Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Qəfil məğlubiyyət, Nobel təntənəsi, sağlığında dəfnini təşkil edən lider - II YAZI
Ser Uinston Yaltada dadlı yeməyə görə NKVD əməkdaşına qızıl saatını hədiyyə etmişdi

Əvvəli: Burada 

Stil-insan

Ledi Çörçill bilsəydi ki, ərini qüsursuz geyinmək sənətinə yiyələnmiş ən seçilmiş adamlardan biri sayacaqlar, bu uğuru tam əsasla öz hesabına yazardı. Çünki 23 yaşlı Klementina Hozyer 1908-ci ildə ser Uinstonun həyat yoldaşı olanda, onun qarderobu hərbi frençlərdən, praktik kombinezonlardan və parlamentarinin “iş geyimi”ndən — ənənəvi frak və silindr tipli baş geyimindən ibarət idi.

Klementinadan əvvəl Çörçillin həyatında bir neçə qadın olmuşdu, lakin arvadı ömrü boyu sədaqətli yol yoldaşı oldu. O, ser Uinstona oğlu Rendolfu, qızları Diananı, Saranı, Meriqoldu (cəmi üç il yaşadı) və Merini bəxş etdi, bununla da, Çörçillin öz etirafına görə, onun həyatına ahəng və sakitlik gətirdi.

Lakin ledi Klementinaya həsəd aparmaq çətindir: ona ağır xasiyyətli, oturuşmuş pis vərdişlərə malik, patoloji dağınıq və manyakal-depressiv sinir quruluşlu ər qismət olmuşdu.

Ser Uinstonun şüarı belə idi: “Günə beş-altı siqar (əslində isə 8–10, bəzən də 15!), üç-dörd stəkan viski və heç bir idman!” Siqara Kubada aludə olmuşdu və sonra onları ağlasığmaz miqdarda sifariş edirdi (yalnız 3–4 min ədəd ehtiyatı olanda özünü rahat hiss edirdi). Siqarı, demək olar, ağzından çıxarmırdı: yandırmağı unudanda sadəcə tütünü çeynəyirdi, çəkərkən külü hər yerə tökür, sönməmiş siqarla yuxuya gedərək köynəklərini və şalvarlarını deşik-deşik edirdi (Klementina qarderobun heç olmasa bir hissəsini xilas etmək üçün ona xüsusi önlüklər tikirdi).

Harada və nə vaxt istəsə siqar çəkmək hüququnu məhdudlaşdırmağı Çörçill lazım bilmirdi: qitələrarası uçuş zamanı siqar üçün dəliyi olan xüsusi oksigen maskası sifariş etmişdi, tütün tüstüsünə dözməyən Səudiyyə Ərəbistanı kralının yanında səhər yeməyi vaxtı belə çəkirdi.

Ser Uinston, ümumiyyətlə, şəraitlə hesablaşmırdı. Afrikada kolonial qoşunları yoxlayarkən, əsgərlərə günə cəmi bir qab su verildiyi halda, hamama girmək istəyəndə buxar lokomotivinin qazanının boşaldılmasını əmr etmişdi.

Çörçill həm də istənilən xoşagəlməzliyi öz xeyrinə çevirmək bacarığı ilə seçilirdi. 1931-ci ildə ABŞ-a mühazirələr oxumağa gedərkən Nyu-Yorkda — diqqətsizliyindənmi, soltərəfli hərəkətə alışqanlığındanmı, ya da bəlkə də həmin gün dekabrın 13-ü olmasındanmı — dərhal maşın altında qaldı. 15 sınıqdan özünə güclə gəldikdən sonra “Collier’s” jurnalına “Mənim Nyu-Yorkdakı xoşagəlməz macəralarım” adlı məqalə diktə etdi. Demək olar ki, bütün Amerika qəzetlərində yenidən çap olunan bu ironik esse müəllifə iki min beş yüz dollar qazandırdı (qonorar Çörçillin həyat yoldaşı və qızı ilə Baham adalarında üçhəftəlik istirahətinin xərclərini tam ödədı).

İngilis cəmiyyətində puldan danışmaq, ümumiyyətlə, adət deyil. Çörçill isə həm siqarlarına çəkdiyi xərcləri, həm də kazinoda qazandığı məbləğləri ucadan hesablamanı xoşlayırdı (qumarbaz idi, həmişə 18 və 22 rəqəmlərinə pul qoyurdu — iki kiçik qızının doğum illəri). Və başqalarını utandırmağı sevirdi — onun rolunu oynayan aktyordan roluna görə nə qədər qonorar aldığını hamının yanında soruşa bilərdi və kifayət qədər böyük rəqəmi eşidəndə pıçıldayardı: “Bu pula özüm özümü daha yaxşı oynayardım!”

Çörçillin həddindən artıq qarınqululuğu portret və fotolarında açıq-aşkar görünür: o, əsl qurman və epikür idi. Yalta konfransı zamanı Vorontsov sarayında onun mətbəxinə hər gün gətirilən dağ foreli ser Uinstona o qədər xoş gəldi ki, bu işi təşkil edən NKVD əməkdaşına qızıl saatını hədiyyə etdi. Onun şotland viskisinə, fransız “Napoleon” konyakına və erməni “Dvin”inə sədaqəti isə bu gün yəqin ki, açıq-aşkar sifarişli reklam kimi qiymətləndirilərdi (Çörçillin SSRİ-dən kənarda erməni konyakı içməsi barədə heç bir fakt yoxdur - Pressklub).

Ən qarşısıalınmaz acgözlük tutmaları isə “qara itlərin hücumu” adlandırdığı depressiya dövrlərində olurdu. Depressiyaya isə o, işsiz qalanda düşürdü. Bu ağır illərdə Çörçill kolleksiyaçılıqla özünü xilas edirdi: siqar kəsən gilyotinlər, külqabılar, avtomobil maketləri toplayırdı. Bəzən isə özünə istənilən məşğuliyyət tapa bilərdi — məsələn, qazon biçir, mənzərələr çəkir və ya yüzüncü dəfə sevimli “Ledi Hamilton” filminə baxırdı.

İkinci Dünya müharibəsi: qələbədən məğlubiyyətə

İkinci Dünya müharibəsi illərində Uinston Çörçillin xarakterində kart oyunçusu naturası tam mənası ilə üstünlük qazandı: o, daim manevr edir, blef edir, riskli və həmişə özünü doğrultmayan addımlar atırdı. Əvvəlcə gizlicə Mussolini ilə yazışaraq ondan neytrallığı qorumasını xahiş edirdi, sonra isə sovet Rusiyasına ümid bağlayır, onu nasist təcavüzünü cilovlaya biləcək yeganə qüvvə kimi görürdü.  Lakin italyan duçeni razı sala bilmədi, Stalin isə başqa maraqlar güdürdü — Hitlerlə gizli, bir sıra Avropa dövlətlərini nasistlərin ixtiyarına buraxan sövdələşmə. 

1 sentyabr 1939-cu ildə Almaniya Polşaya təcavüzə başladı və İngiltərə müttəfiqlik borcuna sadiq qalaraq, müharibəyə qatıldığını elan etdi. Formalaşdırılan müvəqqəti hərbi hökumətdə Çörçill hərbi-dəniz naziri vəzifəsini aldı. Və dərhal qərara gəldi ki, almanların diqqətini ruslarla müharibəyə yönəltsin; 1939-cu ilin sonlarında sovet-fin silahlı münaqişəsi başlayan kimi, London az qala öz qoşunlarını Finlandiyaya yardıma göndərəcəkdi ki, bu da İngiltərə ilə SSRİ arasında qaçılmaz toqquşma demək idi. Lakin hadisələr başqa cür inkişaf etdi.

1940-cı il — Uinston Çörçillin baş nazir (və eyni zamanda müdafiə naziri) seçildiyi və Böyük Britaniyanın ingilis-alman cəbhəsində ağır məğlubiyyətə uğradığı dövrdür. Yeni müttəfiqlər tapmaq zəruri idi, onlardan ən güclüləri SSRİ və ABŞ sayılırdı. 22 iyun 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücumu ilə qüvvələr nisbəti hamıya aydın oldu, üstəlik, altı ay sonra Yaponiya Perl-Harborda Amerika hərbi donanmasına zərbə endirdi və ABŞ müharibəyə qoşuldu.

1945-ci ilin fevralında Yalta konfransında Çörçill, Ruzvelt və Stalin Almaniyanın və Şərqi Avropa ölkələrinin müharibədən sonrakı taleyini prinsipial şəkildə müəyyən etdilər. Elə həmin yaz Çörçillin həyat yoldaşı Moskvaya gəldi, sovet hökuməti onu “Rusiyaya yardım fondu” komitəsindəki fəaliyyətinə görə Qırmızı Bayraq ordeni ilə təltif etdi və ledi Klementina 9 mayda radio vasitəsilə sovet xalqını Böyük Qələbə münasibətilə təbrik etdi.

Britaniya sülh həyatının astanasında sevinərkən, Çörçill SSRİ və Avropadakı sosialist inqilabı ilə mübarizə planları qurmaqla məşğul idi (əslində heç bir inqilab yox idi, Moskva Şərqi Avropa ölkələrində kommunistləri silah gücünə hakimiyyətə gətirirdi - Press klub). 23 may 1945-ci ildə o və müharibə dövründə formalaşdırılmış hökumət istefa verdi, lakin ser Uinston növbəti seçkilərdə qalib gələcəyinə şübhə etmirdi. Bu ruh yüksəkliyi ilə o, Potsdamda qaliblər konfransına yola düşdü və burada yeni ABŞ prezidenti Trumenə SSRİ-yə qarşı güc təzyiqi göstərilməsini qəbul etdirmək niyyətində idi.

Potsdam konfransı İngiltərədə seçkilərin nəticələri açıqlanmadan əvvəl başlandığı üçün xüsusi fasilə verildi ki, Çörçill səsvermənin nəticələrinin elan olunduğu anda Londonda ola bilsin. Potsdamdan ayrılarkən hamını inandırdı ki, geri qayıdacaq…

Lakin Çörçilli qəfil zərbə gözləyirdi: onun ən yüksək şöhrət anında, ingilis xalqının rəhbəri kimi şöhrətin dadını çıxararkən, nüfuzunun mübahisəsiz olduğu düşünülən bir vaxtda seçicilər həm mühafizəkarlar partiyasını, həm də onun liderini rədd etdilər. Ser Uinston bunun nə üçün baş verdiyini heç vaxt anlamadı və bu rüsvayçılığını ingilis xalqına bağışlamadı.

Siyasi səhnədən kənarda qalan Çörçill yenə də özünəməxsus siyasi həyatını yaşayırdı. 5 mart 1946-cı ildə ABŞ-ın Fulton şəhərində Vestminister kollecində məşhur çıxışını etdi — mahiyyət etibarilə şəxsi baxışlarını əks etdirən bu antisovet mühazirə İngiltərə və ABŞ-ın hakim dairələrinin proqramı kimi səsləndirildi. Qəbul olunmuş fikrə görə, ABŞ və SSRİ arasında “soyuq müharibə” məhz bu andan başlanmış sayılır. 

Patriarxın payızı

25 oktyabr 1951-ci ildə mühafizəkarlar seçki kampaniyasında qalib gəldilər və ertəsi gün Çörçill yenidən İngiltərənin baş naziri oldu. Bu dəfə ehtiyatlı davranaraq mülayim daxili siyasət yürüdür, xarici siyasətdə isə bütün səylərini sovet atom təhlükəsi qarşısında ABŞ hökuməti ilə sıx birləşməyə yönəldirdi. Lakin amerikalılar “qoca İngiltərə”yə SSRİ ilə mübarizədə üstün mövqe vermək istəmirdilər və Çörçillin “xüsusi münasibətlər” qurmaq üçün ABŞ-a çoxsaylı səfərləri nəticəsiz qaldı.

1953-cü ildə Uinston Çörçillin daha bir tərəfi qeyd olundu: Nobel Komitəsi Böyük Britaniyanın baş nazirinə ədəbiyyat üzrə Nobel mükafatı verdi. Ser Uinstonun siyasi fəaliyyətində məcburi fasilələr yarananda, hər dəfə təsəllini yazıçılıqda tapırdı. 1930-cu illərdə “Dünya böhranı, 1916–1918” adlı çoxcildli əsərini tamamlamış, “Həyatımın ilk illəri” avtobioqrafik kitabını yazmış, uzun illər isə altıcildlik “ailə” epopeyası olan “Marlboronun həyatı” üzərində çalışmışdı.

Nobel mükafatını hərbi-memuar ədəbiyyatı sahəsində qazanan Çörçill bu uğurla yaxşı “qonşuluq” əldə etdi: bir il əvvəl laureat Fransua Moriak olmuş, növbəti ildə — 1954-cü ildə mükafat Ernest Hemingueyə veriləcəkdi.

Çörçillin son illərində yazı üçün nə fiziki, nə də intellektual qüvvəsi qalmışdı. Ser Uinstonun sağlığında nəşr olunan son əsəri dördcildlik “İngilis dilində danışan xalqların tarixi” olacaq.

Yaş daim özünü xatırladırdı: Çörçill artıq 80 yaşına çatmışdı, depressiyalardan əziyyət çəkir, mənəvi gücünü itirirdi. 5 aprel 1955-ci ildə mühafizəkarların gənc nəsil siyasətçilərinin təzyiqi altında ser Uinston son dövlət vəzifəsini tərk etdi. Nə iki il əvvəl verilmiş Nəcabətli Bant ordeni, nə saysız-hesabsız tərif nitqləri bu kədərli vəziyyətində təsəlli oldu.

Siyasətdən ayrıldıqdan sonra Çörçill son on ilini pensiyaçı statusunda keçirdi. Çox vaxt Çartvelldə, qış aylarını isə Londonda Hayd Park yaxınlığındakı evində yaşayırdı. Hətta darıxdıqda sevimli Fransa Rivyerasına gedir, ya da yunan milyarderi Onassisin dəvəti ilə “Kristina” yaxtasında Aralıq dənizində səfərə çıxırdı.

Yaşlılıq zəifliyi onu sıxırdı, amma o, bunu da zarafata salırdı — kazino krupyesi ona şalvarının açıq qaldığını pıçıldadıqda, Çörçill sadəcə fınxırdı: “Ölü quş heç vaxt yuvasından çıxmayacaq…”

1965-ci ilin əvvəlində Çörçill soyuqdəymədən yatağa düşdü, 15 yanvarda beyin qanaması baş verdi və huşu daha qayıtmadı.

Vəfatı və dəfn mərasimi: onu necə xatırlamalıyıq

24 yanvar 1965-ci ildə London “Times” qəzeti, 90 il əvvəl Marlboro klanına yeni uşaq gəlməsini elan etdiyi kimi, Uinston Çörçillin ölümünü xəbər verdi. Ənənəyə zidd olaraq, qəzet bütün birinci səhifəni böyük həmvətəninin portretinə həsr etdi. Xüsusi buraxılışda mərhumun ətraflı bioqrafiyası və gündəlikdən rəsmi şəkillərə qədər saysız fotoları təqdim olundu. Bütün Böyük Britaniya matəmə büründü.

Üç il əvvəl, kazinonun mərmər döşəməsində yıxılaraq bud sümüyünü qıran Çörçill, hərbi sanatoriyanın xəstəxana çarpayısında uzanarkən öz dəfn mərasiminin ssenarisi yazmışdı: “Məni sadə bir əsgər kimi dəfn etmələrini istəyirəm”.

Çörçillin vəsiyyəti icra edildi, yalnız bir dəyişikliklə — İngiltərə imperiyanın böyük əsgərini kral təntənəsi ilə yola saldı. Hətta sovet televiziyası, “silindrli adam”ı həmişə persona non grata saysa da, matəm xəbərini göstərdi: Vestminister abbatlığında vida mərasimi, matəm korteji ilə Temza çayına doğru son yol, bayraqla örtülmüş tabut hərbi katerlə ailə mülkünə aparıldı. Orada, qədim kənd kilsəsinin yanında sadə qəbiristanlıqda, Uinston Çörçill son mənzilini tapdı.

Çörçillin böyük övladları özlərini atalarının xatirəsini yaşatmağa həsr etdilər. Ser Rendolf onun zəngin ədəbi irsi ilə məşğul oldu, çoxcildli əsərlərin nəşrinə hazırlıq gördü və Arxiv mərkəzini açdı. Qızı ledi Sara Souls isə bütün qüvvəsini muzeylərin təşkilinə yönəltdi. Blenhemdə turistlər üçün açılan ev birinci oldu. Vaxtilə şlyapaların və gorjetlərin saxlanıldığı memorial otaq ser Uinninin burada doğulması faktına uyğun şəkildə tərtib edildi — qədim çarpayı və həmin dövrə aid digər əşyalarla.

Ledi Souls SSRİ-ni də diqqətdən kənarda qoymadı — Krımda, məşhur Livadiya sarayında, Yalta Konfransının unikal sənədləri ilə kitabxana-kabinet açdı və atasının büstünü hədiyyə etdi. 

2005-ci ildə, İkinci Dünya Müharibəsinin 60 illiyi münasibətilə, Londonda Çörçillin və onun hökumətinin müharibə zamanı işlədiyi gizli qərargah hamıya açıldı. 

Uinston Çörçill özü isə artıq çoxdan abidə olub — onun Vestminister sarayının fonundakı tunc heykəli bu gün Londonun görməli yerlərindən biri sayılır. Tauer körpüsü və Big Ben saatı kimi...

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada