Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Qanlı qətliam: 13 nəfəri öldürən iki əsgərin sonu necə oldu?
“Təcrübəmdə çox şey görmüşdüm, amma bu, ən dəhşətlisi idi...”

1968-ci il sentyabrın sonlarında Rusiyanın Kursk şəhərində fövqəladə hadisə baş verdi. Hərbi hissədən fərar edən iki əsgər binalardan birində mövqe tutaraq insanlara atəş açmağa başladı. Bu haqda məqalənin tərcüməsini təqdim edirik. 

Moldova əsilli Viktor Korşunov lap uşaqlıqdan çətin xarakteri ilə seçilirdi. Qəddar və aqressiv uşaq olan Viktor onu təkbaşına böyüdən anasına az problem yaratmırdı. Korşunovun atası Nikolay həmin dövrdə kollaborasionizmə görə 25 illik həbs cəzası çəkirdi — Böyük Vətən müharibəsi zamanı əsir düşərək faşistlərə polis kimi xidmət etməyə razılaşmışdı. 

Viktor məktəbi bitirdikdən sonra yerli instituta daxil oldu, lakin orada cəmi iki kurs oxuya bildi. 1966-cı ildə “sovet tələbəsinin adına xələl gətirən hərəkətlərə görə” ali məktəbdən xaric edildi və az sonra payız çağırışı ilə orduya aparıldı. Oktyabr ayında gənc əsgər Kurskda yerləşən, İctimai Asayişin Mühafizəsi Nazirliyinin (Daxili İşlər Nazirliyi 1960-1968-ci illərdə belə adlanırdı — Press klub) Daxili Qoşunlarına aid 7527 saylı hərbi hissəyə göndərildi. 

 21 yaşlı Korşunovun xidmət etdiyi hissə Kurskun ucqarında yerləşirdi. Ordu həyatı gəncin xoşuna gəldi — atıcı rotaya düşən Viktor süngü döyüşünün praktikasını, müxtəlif silah növlərindən istifadə texnikasını tez mənimsədi və hissənin ən yaxşı snayperlərindən biri sayılmağa başladı.

Xidmətlərə görə Korşunov o dövr üçün nüfuzlu sayılan “Sovet ordusu əlaçısı” nişanı ilə təltif edildi. Ancaq sıravi əsgərin xidmət yoldaşları ilə normal münasibətləri alınmadı — əsgərlər qapalı və təkəbbürlü Viktordan uzaq dururdular, o da onlarla ünsiyyət qurmağa həvəs göstərmirdi. 

Korşunov yeganə dostunu 1967-ci ilin martında hissəyə gəlmiş, Kramatorsk əsilli, infantil və asan yönləndirilən Yuri Surovtsevin simasında tapdı.

 Surovtsev orduya vilayət psixiatriya xəstəxanasından buraxıldıqdan sonra düşmüşdü; orada psixi infantilizm fonunda baş vermiş sinir pozuntusundan sonra müalicə kursu keçmişdi. Ancaq açıq-aşkar psixi sağlamlıq problemlərinə baxmayaraq, Yuri daxili qoşunlarda xidmətə göndərildi.

Bundan əvvəl Yuri təhsil almağa cəhd göstərmişdi, lakin pis qiymətlərə görə institutdan xaric edilmişdi. Yeri gəlmişkən, Surovtsevin atası da məhkum olunmuşdu, sadəcə siyasi maddə ilə yox, soyğunçuluğa görə.

Təyyarəni ələ keçirmək xəyalı

Hər iki əsgər həyatdan narazı idi — Korşunov öz dəftərində “pis həyat dəfn marşından da betərdir” deyə qeyd etmişdi. Dostlar tez-tez mümkün intihardan və talelərini yaxşılığa doğru dəyişmək üçün istənilən cinayətə getməyə hazır olduqlarından danışırdılar.

“Bir dəfə kazarmada oturarkən onlar təyyarəni necə ələ keçirəcəklərini, bütün pilotları öldürəcəklərini və istədikləri yerə uçacaqlarını xəyal edirdilər”, - Aleksandr Minçanovski, Moskva Hərbi Dairə Məhkəməsinin (MHDM) keçmiş mətbuat katibi.

Sıravi qalan Korşunovdan fərqli olaraq, Surovtsev xidmətin bir ili ərzində qərargahda mirzə işləməklə yefreytor oldu. Lakin əsgərlər arasında formalaşmış bu qəribə dostluqda Surovtsev “rütbəcə kiçik” mövqedə idi — zəif iradəli dostundan qeyd-şərtsiz itaət tələb edən Korşunov onu idarə edirdi.

Bir vaxt Korşunov bütün xidmət yoldaşlarını güllələməyi planlaşdırdı — Surovtsev bu qırğında iştirak etməyə hazır idi, lakin kazarmada kütləvi qətl törətməyə yenə də cəsarət etmədilər. Tərxis olunmağa bir ildən az qalmış isə Korşunov nişanlısı Olqadan məktub aldı — qız məktubda münasibətləri kəsdiyini və başqa biri ilə evlənəcəyini bildirirdi.

Bu hadisə Korşunov üçün böyük sarsıntı oldu: intihar fikirləri yenidən, daha güclü şəkildə onu bürüdü, lakin əsgərin həyatına son qoymağa cəsarəti çatmırdı. Taleyinə qarşı aciz qəzəb içində Korşunov sinir sarsıntısına qədər çatdı — bu hal növbəti atış təlimləri zamanı baş verdi.

Zabitlərdən birinin ünvanına etdiyi iradı eşidən, əlində avtomat olan sıravi əsgər isterikaya düşdü — rəhbərliyi və xidmət yoldaşlarını güllələməklə hədələməyə başladı, ardınca isə intihar etməyi planlaşdırırdı.  Möcüzə nəticəsində qurbanlar olmadı: Korşunovun silahı əlindən alındı, özü isə bir neçə həftəlik hospitala göndərildi.

Hissəyə qayıtdıqdan sonra Korşunov Surovtsevi tapdı və ona yenə də həyatlarına son qoymağı, lakin bundan əvvəl səs-küylü bir cinayət törətməyi — məsələn, şəhər idarələrindən birinin binasını ələ keçirməyi təklif etdi.  Surovtsev razılaşdı və əlbir olduğu yoldaşı ilə birlikdə hissədən qaçmağa hazırlaşmağa başladı.

1968-ci il sentyabrın 25-i axşamüstü Surovtsev rotada növbəyə yeni başlayan Korşunovun yanına gəldi — gündəlikçini yatmağa göndərib, silah anbarına daxil oldular.  Əvvəlcədən hazırlanmış çamadanlarda tapançaları, iki AK-47 avtomatını (qundaqları mişarla kəsilmişdi) və 240 patronu gizlədərək, xidmət yoldaşlarına hiss etdirmədən hissəni tərk etdilər.

Dəvət olunmamış qonaqlar

Hücum üçün hədəf kimi Korşunov və Surovtsev prokurorluğun və milis idarəsinin binalarını nəzərdən keçirirdilər. Lakin silahlı hüquq-mühafizə orqanlarının tez müqavimət göstərəcəyini anlayaraq, şəhər partiya komitəsinin (qorkomun) binasını ələ keçirməyə qərar verdilər. Qaçqınlar ora yoldan keçən maşınla çatdılar — sürücüyə evə məzuniyyətə getdiklərini demişdilər.

Amma yerindəcə məlum oldu ki, qorkom binasının arxa tərəfində Leninski milis şöbəsi yerləşir: fərarilər planlarını yerindəcə dəyişməli oldular. Anlayırdılar ki, hər an onların yoxluğu seziləcək və axtarış başlayacaq, buna görə də Vağzal küçəsindəki 1 saylı evin mənzillərindən birində gizlənməyə qərar verdilər.

İkiotaqlı 41 saylı mənzildə ev sahibəsi — 66 yaşlı Yevdokiya Qanyukova, onun böyük qızı 38 yaşlı Tamara Sattarova, kiçik qızı Valentina Dudareva həyat yoldaşı Anatoli və dörd uşaqla birlikdə yaşayırdı. Səhər tezdən, ailənin bütün üzvləri möhkəm yuxuda olarkən, dezertirlər dördüncü mərtəbəyə qalxıb, qapını döydülər.

Dəvət olunmamış qonaqlara qapını Yevdokiya açdı — və dərhal avtomat yaxın məsafədən vuruldu. Atəş səsləri bina sakinlərini oyatdı; onların arasında xadimə Mariya da vardı. Qorxu içində olan qadın milisə zəng etdi.

“Amma milisdə əhəmiyyət vermədilər. Guya haradasa motosiklet keçib, siz də avtomat səsi zənn etmisiniz”, — Vağzal küçəsi, 1 saylı evin sakini Tamara Ponomarenkonun xatirələrindən.

Mənzilə daxil olan əsgərlər Valentinanın əri, iki yaşlı qızı İra və Rılskdən qonaq gəlmiş qohum uşaqla birlikdə yatdığı otağa yönəldilər. Yastıqdan səsboğucu kimi istifadə edən Korşunov bütün darağı ailənin üzərinə boşaltdı, onun ardınca gələn Surovtsev isə ağır yaralanmış uşaqları və böyükləri çuqun ütü ilə vurdu. Dörd nəfərin də öldüyünə əmin olduqdan sonra dəhlizə çıxdılar — ora atəş səsləri ilə oyanmış Tamara qaçmışdı.

“Bütün mənzil qan içində idi”

Səttarovanın “siz nə edirsiniz?” deyə qışqırmasına fərarilər belə cavab verdilər: “Biz qisasçılarıq!” Tamara atıcılara yalvarmağa başladı ki, ona və qızlarına — yeddi yaşlı Gülçaraya və doqquz yaşlı Ellaya rəhm etsinlər. Korşunov və Surovtsev uşaqlara toxunmayacaqlarına söz verdilər — anaları araq almağa gedərsə.

Yaxınlıqdakı mağaza açılan kimi Səttarova ora yollandı: yolda sahə müvəkkili ilə rastlaşdı, lakin uşaqlarına zərər gələr deyə, ona heç nə demədi. Evə qayıdanda isə hər iki qızının öldürüldüyünü gördü — onun yoxluğundan istifadə edən Korşunov və Surovtsev Ellanı güllələmiş, Gülçaranı isə çuqun ütü ilə vurub öldürmüşdülər.

“Bütün mənzil qan içində idi, döşəmədə (dəhlizdə, otaqlarda) meyitlər uzanmışdı. Öldürülmüş uşaqların cəsədlərinə baxmaq mümkün deyildi. Xidmətim ərzində çox şey görmüşəm, amma bu, ən dəhşətlisi idi”, — Aleksandr Kovınyov, 1968-ci ildə Kursk vilayətinin Fatej rayonunun milis rəisi.

Acıdan dəli olan Tamara uşaq qatillərinə yumruqla hücum etdi, lakin qüvvələr bərabər deyildi — cinayətkarlar qadını döydülər və zorladılar. Səttarova intihar etməyə cəhd göstərdi, lakin fərarilər buna imkan vermədilər — girovu hamama salıb qapını bağladılar, öldürülənlərin cəsədlərini bir otağa daşıdılar, televizoru qoşdular və araq içməyə başladılar.

Qatillər bütöv günü içməklə keçirdilər: hər şüşə bitəndə növbə ilə yenisini almağa gedirdilər. Sentyabrın 27-si səhər sərxoş Korşunov Kurskun izdihamlı Vağzal meydanına baxan mənzilin pəncərələrindən insanlara atəş açmaq qərarına gəldi. Onun kimi sərxoş olan ortağı Surovtsev də bu fikirlə razılaşdı.

Saat təxminən 8:00-da fərarilər müxtəlif otaqlara keçdilər, avtomatları qaldırdılar və pəncərələri açaraq insanlara atəş açmağa hazırlaşdılar. Korşunov tətiyə basmazdan əvvəl Surovtsevdən radioqəbuledicini qoşmağı xahiş etdi.

“Bəlkə müharibədir?”

Korşunov ilk qısa atəşlərlə beş nəfəri öldürdü, daha qeyri-dəqiq atəş açan Surovtsev isə bir neçə nəfəri yaraladı. Meydanda təlaş başladı — canını qurtarmağa çalışan insanlar müxtəlif istiqamətlərə qaçışdılar. Kütlənin içində olan müharibə veteranları insanlara güllələrdən gizlənməyə kömək edirdilər.

Zərərçəkənlərin bir hissəsi tibb məntəqəsinə çatıb ilkin yardım ala bildi. Meydana baxan qastronomun müştəriləri isə atəşi birbaşa ticarət zalında gizlənərək gözləməli oldular.

“Mağazada insanlar satıcılardan soruşurdular ki, radioda nə deyirlər — bəlkə müharibədir?” — qastronomda gizlənmiş şahidin xatirələrindən. 

Bir neçə dəqiqə sonra meydan tamamilə boşaldı, lakin fərarilər avtomatları əllərindən buraxmadan pəncərə oyuqlarında dayanmaqda davam edirdilər. Yeni “hədəfləri” gözləmək çox çəkmədi: artıq saat 8:15-də içində Moskvaya aparılan dörd dustaq olan dustaq maşını meydana girdi. Korşunov və Surovtsev dərhal maşına atəş açdılar.

Avtozakın sürücüsü bir neçə saniyə ərzində maşını atəş altından çıxarıb yaxın döngəyə sürdü. Lakin 19 yaşlı bir dustaq ölümcül yaralandı — o, həkimlər gələnə qədər dünyasını dəyişdi. Yeri gəlmişkən, meydandan yaralıları aparan təcili tibbi yardım maşını da avtomat atəşi altına düşdü — xoşbəxtlikdən tələfat olmadı.

Əməliyyat növbətçisinin telefonuna gülləbaran şahidlərindən saysız-hesabsız zənglər gəldi. Dərhal hadisə yerinə Kirov rayon milis şöbəsinin naryadı göndərildi.

Meydana gələn milislərin gördüyü mənzərə onları sarsıtdı — yerdə qan içində qalmış cəsədlər uzanmışdı, sığınacaqlardan yaralıların iniltiləri və ağlaşmaları eşidilirdi. Çaşqın vəziyyətdə olan milislər onların maşınına da atəş açıldığını dərhal anlamadılar.

“Qapını açdım, eşitdim ki, sanki kuzova nəsə dəydi. Fikirləşdim ki, bu nədir? Baxanda gördüm — kuzovda deşik var!  Elə onda başa düşdüm ki, bizə atəş açırlar”, — Leonid Zyüzko, 1968-ci ildə Kursk vilayəti Dİİ-in əməliyyat şöbəsinin rəisi.

Milislər atəş açılan mənzilin nömrəsini müəyyən edə bildilər: dördüncü mərtəbəyə qalxanda az qala həlak olacaqdılar — pilləkən meydançasındakı səsi eşidən fərarilər giriş qapısı istiqamətində atəş açdılar.

Baş verənlər dərhal milis şöbəsinə bildirildi, oradan isə məlumat şəhər partiya komitəsinin, vilayət komitəsinin (Obkomun) və Kursk vilayəti üzrə KQB-nin rəhbərliyinə çatdırıldı. Faciə barədə məlumat alan partiyanın baş katibi Leonid Brejnev və SSRİ İctimai Asayişin Mühafizəsi naziri Nikolay Şelokov canilərin diri tutulmasını və hərbi tribunal qarşısına çıxarılmasını əmr etdilər.

Bu arada Vağzal meydanını dövrələmək qərara alındı — lakin bunun üçün təkcə milis qüvvələri kifayət etmirdi. Buna görə də dövrələməyə Korşunov və Surovtsevin xidmət etdiyi hissədən hərbçilər cəlb olundu. Yaralıların təxliyəsinin zirehli transportyor vasitəsilə aparılması qərara alındı — ZTR sığınacaqdan sığınacağa hərəkət edir və insanları avtomat atəşindən qoruyan sipər rolunu oynayırdı.

Fərarilərin atəş açdığı binada təcili şəkildə əməliyyat qərargahı yaradıldı — şəhər və vilayətin bütün güc strukturlarının yüksək rütbəli rəhbərləri orada toplaşmışdı. Nəhayət, Korşunov və Surovtsevin olduğu mənzilin hücumla alınmasına qərar verildi. Bunun üçün qonşu mənzildən deşik açmağa başladılar; həmin dəlikdən “Çeremuxa-1” gözyaşardıcı qazı buraxmaq planlaşdırılırdı. 

Lakin əl burğusunun səsini eşidən əsgərlər bütün girovları öldürəcəklərini qışqırmağa başladılar. Qətiyyətlərini sübut etmək üçün yenidən giriş qapısı istiqamətində atəş açdılar. Sakinlərin çoxunun artıq ölü olduğunu bilməyən milislər terrorçulara inandılar və mənzilə girmə cəhdlərini dayandırdılar.

Qapalı qapı arxasından terrorçularla danışıqları aparan vilayət İctimai Asayişin Mühafizəsi İdarəsinin rəisi, general-mayor Sergey Şmarqilovun cəhdləri nəticə vermədi — əsgərlər heç bir tələb irəli sürmür, əlaqəyə girmirdilər.

Təxminən saat 10 radələrində hadisə yerinə hərbi hissə komandirinin müavini gəldi. Korşunovun çətin xarakterindən xəbərdar olan zabit təsiri məhz Surovtsev üzərində qurmaq qərarına gəldi — və yanılmadı: bu vaxta qədər Yuri nə etdiyini artıq dərk etmiş, son dərəcə ruhdan düşmüş vəziyyətdə idi.

Komandirinin tələbi ilə o, rütbəcə böyük olan şəxs kimi Korşunova silahı təhvil verməyi əmr etdi, lakin cavab olaraq rədd cavabı və ünvanına söyüş dolu təhqirlər aldı. Özünü bürüyən qəzəbə baxmayaraq, Korşunov Surovtsevə atəş açmağa cəsarət etmədi.

Bundan sonra Surovtsevə terrorçu ortağını zərərsizləşdirmək əmri verildi. İsterikaya qapılmış Yuri avtomatın demək olar ki, bütün darağını Korşunovun üzərinə boşaldaraq onu güllə yağışına tutdu — sonradan terrorçunun bədənində 23 güllə yarası sayıldı. Bundan on dəqiqə sonra əməliyyatçılar giriş qapısını sındıraraq, mətbəxə daxil oldular. Divar kənarında oturan Surovtsev saxlanılarkən müqavimət göstərmədi.

Mənzildə qanlı dramın sonu yaşanarkən, evi ikiqat mühasirəyə alan təhlükəsizlik qüvvələri Kursk sakinlərinin qəzəbli hücumunu çətinliklə cilovlayırdı — camaat əsgərlərə divan tutmaq istəyirdi. Qatillərdən yalnız birinin sağ qaldığını onlar pəncərədən başını çıxaran bir milisin əməliyyatın uğurla başa çatdığını ehtiyatsızlıqla ucadan deməsindən bildilər. 

Ən yüksək cəza 

Girişdə gözləyən şəhər sakinlərinin özbaşına cəza verməsinin qarşısını almaq üçün sağ qalmış fərariyə milis forması geyindirdilər, guya yaralı əməliyyatçı kimi maşına mindirib apardılar. Dindirilmələr zamanı Surovtsev heç nəyi gizlətmədi — cinayətin bütün detallarını və motivlərini istintaqa danışdı.

Yeri gəlmişkən, Kursk hadisəsi barədə məlumatı məxfi saxlamaq istəyirdilər, lakin insident “Amerikanın Səsi” radiostansiyasının əməkdaşlarına məlum oldu. Bununla belə, qısa xəbərdə faciənin əsl səbəblərindən bəhs edilmədi — terrorçular Çexoslovakiyaya sovet qoşunlarının yeridilməsinə etiraz edən dissidentlər kimi təqdim olundular.

Cinayətin qurbanı 13 nəfər oldu, daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. Yevdokiya Qanyukovanın ailəsi şəhərin Nikitski qəbiristanlığında dəfn edildi. İş üzrə istintaq təxminən bir ay çəkdi, məhkəmə iclasları Oryol şəhərində keçirildi.

1968-ci ilin noyabr ayının əvvəlində Moskva Hərbi Tribunalının səyyar iclası Yuri Surovtsev üçün cəzanı müəyyənləşdirdi — o, apellyasiya hüququ olmadan ən yüksək cəzaya — güllələnməyə məhkum edildi. Bundan əlavə, məhkəmə ona sağ qalmış Tamara Səttarovaya kompensasiya olaraq 552 rubl ödəməyi də öhdəsinə qoydu.

Məhkum son ana qədər ölüm hökmünün ləğvinə ümid bəsləyirdi və Şaxtı şəhərinin həbsxanasında saxlanılarkən daim dua edirdi. Lakin gecikmiş peşmançılıq onu xilas etmədi — Surovtsev 1970-ci ilin mayında güllələndi.  

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada