Qafqazın bəlalı tarixi: rus işğalı necə başladı?
İran, Türkiyə və Rusiya arasında qalan Gürcüstanın “könüllü” ilhaqı
02 Oktyabr 2025
XVIII əsrin sonlarında Qərbi Gürcüstan (Meqreliya və İmeretiya) Osmanlı imperiyasından, Şərqi Gürcüstan isə (Kartli və Kaxeti) İrandan asılı idi. Kartli-Kaxeti çarı II İrakli XVIII əsrin 80-ci illərində, II Yekaterinanın qələbələri dövründə İran şahlarının vassallığından çıxaraq, Rusiyanın hakimiyyəti altına keçməyə qərar verdi.
1783-cü ildə tərəflər arasında Georgiyevsk müqaviləsi imzalandı, Vladiqafqaz şəhəri salındı və oradan Tiflisə (Tbilisiyə) gedən Hərbi-Gürcüstan yolunun inşasına başlandı; Tiflisə iki tabor rus qoşunu göndərildi. İranın isə razılığı alınmadı, sərhəd əvvəlki kimi qaldı: Gürcüstanın şimalında Böyük Qafqaz silsiləsi boyunca və Terek çayı ilə. Ancaq Gürcüstanla və onun vassal xanlıqları ilə bağlı problemlərə baş vurmaq imperiyanı yorurdu. Üstəlik, Tiflis xarici siyasəti, müqavilənin tələb etdiyi kimi Rusiyanın idarəsinə vermədi. İmperatriçə II İrakliyə yazdığı məktubda Gürcüstanın öz təhlükəsizliyini “rus qoşunlarının ölkədə olması ucbatından pozulmuş əvvəlki ittifaqlarını bərpa etməklə” təmin etməsini təklif etdi. 1788-ci ildə qoşunlar çıxarıldı.
Türkiyədən asılı Qərbi Gürcüstanın normal həyatı 1792-ci ildə Yassı müqaviləsi ilə təmin olundu; Osmanlı imperiyası gürcü torpaqlarına qarşı hər hansı düşmənçilik hərəkəti etməyəcəyinə söz verdi.

1794-cü ildə Ağa Məhəmməd xan Qacar Şərqi Gürcüstanın yenidən İranın tabeliyinə qayıtmasını israrla tələb etdi. Cavab ala bilməyən xan 35 minlik qoşunla Tiflisə yürüş etdi. II İraklinin rəhbərlik etdiyi 5 minlik gürcü ordusu Kartli və İmeretiya sakinlərindən ibarət idi, digər knyazlar isə iranlılara qarşı savaşdan yayındılar. Gürcü qoşunu 1795-ci ilin 8–11 sentyabrında Tiflisin yaxınlığındakı Krtsanisi çölündə məğlub edildi. Bu, elə o vaxt baş verdi ki, Peterburqda imperatriçə Yekaterina II İraklinin kömək istəyi ilə bağlı müraciətinə cavab vermiş və rus qoşunlarının Gürcüstana qaytarılmasını əmr etmişdi. İrakli məğlub oldu, şəhər iranlılar tərəfindən qarət edildi, dağıdıldı, on minlərlə adam öldürüldü və ya əsir aparıldı. Çarın özü Telaviyə çəkilərək xilas oldu. Ağa Məhəmməd xan ona islamı qəbul edib bütün Cənubi Qafqazı idarə etməyi təklif etsə də, İrakli bunu qəbul etmədi.
1796-cı ildə Yekaterina İran şahını cəzalandırmaq üçün Valerian Zubovun komandanlığı altında ordu göndərdi. Tezliklə Dərbənd, Bakı və Quba tutuldu. 1796-cı ilin noyabrında ordu artıq Arazla Kürün qovuşduğu yerdə idi, amma həmin vaxt imperatriçə vəfat etdi və Ağa Məhəmməd xanı ram etmək planı ləğv oldu. Taxta çıxan I Pavel ordunu geri çağırdı. Tiflisdə general Rimski-Korsakovun kiçik dəstəsi saxlanıldı, lakin o da 1797-ci ildə çıxarıldı. Gürcüstanı Qacarların yeni basqınından şahın öz xidmətçiləri tərəfindən öldürülməsi xilas etdi.
Gürcüstanın taleyini II İraklinin ölümündən (11/22 yanvar 1798-ci il) sonrakı hakimiyyət uğrunda mübarizə müəyyən edəcəkdi. Onun ikinci arvadı Anna Abaşidzenin yeganə övladı, böyük oğlu Georgi taxta çıxdı və Rusiyanın dəstəyinə arxalandı.

Amma İraklinin üçüncü arvadı da vardı - Darecan və o, öz oğlu Yulonu taxta çıxarmaq istəyirdi; onu zadəganların və aristokratiyanın böyük hissəsi dəstəkləyirdi. Üstəlik, Georgi ağır xəstə idi. Yulon və kiçik qardaşları Georginin oğlu Davidi qanuni varis kimi tanımaqdan imtina etdilər. XII Georgi 1800-cü ilin dekabrında öldü, Yulon isə əsas qalaları tutaraq, özünü monarx elan etdi, halbuki qanuni varis XII David idi.
1799-cu ilin sentyabrında XII Georgi Peterburqdakı elçisi Qarsevan Çavçavadzeyə belə göstəriş vermişdi: “Onlara bütün çarlığımı və mülkümü səmimi və dürüst qurban kimi təqdim edin və onu yalnız Ali Rus imperator taxtının qayğısına yox, həm də tamamilə onların hakimiyyətinə və himayəsinə verin ki, bu vaxtdan etibarən gürcülərin çarlığı Rus dövlətinə məxsus hesab edilsin və Rusiyanın digər vilayətləri hansı hüquqlardan istifadə edirsə, onlar da həmin hüquqlardan istifadə etsinlər”. Çar Gürcüstanı Rusiyaya vermək qərarına gəldi, amma eyni zamanda, hüquqları məhdudlaşdırılmış Baqrationi nəslini hakim sülalə kimi saxlamaq istəyirdi: o, övladlarının və qohumlarının daxili iğtişaşlarda məhv olmasından qorxurdu. Rusiya Gürcüstanda yalnız xarici deyil, həm də daxili sülhü təmin etməli idi, sonuncu ilə bağlı vəziyyət isə bərbad idi. Çar Georginin atabir kiçik qardaşı, şahzadə Aleksandr (Darecandan) 1799-cu ildə Tiflisdən qaçaraq, Dağıstanda Ömər xana sığındı. İran şahı Fətəli şah Qacar Aleksandrı Gürcüstan valisi kimi tanıdı və gürcü taxtı uğrunda mübarizədə hərbi yardım vəd etdi.
Gürcüstan elçiləri 1800-cü ilin iyununda təbəəlik haqda sənədin layihəsini Xarici İşlər Kollegiyasına təqdim etdilər. Birinci bənddə deyilirdi ki, XII Georgi “övladları, ruhanilər, əyanlar və ona tabe olan bütün xalq ilə birlikdə birdəfəlik Rus imperiyasının təbəəliyini qəbul etməyi ürəkdən arzulayır və rusların yerinə yetirdikləri vəzifələri dəyişməz şəkildə yerinə yetirməyə söz verir”. Çar Kartli və Kaxetinin imperiya tərkibinə muxtariyyət əsasında daxil olmasını təklif edirdi – bir şərtlə ki, titul və taxt XII Georginin özündə və varislərində qalsın.
1800-cü ilin sentyabrında Tiflisə rus alayı gəldi. Həmin ilin 7 (18) noyabrında general İvan Lazarevin rəhbərliyi altında iki rus alayı və gürcü dəstələri Kaqabeti kəndi yaxınlığında Dağıstanlı Ömər xanın və şahzadə Aleksandrın qoşunlarını darmadağın etdilər. Ömər xan yaralandı və dağlara çəkildi, Aleksandr isə Dağıstana qayıtdı. Fətəli şah Qacar Gürcüstana hücumu ləğv etdi.
1801-ci il 18 (30) yanvarında Peterburqda I Pavelin Kartli-Kaxetinin Rusiyaya birləşdirilməsi haqqında manifesti elan edildi. “Biz bu İmperator sözümüzlə bildiririk ki, Gürcüstan Çarlığı əbədi olaraq dövlətimizin tərkibinə daxil edildikdən sonra hər kəsin qanuni haqqı olan bütün hüquq və mülkiyyət toxunulmaz qalacaq, adı çəkilən vilayətlərin sakinləri isə əcdadlarımızın və bizim mərhəmətimiz altında Rusiyanın qədim təbəələrinin malik olduğu bütün hüquq və azadlıqlardan, fayda və üstünlüklərdən istifadə edəcəklər”. Manifest 1801-ci il 16 (28) fevralında Mtsxetanın Sion kilsəsində rus və gürcü dillərində oxundu. 1801-ci ilin aprelində II İraklinin oğlu Yulon kiçik qardaşı Farnavazla birlikdə Tiflisdən Qərbi Gürcüstana, taxt mübarizəsində onu dəstəkləyən İmeretiya çarı II Solomonun yanına getdi. Daxili çəkişmə güclənirdi: formal olaraq XII David taxtda idi, amma iki əmisi ona qarşı çıxırdı – Yulon İmeretidən Türkiyənin, Aleksandr isə Dağıstandan İranın himayəsi altında.
“Nə gücün artırılması, nə tamah üçün”

I Pavelin 1801-ci ilin martında qətlindən sonra Rusiya taxtına çıxan imperator I Aleksandr atasının iki ay əvvəl elan etdiyi manifesti təsdiqləyib-təsdiqləməmək barədə qərar verməli idi. Onun gənc dostları Daimi Şurada keçirilən iclasda Şərqi Gürcüstanın ilhaqına qarşı çıxırdılar, yaşlı və təcrübəli dövlət xadimləri isə imperiyanın şərəfi, ləyaqəti və zəngin mis mədənləri naminə bu addımı dəstəkləyirdilər. Çarın qarşısında seçim belə idi: Gürcüstanı xaos içində, amma tam müstəqil buraxmaq, ya da onu himayəyə götürərək imperiyaya birləşdirmək.
Aleksandr Vorontsov və qraf Viktor Koçubey tərəfindən hazırlanmış hesabat 1801-ci ilin yayında imperatora təqdim olundu. Sənəddəki qənaətlər neqativ idi: Rusiyanın daxili işləri ilə məşğul olmaq lazımdır, Xəzər sahillərinin fəthi planı artıq aktual deyil, Gürcüstan məsələsi isə həmin planın tərkib hissəsi idi. Gürcülərin yekdil şəkildə Rusiyaya birləşmək istəyi şübhəlidir, üstəlik, Gürcüstan mədənlərini onsuz da birgə işlətməyi təklif edir. Aleksandr gürcülərin əhval-ruhiyyəsini öyrənmək üçün general qraf Karl Henrix fon Knorrinqi Gürcüstana göndərdi. O, Gürcüstanda üç həftə qaldı və avqust ayında hazırladığı məruzədə öz qənaətlərini göstərdi: Rusiyanın dəstəyi olmadan Gürcüstan duruş gətirməz, gürcülər kütləvi şəkildə rus təbəəliyini qəbul etmək istəyir.
Şura iclasında iki baxış toqquşdu. Knorrinq və imperiyanın genişlənməsini istəyənlər Gürcüstanı Türkiyə və ya İranın əlinə keçməsindən qorumağın, həm də dağlıların basqınlarından müdafiə etməyin vacib olduğunu deyirdilər. Müxaliflər – elə həmin Koçubey də daxil olmaqla – sərhədlərin dəyişməsi, hakim sülalənin kənarlaşdırılması ilə legitimlik prinsiplərinin pozulması riskini göstərir və Gürcüstanın Rusiyanın vassalı kimi qalmasını təklif edirdilər. Onlar azlıqda qaldılar. İlhaqı fəal dəstəkləyənlərdən biri də qraf Valerian Zubov idi.
“Qeyri-rəsmi komitə”də – çarın dostlarının toplantısında – Koçubey və Vorontsov gürcü şahzadələrindən birini taxta çıxarmağı, qalanlarını Rusiyaya göndərməyi, çarın yanında rus naziri təyin edib faktiki olaraq Gürcüstanın qəyyum vitse-kralını yaratmağı təklif etdilər. Komitə ölkənin ilhaqına qarşı idi. Amma I Aleksandr imperiya tərəfdarlarının yolunu seçdi, görünür, xristian xalqın Rusiya təbəəliyi yolu ilə qorunmasını vassallıqdan daha səmərəli hesab edirdi. Peterburqdakı gürcü elçilərinin fikirlərinə isə ciddi önəm verilmirdi, onları müşavirələrə çağırmır, “könüllü” birləşmə prosedurunu müzakirə etmirdilər, onları sadəcə Baqrationi sülaləsinin maraqlarının lobbiçiləri sayırdılar. Görünür, yaxınlaşan tacqoyma mərasimi də Şərqi Gürcüstanın birləşdirilməsi lehinə amil oldu: Gürcüstan barədə qərar bu mühüm mərasimin bəzəklərindən biri olacaqdı.
1801-ci il 12 (24) sentyabrda, Moskvada tacqoyma günlərində I Aleksandr Kartli-Kaxeti çarlığını Rusiya imperiyasının Gürcüstan quberniyası elan etdi. “Gürcü xalqına” müraciət edən imperator manifestini Platon Zubov – Aleksandrın nənəsi II Yekaterinanın sonuncu sevimlisi – hazırlamışdı ki, bu da siyasətdə varisliyi simvolizə edirdi. İlhaqın səbəbi manifestdə gözəl ifadə olunurdu: “…biz Gürcüstan çarlığını idarə etmək yükünü nə gücün artırılması, nə mənfəət, nə də onsuz da dünyada ən geniş sərhədlərə malik olan imperiyanın ərazilərinin genişlənməsi üçün üzərimizə götürürük. Vahid şərəf, vahid ləyaqət və insanlıq əzab çəkənlərin duasını eşidib onların dərdlərini uzaqlaşdırmaq, Gürcüstanda elə ədaləti, şəxsi və əmlak təhlükəsizliyini təsdiq edəcək, hər kəsə qanun mühafizəsini verəcək birbaşa idarəetmə yaratmağı bizə müqəddəs borc kimi tanıyır”.
Həmin ilin sentyabrında “Gürcüstanda daxili idarəetmə haqqında Qərar” da elan olundu. Burada əsas vəzifə Cənubi Qafqazdakı digər siyasi vahidlərin də ilhaqı, Kartli-Kaxetinin təbii sərvətlərinin mənimsənilməsi, vergilərin toplanması, asayişin təmin olunması idi. Gürcü çarlarının idarəsi Ali Gürcüstan Hökumətinin idarəsi ilə əvəzləndi, Gürcüstanın ilk baş komandanı general-leytenant Karl fon Knorrinq təyin edildi.
O, şahzadə XII Davidi taxtdan endirdi. Hakimiyyət general İvan Lazarevin başçılıq etdiyi Gürcüstan hökumətinə verildi. 1802-ci ilin aprelində imperator manifesti Tiflis Sion kilsəsində oxundu və burada təbəəlik andı qəbul edildi. Andı şahzadələr, katolikos (Gürcü kilsəsinin başçısı) və Kartli-Kaxetinin bütün təbəqələri verməli oldular. Onlar təzyiq altında imperatora sadiqlik andı içdilər. Belə ki, Knorrinq məbədin ətrafını hər ehtimala qarşı qoşunla əhatəyə almış, iştirakçılardan zorla and tələb etmişdi. Bu, bir çoxlarının narazılığına və mərasimdən getmələrinə səbəb oldu. And içməkdən imtina edənlər isə general tərəfindən həbs edildi.
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada