Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Əbədi müharibədən birliyə doğru: “qarı düşmən” necə dost oldu?
Ən ağır tarixi yaraları belə sağaltmaq mümkündür - cəmiyyət və siyasət birgə çalışarsa...

Yaxın Şərqdə münaqişənin nizamlanması cəhdləri ehtiyatlı nikbinlik doğursa da, müşahidəçilər arasında skeptisizm hələ də güclüdür: ərəb–yəhudi münaqişəsinin kökləri o qədər qədimdir ki, artıq bir çoxları hər bir atəşkəsin (barışığın) gec-tez yeni gərginliklə nəticələnəcəyinə alışmışlar. Lakin dünyada əsrlərlə davam etmiş düşmənçiliyin birdəfəlik sona çatdığı başqa nümunələr də var. Onlardan biri də kökü orta əsrlərə gedib çıxan Fransa və Almaniya arasındakı düşmənlikdir. Onun zirvəsi İkinci Dünya müharibəsi oldu. Bu müharibənin dağıdıcı gücündən dəhşətə gələn hər iki ölkə ayıldı və təkcə bir-birini zəiflətmək siyasətindən imtina etmədi, həm də birgə institutlar və tərəfdaşlığa əsaslanan əməkdaşlıq xəttini seçdi. Elə bu əməkdaşlıq nəticəsində zamanla Avropa Birliyinə çevriləcək inteqrasiya məkanı formalaşdı.

“Avropanın atası” Böyük Karlın ölümündən sonra imperiya parçalandı: qərbdə gələcək Fransa olacaq Frank krallığı, şərqdə isə gələcək Almaniya olacaq Şərqi Frank krallığı yarandı. Onların arasında zəngin və strateji cəhətdən mühüm torpaqlar — Lotaringiya və Elzas yerləşirdi. Fransa və Almaniya əsrlərlə məhz bu ərazilər uğrunda çəkişdilər və savaşdılar. 

Yeni dövrdə də bu ölkələr dəfələrlə böyük müharibələrdə qarşı-qarşıya gəldilər: Otuzillik müharibə, İspan və Avstriya irsi uğrunda müharibələr, Yeddiillik müharibə, daha sonra isə XVIII əsrin sonu – XIX əsrin əvvəllərində baş verən inqilab və Napoleon savaşları. Napoleon on il ərzində Qərbi Almaniyanın böyük hissəsini özünə tabe etdi ki, bu da almanlar arasında milli özünüdərk hissinin yüksəlməsinə və 1813–1815-ci illərin azadlıq müharibələrinə səbəb oldu.

XIX əsr boyu güclənən qarşıdurmanın kulminasiya nöqtəsi 1870–1871-ci illərin Fransa–Prussiya müharibəsi oldu. Savaş Fransanın məğlubiyyəti, Versal sarayının Güzgülər qalereyasında Almaniya imperiyasının elan edilməsi və Elzasla Lotaringiyanın ona birləşdirilməsi ilə nəticələndi. Bu alçaldıcı hadisə Fransada güclü revanşizm hərəkatı doğurdu və onilliklər ərzində ölkənin xarici siyasətini müəyyənləşdirdi.

Qarşıdurma XX əsrin əvvəllərində bloklar sistemi şəklində təzahür etdi — 
Üçlər ittifaqı (Almaniya, Avstriya-Macarıstan, İtaliya) və Antanta (Böyük Britaniya, Fransa, Rusiya). Bu isə birbaşa Birinci Dünya müharibəsinə gətirib çıxardı. Savaşın Qərb cəbhəsində, o cümlədən Verdendə milyonlarla fransız və alman  qanlı mövqe döyüşlərində həlak oldu.

İkinci Dünya müharibəsi zamanı Fransa sürətli məğlubiyyətə uğradı və nasist işğalı altına düşdü. Ölkədə almanlarla əməkdaşlıq edən Vişi rejimi quruldu, ona qarşı isə Almaniya və müttəfiqlərinə qarşı vuruşan Müqavimət hərəkatı fəaliyyət göstərirdi. Fransa yəhudiləri də Holokostun qurbanı oldular — onminlərlə insan ölüm düşərgələrinə deportasiya olundu. Bu hadisələr iki xalq arasında düşmənliyi daha da kəskinləşdirdi.

Əlaqə yaranır: Ko görüşü

İkinci Dünya müharibəsindən dərhal sonra, Avropanın hələ də xarabalıqlara çevrildiyi bir vaxtda, Fransa–Almaniya barışığının ilk addımlarını hökumətlər deyil, ictimai təşkilatlar atırdı. Belə hərəkatlardan biri “Moral Re-Armament” — “Mənəvi Yenilənmə Hərəkatı” idi. Onu hələ 1930-cu illərdə amerikalı pastor Frenk Buxman yaratmışdı. O hesab edirdi ki, əsl sülh üçün təkcə yeni siyasi institutlar deyil, həm də insanların mənəvi yenilənməsi vacibdir.

1945-ci ildən sonra MRA tərəfdarları düşünürdülər ki, Fransa və Almaniya arasında dialoq olmadan Avropa ayağa qalxa bilməz. Bunun üçün onlar İsveçrənin Ko (Caux) kəndindəki köhnə hoteli satın alaraq, orada beynəlxalq görüş mərkəzi yaratdılar.

1946-cı ilin yayında oraya Fransa və Almaniyadan ilk nümayəndə heyətləri toplandı. Fransa tərəfdən Müqavimət hərəkatının keçmiş iştirakçıları, siyasətçilər və ictimai xadimlər gəlmişdi. Onların arasında sosialist, deputat və oğlu nasistlər tərəfindən işgəncə ilə öldürülmüş İren Lor xüsusilə seçilirdi. Onun almanlara nifrəti o qədər güclü idi ki, alman nümayəndə heyətini görəndə görüşü tərk etmək istəmişdi. Lakin orada o, 1944-cü ildə Hitlerin əleyhinə sui-qəsddə iştiraka görə edam edilən alman diplomat Adam fon Trottun dul arvadı Klara fon Trott ilə tanış oldu. Söhbət zamanı Lor gözlənilmədən öz nifrətini etiraf etdi və açıq şəkildə üzr istədi, qarşı tərəf isə Almaniyanın cinayətləri üçün məsuliyyəti qəbul etdi.

Alman nümayəndə heyətində isə amerikalı və isveçrəli təşkilatçıların “yeni nəsil” adlandırdıqları gənc ziyalılar, tələbələr və gələcəyin siyasətçiləri iştirak edirdi — onlar Almaniyanın dəyişdiyini göstərməli idilər. Sonralar İren Lor Almaniyada barışıq haqqında mühazirələr oxudu, MRA hərəkatı vasitəsilə isə mədəni əlaqələr genişlənməyə başladı. Bu proses rəsmi dialoq üçün zəmin yaratdı, lakin dövlətlərarası siyasətin dərhal dəyişməsi mümkün deyildi. Fransa və Almaniyanı qarşılıqlı anlaşmaya aparan yol hələ uzun və məşəqqətli idi.

Keçmiş düşmənlər Avropa inteqrasiyasını necə icad etdilər

İkinci Dünya müharibəsindən sonrakı ilk on il ərzində Fransanın Almaniyaya qarşı siyasəti keçmiş düşməni zəiflətmək və nəzarət altında saxlamaq istəyindən Avropa və Atlantika qurumlarında əməkdaşlığa hazır olma mərhələsinə qədər böyük yol keçdi. Təkcə Üçüncü reyxin məğlubiyyəti, nasist rejiminin ləğvi və hərbi cinayətkarların mühakiməsi barışığa gətirib çıxara bilməzdi. Bu, daha çox başlanğıc nöqtəsi idi ki, Fransa–Almaniya münasibətləri XX əsrin ikinci yarısında məhz buradan inkişaf etməyə başladı.

1945-ci ildə Almaniya dörd işğal zonasına bölündü. Ölkənin cənub-qərb hissəsini nəzarətə götürən Fransa bu prinsipdən çıxış edirdi ki, Almaniya hərbi, iqtisadi və maliyyə baxımından tam zərərsizləşdirilməlidir. Lakin fransız administrasiyası bəzən praqmatik davranırdı: bir çox hallarda idarəçilik və ya təsərrüfatın bərpası üçün faydalı ola biləcək ayrı-ayrı alman məmurların keçmişinə göz yumurdu.

Məğlub düşmənə qarşı iqtisadi siyasət maksimum sərt idi. Fransa Almaniyada ağır sənayenin inkişafını məhdudlaşdırmağa, eyni zamanda Rur bölgəsinin kömürü və poladı üzərində nəzarəti möhkəmləndirməyə çalışırdı. Paris xüsusilə Saar bölgəsinə diqqət yetirirdi: bu regionu faktiki olaraq Almaniya iqtisadiyyatından qoparmaq və fransız təsiri altına almaq mümkün olmuşdu.

Lakin artıq 1946–1947-ci illərdə müttəfiqlərin Almaniyanın gələcəyi ilə bağlı baxışlarının fərqli olduğu üzə çıxdı. ABŞ və Böyük Britaniya getdikcə cəzanı deyil, Almaniya iqtisadiyyatının bərpasını əsas götürürdülər — çünki Almaniya olmadan Avropanın dirçəlişi mümkün deyildi. Onlar öz işğal zonalarını birləşdirərək “Bizoniya” adlı birlik yaratdılar, zavodların sökülməsini azaltdılar və Almaniya kömürünün daxili istehlakını artırmağa başladılar.

Fransa əvvəlcə bu kursa qarşı çıxsa da, Amerikanın “Marşall planı” və 1948-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması Qərbi Almaniyanı da Qərbi Avropa iqtisadi sisteminə cəlb etdi. Beləcə, Paris seçim qarşısında qaldı: ya təzminatlar və nəzarət siyasətinə davam, ya da yeni inteqrasiyada iştirak.

Soyuq müharibənin kəskinləşməsi, Berlinin blokadası və 1949-cu ildə Almaniya Federativ Respublikasının yaradılması ilə Fransanın siyasəti dəyişməyə başladı. Həmin il imzalanan Petersberq sazişi Rur üzərində beynəlxalq nəzarəti saxladı, lakin artıq aydın idi: Almaniyanı “aşağıda saxlamaq” mümkün olmayacaq, onu Qərb institutlarına inteqrasiya etmək lazımdır.

Bu kontekstdə 1950-ci ildə “Şuman planı” meydana çıxdı — Fransanın, Almaniyanın, İtaliyanın və Benilüks ölkələrinin kömür və polad sənayesini birgə bazarda birləşdirmə təşəbbüsü. 1951-ci ildə imzalanan Avropa Kömür və Polad Birliyinin yaradılması haqqında müqavilə Fransa üçün yeni strategiyanın başlanğıcı oldu: Almaniyanı uzaqdan nəzarətdə saxlamaq əvəzinə, birgə dövlətüstü institutlar vasitəsilə nəzarət etmək. 

Müdafiə məsələsi isə ən çətin idi. 1950-ci il Koreya müharibəsi göstərdi ki, alman əsgərləri olmadan Qərbin müdafiəsi asan olmayacaq. Fransa alman ordusunun yenidən yaranmasını qətiyyən istəmirdi və kompromis variant kimi Avropa Müdafiə Birliyinin yaradılmasını təklif etdi. Bu birlikdə alman kontingentləri dövlətüstü komandanlığına tabe olmalı idi. Adenauer bu təklifə razılaşdı, amma bərabərhüquqluluqda israr etdi. Müqavilə 1952-ci ildə imzalandı, lakin Fransada güclü müqavimət doğurdu və Milli Məclis 1954-cü ildə onu ratifikasiya etməkdən imtina etdi. Beləliklə, “Avropa ordusu” ideyası iflasa uğradı.

Çıxış yolu başqa formatda tapıldı: 1954-cü ilin Paris sazişləri AFR-ə demək olar ki, tam suverenlik verdi, onu Qərbi Avropa Birliyinə daxil etdi və NATO-ya üzvlüyün yolunu açdı. 1955-ci ilin mayında Almaniya Federativ Respublikası Şimali Atlantika Alyansının tamhüquqlu üzvü oldu. Fransa üçün bu, reallığın etirafı idi: Almaniya Qərb düşərgəsinə qayıtmışdı, lakin elə bir institusional formada ki, Paris artıq kənar müşahidəçi deyil, bərabər tərəfdaş idi.

Cəmi bir onillik ərzində Fransanın Almaniyaya münasibətdə siyasəti sərt cəza və nəzarət xəttindən inteqrasiya və əməkdaşlıq xəttinə çevrildi. 1945-ci ildə Paris hələ də Rur və Saar bölgələrini ayırmağa ümid edirdisə, 1955-ci ilə gəldikdə Fransa artıq Almaniya ilə birlikdə dövlətüstü Avropa strukturları qurur və onun NATO-da iştirakını mümkün sayırdı. Bu, təkcə xarici siyasətin dönüş nöqtəsi deyil, həm də sonradan “fransız–alman barışığı” adlanacaq prosesin əsas mərhələsi idi.

Ancaq 1950-ci illərin ortalarında bu proses nə asan, nə də birmənalı idi. Stalinin ölümündən və Avropa Müdafiə Birliyinin uğursuzluğundan sonra dərin hərbi inteqrasiya ümidləri sarsıldı, Fransa siyasəti isə yenidən atlantizmlə Avropada müstəqil rol oynamaq istəyi arasında tərəddüd etməyə başladı.

1956-cı il Süveyş böhranı Fransanın müstəqil hərəkət imkanlarının məhdudluğunu göstərdi və belə bir hissi gücləndirdi ki, Qərbi Almaniya (AFR) ilə ittifaq Parisə təkcə nəzarət üçün deyil, həm də Avropada mövqelərini möhkəmləndirməkdən ötrü lazımdır. Bu zaman Fransada daxili siyasi böhran da dərinləşdi: Əlcəzair müharibəsi, hökumətlərin tez-tez dəyişməsi və Dördüncü Respublikasının qeyri-sabitliyi mövcud rejimə etimadı sarsıtdı.

Liderlərin diplomatiyası: de Qoll–Adenauer tandemi

1958-ci ildə məhz bu şəraitdə general Şarl de Qoll hakimiyyətə qayıtdı. O, ölkədə qayda-qanun yaratmağı və Fransaya daha müstəqil, daha nüfuzlu xarici siyasət verməyi vəd etmişdi. O, hesab edirdi ki, bu məqsədə çatmaq üçün AFR ilə tərəfdaşlığa əsaslanmaq vacibdir.

İki ölkənin lideri 1958-ci ilin payızında Kolombe le Döz Eqlizdə görüşdülər. De Qoll hökumətlərarası daimi məsləhətləşmələrin yaradılmasını təklif etdi, Adenauer isə Avropa siyasətinin ABŞ xəttinin davamı olmaması fikrini dəstəklədi. Həmin andan etibarən onlar bir-birilərinə zəng edir, məktublar göndərir və öz hökumətlərini Berlin, Avropa və NATO məsələlərində ümumi qərarlar axtarmağa təşviq edirdilər.

Şəxsi diplomatiya nəticə verdi: Berlin böhranı zamanı de Qoll Moskva ilə kompromisə getmədi və bununla da Adenauerin Parisə etimadını möhkəmləndirdi. Beləcə, onlar gələcək tandemin əsasını — siyasi yaxınlığı və qərar verməzdən öncə məsləhətləşmə vərdişini — formalaşdırdılar.

1962-ci ildə bu dostluq dövlətlərarası səviyyəyə qaldırıldı. Adenauer Fransaya gəldi,  burada onlar birlikdə Reyms kilsəsində keçirilən ayində iştirak etdilər — bu kilsə Fransa krallarının tacqoyma məkanı və Birinci Dünya müharibəsinin dağıntılarının rəmzi idi. Bu jestlə onlar xalqları barışığa dəvət etdilər və müharibə yaddaşının siyasi ittifaqa çevrilə biləcəyini nümayiş etdirdilər.

1962-ci ilin sentyabrında cavab səfəri zamanı de Qoll Bonn və Kölndə alman dilində nitqlər söylədi, bununla da alman ictimaiyyətinə hörmətini vurğuladı. Eyni zamanda tərəflər “insan kapitalını səfərbər etmək”, yəni məktəbli mübadilələrini, qardaşlaşmış şəhərlər, gənclər düşərgələrini dövlət səviyyəsinə qaldırmaq barədə razılığa gəldilər. Bu addımlar de Qoll və Adenauer arasında şəxsi etimadı möhkəmləndirdi və Fransa ilə AFR arasında gələcək dostluq müqaviləsinin təməlini qoydu.

1963-cü ilin yanvarında de Qoll və Adenauer Parisdə Yeıisey müqaviləsini imzaladılar. Cəmi altı səhifədən ibarət bu sənəd, indiyəcən iki liderin şəxsi etimadına əsaslanan münasibətləri artıq hüquqi çərçivəyə saldı.

Müqavilə müntəzəm təmas qaydasını müəyyənləşdirdi: ildə iki dəfə dövlət başçılarının sammiti, bir neçə dəfə xarici işlər və müdafiə nazirlərinin görüşü, həmçinin hərbi qərargahlar arasında daimi məsləhətləşmələr. Bu cədvəl hər iki hökumətin üzərinə əsas məsələlər — avrointeqrasiya, NATO, ABŞ ilə münasibətlər və s. — üzrə mövqelərini əvvəlcədən uzlaşdırmaq öhdəliyi qoyurdu. 

Müqavilədə mədəniyyət və gəncliyə xüsusi diqqət ayrılmışdı. İkitərəfli rəhbərliyi olan və dövlətin maliyyələşdirdiyi Fransa–Almaniya Gənclər Bürosu yaradıldı. Bunun sayəsində məktəbli və tələbə mübadilələri geniş və müntəzəm xarakter aldı — onilliklər ərzində milyonlarla gənc fransız və alman bu proqramlarda iştirak etdi. Sonralar bu mexanizmlərə əməkdaşlıq üzrə koordinator və mədəni məsələlər üzrə alman nümayəndəsi vəzifələri də əlavə olundu. Bütün bunlar təkcə diplomatiyada deyil, vətəndaşların gündəlik həyatında da yaxınlaşma kursunu saxlamağa kömək edirdi.

Beləliklə, de Qoll və Adenauerin şəxsi dostluğu və qarşılıqlı etimadı iki ölkə arasında davamlı münasibətlər sisteminin əsasını qoydu.

Valyuta birliyindən Verden əl sıxmasına qədər

De Qollun 1969-cu ildə hakimiyyətdən getməsindən sonra Parisin siyasəti daha az milli yönümlü, Avropa əməkdaşlığına isə daha açıq oldu. Bu dövrdə AFR kansleri Villi Brandt “Yeni Şərq siyasəti”ni (Ostpolitik) başladaraq SSRİ və Polşa ilə müqavilələr imzaladı, həmçinin Şərqi Almaniya (ADR) ilə münasibətləri normallaşdırdı.

Paris əvvəlcə Almaniyanın həddən artıq müstəqil olacağından ehtiyat etsə də, prezident Jorj Pompidu yekunda Brandtı dəstəklədi. O bildirirdi ki, gərginliyin azalması siyasəti yalnız Avropanın güclü və vahid olduğu halda uğur qazana bilər.

1970-ci illərdə Fransa ilə Almaniya arasında yaxınlaşmaya prezident Valeri Jiskar d’Esten və kansler Helmut Şmidt mühüm töhfə verdilər. Onlar həmyaşıd idilər, hər ikisi əvvəllər maliyyə sahəsində çalışmışdı və tez bir zamanda ortaq dil tapdılar. Onların şəxsi dostluğu Yelisey müqaviləsinin çərçivəsindən kənara çıxan layihələrin irəliləməsinə imkan verdi. Məhz Jiskar d’Esten və Şmidt 1970-ci illərin sonlarında Avropa Valyuta Sistemi ideyasını işləyib hazırladılar. Bu sistem 1979-cu ildə fəaliyyətə başladı və avronun vahid valyuta kimi tətbiqinə gedən yolda mühüm mərhələ oldu.

Həmin dövrdə dünya neft böhranları yaşayırdı. Fransa və Almaniya problemlərin birgə həll yolları axtarır, təcridçiliyə düşməməyə çalışırdılar. 1975-ci ildə onların təşəbbüsü ilə Rambuyedə “Böyük yeddilik”in (G7) ilk sammiti keçirildi, burada qlobal maliyyə problemləri müzakirə edildi. Dövlətlər arasında iqtisadi məsələlərdə fikir ayrılıqları qalmasına baxmayaraq, hər iki tərəf birgə fəaliyyət nümunəsi göstərməyə çalışırdı.

1980-ci illərdə Fransa prezidenti Fransua Mitteran və Almaniya kansleri Helmut Kol səhnəyə çıxdılar. Onların əməkdaşlığı təkcə iqtisadiyyat və təhlükəsizlik sahələrini deyil, həm də ortaq keçmişin travmalarını adlamağı əhatə edirdi.

1984-cü ildə onlar Verdenə — Birinci Dünya müharibəsində ən qanlı döyüşlərinin getdiyi yerə — birlikdə səfər etdilər. Mitteran və Kol əsgər məzarları qarşısında yanaşı dayandılar və bir-birlərinin əlini sıxdılar. Bu jest barışığın simvoluna çevrildi: dünənki düşmənlər artıq müttəfiq olduqlarını və Avropanın gələcəyi üçün ümumi məsuliyyət daşıdıqlarını nümayiş etdirdilər.

Almaniyanın birləşməsi və Parisdə alman tankları

Berlin divarının 1989-cu ilin noyabrında uçurulmasından sonra birləşmiş Almaniya mövzusu Avropada təkcə sevinc deyil, müəyyən narahatlıq da doğurdu. Fransa prezidenti Mitteran Avropa İqtisadi Birliyinin hökumət başçılarını noyabrın 18-də xüsusi sammitlə Parisdə topladı. Böyük Britaniyanın baş naziri Marqaret Tetçer açıq şəkildə status-kvonun saxlanılmasında israr edir və “alman məsələsi”nin yenidən canlanma riskini vurğulayırdı.

Oxşar narahatlıqlar Niderland və İtaliya nümayəndələri tərəfindən də səsləndirilirdi. Kansler Helmut Kol sonradan yazırdı: “Bizə — almanlara qarşı etimadsızlıq geri döndü. İndi almanlar yenidən birləşmədən danışırlar, artıq Avropaya maraq göstərmirlər. Almaniyanın həddən artıq güclənəcəyi barədə köhnə qorxular yenidən dirçəldi”.

Mitteran da əvvəlcə Almaniyanın sürətli birləşməsi ideyasını tərəddüdlə qarşıladı. Güclənmiş Almaniyanın Avropada Fransanı ikinci plana ata biləcəyi onu narahat edirdi. Lakin o, prosesi dayandırmağın mümkünsüzlüyünü də anlayırdı. Fransa tədricən mövqeyini dəyişərək, ehtiyatlı yanaşmanı dəstəklə əvəzlədi: bir şərtlə ki, birləşmə Avropa inteqrasiyasının dərinləşməsi ilə yanbayan getsin. Elə buna görə də 1990-cı illərin əvvəlində Almaniya və Fransa siyasi və valyuta ittifaqı ideyasını fəal şəkildə irəli sürməyə başladılar. Bu kurs yekunda Avropa Birliyinin yaradılmasına və avronun tətbiqinə gətirib çıxardı.

Bu dəyişikliklərdə simvollar mühüm rol oynayırdı. 1984-cü ildə Mitteran və Kol Verdendə dostluq jesti ilə dünyaya aydın siqnal vermişdilər. 1990-cı illərdə onların varisləri bu xətti davam etdirdilər. Fransa–Almaniya birləşmiş briqadası sonradan Eurocorps adlı ümumi Avropa korpusunun əsasını təşkil etdi. Mədəniyyət sahəsində isə ARTE televiziya kanalı kimi layihələr iki ölkənin “Avropanın mühərriki” kimi təqdimatını daha da möhkəmləndirdi.

Simvolik barışığın zirvəsi 1994-cü il iyulun 14-də — Bastiliyanın alınması günündə — baş verdi. Həmin gün Almaniya Bundesverinin əsgərləri ilk dəfə Parisdə Yelisey meydanında hərbi paradda iştirak etdilər.

Bu, Fransa ictimaiyyəti üçün misilsiz hadisə idi: XX əsrdə iki dəfə Fransaya hücum etmiş ölkənin ordusu indi Parisin əsas prospekti ilə müttəfiq kimi addımlayırdı. Parad keçmiş qorxuların artıq arxada qaldığını, yerini qarşılıqlı etimada və tərəfdaşlığa verdiyini açıq şəkildə nümayiş etdirdi.

İndi düşmən kimdir? Münasibətlərin sosiologiyası 

İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə Fransa cəmiyyəti Almaniyanı özünün əsas düşməni kimi görürdü. 1948-ci ildə keçirilən sorğuda fransızların 34 faizi almanları “birinci düşmən” adlandırdı; SSRİ isə 22% ilə ikinci yeri tuturdu. 1954-cü ilə gəldikdə vəziyyət dəyişmişdi: artıq 57% əsas təhlükə mənbəyi kimi Sovet İttifaqını, yalnız 10%  Almaniyanı göstərirdi. Bununla yanaşı, 1956-cı il sorğularına görə, fransızların 49 faizi Almaniya ilə yaxınlaşmanı dəstəkləsə də, 36 faizi hesab edirdi ki, “alman mentallığı Hitler dövründəki kimi qalıb”.

Almaniyada isə ictimai əhval-ruhiyyəni müharibədən sonrakı Fransa işğalının ağır xatirələri müəyyənləşdirirdi. 1950-ci ildə Allensbax institutunun keçirdiyi sorğuya əsasən, Reynland və Saar sakinlərinin 65 faizi fransız qoşunları ilə təcrübəni “pis”, yalnız 8 faizi isə “yaxşı” adlandırmışdı. Bununla belə, almanlar üçün təhlükə anlayışı fərqli idi: 1948-ci ildə 79 faizi əsas düşmən kimi SSRİ-ni, yalnız 2 faizi Fransanı göstərirdi. 

Bu, o demək idi ki, müharibədən sonrakı antaqonizm Fransada daha dərin idi, Almaniyada isə tezliklə şərqə yönəldi. 1950–1960-cı illər hüdudunda isə etimad artmağa başladı. 1958–1965-ci illərdə aparılmış sorğular göstərirdi ki, Almaniyaya müsbət münasibət bəsləyən fransızların payı 32 faizdən 47 faizə yüksəlib. 

Həlledici dönüş nöqtəsi 1963-cü ildə Yelisey müqaviləsinin imzalanması oldu. Əvvəlcə respondentlərin yalnız 28 faizi hesab edirdisə ki, de Qoll Almaniya ilə çox yaxınlaşır, artıq yarım ildən sonra 61 faizi bu müqaviləni “arzulanan” sayırdı. Fransızların 54 faizi de Qollun Almaniya siyasətini bəyənirdi, 1964-cü il sorğusuna görə isə 41% AFR-i “Avropada Fransanın ən yaxşı müttəfiqi” adlandırmışdı (Böyük Britaniyanı belə hesab edənlər isə 37% idi). 

1970-ci illərə doğru Almaniya təhlükəsinin yenidən dirçələcəyi qorxusu xeyli zəiflədi. 1971-ci ildə fransızların 41 faizi hesab edirdi ki, Almaniya bir daha təhlükə yarada bilər, lakin 1973-cü ildə bu rəqəm 27 faizə düşdü (respondentlərin 57 faizi isə belə bir ehtimalı tamamilə rədd edirdi). Eyni zamanda, fransızların çoxu Almaniyanın iqtisadi cəhətdən daha güclü olduğunu (72%), təxminən yarısı isə onun daha təsirli siyasi rol oynadığını qəbul edirdi. Sorğu iştirakçılarının 52 faizi düşünürdü ki, almanlar hər şeydən əvvəl ölkələrinin birləşməsinə can atırlar — bu isə artıq qorxulu yox, realist bir məqsəd kimi qəbul edilirdi. 

1980-ci illərə gəldikdə, Almaniya artıq Fransa ictimai rəyində imtiyazlı tərəfdaş kimi möhkəmlənmişdi. 1983-cü ildə fransızların 48 faizi Almaniyanı əsas müttəfiq adlandırırdı (ABŞ — 33%, Böyük Britaniya — 16%). Həmin dövrdə 63% fransız Almaniya ilə birgə müdafiə ideyasını dəstəkləyirdi. 

1988-ci ildə fransızların 54 faizi Almaniyanı “ölkəsinin ən yaxşı dostu”, almanların isə 67 faizi Fransanı AFR-in əsas dostu kimi görürdü (1983-cü ildə bu rəqəm 53% idi). Berlin divarının 1989-cu ildə uçurulmasını fransızların əksəriyyəti müsbət qarşıladı: 66 faizi Almaniyanın birləşməsini mümkün sayırdı, baxmayaraq ki, 45 faizi prosesin tədricən getməsini istərdi. 

Dörd onillik ərzində Fransa cəmiyyəti dərin şübhə və stereotiplərdən keçərək Almaniyanı Avropada əsas müttəfiq və tərəfdaş kimi qəbul etməyə gəldi. 

Fransa–Almaniya barışığının tarixi göstərir ki, bu, ani akt deyildi. Müharibədən sonrakı illərin ilk şəxsi görüşlərindən və cəsarətli bağışlama jestlərindən tutmuş birgə institutların, mədəni mübadilələrin və dostluq simvollarının yaradılmasına qədər onilliklər keçdi. Bu proses çətin və ziddiyyətli idi: onu tərəddüdlər, qorxular və siyasi böhranlar müşayiət etdi. Lakin məhz liderlərin diplomatiyasının və aşağıdan gələn təşəbbüslərin ardıcıl birliyi sayəsində düşmənçilik əməkdaşlığa çevrildi. 

Fransa və Almaniya nəinki keçmişi arxada qoydular, onlar barışığı yeni Avropanın təməli etdilər. Bu ittifaq avrointeqrasiyasının mühərrikinə çevrildi və onların təcrübəsi göstərdi ki, ən ağır tarixi yaraları belə sağaltmaq mümkündür - həm cəmiyyət, həm də siyasət birgə çalışarsa.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada