“Qorxulu adam”ın məşum cinayətləri: alimi necə yox etdilər? – I YAZI
Mossad killerinə çevrilmiş nasist polkovnikin hekayəti
27 Yanvar 2026
1962-ci il sentyabrın 11-də bir alman alim yoxa çıxdı. Əsas faktlar sadə idi: Haynts Kruq ofisində olmuşdu və bir daha evə qayıtmadı.
Münhen polisinin bildiyi yeganə diqqətəlayiq detal ondan ibarət idi ki, Kruq tez-tez Qahirəyə gedib-gəlirdi. O, Misir üçün qabaqcıl silahlar hazırlamaqdan ötrü işə götürülən onlarla nasist raket mütəxəssisindən biri idi.
İsrailin indi mövcud olmayan “HaBoker” qəzeti gözlənilmədən elan etdi ki, cavabı bilir: guya misirlilər Kruqu İsraillə əməkdaşlıq etməsinin qarşısını almaq üçün oğurlayıblar.
Lakin bu bir qədər səliqəsiz “sızma” İsrailin istintaqçıları işin dərinliyinə getməkdən yayındırmaq cəhdi idi — hərçənd onlar onsuz da 49 yaşlı alimi heç vaxt tapa bilməzdilər.
İndi isə — keçmiş Mossad əməkdaşları və yarım əsr əvvəlki Mossad arxivlərinə çıxışı olan israillilərlə aparılan müsahibələrə əsaslanaraq — deyə bilərik ki, Kruq Misirdə çalışan alman alimləri qorxutmaq məqsədi daşıyan İsrail casusluq planı çərçivəsində qətlə yetirilmişdi.
Üstəlik, ən sarsıdıcı fakt budur ki, ölümcül gülləni atan Mossad agenti Otto Skorseni olmuşdu. İsrail kəşfiyyatının ən dəyərli agentlərindən sayılan Skorseni, vaxtilə nasist Almaniyasının SS qoşunlarında polkovnik-leytenant idi və Adolf Hitlerin xüsusi rəğbət göstərdiyi komando rəhbərlərindən biri sayılırdı. Fürer Skorsenini, dostu Benito Mussolinini əsirlikdən xilas etdiyi əməliyyata rəhbərlik etdiyinə görə, Almaniya ordusunun ən nüfuzlu təltifi olan Dəmir Xaçın Cəngavər Xaçı ilə mükafatlandırmışdı.
Lakin bu, keçmişdə qalmışdı. Mənbələrimizin — yalnız adlarının açıqlanmaması şərti ilə danışan şəxslərin — bildirdiyinə görə, 1962-ci ildə Skorseninin artıq başqa bir işəgötürəni var idi. Bunun necə baş verdiyinin hekayəsi Mossad arxivlərindəki ən vacib, lakin indiyədək danışılmamış hekayələrdən biridir. Mossadın tam adı ivritcədən tərcümədə “Kəşfiyyat və Xüsusi Əməliyyatlar İdarəsi” deməkdir.
Bu hekayəni anlamağın açar məqamı ondan ibarətdir ki, Mossad Misirin raket proqramı üzərində çalışan alman alimləri dayandırmağı özünün əsas prioritetlərindən birinə çevirmişdi. Ölümündən bir neçə ay əvvəl Kruq və Misirin raket sənayesində çalışan digər almanlar hədələyici mesajlar alırdılar. Almaniyada olduqları vaxt gecənin bir aləmi telefon zəngləri gəlir, onlardan Misir proqramından imtina etmələri tələb olunurdu. Misirdə olduqları zaman isə bəzilərinə məktub-bombalar göndərilmişdi və partlayışlar nəticəsində bir neçə nəfər yaralanmışdı.
Sən demə, Kruq Mossadın diqqət göstərdiyi əsas subyektlərdən biri idi.
17 il əvvəl başa çatan müharibə zamanı Kruq Baltik dənizi sahilində yerləşən Penemünde hərbi sınaq poliqonunda fəaliyyət göstərən elmi elitanın üzvü idi. Burada Almaniyanın ən aparıcı alimləri Hitlerə və Üçüncü Reyxə xidmət edirdilər. Verner fon Braun tərəfindən idarə olunan bu qrup İngiltərəni az qala məğlub edən “Blits” üçün raketlər hazırlamaqla fəxr edirdi. Onların daha geniş ambisiyaları isə daha uzağa uça bilən, daha dəqiq və daha dağıdıcı raketlər yaratmaq idi.
Mossadın araşdırmalarına görə, müharibədən on il sonra fon Braun Kruqu və digər keçmiş həmkarlarını Amerikaya dəvət etmişdi. Müharibə dövründəki keçmişi demək olar ki, silinmiş fon Braun ABŞ raket proqramına rəhbərlik edir, hətta sonradan NASA-nın kosmik tədqiqat proqramının banilərindən birinə çevrilmişdi. Kruq isə başqa, zahirən daha gəlirli variantı seçdi: Penemünde qrupundan olan digər alimlərlə birlikdə — böyük hörmət bəslədiyi alman professor Volfqanq Pilzin rəhbərliyi altında — Misirə getmək. Onlar bu ərəb ölkəsi üçün gizli strateji raket proqramı quracaqdılar.
İsraillilərin fikrincə, Kruq bilməyə bilməzdi ki, yeni ağalarının hərbi potensialının əsas hədəfi Holokostdan sağ çıxmış minlərlə yəhudinin sığınacaq tapdığı İsrail idi. Qatı bir nasist bunu yəhudi xalqının məhv edilməsi kimi dəhşətli missiyanı davam etdirmək üçün fürsət kimi görə bilərdi.
Lakin hədələyici qeydlər və telefon zəngləri Kruqu dəli edirdi. O və həmkarları yaxşı bilirdilər ki, bu təhdidlər israillilərdən gəlir. Bu, aydın idi. 1960-cı ildə İsrail agentləri Holokostun əsas təşkilatçılarından biri olan Adolf Ayxmanı uzaq Argentinada oğurladılar. İsraillilər nasisti gizlicə Qüdsə gətirib məhkəmə qarşısına çıxardılar. Ayxman 1962-ci il mayın 31-də edam edildi.
Kruqun da boynuna Mossad ilgəyinin keçə biləcəyini düşünməsi tam məntiqli idi. Elə buna görə də o, Hitlerin dövründə “yaxşılardan ən yaxşısı” sayılan bir nasist qəhrəmanı köməyə çağırdı.
Yeni və etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, yoxa çıxdığı gün Kruq ofisini tərk edərək öz xilaskarı hesab etdiyi şəxslə — Skorseni ilə görüşə getmişdi.
O vaxt 54 yaşı olan Skorseni sözün əsl mənasında bir əfsanə idi. Avstriyada böyümüş, cəsur və novator hərbçi olan Skorseni — gənclik illərində qılıncoynatma zamanı həddindən artıq ehtiraslı davranışı nəticəsində üzünün sol tərəfində yaranmış uzun çapıqla tanınırdı — nasist Almaniyasının SS qoşunlarında polkovnik-leytenant rütbəsinədək yüksəlmişdi. Partizan komandiri kimi göstərdiyi şücaətlər sayəsində Hitler onun tapşırığı yerinə yetirmək üçün hər cür həddi aşmağa hazır olan bir adam olduğunu anlamışdı.
Polkovnikin müharibə dövründəki əməlləri almanlara ilham vermiş, Almaniyanın düşmənlərində isə qeyri-ixtiyari hörmət doğurmuşdu. ABŞ və Böyük Britaniyanın hərbi kəşfiyyatı Skorsenini “Avropanın ən təhlükəli adamı” adlandırırdı.
Kruq Skorseni ilə ona görə əlaqə saxladı ki, həmin böyük qəhrəman — o zaman İspaniyada yaşayan Skorseni — alimlərin təhlükəsizliyini təmin etmək üçün bir strategiya hazırlaya bilsin.
Kruqun ağ “Mercedes”i Münhendən şimala doğru hərəkət edərkən içində iki nəfər vardı. Skorseni deyirdi ki, ilk addım olaraq üç mühafizəçi ilə danışıb. Onların birbaşa arxada gedən avtomobildə olduqlarını və söhbət etmək üçün meşədə təhlükəsiz bir yerə qədər onları müşayiət edəcəklərini dedi. Kruq elə həmin anda — heç bir rəsmi ittiham və ya ölüm hökmü olmadan — qətlə yetirildi. Tətiyi çəkən şəxs isə məşhur nasist müharibə qəhrəmanının özü idi. İsrailin kəşfiyyat xidməti Otto Skorsenini yəhudi dövləti üçün gizli agentə çevirməyi bacarmışdı.
Kruq güllələndikdən sonra üç israilli onun cəsədinin üzərinə turşu tökdü, bir müddət gözlədi və qalıqlarını əvvəlcədən qazılmış çuxura basdırdı. Onlar improvizə olunmuş məzarı əhənglə örtdülər ki, nə axtarış itləri, nə də vəhşi heyvanlar insan qalıqlarının iyini duya bilsinlər.

Bu məhkəməsiz edamı koordinasiya edən üçlük Mossadın xüsusi əməliyyatlar bölməsinin rəhbəri, sonradan İsrailin baş naziri seçiləcək İshaq Şamir tərəfindən idarə olunurdu. Digər iştirakçılardan biri Argentinada Ayxmanı yaxalayan və sonralar Nyu-Yorkda yaşayan rəssama çevrilən Zvi “Peter” Malkin idi. Uzaqdan nəzarəti isə Almaniyada Mossadın baş zabiti olan Yosef “Co” Raanan həyata keçirirdi. Ayxmanın təşkil etdiyi qəddar, qitəmiqyaslı soyqırım zamanı qətlə yetirilmiş 6 milyon yəhudi arasında bu üç şəxsin hər birinin çoxsaylı ailə üzvləri vardı.
İsrailin Skorseni kimi bir şəxslə işləməsinin motivi aydın idi: Misirlə birlikdə yeni Holokost planlaşdıran nasistlərə mümkün qədər yaxınlaşmaq.
Mossadın İsraili və yəhudi xalqını qorumaq üçün müəyyən etdiyi qaydalar kitabında əvvəlcədən müəyyən edilmiş sərhədlər yoxdur. Bu qurumun casusları İsrailin düşmənlərini — fələstinli terrorçuları, iranlı alimləri, hətta 1990-cı ildə Brüsseldə güllələnərək karyerası başa çatan və Səddam Hüseyn üçün işləyən kanadalı silah ixtiraçısı Cerald Bullu — məhv etmək məqsədilə bir çox ölkələrin hüquq sistemlərini pozublar. Norveçin Lillhammer şəhərində isə Münhen Olimpiadasında 11 israilli idmançının “Qara Sentyabr” terror qruplaşması tərəfindən qətlə yetirilməsinin təşkilatçısı hesab etdikləri şəxs sandıqları mərakeşli bir ofisiantı öldürmüşdülər. Əhməd Buşixi 1973-cü ildə hamilə arvadı ilə kinoteatrdan çıxarkən güllələnmişdi. İsrail hökuməti sonradan rəsmi şəkildə günahı etiraf etmədən ona təzminat ödədi. Uğursuz əməliyyat Mossadın növbəti sui-qəsdlərini təxirə salsa da, onlara son qoymadı.
Bu cür qeyri-adi və təhlükəli missiyalar üçün Mossad bəzən xoşagəlməz tərəfdaşlarla işləmək məcburiyyətində qalırdı. Qısamüddətli ittifaqlar kömək edə bilirdisə, israillilər zəruri hesab etdikləri təqdirdə “şeytanla rəqs etməyə” də hazır idilər.
Bəs Skorseni niyə Mossadla əməkdaşlıq etdi?
O, 1908-ci ilin iyununda Vyanada, Avstriya-Macarıstan imperiyasına hərbi xidmətləri ilə fəxr edən orta təbəqəli bir ailədə doğulmuşdu. Erkən yaşlarından qorxmaz, cəsarətli və insanları müxtəlif yollarla aldatmağa imkan verən mürəkkəb yalan hekayələr uydurmaqda istedadlı olduğu görünürdü. Bunlar müharibə dövründə xüsusi təyinatlı bir zabit üçün vacib, Mossad üçün isə son dərəcə dəyərli keyfiyyətlər idi.
Skorseni 1931-ci ildə, 23 yaşında olarkən Avstriyadakı nasist partiyasına qoşuldu, onun silahlı dəstəsi olan SA-da xidmət etdi və coşqun şəkildə Hitlerə pərəstiş edirdi. Fürer 1933-cü ildə Almaniyanın kansleri seçildi, 1938-ci ildə isə Avstriyanı ilhaq etdi. 1939-cu ildə Hitler Polşaya hücum edib İkinci Dünya müharibəsini başladanda, Skorseni tikinti şirkətindəki işini buraxaraq könüllü şəkildə — adi ordu olan Vermaxtda deyil, Hitlerin şəxsi mühafizə qüvvəsi sayılan “Leibstandarte SS” tank diviziyasında xidmətə başladı.
Skorseni müharibə başa çatdıqdan sonra yazdığı xatirələrində SS-də keçirdiyi illəri işğal olunmuş Polşa, Hollandiya və Fransaya demək olar ki, qansız səfərlər kimi təsvir edirdi. Halbuki onun fəaliyyəti kitabında göstərildiyi qədər zərərsiz ola bilməzdi. O, Rusiyada və Polşada gedən döyüşlərdə iştirak etmişdi və israillilər onun yəhudilərin məhv edilməsində iştirakı ehtimalını yüksək qiymətləndirirdilər. Axı “Waffen-SS” adi ordu deyildi; o, nasist partiyasının hərbi qolu və onun soyqırım planının bir hissəsi idi.
Skorseninin ən məşhur və ən cəsarətli əməliyyatı 1943-cü ilin sentyabrında baş tutdu: mühərriksiz planerlərlə İtaliyanın dağ zirvəsində yerləşən kurorta enən komando dəstəsinə rəhbərlik edərək, Hitlerin dostu və müttəfiqi olan, həmin ərəfədə devrilmiş faşist diktator Benito Mussolinini azad etmiş və son dərəcə təhlükəli şəraitdə onu oradan çıxarmışdı.
Məhz bu macəra Skorseniyə Hitlerin SS xüsusi təyinatlı qüvvələri üzərində operativ komandanlıq qazandırdı. Hitler onu həmçinin bir neçə saatlıq üzbəüz söhbətlə və Dəmir Xaçın Cəngavər Xaçı ilə mükafatlandırdı. Lakin bu, onun yeganə uğuru deyildi.
1944-cü ilin sentyabrında, nasistlərin müttəfiqi olan Macarıstanın diktatoru admiral Mikloş Horti Ox dövlətlərinin (Almaniya, İtaliya və Yaponiyanın təsis etdiyi blok – red.) vəziyyəti pisləşdiyi bir vaxtda Rusiya ilə sülh bağlamağa hazırlaşarkən, Skorseni xüsusi təyinatlı qüvvələrdən ibarət dəstəyə rəhbərlik edərək Budapeştə daxil oldu, Hortini oğurladı və onun hökumətini daha sərt mövqeli faşist “Çarpaz oxlar” rejimi ilə əvəz etdi. Bu rejim isə öz növbəsində, həmin vaxta qədər sağ qalmağı bacarmış on minlərlə macar yəhudisini qətlə yetirdi və ya ölüm düşərgələrinə göndərdi.
Elə həmin 1944-cü ildə Skorseni müttəfiqlərin iyun ayında “D-günü”ndə Normandiyaya çıxmasından sonra onları dayandırmaq üçün cəsarətli plan çərçivəsində 150 əsgəri — aralarında ingilis dilində orta və yüksək səviyyədə danışa bilənlər də vardı — şəxsən seçdi. Müttəfiqlər Fransadan irəlilədikcə, Skorseni öz adamlarını ələ keçirilmiş ABŞ hərbi formalarına geyindirdi və arxa cəbhədə müttəfiq qoşunlarına hücum edib çaşqınlıq yaratmaq üçün ələ keçirilmiş Amerika tanklarından istifadə etdi.
ABŞ əsgərlərinin əmlakının oğurlanmasını da əhatə edən bu cəsarətli fənd müharibədən sonra Skorsenini iki il davam edən dindirmə, həbs və məhkəmə prosesinə sürüklədi. Nəhayət, 1947-ci ildə müttəfiq hərbi hakimlər ona bəraət verdilər. Dünya mətbuatı bir daha onu “Avropanın ən təhlükəli adamı” kimi təqdim etdi. Skorseni bu şöhrətdən zövq alırdı və xatirələrini müxtəlif dillərdə, çoxsaylı nəşrlərdə çap etdirdi. Onların arasında 1957-ci ildə “Greenhill Books” tərəfindən nəşr olunmuş “Skorseninin Xüsusi Missiyaları: Hitlerin Komando Asının Avtobioqrafiyası” adlı kitab da vardı. O, bu kitablarda xeyli şişirdilmiş hekayələr danışmış, ən qəddar nasist rəhbərləri ilə əlaqələrini isə açıq-aydın kiçiltmişdi. Hitlerlə keçirdiyi saysız-hesabsız görüşlərdən bəhs edərkən, diktatoru qayğıkeş və diqqətli hərbi strateq kimi təsvir edirdi.

Skorseninin açıqlamadığı çox şey var idi; o cümlədən, bəraət aldıqdan sonra onu daha bir il də saxlayan ABŞ hərbi hakimiyyətindən necə qaçması. Prokurorlar Nürnberq məhkəmələrində ona qarşı əlavə ittihamlar irəli sürməyi düşünürdülər, lakin köçürülmələrdən biri zamanı o, qaçmağa müvəffəq olmuşdu — deyilənə görə, ABŞ hərbi polisi forması geyinmiş keçmiş SS əsgərlərinin köməyi ilə.
Skorseninin qaçışına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sələfi olan Strateji Xidmətlər İdarəsinin (OSS) də kömək göstərdiyi barədə şayiələr var idi; Skorseni müharibədən sonra bu qurum üçün müəyyən işlər görmüşdü. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, ona İspaniyada məskunlaşmağa icazə verildi — bura qərbyönlü faşist generalissimus Fransisko Frankonun himayəsi altında nasist müharibə veteranları üçün əsl cənnət idi.
Sonrakı illərdə o, Argentinada prezident Xuan Peron üçün, eləcə də Misir hökuməti üçün məsləhətçi kimi müəyyən işlər gördü. Məhz bu dövrdə Skorseni raket proqramına rəhbərlik edən və alman mütəxəssisləri işə cəlb edən misirli zabitlərlə yaxın münasibətlər qurdu.
İsraildə Mossadın planlaşdırma qrupu Skorsenini harada və necə öldürməyin daha məqsədəuyğun olacağını araşdırmağa başladı. Lakin qurumun rəhbəri İser Harel daha cəsarətli bir plan irəli sürdü: onu öldürmək əvəzinə, tora salmaq.
Mossad rəsmiləri çoxdan bilirdilər ki, alman alimləri hədəfə almaq üçün həmin qrupun içində “öz adamları” olmalıdır. Yəni Mossadın bir nasistə ehtiyacı vardı...
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada