vasitəsilə çıxış hüququ verməyi, gəmini bütün növ təminat və poçtla təmin etməyi, istənilən bazada lövbər salmaq və dayanmaq icazəsi verməyi, ekipajın toxunulmazlığını və onların ailələrinə qarşı zorakılıq tədbirlərinin tətbiq olunmayacağını təmin etməyi tələb edən teleqram göndərib”, - məxfi sənəddə deyilir.
“Təkbaşına hərəkət etmişdi”
“Storojevoy” Riqa körfəzinə çıxandan sonra müdafiə naziri, Hərbi Dəniz Donanmasının baş komandanı və Baltik donanmasının komandanı ona reydə qayıtmaq əmri verən teleqramlar göndərdi və “itaətsizlik halında silah tətbiqi barədə xəbərdarlıq” etdi. Bu teleqramların məzmunu Baltik donanmasının gəmiləri, sərhəd katerləri və “Storojevoy”u müşayiət edən təyyarələrlə dəstəklənirdi; görünür, bu, ekipaj üzərində böyük təəssürat yaratmışdı. Pilotlara əmr verilmişdi ki, gəmi kursu dəyişməkdən imtina edərsə, onu batırsınlar. Onlar gəmiyə bomba atmağa başlayıb onun burun hissəsini zədələdilər. Bundan sonra matrosların bir hissəsi kapitanı azad etdi, o isə Sablini ayağından vurdu. Ardınca gəmi hücumla ələ keçirildi, Sablin və tərəfdarları həbs olundu.
“Storojevoy”da baş verən hadisəni araşdıran, SSRİ Donanmasının admiralı Qorşkovun rəhbərlik etdiyi komissiya hər vəchlə vurğulayırdı ki, Sablin heç bir həmfikiri və ya gizli təşkilatı olmadan, təkbaşına hərəkət edib; ekipajın bir hissəsi sadəcə ona zabit və kommunist kimi inanmağa adət etdiyi üçün tərəfinə keçib. Komissiya “Storojevoy” gəmisində teleqramda adı çəkilən inqilab komitəsinin və ya hansısa düşmən antisovet qrupunun mövcudluğunu” müəyyən etmədi.
Komissiyanın fikrincə, bu fövqəladə hadisənin səbəbi “zabit heyəti ilə aparılan siyasi-tərbiyə işində ciddi nöqsanlar”, onların vətən qarşısında yüksək borc hissi, şərəf və ləyaqət, qətiyyət və cəsarət, sayıqlıq və prinsipiallıq kimi keyfiyyətlərinin kifayət qədər formalaşdırılmaması idi. Bu isə zabitlərin passivliyinə və çaşqınlığına gətirib çıxarmış, onların Sablini̇n “demoqoji çıxışlarının antisovet mahiyyətini və xəyanətkar niyyətlərini vaxtında aşkar etməsinə və onun cinayətkar fəaliyyətinə qətiyyətlə son qoymasına mane olmuşdur”.
Məhkəmə
14 nəfər məhkəmə qarşısına çıxarıldı. 1976-cı il fevralın 18-də KQB sədri Andropov, müdafiə naziri Qreçko, baş prokuror Rudenko və SSRİ Ali Məhkəməsinin sədri Smirnov istintaqın başa çatması barədə MK-nı məlumatlandırdılar. İstintaq müəyyən edib ki, Sablin “burjua təbliğatından” götürülmüş bir sıra ideyalar və “böhtan xarakterli iddialar” səsləndirib: marksizm-leninizmin “köhnəlməsi”, dövlət və partiya aparatının SSRİ-də “bürokratik deqradasiyası” barədə; həmçinin Sablin Sov.İKP-ni hakimiyyətdən uzaqlaşdırmağa, yeni və “daha mütərəqqi” partiya yaratmağa çağırırdı. Valeri Sablin vətənə xəyanətdə, matros Aleksandr Şeyin isə vətənə xəyanətə köməkdə ittiham olundu.

1976-cı il iyulun 13-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Valeri Sablin barəsində hökm çıxardı və onu “mülkü olmadığına görə müsadirə tətbiq edilmədən güllələnməyə” məhkum etdi. Matros Aleksandr Şeyin isə 8 il azadlıqdan məhrum edildi. Sablin əfv üçün müraciət etdi, müraciət araşdırıldı və rədd edildi. Hökm 1976-cı il avqustun 3-də icra olundu.
Qadağan olunan mövzu
Maraqlıdır ki, əvvəl “Storojevoy”dakı fövqəladə hadisəni araşdıran komissiya “Sablinin gəmini İsveçə aparmaq niyyətinin olduğu” barədə dəlil tapmadığını bildirmişdi. Lakin 1976-cı il iyulun 15-də KQB sədri Yuri Andropovun “Sablin və Şeyin işi üzrə məhkəmə prosesi haqqında” məruzə məktubunda artıq “1975-ci il 9 noyabrda Riqadakı limandan “Storojevoy”u – özbaşına İsveç istiqamətində qaçırmış satqın Sablin və onun fəal əlaltısı Şeyin” ifadələri işlədilirdi. Yəni sonrakı rəsmi izahlar hadisəni məhz İsveç istiqamətinə qaçış kimi təqdim etməyə çalışdı. Halbuki məhkəmədə Sablin izah edirdi ki, o, həqiqətən gəmini Qərbə keçirmək istəsəydi, bunu ən məntiqli şəkildə silah-sursat gəmidən sökülməmiş, təmirdən öncə edərdi.
Sovet mətbuatında “Storojevoy” üsyanı mövzusu tam qadağan edilmişdi. Bunun səbəbini Sablinin “Storojevoy” heyəti qarşısında etdiyi çıxışa baxanda anlamaq olur: “...Yalnız dar bir mütəxəssis qrupu dövlət və partiya orqanlarının Silahlı Qüvvələrin inkişafına, ölkə iqtisadiyyatına, milli məsələlərin həllinə və gənclərin tərbiyəsinə həyata keçirdikləri volyuntarist müdaxilələrin ölkəyə nə qədər ziyan vurduğunu bilir… Gözlənilir ki, birincisi, indiki dövlət aparatı ciddi şəkildə təmizlənəcək, bəzi sahələr isə tamamilə dağıdılıb tarix zibilliyinə atılacaq, çünki bu aparat tamamilə qohumbazlıq, rüşvətxorluq, karyerizm və xalqa qarşı təkəbbürlə çirklənib. İkincisi, xalqı simasız kütləyə çevirən seçki sistemi də tarix zibilliyinə atılmalıdır. Üçüncüsü, dövlət və partiya aparatının xalq kütlələri qarşısında tamamilə nəzarətsiz və hər cür məsuliyyətdən azad vəziyyətə düşməsinə şərait yaradan bütün amillər aradan qaldırılmalıdır…”
HAMIYA! HAMİYA! HAMİYA!
Valeri Sablin 1975-ci il noyabrın 8-də, uğursuz çıxış günündə valideynlərinə yazdığı məktubda bildirirdi ki, bu addımı atmaq qərarı hələ akademiyanın 3-cü kursuna təsadüf edir. Bəs 3-cü ranq kapitan Sablin həmvətənlərinə nə demək istəyirdi? Mərkəzi Televiziyada səsləndirməyi planlaşdırdığı, lakin gerçəkləşməyən müraciəti belə idi:
“HAMIYA! HAMİYA! HAMİYA! Danışır sualtı qayıq əleyhinə böyük “Storojevoy” gəmisi. Biz Vətən xainləri və ya hər cür vasitə ilə şöhrət axtaran avantüristlər deyilik. Ölkəmizin siyasi, sosial və iqtisadi inkişafı, xalqımızın gələcəyi barədə sualların açıq şəkildə qoyulmasına – dövlət və partiya orqanlarının təzyiqi olmadan, məhz ümumxalq müzakirəsinə ehtiyac kəskin şəkildə yetişib. Biz bu hərəkata Vətənin taleyi qarşısında məsuliyyətimizi dərindən anlayaraq və cəmiyyətdə kommunist münasibətlərə nail olmaq arzusu ilə başladıq. Lakin eyni zamanda biz həm dövlət orqanları, həm də muzdlu şəxslər tərəfindən fiziki və ya mənəvi baxımdan məhv edilmə təhlükəsini də anlayırıq… Buna görə ölkəmizdəki və xaricdəki bütün vicdanlı insanlardan çıxışımızı dəstəkləmələrini xahiş edirik. Bizim göstərdiyimiz vaxtda – Moskva vaxtı ilə saat 21:30-da – televizor ekranlarında bizim heyət üzvlərindən biri görünməsə, xahiş edirik, ertəsi gün işə getməyin və televiziya boykotu davam etdirin; ta ki hökumət söz azadlığının kobud şəkildə tapdanmasından əl çəksin və bizim sizinlə görüşümüz baş tutsun. Bizi dəstəkləyin, yoldaşlar! Sağ olun”.
Sablin öz niyyətinin sadəlövhlüyünü anlayırdımı? Bu barədə dəqiq bilgi yoxdur. Lakin Lefortovodan arvadına və körpə oğluna göndərdiyi son məktuba külək dəyirmanları ilə döyüşən Don Kixot təsvirləri əlavə etmişdi.
.jpg)
70-ci illərin “Potyomkin”i
“Storojevoy”un adı dəyişdirildi və o, Baltik Donanmasının tərkibindən çıxarıldı ki, üsyan etmiş gəminin adı belə yaddaşdan silinsin. Hadisənin iştirakçıları susdular – heyətdən xüsusi iltizam alınmışdı. Bəs Sablinin çıxışı dissident dairələrində bir iz buraxdımı, ümumiyyətlə kiminsə bundan xəbəri oldumu?
Keçmiş siyasi məhbus Andrey Sazonov (həmsöhbətin təhlükəsizliyi üçün adı dəyişdirilib) belə cavab verir: “İsveç sahilindən Baltik dənizində nə baş verdiyini görmək mümkün idi, bu barədə bizim “Posev” jurnalında məlumat getmişdi, hətta nömrələrdən birinin üz qabığında “Storojevoy” gəmisinin şəkli var idi. Sovet mətbuatı, əlbəttə, heç nə yazmadı, amma Qərb radioları danışırdı. Yəni bilmək istəyən bilirdi. Sablin əvvəlcə KQB-nin Leninqraddakı istintaq təcridxanasında saxlanılırdı. Yadımdadır, mən həbsxana xəstəxanasına düşəndə orada bir kriminal sanitar var idi, mənə Sablin haqqında danışırdı – deyirdi ki, burada hərbi dənizçi saxlanılıb və bilirmiş ki, onu güllələyəcəklər. Bəlkə də bu, sadəcə KQB-nin təxribatı idi, öyrənmək istəyirdilər ki, mən Sablin haqqında nəsə bilirəm, ya yox. Bilirdim, əlbəttə. Bu xəbər hamı üçün maraqlı idi, çünki bu, sanki 70-ci illərin “Potyomkin” gəmisi idi”.
“Çarəsizlik addımı”
Andrey Sazonovun fikrincə, açıq çıxış presedenti çox vacib idi, çünki “heç nəyi dəyişmək mümkün deyil” stereotipini dağıdırdı.
Tanınmış rus hüquq müdafiəçisi, dissident, siyasətçi və publisist Mixail Molostvovun qızı Yekaterina Molostvova da eyni fikirdədir.
— 14 yaşım olanda Yuri Davıdovun narodovolçular və dəniz zabiti Nikolay Suxanov haqqında kitabını oxumağa başladım, atam mənə Valeri Sablin barədə danışdı. Həm narodovolçular, həm də onun çıxışı — bütün bunlar mənim üçün tarix idi. Valideynlərim Sablin haqqında bilirdilər, ona çox böyük təəssüf və rəğbətlə yanaşırdılar, çıxışını sadəlövh, lakin nəcib bir cəhd kimi qiymətləndirirdilər, onu leytenant Şmidt ilə müqayisə edirdilər, baxmayaraq ki, Şmidt inqilab dövründə çıxış etmişdi, kapitan Sablin isə — tam ümidsiz bir dövr olan durğunluq illərində, heç bir dəstəyə ümid bəsləmədən çıxış etmişdi. Əlbəttə, bu sadəlövh idi, amma həyat məhz belə sadəlövh çağırışlardan qurulur və imkanlar da belə cəhdlərdən yaranır.
— Atanız da, Sablin də marksist idilər...
— Atam deyirdi ki, marksizm bir metoddur, SSRİ nə sosializm sistemi idi, nə də marksizm - o, çox sərt bir dövlət kapitalizmi sistemi idi. Atam özü marksist olsa da, hesab edirdi ki, xüsusi mülkiyyət olmalıdır, sadəcə oliqarxik yox və qanunçuluq təmin edilməlidir. Bu gün Qərbdə bir çox iqtisadçılar Marksa diqqətlə yanaşırlar, baxmayaraq ki, onun ideyalarının bir çoxu artıq köhnəlib, çünki ictimai-iqtisadi formasiya dəyişib. Təəssüf ki, psevdоmarksizmin varisləri uzun müddət torpaq üzərində xüsusi mülkiyyətin tətbiqinə mane oldular, bu imkanı əldən verdilər və kəndli təbəqəsi praktik olaraq öldü. Sablinin çıxışı isə — məncə, bu, bir çarəsizlik addımı idi: o, doğrudanmı anlamırdı ki, heç kim onu dəstəkləməyəcək? Amma bəzən elə bir an gəlir ki, “siz yalan danışırsınız!” — deyib qışqırmaq lazımdır, o da bunu etdi.
Azad insan
Sablinin üsyanı mənasız deyildi — tarixçi Veniamin Roqojinin (ad təhlükəsizlik üçün dəyişdirilib) fikri belədir.
— Onun ideyası, əlbəttə, leytenant Şmidtin ideyasından daha çılğın idi — Şmidt 1905-ci ildə Qara dəniz donanmasına başçılıq etməyə çalışmışdı. Amma Sablinin ideyasında mənəvi məna var idi — axı o, Kronştadta yollanıb orada insanlara müəyyən şüarlar elan etmək istəyirdi. Kronştadtı ələ keçirmək istəmirdi, sadəcə başqa mövqeni — azad insan mövqeyini göstərmək istəyirdi. Bu tarixdə ən maraqlı olan odur ki, gəmidə elə adamlar tapıldı ki, boyunlarını ilgəyə salmaq bahasına onu dəstəklədilər — özü də onlar sovet matrosları idi! Maraqlıdır ki, o, marksist idi — və məhz marksistlər SSRİ-də antisovet hərəkatını başladanlar oldular. Onlar təlimin təmizliyini istəyirdilər və Sablinin də vicdanlı kommunist olması onun “çılğınlığını” qismən izah edir.
Valeri Sablin yalnız üçüncü cəhddə reabilitasiya edildi: 1994-cü ildə RF Ali Məhkəməsinin Hərbi Kollegiyası onun işini yenidən nəzərdən keçirdi və “vətənə xəyanət” maddəsini ləğv edib əməlini hərbi cinayətlər kimi yenidən təsnifləşdirdi, lakin buna baxmayaraq, məhkəmə qərarında qeyd olundu ki, Valeri Sablin və onun köməkçisi Aleksandr Şein tam reabilitasiyaya oluna bilməzlər.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada