Ölkəni lərzəyə salan adamyeyənin hekayəti: “Dəmir diş” hələ də sağdır...
O, öldürdüyü qadınları parçalayıb qanını içir, ətindən kotlet bişirirdi
08 May 2026
Çingiz xanın nəslindən
Nikolay Cumagəliyev 15 noyabr (başqa məlumata görə, 1 yanvar) 1952-ci ildə Qazaxıstan SSR-in Uzunağaç qəsəbəsində anadan olub; anası belarus əsilli, atası isə qazax idi. Onunla birlikdə üç bacısı böyüyürdü, ailə isə böyük var-dövlətlə seçilmirdi. Lakin rəvayətə görə, ailə başçısı Çingiz xanın nəslindən idi — balaca Nikolay da bununla çox fəxr edirdi.
O, adi uşaq kimi böyüyürdü: xüsusi nailiyyətləri yox idi, məktəbdə əsasən “üç”lə “dörd” arasında oxuyurdu. Xüsusi aqressivliyi ilə seçilməsə də, qızlara yuxarıdan aşağı baxır, onları “ikinci dərəcəli insanlar” hesab edirdi. Buna baxmayaraq, qeyri-adi görünüşünə görə qızlar onun ətrafında dolanırdı. Cumagəliyev ilk cinsi təcrübəsini 18 yaşında yaşamış və tezliklə sevgililərinin sayını itirmişdi. Lakin nizamsız cinsi əlaqələr problemlər də gətirdi: o, sifilis və trixomoniaza yoluxdu və nəticədə cinsi əlaqəyə qarşı ikrah hissi formalaşdı.
1970-ci ildə Alma-Atada dəmiryolu texnikumunu bitirəndən sonra o, təyinatla Quryev şəhərində işlədi, sonra da orduya getdi. Xidməti Səmərqənddə kimyəvi müdafiə qoşunlarında keçdi. Tərxis olunandan sonra vətəninə qayıdıb, üç ay elektrik kimi işlədi, sonra isə peşəsini dəyişmək qərarına gəldi — sürücü olmaq və Kazan Universitetinin geoloji-kəşfiyyat fakültəsinə daxil olmaq istədi. Lakin planları baş tutmayıb: qəbul imtahanlarından kəsildi, sürücülük də öyrənə bilmədi.
Bundan sonra səyahət etməyə qərar verərək, Şimala yollandı. Nəticədə ölkəni başdan-başa dolaşdı — Murmanskdan Maqadana qədər — və müxtəlif işlərdə çalışdı. Elə bu dövrdə o, bir qızla tanış oldu və ona ciddi hisslər bəslədi. Lakin qarşılıq görmədi və bu, qadın diqqətinə alışmış Nikolay üçün ağır zərbə oldu: qadınlara qarşı nifrəti daha da artdı.
Onun köçəri həyatı 1977-ci ildə Uzunağaça qayıdışı ilə başa çatdı. Növbəti dəfə peşəsini dəyişmək qərarına gələn 25 yaşlı Nikolay yerli yanğınsöndürmə hissəsində işə düzəldi. İki il sakit həyat sürdü: işlədi, qadınlarla münasibətlərini davam etdirdi, sonra da qərara gəldi ki, adam öldürməlidir.
Qanlı “məhsul yığımı”
1979-cu ilin yanvar günlərindən birində Uzunağaç–Maybulak yolunda Cumagəliyev tək gedən bir qızı — o, Yeddinci Gün Adventistləri kilsəsinin üzvü idi — pusquya saldı. Onu sinəsindən bıçaqladı və kolluğa sürüdü. Onu yerə yıxdıqdan sonra boğazını kəsib, qanını içməyə başladı.
Bu əmələ onu okkultizmə marağı sövq etdi: oxuduğu kitablardan birində boğazdakı kəsikdən ruhun bədəni necə tərk etdiyini görməyin mümkün olduğu yazılmışdı. Bundan əlavə, qurbanın qanını içməklə guya öncəgörmə qabiliyyəti əldə etmək olar. Lakin qızı öldürdükdən sonra o, nə ruhu gördü, nə də hansısa fövqəltəbii qabiliyyət qazandı — sadəcə qatilə çevrildi.
Həyat əlamətləri qızı tərk etdikdə Cumagəliyev cəsədi doğramağa başladı, sonradan ətini yemək niyyətində idi. İlk qurbanının əti ilə təxminən bir ay qidalandı: qaynadır, qızardır, duzlayır, kotlet və düşbərə hazırlayırdı. Həmçinin qalıqları bütpərəst ayinlər üçün istifadə edirdi. Qurbanın qalan az hissəsini təsadüfi insanlar yanvarın 25-də Fabrik qəsəbəsi yaxınlığındakı zibilxanada tapdılar.
Cəsəd o qədər eybəcər hala salınmışdı ki, əməliyyatçılar onun kişi, yoxsa qadın olduğunu dərhal müəyyən edə bilmədilər. İstintaqçılar fəal işləsələr də — şübhə qızın nişanlısına və dindaşlarına düşürdü — qatili isti izlərlə tapmaq mümkün olmadı.
Həmin ilin aprelində hüquq-mühafizə orqanlarını yeni dəhşətli tapıntı gözləyirdi: kilsədən evə gedərkən itkin düşən yaşlı qadının qalıqları tapıldı. O, manyakın ikinci qurbanı oldu. Milis yenə də Cumagəliyevi tapa bilmədi.
Cəzasızlıq hissindən ruhlanan Cumagəliyev daha dəhşətli cinayət törətdi: yaşayış evinə girərək, orada yatan yaşlı ana ilə qızının boğazını kəsdi, onları parçaladı və gecə vaxtı qalıqları çantalara yığıb, evdən çıxardı. Möcüzə nəticəsində yalnız balaca qız sağ qaldı: o, öldürülənlərdən birinin nəvəsi, digərinin qızı idi. Şkafda gizlənərək xilas olmuşdu və Cumagəliyev onu görməmişdi. Qız şok vəziyyətində olsa da gördüklərini əməliyyatçılara danışdı, lakin qatili təsvir edə bilmədi.
Psixiatriya xəstəxanasına “bilet”
İkiqat qətldən heç bir həftə keçməmiş Nikolay Cumagəliyev növbəti cinayətə əl atdı — bu dəfə qisas məqsədilə. Onun sevgililərindən biri bildirir ki, rəfiqəsindən şikayət edib: guya şəxsi əşyalarını oğurlayıb. Cumagəliyev qızdan həmin “günahkarı” evinə gətirməyi tələb edir və o da bunu edir. Qonaqla uzun-uzadı danışmır: qız onunla cinsi əlaqəyə razı olur, lakin bu zaman manyak onu boğur, boğazını kəsir və qanını içməyə başlayır. Sonra cəsədi parçalayır, qalıqları çəlləyə yığıb, duzlayır.

Yenə də milis qatili tapa bilmir. Lakin iki ay sonra Cumagəliyev başqa səbəbdən həbs olunur. 1979-cu ilin avqustunda içki məclisi zamanı o, yanğınsöndürən həmkarını güllələyir. Bir versiyaya görə, mübahisə düşüb; digərinə görə isə o, sadəcə tüfənglə öyünmək istəyərkən təsadüfən atəş açıb.
İstintaq zamanı ona psixiatrik ekspertiza təyin olunur və məlum olur ki, o, şizofreniyadan əziyyət çəkir. Beləliklə, həbsdən yayınaraq məcburi müalicə üçün psixiatriya xəstəxanasına göndərilir. Rəsmi olaraq 4,5 il nəzərdə tutulsa da, cəmi bir il sonra həkimlər onu “demək olar sağlam” sayaraq, azad edirlər.
Nikolay azadlığa çıxan kimi yenidən cinayətlərə başlayır — daha üç qadını öldürür. Qurbanlardan biri gənc ana idi. Körpənin yanında yatması manyakı dayandırmır: qadına 18 bıçaq zərbəsi vurur və o, yerindəcə ölür. Qadının qayınanası onu saxlamağa çalışarkən onu yaralayıb qaçır.
Doqquzuncu qurbanı isə az qala sonuncu ola bilərdi. 1980-ci ilin dekabr günlərindən birində Cumagəliyevin evində səs-küylü məclis qurulmuşdu. Bir anda ev sahibi və bir qızın yoxa çıxdığını görən qonaqlar zarafatla yataq otağına girirlər. Gördükləri mənzərə hamını dəhşətə salır: yerdə qan içində qızın cəsədi, üstündə isə çılpaq Cumagəliyev. O, qurbanın başını kəsmiş və qanını qaba toplayırdı. Qonaqlar vahimə ilə milisə qaçır, manyak isə sakitcə cəsədi parçalamağa davam edir.
Başqa versiyaya görə isə o, qızın başını özü qonaqlara göstərib — bu qızla o, bir qədər əvvəl Almatıdakı məşhur Medeo meydançasında tanış olmuşdu.
Milis gələndə Cumagəliyev onları evin qapısında çılpaq və qan içində qarşılayır, yaranan çaşqınlıqdan istifadə edib, qaçır. Sonradan evdə axtarış zamanı onun qurbanların ətini duzladığı çəllək tapılır.
“Mən insanlarla heyvanlara ediləni edirdim”
Cumagəliyev uzun müddət gizlənə bilmir — bir neçə gün sonra tanışının evində tapılır. Qadın onu zirzəmidə gizlətsə də, əməliyyatçılar döşəmədəki yeni mismarları görərək şübhələnir və döşəməni qaldıranda manyakı aşkar edirlər. “Dəmir diş” (metal taclarına görə) və “Şeytan” ləqəbləri almış Cumagəliyev günahını danmır və dərhal doqquz qətldən yeddisini etiraf edir.
Dindirmə zamanı o, motivlərini də izah edir: “Mən heyvanların tərəfinə keçmişdim və insanlara onların heyvanlara etdiyini edirdim”, — deyirdi. Onun sözlərinə görə, qadınları “tam şəkildə tanımaq”, o cümlədən qalıqlarını yemək üçün öldürürdü. Həmçinin “əxlaqsız həyat tərzinə” və qadınların kişilərlə bərabər olmasına görə qisas aldığını bildirirdi.
Məlum olur ki, o, cinayətləri mistik inanclara uyğun olaraq “xüsusi günlərdə” — məsələn, nənəsinin ölüm ildönümündə və ya babasının yüzilliyində törədirdi. Beləliklə, qətllər bir növ qurbanvermə ayinlərinə çevrilirdi. Həkimlərə danışdığına görə, yuxularında çay axınında və ya hava axınlarında qadın bədən hissələrinin — qolların, ayaqların, başların — sürükləndiyini görürdü.

Serbski adına Psixiatriya İnstitutunda aparılan təkrar ekspertiza onun şizofreniya diaqnozunu təsdiqlədi. Buna görə də yenidən həbsə deyil, psixiatriya klinikasına göndərildi.
Xüsusi təhlükəli kontingent üçün nəzərdə tutulmuş ixtisaslaşmış müalicə müəssisəsində Nikolay Cumagəliyev düz səkkiz il qaldı. Bəzi məlumatlara görə, “Dəmir diş” bu müddətdə iki dəfə intihara cəhd edib. Lakin ümumilikdə o, personal ilə çox nəzakətli davranır, kobudluq etmir və həkimlərin bütün göstərişlərinə əməl edirdi. Buna görə də 1989-cu ildə həkimlər onun artıq cəmiyyət üçün təhlükəli olmadığına qərar verərək, adi psixiatriya xəstəxanasına köçürülməsini məqsədəuyğun saydılar. Avqustun 29-da onu yeni yerə apararkən cəmi bir sanitar və bir tibb bacısı müşayiət edirdi. Cumagəliyev bu fürsətdən istifadə edərək, Manas hava limanından qaçdı.
Manyakın yolu Alatau dağlarına düşdü — o, orada gizlənmək istəyirdi. Lakin milis onun planını tez anladı: axtarışlara deltaplançılar cəlb olundu, əməliyyatçılar dağ yamaclarını ələk-vələk etdilər, bir müddət sonra isə hərbçilər də əməliyyata qoşuldu. Əvvəlcə yerli hərbi hissənin komandiri əsgərləri axtarışa göndərmək istəmirdi, lakin cinayət axtarış idarəsinin rəhbərliyi ona zabitlərinin ailələrinin də təhlükə altında olduğunu xatırladanda, elə həmin gün əsgərlər dağlara göndərildi.
Bu vaxt Cumagəliyev təqibçiləri çaşdırmaq üçün hiylə işlətdi: tanışlarından birindən xahiş etdi ki, Moskvaya gedib oradan Bişkekə onun yazdığı məktubu göndərsin. Məktubda guya paytaxtda olduğunu və orada adam öldürəcəyini yazmışdı. Plan işə yaradı: markasız məktub poçt əməkdaşlarının diqqətini çəkdi və onlar onu milisə ötürdülər. Hüquq-mühafizə orqanları manyakın həqiqətən Moskvada olduğunu güman edərək, dağlardakı axtarışları dayandırdılar və diqqəti paytaxta yönəltdilər.
Ömürlük cəza xahişi ilə
Bu arada “Dəmir diş” Alatau dağlarında dolaşırdı: daxmalarda və mağaralarda yaşayır, ov edirdi. Müalicəvi otlar və mumiya toplayır, onları yerli sakinlərlə ərzaq və kibritə dəyişirdi. Bəzən yaxın şəhərlərə də baş çəkirdi və bəzi məlumatlara görə, yeni cinayətlər törədirdi. Məsələn, 2014-cü ildə onu, 1990-cı ildə Aktyubinskdə (indi: Aktuba) bir tələbə qızın qətlində ittiham etdilər. Guya qızın evinin yanından keçərkən görüb və sonra pəncərədən içəri girib.

O, qurbanın boğazını kəsib, qanını içib və başını ayırıb. Evdən çıxarkən qonşu onu görüb: gənc oğlan onun ağzının qana bulaşdığını görüb səbəbini soruşmaq istəyəndə, Cumagəliyev qışqıraraq guya atəş açacağını deyib və qaçıb. Sonradan o, istintaqa deyirdi ki, məhz Alatau dağlarında keçirdiyi dövr onu bütün xəstəliklərdən, o cümlədən ruhi problemlərdən “sağaldıb” — buna yemişan, dağ otları və alma kömək edib.
Lakin məhrumiyyətlərlə dolu həyat sonda onu bezdirdi və o, yeni plan qurdu. 1991-ci ilin aprelində Fərqanə yaxınlığında bir sürüdən qoyun oğurladı — bunu qəsdən yöndəmsiz etdi ki, tez tutulub milisin əlinə düşsün. Bölməyə gətiriləndə isə özünü guya Çindən qaçmış çinli kimi qələmə verdi. Planı belə idi ki, qısa müddət cəza çəkib yeni ad və sənədlərlə azadlığa çıxsın. Lakin milis onun sərhədi necə keçdiyini izah edə bilməməsindən şübhələndi.
Az sonra isə həmin şöbəyə “Dəmir diş”i axtaran müstəntiq gəldi və Cumagəliyev ifşa edildi — yenidən müalicəyə göndərildi. O, bu gün də Almatı vilayətinin Aktas qəsəbəsindəki ixtisaslaşmış psixiatriya xəstəxanasında saxlanılır. Hətta bir vaxtlar özü üçün ölüm hökmü istəyi ilə müraciət etsə də, xahişi rədd olunub.

Xəstəxanada o, şahmata və texnika təmirinə maraq göstərir, qaydalara uyğun davranır və personala kömək edir. Bəzi həkimlər onun artıq təhlükəli olmadığını və nəzarət altında azadlığa buraxıla biləcəyini düşünür. Lakin onun dəhşətli cinayətlərini yaxşı bilənlər buna qarşı çıxırlar. Baş Cinayət Axtarış İdarəsinin mütəxəssisi Yevgeni Samoviçev isə onunla bağlı belə deyib: “Bu, insan görkəmində təcəssüm etmiş vəhşi heyvandır. Bazis strukturu — erkəyin hökmranlığıdır, təbiətin qanunu. O, heç vaxt insan həyatını anlamayacaq və qəbul etməyəcək”.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada