Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Sosial şəbəkələr dövründə ağlını itirməməyin “10 ÜSULU”
“Əlifba tanıyanlar tələffüz etdiyi kimi yazır, tanımayanlar günlük selfi planı doldurur”

Təsəvvür edin, əlimdə bir cihaz var, bəşəriyyətə məlum olan bütün bilikləri mənə çatdıra bilər, mən isə suyun səthində əl-ələ verib yırğalanan su samurlarına baxıram. Sonra öz şəklimi çəkib, dost-tanışa bu gün də sağ qaldığım barədə təsviri məlumat göndərirəm. Daha sonra aldığım ali təhsildən utana-utana üç hərflik sözdə dörd səhvlə yazılmış mesajı oxuyuram. Qayıdıb eyni rakursdan yüzüncü dəfə çəkdiyim şəklimi kimlərin bəyəndiyinə baxıram. Bəyənənlərin profilinə keçid edirəm. Oradakı videolar diqqətimi çəkir. Video videonu əvəzləyir. Su samurları, Samur çayı, samuraylar, suşi, yemək bloqqeri, yemək bloqqerinə rəy verən bloqqer... Bir də ayılıram ki, bir saat keçib, amma mən hara, niyə girdiyimi və burada nə gözlədiyimi artıq unutmuşam. Keyimiş ayaqlarımı ovuşdurub, qalxmağa hazırlaşıram.

Çox bilən tez ölər

Məlumat bolluğu oxucunu və ya tamaşaçını məlumatlı etmir, əksinə, mühakimə qabiliyyətini keyidir, hisslərini korşaldır və nəticə etibari ilə onu xəbərsiz qoyur. Bu gün oxuduğumuz/dinlədiyimiz/baxdığımız məlumat sabah yox olur. Ötən gün oxuyub qeyzləndiyimiz bir xəbər bu gün bizi düşündürmür. Dünənin xəbəri, nə olursa-olsun, bu günə qalmayacaq. Kimsə etiraz edib dünənki xəbəri yadda saxladığını deyə bilər. Olsun. Ancaq dünən öyrəndiyin hər xəbərmi yadında qalıb? Hər oxuduğun hadisəni, qısa da olsa, danışa bilərsənmi? İnsandan belə bir bacarıq tələb etmək ədalətsizlikdir, elə deyilmi?

Bir sinif otağında oturan 10 şagirdin bir dəfə eşitdiyiniz adlarını səhərə qədər yadınızda saxlaya bilərsinizmi? İndi isə təsəvvür edin, hər gün 10 yeni şagirdə dərs deyirsiniz. Bir ay sonra neçə şagirdin adı yadınızda qalar? Əlbəttə, müəyyən sayda ad yadınızda qalacaq. O adlar ki, sahibləri digər şagirdlərdən fərqlənirlər. Yəni, siz hər hansısa bir Cəfəri yadınızda çətin saxlaya biləsiniz. Ancaq Cəfər hamıdan yaxşı şagird olsa, yaxud müstəsna kütbeyinlik nümayiş etdirsə, yadınızda qalacaq. Eləcə də, vaxtı ilə siz özünüz şagird olanda Cəfər adlı sinif yoldaşınız vardısa və onun ləqəbi “Cenifer” olubsa, mümkündür ki, ondan sonra gördüyünüz Cəfərlərin də adı yaddaşınıza pərçimlənsin.

Yaddaş məlumatla belə işləyir. Yaddaş üçün sadəcə hadisə və ya ad maraqlı deyil; hekayə olmalıdır! Yaddaş deyir ki, hadisəni ona nəql edəsən, yəni, nağıl danışasan. Yaddaş bunu mənim qarşımdakı insana demir, mənə deyir. Qarşımdakı insanın danışdığı mənə lazımdırsa, suallar verməliyəm, xırdalıqları öyrənməliyəm, özüm üçün hekayə qurmalıyam – ancaq bu halda beynim məlumatı sistemləşdirib yaddaşa yaza bilər. Əks halda, həmin məlumatın ömrü, ehtimal ki, 1 dəqiqədən az olacaq.

Amma görün nə qədər məlumat var beynimizdə! “Ay pipiyi qan xoruz, gözləri mərcan xoruz!” Bu nədir? Nəyə lazımdır? Niyə qalıb axı yaddaşımızda? Bunu silib yerinə Hüseyn Cavidin “Ana” şeirini yazmaq olmazdımı? Olmazdı. Gicgahına silah dirəsələr də, “pipiyi qan xoruzu” uşaqlıqdan əzbərləmiş adam onu unuda bilmir. Təkcə ona görə yox ki, bu şeiri yaddaşımızın “uşaq” vaxtında öyrənmişik. Həm də ona görə ki, bizə bunu evdə öyrədiblər. Təkrar-təkrar söylədiblər. Qonaqlar gələndə bizi ortalığa çıxarıb, həmin şeiri dedirdib, alqışlayıblar. Bu şeir hər gün bizə valideyndən yaxa qurtarmağa, yaxud qonağın qarşısında xəcalətdən ölməməyə imkan verdiyi üçün, bəlkə də, onu anamızın ağardılmış gözlərinə baxa-baxa, hıçqıra-hıçqıra dəfələrlə təkrarladığımız üçün unudulmazdır. Başqa, daha yetkin misal verim. Uşaqlıqda oxuduğum “Əsrimizin qəhrəmanları” (Abdulla Şaiq) romanındakı baş qəhrəmanlarını –  Əşrəfi, Ziyanı və “Kim eşşək olsa, mən ona palanam” deyən Əhmədi heç vaxt yaddan çıxara bilmərəm. Əhmədin bu ifadəsi o vaxt mənə bərk təsir etmişdi. Sən iki yüz, üç yüz səhifə boyunca Əhmədə azarkeşlik et, Əhməd də axırda “palan” çıxsın.

Ürək-damar xəstəlikləri olanlar bunları mütləq bilməlidir

Misallardan qurtulub bugünkü həyatımıza baxsaq, 30 saniyəlik qıpqısa videolarla qarşılaşacağıq. Feysbukda yazılan statuslar, xəbərlər, bunlara yazılan rəylər, rəylərə yazılan cavablar... Hamısı bir məqsədə xidmət edir: bizə mal satmaq. Bir neçə videodan sonra qarşımıza çıxan reklamdır o videoları bizə izlədən. Yaxud da ki, cinayət xəbərləri! Məlumat nə qədər oxunaqlı olsa, sosial şəbəkədəki reklamı bir o qədər çox adam görəcək! Xəbərin nədən olmağı önəmli deyil, əsas odur oxunsun. “Ağcabədidə qız atasını bıçaqladı” başlıqlı xəbər, görün, necə gözəl görünür! Dərhal açıb oxumaq istəyirsən. “Qaynanasını yandıran gəlin qonşusu ilə qaçdı” başlığı ondan da füsunkar səslənir! (Nümunə üçün iki başlıq da kifayətdir, onları yazmaq üçün zehnimin və səviyyəmin dibinə enməli oluram və bunu bacarmağım məni narahat edir.)

Deyilən başlıqları cazibədar edən odur ki, onlar insanın qorxularına xitab edir. Amma həmin xəbərləri oxuyanlardan heç kəs deməz ki, qorxduğu üçün oxuyur. Hamı deyəcək ki, maraqlı gəldi. Çünki qorxularımız maraq formasında təzahür edir. Mən nə qız atasıyam, nə də qaynana olmaq perspektivim var, amma başlıqdan götürdüyümü götürürəm: bu, öldürülmək və xəyanətə məruz qalmaq təhlükəsi haqqında mesajdır. Ağlı başında olan insan anlayır ki, təsvir edilən hadisənin ona aidiyyatı yoxdur, buna görə qorxmağa dəyməz. Onda sağ qalmaq instinkti həmin adamı pişim-pişimlə yola gətirməyə başlayır, qulağına pıçıldayır ki, “Yox, əzizim, elə deyil, nə qorxmaq? Uşaq-zadıq biz?! Sadəcə, maraqlıdır da... Görəsən, qız niyə atasını yandırıb? Yoxsa, sənin kimi igid 5-6 hərflik quru sözdən qorxası deyil ki! Aç, görək, nə yazılıb orda?” 

Biz xoşbəxtliyi tək elə gülməli videolara baxanda tapmırıq. Biz bədbəxt talelərə tamaşa edəndə, dəhşətli xəbərləri oxuyanda da rahatlanırıq. Xəbərin detallarını öyrəndikcə içimizdəki qorxu hissi zəifləyir, məsələnin bizə aid olmadığına, belə hadisələrin bizim başımıza gələ bilməyəcəyinə əminlik hasil edirik. Düşünmək olar ki, bunun nəyi pisdir? Ürəyimiz rahatlanacaqsa, qoy oxuyaq, dinclik tapaq. Məlumatlı olmaq hazır olmaqdır axı! Kaş elə olaydı. Bilirsinizmi, 1991-ci ildə Körfəz müharibəsi zamanı İsraildə nə qədər insan ürək tutmasından vəfat edib? İraqın raket zərbələrinin başladığı gün İsrailin hərbi əməliyyat olmayan yerlərində belə miokard infarktı və qəfil ölüm halları kəskin şəkildə artıb.

Hər kəs anlayır ki, raket təhdidi altında yaşamağa ürək tab gətirməyə bilər. Bəs hər gün qətllər barədə xəbər oxumağa, hər gün bədbəxt taleləri izləməyə ürək necə dözür? Hər gün pis xəbər oxuyan insanlardan ibarət bir ölkəni düşünün. Yaşamaq istəyərdik bu ölkədə?

Siləndə birdəfəlik silirəm

Məqalənin populist başlığına fikir verməyin, bu qaramatdan qurtulmağın 10 üsulu yoxdur. Cəmi iki üsul var. Bizdən asılı olmayan (qeyri-iradi) və bizdən asılı olan (iradi) üsul. Əvvəlcə qeyri-iradi üsul haqqında. Mən xəbəri oxuyuram, beynim silir. Mən qıpqısa videoya baxıram, beynim silir. Sil ki, siləsən. Elə silir, elə bil heç olmayıb. Beyin kimi tənbəl orqan o qədər məlumatı yadda saxlamaq məşəqqətinə qatlanası deyil. Ancaq... Adı tənbələ çıxsa da, bədənin ümumi çəkisinin 2%-i qədər olan beyin təkbaşına bütün enerjimizin 20%-ni işlədir! Mənim hər gün topladığım lazımsız məlumat yığını üçün beyin turbo rejimdə çalışaraq, özünü yandırmaq istəmir – düz də edir. O, yadında saxlamır, mənim isə nəticədə nə başım ağrıyır, nə ürəyim. Di gəl, bu göydəndüşmə rahatlığın əvəzini başqa cür ödəməli oluram. 

Beləliklə, idarə etdiyi orqanizm düşdüyü mühitdə ürək tutmasından ölməsin deyə, beynim yazmaq deyil, silmək bacarığını təkmilləşdirir. Yavaş-yavaş o, yazmaqdan daha çox silməklə məşğul olur və ölçü həddini aşmağa başlayır. Yazmağı tədricən tərgidən beynim silməkdə püxtələşir, mahir “silgiyə” çevrilir. Qələmin ancaq pozan tərəfini tuta bilir, onu yazan ucuna çevirməyi isə yadırğayır. Proses lap dərinləşməzsə, yaxşı qurtarıram, amma silməyə aludə olan beynim dayanmaya bilər. Bir qədər sonra lazımlı məlumatlar silinməyə başlayacaq. Məsələ adımı, kimliyimi, güzgüdəki əksimi unudana qədər yoğunlaya bilər.

İş təkcə 30 saniyəlik video, kriminal xəbər, ajiotaj və sensasiyadan zövq almaqda deyil. İnsanlara emal edilmiş (hazır) məlumat vermək də onları kütləşdirir. Bir hadisə şərh olunur, bir şəxs təriflənir, bir əməl tənqid edilir, bir qərar verilir və mənə sadəcə tamaşa etmək qalırsa, mənim sorğulama qabiliyyətim istifadəsiz balta kimi korşalmağa başlayır. Vaxt keçdikcə, mən düşünmək, sorğulamaq, təhlil etmək istəmirəm. Hansısa mərhələdə bunlar məndən tələb olunanda isə içimdə ikrah hissi oyanır. Bəli, bu hissin adı ikrahdır, tənbəllik deyil! Ufuldamaq, zırıldamaq, şikayətlənmək kimi oxşar əlamətləri olsa da, uzun müddət zehni bacarıqlarını dincə qoymuş adam üçün zehni əmək ikrah hissi doğurur. Hazır məhsula öyrəşmiş beyin işləməmək üçün min cür oyundan çıxır. Təkcə hisslərlə manipulyasiya etmir, hətta insana fiziki ağrılar verə bilir. Bunu təcrübədən keçirmək mümkündür. İşi-gücü reytinq qırmaq olan yerli şou verilişlərimizə baxan yaxınınızı bir dəfə intellektual verilişə baxmağa dəvət edin. Razı sala bilsəniz, ölçün, görün, neçə dəqiqə tab gətirəcək. Bəri başdan deyim ki, səbri tükənməyə başlayanda başı ağrıyacaq.

Bir yandan da fələyin oyununa bax ki, vaxtı ilə bizə: “Ay bala, nə var yenə girdin o telefona” deyən valideynlərimiz indi özləri TikTokdan çıxmırlar, hansısa mağaza bağlanır deyə, mayasından ucuz satılan mebellərin videosuna baxırlar. İki yaşında nəvələrinin telefonda TikToku açıb videolara baxmaq “bacarığı” ilə fərəhlənən nənələr var. Halbuki, Tiktokdan istifadə edə bilmək üçün insan övladı olmaq belə şərt deyil. Şimpanzenin balası da tətbiqi açıb özünə maraqlı qələn videolara baxmağı bacarır. İnanmayan Tiktokda yazsın, qarşısına çıxacaq. Mayadan ucuz satılan mebelləri də özümdən uydurmuram, ona da baxa bilərsiniz, amma indiyə satılmış olar.

Ağlın yolu birdir

Görünən budur ki, qaramatdan qurtulmağın birinci üsulu çox da yaxşı müdafiə üsulu deyil. Mən stressdən ölməyim deyə, beynim məni kütləşdirir. “Heç olmasın belə müdafiədən, insanların kütləşib yaşamağındansa, ölməyi daha yaxşıdır!” deyə də bilmirəm, çünki onda kim qalar, kim ölər, dəqiq deyil. Ona görə də iradi (bizdən asılı olan) üsula baxaq. Bu, həm sosial şəbəkədən, həm də yuxarıda bəhs etdiyimiz növ televiziya verilişlərindən uzaq durmaqla yanaşı, daimi zehni işlə məşğul olmaq üsuludur. Amma gün ərzində eyni yeməyi yemədiyimiz kimi, eyni cür zehni qida da qəbul edə bilmərik. Video izləmək istəyirsən, heç olmasa, yarım saatlıq düşündürən video izlə. Qısa videodan qaça bilmirsən, heç olmasa, yatmazdan əvvəl baxma. Əksinə, telefonun “oyadıcı şüası” səhər yuxudan duranda işinə yaraya bilər.

Ayaqyolunda da izləmək olar, ancaq qədərində! Yemək yeyəndə, dostlarınla görüşəndə isə telefona “girmə”. İşin nəzakət tərəfindən bəhs etmirəm, bir masada beş adam oturub beşi də telefona baxırsa, ortada heç bir nəzakətsizlik olmur. Doğrudur, arada ünsiyyət də olmur. Üsyan qaldırıb: “Bəsdir telefona girdiniz!” demək çıxış yolu deyil. Bir nəfər hamıya maraqlı olan mövzudan danışmalıdır. Çətin məsələdir. Gərək hər kəsin düzgün damarını tapasan, maraqları bir-biri ilə uzlaşdırasan. Çətin olsa da, əyləncəli məşğuliyyətdir. Hər kəsin dinlədiyi adam deyil, hər kəsi danışdıran adam olmağa cəhd etmək olar. Hamı eşidilmək istəyir, hamının sözü var, ona görə, hamıya danışan deyil, dinləyən və arada mühakimə etmədən rəy verən həmsöhbət lazımdır.

Bütün günü qara-qura xəbərlər eşidən, yüz cür çətinliklə üzləşən insanların arasından bir nəfər çıxıb onları dinləyirsə, tək elə bu, böyük dəstəkdir. İnsan övladı ünsiyyət qurub, hərəkətlərini koordinasiya etməklə qorxunc təbiətin qarşısında sağ qalıb. Bu gün təbiət qorxunc deyil, amma digər insanlarla ünsiyyət qurmaq hələ də bizə əvəzolunmaz xoşbəxtlik verir. Ətrafınızın ən maraqlısı siz olun. Özünüz üçün adətlər yaradın: hər gün işdən sonra 10 səhifə kitab oxuyacam; beynim tez sıradan çıxmasın deyə, yeni bir dil öyrənəcəm və evdə də tapşırıqlara bir az vaxt sərf edəcəm; həftədə bir kinoya baxacam; idman hərəkətləri, gəzinti və sair...  O qədər fəaliyyət forması var ki, saymaqla bitməz. Həyat özü onun rəqəmsal təqlidindən daha maraqlıdır! Sosial şəbəkə tətbiqlərini silməsəniz belə, bildirişlərini birdəfəlik söndürmək lazımdır. Onsuz da bomba düşsə, səsini hər yerdən eşidəcəksiniz. Vaxtınızı israf etməyin. Dincəlmək niyyəti ilə özünüzü yormayın. Ünsiyyət üçün canlılara üstünlük verin.

Əsas can sağlığıdır

Feysbuk, ya Tvitter postlarındansa, ciddi saytlar tapıb oxuyun. Yerliləri də var, xariciləri də – orada çıxan məqalələr redaktədən keçir, o yazılara müəllifin özündən başqa baxan redaktor olur. Ciddi saytda yazmaq müəllifə məsuliyyət yükləyir. Müəllif iki tənqid eşidən kimi o yazını silə bilmir, oxucunu bloka ata bilmir. Oxucunun da müəllifin yazısı haqqında fikir bildirmək imkanı çərçivədə olur. Fikir bildirmək üçün çox vaxt gərək az qala eyni mövzuda məqalə yazasan. Fikir müxtəlifliyinə əsaslanan sanballı müzakirə bu yolla formalaşır. Sosial şəbəkə isə məhəllə çayxanasının eybəcər təqlididir. Əlifba tanıyanlar tələffüz etdiyi kimi yazır, əlifba tanımayanlar günlük selfi planı doldurur. Heç kimə “yazma!”, “çəkmə!” demək olmaz. Nə də qalxıb sosial şəbəkələri bağlamaq çıxış yolu deyil, insanların bu günə qalmağının müqəssiri texnologiya deyil. Hər dövrün yeniliyi insanlara yeni davranış şəkli biçir. Bu dövrdə də bizə lazım olan məlumat “zibilliyindən” çıxıb özümüzə layiq bildiyimiz davranış tərzini seçməkdir. Sağlam qida vücudumuza lazım olduğu kimi zehnimizə də lazımdır. Zərərli vərdişlərdən əl çəkib özümüzü hifz etməliyik, əvvəl-axır.

Anar Məsimli