Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Kapitalizmin yuvasında sosializm qurmaq istəyən reper
“Demokrat sosialist” Zohran Mamdani kimdir və necə qalib gəlib?

34 yaşlı demokrat deputat Zohran Mamdani özünü demokratik sosialist adlandırıb və 4 noyabr seçkilərində qələbə qazanaraq Nyu-Yorkun rəhbərliyinə gələn ilk müsəlman olub. Parçalanmış Amerika cəmiyyətində onun haqqındakı fikir qütbləşməsi, demək olar ki, prezident Tramp ətrafındakı qədər dərin bölünmə yaradıb. Mamdaninin tərəfdarları hesab edirlər ki, onun qələbəsi Demokrat Partiyasına yeni nəfəs gətirə bilər, əleyhdarları isə onu populizmdə ittiham edir, “antisemit” və “kommunist” adlandırırlar. Onun seçki vədləri arasında — minimum əməkhaqqının artırılması, çoxmənzilli binalarda kirayə qiymətlərinin artımının dondurulması, 20 min sosial mənzil inşası, avtobuslarda gedişhaqqının pulsuz edilməsi, pulsuz məktəbəqədər təhsil proqramının genişləndirilməsi və beş bələdiyyə ərzaq mağazasından ibarət pilot şəbəkənin işə salınması yer alır. 

“Səsi artırın!” — ABŞ-ın ən böyük şəhərinin yeni meri zəfər nitqində Donald Trampa müraciət edərək deyib. Mamdani tam əmin idi ki, prezident onu birbaşa efirdə dinləyir. 

Zohran Mamdani ABŞ üçün çox qeyri-adi siyasətçidir, hətta kifayət qədər liberal Nyu-York standartları baxımından. Cəmi bir neçə il öncə “Böyük alma”nın (yəni Nyu-Yorkun) özünün sosialist baxışlarını gizlətməyən gənc immiqrant və müsəlman tərəfindən, həm də İsraili kəskin tənqid edən  biri tərəfindən - şəhərdə ABŞ-ın ən iri yəhudi icması yaşayır - idarə ediləcəyini təsəvvür etmək belə çətin idi. 

Uqandalı reper-sosialist

Mamdaninin atası antropologiya professoru, anası isə tanınmış rejissordur. Diktator İdi Amin Uqandadakı hindlilərin təqibinə başlayanda Mamdani ailəsi oradan qaçıb. Amin rejimi devrildikdən sonra Uqandaya qayıdıb və gələcək Nyu-York meri də orada doğulub. 

1990-cı illərin sonunda Mamdani valideynləri ilə birlikdə ABŞ-a köçüb, vətəndaşlığı isə yalnız 2018-ci ildə alıb. Valideynlərinin statusu sayəsində o, elit özəl məktəbdə və prestijli Boudin Kollecinin afrikaşünaslıq şöbəsində təhsil almaq imkanı qazanıb. 

Amma akademik karyera onu çox da cəlb etməyib — o, daha çox musiqiyə vaxt ayırır, Mr. Cardamom təxəllüsü ilə reper kimi çıxış edirdi. 

Elə həmin illərdə o, ilk dəfə siyasi fəallığa qoşulub, Fələstin yönümlü müxtəlif aksiyalarda iştirak edib. 2015-ci ildə Mamdani Nyu-Yorkda sol yönümlü namizədlərə kömək edən könüllü kimi fəaliyyətə başlayıb, 2018-ci ildə isə publisist Ross Barkanın ştat senatına seçki kampaniyasına rəhbərlik edib. Barkanın 15% fərqlə məğlubiyyəti Mamdanini ruhdan salmayıb, əksinə, onu siyasətə daha dərindən dalmağa sövq edib. 

İki ildən sonra özü Nyu-York ştatının Assambleyasına namizəd oldu və “Amerika Demokratik Sosialistləri” hərəkatının dəstəyi ilə gözlənilmədən qalib gəldi. Sonrakı seçkilərdə də iki dəfə yenidən seçilərək hər dəfə səs faizini artırdı. Qanunverici orqanda sosialist deputatlardan ibarət mini-fraksiyaya daxil oldu. Mamdani varlılara qarşı vergilərin artırılması və Fələstin ərazilərindəki qanunsuz İsrail yaşayış məntəqələrinə qarşı maliyyə boykotu ilə bağlı qanun layihələri irəli sürmüşdü. 

Bu dövrdə onun siyasi karyerasının ən parlaq hadisəsi, Nyu-York taksi sürücülərini dəstəkləmək üçün şəhər meriyası qarşısında keçirdiyi 15 günlük aclıq aksiyası oldu. Bir çox sürücü taksi sürmək hüququ üçün lisenziya almaq məqsədilə kredit götürmüş, lakin faizləri ödəyə bilmirdilər. Aclıq aksiyasından sonra Nyu-York administrasiyası onların xeyrinə qərar qəbul etdi və kredit faizlərini aşağı saldı. 

Autsayderdən liderliyə 

2024-cü ilin oktyabrında Mamdani Nyu-York meri postuna namizədliyini irəli sürdü və Demokrat Partiyasının praymerizində iştirak etdi. O, seçicilərə minimum əməkhaqqını artırmaq, mənzil kirayəsi qiymətinin artımını dondurmaq, 20 min sosial mənzil tikmək, avtobuslarda gedişi pulsuz etmək, pulsuz məktəbəqədər təhsil proqramını genişləndirmək və bələdiyyəyə məxsus beş ərzaq mağazasından ibarət pilot şəbəkəsi yaratmaq vədlərini verdi. 

2025-ci ilin yanvarında aparılan ilkin sorğularda onlarla demokrat namizəd arasında Mamdani cəmi 5% səs toplayırdı. Lakin o, parlaq və effektiv seçki kampaniyası sayəsində dəstəyini sürətlə artırdı. Kampaniyanın “vizit kartı” sosial şəbəkələrdə milyonlarla baxış toplayan qısa videoçarxlar idi. Məsələn, o, mənzil sahəsində öz proqramını izah edə-edə kostyumda dənizə girir, Nyu-Yorkda şaurma satmaq üçün obyekt açmaq niyə bu qədər çətindir sualına cavab verir, yaxud piyada bütün Manhetten adasını gəzir.

Mamdani öz çıxışlarında yaşayış xərclərinin artması məsələlərinə diqqət yetirirdi — ərzaq məhsullarından və ictimai nəqliyyatdan tutmuş, mənzil və uşaq bağçalarına qədər. Bu mövzu Nyu-York sakinlərinin çoxunda rezonans doğururdu, çünki qiymət artımını onlar şəhərin əsas problemi hesab edirlər.

Sosial şəbəkələrlə yanaşı, Mamdaninin “mesajlarını” seçicilərə çatdırmaqda ona onminlərlə könüllüdən ibarət, bu səviyyədə seçkilər üçün görünməmiş kampaniya komandası kömək edib. Onlar yüz minlərlə seçicinin evini gəzib, telefonla əlaqə saxlayıblar. Mamdaninin komandası həmçinin şəhərin müxtəlif etnik diasporları ilə fəal işləyirdi — ispan, benqal, urdu və hindi dillərində videolar çəkir, təbliğat vərəqələri paylayırdı.

Yay aylarının əvvəlində Mamdani sorğularda ikinci yerə çıxdı və Demokrat Partiyasının praymerizlərində favorit olan Nyu-York ştatının sabiq qubernatoru Endrü Kuomonu sürətlə yaxalamağa başladı. Kuomo 2021-ci ildə çoxsaylı cinsi təcavüz ittihamları səbəbindən istefa verdikdən sonra siyasətə qayıtmaq qərarına gəlib. O, qısa müddətdə bir çox siyasətçilərin (hətta dörd il əvvəl onun istefasını tələb edənlərin) və siyasi “ağırçəkililərin” — demokrat konqresmenlərdən tutmuş keçmiş prezident Bill Klintona qədər — dəstəyini qazandı. 

Kuomonun kampaniyasını milyarderlər Bill Akman və Maykl Blumberq (12 il Nyu-York meri olmuş) fəal maliyyələşdirirdilər. Mamdani isə xırda ianələrə arxalanırdı və ümumilikdə dörd dəfə az vəsait topladı. Onu solçu siyasətçilər — senator Berni Sanders və konqresmen Aleksandriya Okasio-Kortes kimi fiqurlar dəstəkləyirdi.

Kuomo azsaylı ictimai tədbirlər keçirir, mətbuatla nadir hallarda ünsiyyət qururdu — qubernatorluq dövrünün qalmaqalları ilə bağlı suallardan çəkinirdi. O, seçicilərə aydın, pozitiv proqram təqdim edə bilmədi, daha çox Mamdaninin özünü “radikal”, və “təcrübəsiz”, proqramını isə “reallıqdan uzaq” adlandıraraq tənqid edirdi. 

Bu arada Mamdani Nyu-Yorkun ən yüksək ranqlı yəhudi siyasətçisi sayılan Bred Lenderin dəstəyini qazanmışdı. Lender şəhərin baş auditoru vəzifəsini tuturdu və özü də merlik uğrunda yarışırdı. Praymerizdə seçicilər beş namizədi prioritet sırasına görə seçə bildikləri üçün, Mamdani və sorğularda üçüncü yerdə olan Lender bir-birinin xeyrinə təbliğat aparırdılar. 

Seçkilər ərəfəsində əksər sorğular Kuomonun rahat qələbəsini proqnozlaşdırırdı, lakin o, sarsıdıcı məğlubiyyətə uğradı: Mamdani birinci turda onu 7% fərqlə, preferensial səsvermə mərhələsində isə demək olar 13% fərqlə qabaqlayaraq Demokrat Partiyasının Nyu-York meri postuna rəsmi namizədi oldu.

  • Preferensial səsvermə - seçicinin bir neçə namizədə eyni zamanda, prioritet qaydasında səs verməsinə imkan yaradan sistemdir.  Səslərin hesablanması zamanı namizədlərdən heç biri 50 faiz səs almayıbsa, ən az səs toplayan namizədlər çıxdaş edilir, onların topladıqları səslər isə yenə də prioritet qaydasında digərlərinə əlavə olunur 

Praymerizdə məğlubiyyətdən sonra Endrü Kuomo seçkilərdə müstəqil namizəd kimi iştirak etmək qərarına gəldi. O, kampaniya zamanı özünü Mamdanini məğlub edə biləcək “yeganə real namizəd” kimi təqdim edirdi. Böyük biznes onu fəal dəstəkləyirdi — çünki Mamdaninin solçu proqramından qorxurdular — və hətta bir çox respublikaçılar da onun tərəfinə keçmişdi. 

Seçkilərə bir neçə gün qalmış Donald Tramp, onun yaxın müşaviri Stiven Miller, milyarder İlon Mask və bir sıra digər respublikaçı siyasətçilər Kuomonun namizədliyini açıq şəkildə dəstəklədilər. Tramp açıq-aşkar Mamdaniyə qarşı cəbhəni birləşdirməyə çalışırdı ki, Kuomo onun yeganə rəqibi kimi qalsın. 

Hazırkı Nyu-York meri Erik Adams, Demokrat Partiyasının praymerizlərində iştirakdan imtina edib müstəqil kimi seçkilərə qatılmışdı, lakin seçkilərə bir həftə qalmış yarışdan çəkildiyini və Kuomonu dəstəklədiyini bəyan etdi. Mətbuatda yazılırdı ki, bu qərarın səbəblərindən biri Ağ Evin təzyiqi olub: əvvəlcə Adams barəsindəki korrupsiya ittihamları dayandırılıb, daha sonra isə ona Səudiyyə Ərəbistanına səfir postu təklif edilib. 

Buna baxmayaraq, Respublikaçılar Partiyasının namizədi — “Guardian Angels” (Qoruyucu Mələklər) hərəkatının qurucusu Körtis Sliva yarışdan çəkilməkdən imtina etdi. O bildirmişdi ki, bundan imtina etməsi üçün ona bir neçə milyon dollar təklif olunub. 

Praymerizdə inandırıcı qələbədən sonra Mamdani öz dəstək bazasını genişləndirdi — onu Nyu-York ştatının qubernatoru Keti Hokul, baş prokuror Letişiya Ceyms və qanunverici yığıncağın liderləri kimi yerli siyasətçilər dəstəklədi. Lakin bir çox meynstrimçi demokratlar, praymeriz zamanı Mamdanini dəstəkləmədikləri kimi, sonradan da onun tərəfinə keçmədilər. 

Nümayəndələr Palatasındakı demokratların lideri, Nyu-Yorkun dairələrindın birindən seçilmiş Hakim Ceffris yalnız seçkilərə bir neçə gün qalmış Mamdaniyə açıq dəstək verib. Konqresin yuxarı palatasındakı demokrat fraksiyasının rəhbəri, Nyu-Yorkdan seçilmiş senator Çak Şumer isə nəinki onu dəstəkləmədi, hətta jurnalistlərin “kimi dəstəkləyirsiniz?” sualına belə cavab verməkdən yayındı. 

Antisemitizm ittihamları 

Mamdaninin opponentlərinin çoxu onun İsrail əleyhinə ritorikasından narahat olduqlarını bildirirdilər. Hələ praymeriz dövründə Kuomo və onun tərəfdarları Zohran Mamdanini antisemitizmdə ittiham edirdilər. O, dəfələrlə İsrailin boykotuna çağırıb, onun siyasətini “aparteid”, Qəzza müharibəsini isə “soyqırımı” adlandırıb. Mamdani vəd edirdi ki, mer seçilərsə, Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında İsrailin baş naziri Benyamin Netanyahunun saxlanılmasına göstəriş verəcək. 

Lakin podkastların birində ondan ABŞ-da keçirilən bəzi fələstinyönlü aksiyalarda səslənən “intifadanı qloballaşdır” şüarına münasibəti soruşulduqda, Mamdani belə cavab vermişdi: “Mən sözlərlə mübarizə aparmaq istəmirəm, bu şüarı yəhudilərə qarşı zorakılığa deyil, fələstinlilərin hüquqlarına hörmət çağırışı kimi dəyərləndirirəm”. Daha sonra o, bu ifadəsinə görə üzr istədi və həmin şüarı dəstəkləmədiyini bildirdi. 

Mamdani həmçinin 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının İsrailə hücumunu dəfələrlə pisləyib, onları silahı yerə qoymağa çağırıb və mer kimi əsas prioritetlərindən birinin Nyu-York yəhudi icmasının təhlükəsizliyi olacağını bəyan edib. 

Amma bunlar da onu ittihamlardan qorumağa kifayət etmədi. Respublikaçı siyasətçilər Mamdanini antisemit, HƏMAS tərəfdarı və hətta cihadçı adlandırmaqda davam etdilər. Kuomonun seçki qərargahı isə şəhərin yəhudi məhəllələrində Mamdaninin mer olacağı təqdirdə “yeni Holokost” təşkil edəcəyi barədə vərəqələr paylayırdı. 

Bu cür bəyanatların bir çoxu açıq şəkildə islamofob xarakter daşıyırdı, məsələn, respublikaçı konqresmen Rendi Faynın Mamdaninin vətəndaşlıqdan məhrum edib ölkədən çıxarılmasını tələb etməsi kimi. Mamdaninin “islamçı-kommunist” obrazında təqdim olunduğu bu “qara piar” müəyyən dərəcədə effekt də verdi. Sovet İttifaqından gələn mühacirlərin çox yaşadığı Bruklinin və Brayton Biçin yəhudi məhəllələrində populyarlığı ən aşağı səviyyədə idi. 

Bununla belə, həmin “qara piar” Mamdaninin tərəfdarlarını da daha səfərbər etdi — onlar hesab edirdilər ki, bütün siyasi və maliyyə elitası ona qarşı birləşib. Nəticədə seçkilərdə iştirak edənlərin sayı iki milyonu keçdi, 1993-cü ildən bəri ən yüksək göstərici qeydə alındı. Mamdani Kuomonu təxminən 9% fərqlə məğlub edərək, 1969-cu ildən bəri bir milyondan çox səs toplayan ilk namizəd oldu.

Qələbə çıxışında Mamdani “siyasi sülalənin devrilməsi” münasibətilə şəhər sakinlərini təbrik etdi və hər gün Nyu-Yorkun sadə vətəndaşlarının rifahı uğrunda işləyəcəyinə söz verdi. O, qalibiyyətinə görə müxtəlif mühacir icmalarının nümayəndələrinə — yəmənli mağaza sahiblərinə, seneqallı taksi sürücülərinə, özbək tibb bacılarına və trinidadlı aşpazlara təşəkkür etdi.

Sosialist utopiyası, yoxsa “SSRİ-nin minimal versiyası”? 

Zohran Mamdaninin tənqidçiləri iddia edirlər ki, o, yalnız populizm və gerçəkləşməsi mümkün olmayan vədlər hesabına qalib gəlib, yürüdəcəyi siyasət isə cinayətkarlığın artmasına, böyük biznesin və varlıların şəhəri tərk etməsinə səbəb olacaq. Lakin onun təkliflərinin bir çoxu göründüyü qədər radikal deyil — bəziləri hətta “kommunist mer” obrazına çox da uyğun gəlmir. 

Ekzit-pol nəticələrinə görə, seçicilərin təxminən 70%-i mənzil qiymətlərinin artmasını ciddi problem hesab edir. Mənzil kirayələyənlər arasında səs verənlərin əksəriyyəti Mamdanini dəstəkləyib. Onları gələcək merin çoxmənzilli binalarda kirayə artımını dondurmaq vədi cəlb edib — bu qərar iki milyondan çox nyuyorklunu əhatə edir. Çünki məhz mer hər il qiymət artımının “tavanını” müəyyən edən komissiyanın üzvlərini təyin edir. Mamdani bu addımı atan ilk mer deyil — Bill de Blazio da öz dövründə bir neçə il ərzində eyni qərarı tətbiq etmişdi. 

5 yaşadək uşaqlar üçün pulsuz məktəbəqədər təhsil sisteminin genişləndirilməsi də mer de Blazionun başladığı proqramın davamıdır — həmin proqram 3 yaşdan kiçik uşaqları da pulsuz məktəbəqədər təhsilə daxil etmişdi.

Mənzil çatışmazlığı problemini Mamdani təkcə 20 min sosial mənzil tikintisi hesabına deyil, həm də özəl tikinti şirkətləri üçün izafi tənzimləmələrin ləğvi ilə həll etməyi planlaşdırır. O, həmçinin kiçik biznesə dövlət dəstəyinin artırılacağını, yeni müəssisələrin açılmasının sadələşdiriləcəyini və cərimələrin məbləğinin iki dəfə azaldılacağını vəd edir. 

Şəhər avtobuslarında pulsuz gediş vədini həyata keçirmək isə xeyli çətin olacaq. Bu məsələ şəhər nəqliyyatına cavabdeh olan ayrıca korporasiyanın səlahiyyətindədir və onun rəhbərliyini mer yox, ştatın qubernatoru təyin edir. Bununla belə, koronavirus pandemiyası dövründə avtobuslarda gedişhaqqı ləğv edilmişdi və 2023–2024-cü illərdə ayrı-ayrı marşrutlarda pulsuz gediş üçün pilot proqramlar da işə salınmışdı. 

Yəqin ki, Mamdaninin ən mübahisəli təşəbbüsü şəhərin hər beş rayonunda bir bələdiyyə ərzaq mağazası açmaq ideyasıdır. Bu mağazalarda məhsullar aşağı qiymətlərlə satılacaq. Bir tərəfdən, belə layihələr hazırda ABŞ-ın digər şəhərlərində – məsələn, Atlantada, Medisonda və Sent Pol şəhərində də həyata keçirilir. Bundan başqa, Pentaqonun hərbi bazalarda yerləşən və hazırda Tramp administrasiyasının özəlləşdirmək istədiyi iri dövlət ərzaq mağazaları şəbəkəsi mövcuddur. Digər tərəfdən, son illərdə bu cür layihələr Floridada və Missuridə uğursuz sayıldığı üçün dayandırılıb. Nyu-Yorkda isə Mamdaninin təklifini respondentlərin 66%-i dəstəkləyir. O, layihənin sınaq xarakterli olduğunu və arzu olunan nəticələr əldə edilməzsə, ondan imtina etməyə hazır olduğunu bildirir. 

Bu proqramların hamısının həyata keçirilməsi təxminən 7 milyard dollar əlavə maliyyə tələb edəcək, lakin hazırda şəhər büdcəsində bu vəsait yoxdur. Mamdani bu pulu korporasiyaların gəlir vergisini qonşu Nyu-Cersi ştatındakı səviyyəyə qədər artırmaq və yerli milyonerlər üçün vergini 2% yüksəltmək yolu ilə toplamaq istəyir. 

Amma vergiləri qaldırmaq səlahiyyəti yalnız ştat hökumətinə məxsusdur. Nyu-York ştatının qubernatoru, demokrat Keti Hokul isə 2026-cı ildə yenidən seçkilərə hazırlaşır və dəfələrlə bəyan edib ki, vergilərin artırılmasını dəstəkləmir. 

Buna görə də Mamdaninin partiya yoldaşları ilə kompromisə getməsi lazım gələcək — bəlkə də bəzi vədləri bahasına. O, artıq belə kompromislərə açıq olduğunun rəmzi kimi şəhər polis idarəsinin hazırkı rəhbəri Cessika Tişi vəzifəsində saxlayacağını vəd edib.

Mamdaninin qarşısında duran digər çətinlik isə Ağ evlə münasibətlər ola bilər. Gələcək mer dəfələrlə Trampın miqrasiya siyasətini tənqid edib və mer Adamsı Ağ evlə əməkdaşlıqda ittiham edib. Tramp isə öz ifadələrində çəkinmədən Mamdanini “ekstremist” və “kommunist” adlandırsa da, şəxsi söhbətlərdə onun istedadlı siyasətçi olduğunu etiraf edib. 

Prezident dəfələrlə xəbərdarlıq edib ki, Mamdani qalib gəldiyi təqdirdə Nyu-Yorku federal maliyyələşmədən məhrum edəcək. Seçkilərdən əvvəl onun administrasiyası şəhərdə ümumi dəyəri 18 milyard dollar olan iki iri infrastruktur layihəsinin maliyyələşməsini dondurduğunu açıqlamışdı. 

Ümumilikdə federal transfertlər şəhər büdcəsinin 6–8%-ni təşkil edir.

Mamdani mer kimi fəaliyyətində uğur qazanıb-qazanmayacağı xeyli dərəcədə komandasından asılı olacaq. Bu komanda 115 milyard dollarlıq büdcəyə və 300 mindən çox bələdiyyə işçisinə malik şəhəri idarə etməlidir. Mamdani keçid dövrü komandasının həmsədri postuna Bayden administrasiyasında Federal Ticarət Komissiyasına rəhbərlik etmiş hüquqşünas Lina Xanı, həmçinin əvvəlki merlər dövründə rəhbər vəzifələrdə çalışmış daha üç qadını təyin edib. O, administrasiyadakı əsas postlara da əvvəlki merliklərdə təcrübəsi olan şəxsləri gətirməyi planlaşdırır. Bununla belə, onun ən yaxın müşavirləri arasında əsasən 40 yaşdan aşağı, hökumətdə çalışmamış gənclər üstünlük təşkil edir. 

Mamdani mer vəzifəsinin icrasına rəsmən 2026-cı il yanvarın 1-də başlayacaq.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada