Çöküş: Əsədin son gecəsi, biabırçı qaçışın təfərrüatları
Son illərdə o, seksə və video oyunlara aludə olmuş, hadisələrdən qopmuş bir şəxsə çevrilmişdi...
15 Fevral 2026
Bəzi diktatorlar döyüşərək ölürlər. Bəziləri linç edilir, cəsədləri asılır ki, qurbanları onların üzünə tüpürsün. Bəziləri də yatağında ölür.
Dörddə bir əsrlik hakimiyyəti dövründə yüz minlərlə suriyalının işgəncəyə məruz qalmasına və öldürülməsinə rəhbərlik etmiş Bəşər Əsəd, görünür, tiranlıq tarixində yeni bir “nailiyyətə” imza atdı. 7 dekabr 2024-cü ildə üsyançılar Dəməşqə yaxınlaşarkən Əsəd köməkçilərini və tabeliyində olanları qələbənin yaxın olduğuna inandırdı, sonra isə demək olar ki, heç kimə xəbər vermədən gecə vaxtı Rusiya təyyarəsi ilə ölkədən qaçdı. Xatırlayıram ki, həmin axşam onun sarayda “konstitusion vəzifələrini” yerinə yetirdiyini bildirən rəsmi açıqlama yayılmışdı. Ən yaxın adamlarından belə bəziləri aldadıldı və üsyançı dəstələr qələbə atəşfəşanlığı ilə səmanı işıqlandırarkən, onlar ölkəni necə gəldi tərk etməyə məcbur oldular.
Əsədin bu xəyanəti o qədər sarsıdıcı qorxaqlıq idi ki, əvvəlcə bir çox insan buna inanmaqda çətinlik çəkdi. Faktlar danılmaz olanda isə minlərlə insanın sədaqəti bir anda qəzəbə çevrildi. Çoxları and içirdi ki, guya həmişə ona gizlicə nifrət ediblər. Ərəb dilində bu cür “yaddaşın yenidən yazılması” üçün bir ifadə var: inək yıxılanda, qəssablar çoxalır.
Əsəd rejiminin qəfil çökməsi qəddar polis dövlətinə son qoydu, lakin indi paytaxtdan kənarda Suriya dövləti, demək olar, yoxdur. Ölkənin yeni lideri Əhməd əl-Şaraa Donald Trampı və digər dünya liderlərini valeh etməkdə böyük ustalıq göstərib. Amma o, eyni zamanda islamçıdır; hakimiyyəti zəifdir və ölkə hələ də o qədər təhlükəli dərəcədə qeyri-sabitdir ki, asanlıqla yeni bir müharibəyə sürüklənə bilər.
Heç kim — nə CIA, nə də Mossad — görünür, Əsədin bu qədər tez devriləcəyini düşünmürdü. Lakin sonrakı günlərdə və həftələrdə rejimin çökməsinə dair bir izah getdikcə daha çox yayılmağa başladı. Əsədin əsas himayədarları olan Rusiya və İran müvafiq olaraq Ukrayna və İsraillə bağlı münaqişələrə cəlb olunmuş, artıq onu qorumaq imkanlarını itirmişdilər. Onların qəfil geri çəkilməsi illərdir göz önündə olan bir həqiqəti üzə çıxardı: yorğun, korrupsiyalaşmış və cüzi maaş alan ordunun dəhşətli zəifliyini. ABŞ-ın dəstəklədiyi, 2021-ci ildə süqut etmiş Əfqanıstan rejimi kimi, Əsəd sülaləsi də daha geniş geosiyasi yenidənqurmanın qurbanına çevrildi. Hadisələrdən sonra bu süqut qaçılmaz kimi görünməyə başladı.
Lakin son bir il ərzində bu yazının müəllifi Dəməşqdəki sarayda çalışan onlarla məmur və zabitlə danışıb və onlar tamamilə fərqli bir mənzərə təsvir edirlər. Bir çoxu seksə və video oyunlara aludə olmuş, hadisələrdən qopmuş bir liderdən danışır; onların fikrincə, o, son bir neçə ildə rejimini istənilən vaxt xilas edə bilərdi — bu qədər təkəbbürlü və inadkar olmasaydı. Bu versiyada rejimi məhv edən geosiyasət deyildi. Regiondakı ölkələrin heç biri Əsədin devrilməsini istəmirdi və bir neçəsi ona çıxış yolları təklif etmişdi. O, bu imkanlardan istifadə etsəydi, böyük ehtimalla, bu gün də sarayda oturardı. Hətta son günlərdə belə xarici işlər nazirləri zəng edir, sövdələşmə təklif edirdilər. O isə cavab vermirdi. Görünür, taxtdan imtina etməli ola biləcəyi fikri onu qəzəbləndirmiş, küskün vəziyyətə salmışdı.
Nəticədə, Əsədin acıqlı tərəfdarları bəlkə də haqlı idilər. Bütün problemlər Bəşərdə idi.
Bəlkə də bütün avtokratlar özlərini məğlubedilməz hesab etməyə başlayırlar, amma Əsədin yanlış inamı üçün xüsusi səbəbi var idi: o, artıq bir dəfə ölümlə üz-üzə qalmışdı və qalib gəlmişdi.
Bir çox suriyalının dediyinə görə, məhz bu aldadıcı qələbə anı hər şeyin səhv getməyə başladığı nöqtə oldu. Əsəd öz zəfərinin boş və mənasız olduğunu anlamırdı. Ölkənin böyük hissəsi xarabalığa çevrildi. İqtisadiyyat, demək olar ki, yox səviyyəsinə endi, ABŞ və Avropa tərəfindən tətbiq olunan sanksiyalar onu daha da boğurdu. Suriyanın suverenliyinin bir hissəsi Rusiya və İrana girov qoyulmuşdu; onlar münaqişəyə yatırdıqları sərmayənin əvəzini çıxmaq üçün Dəməşqi maliyyə baxımından sıxışdırırdılar. İllərlə müharibə və əzab çəkmiş Əsədin tərəfdarları isə sonsuza qədər səbirli qala bilməzdilər. Döyüşlər bitəndən sonra onlar müəyyən bir rahatlıq gözləməyə başladılar.
Əsəd xalqına istədiklərini verə bilərdi. Körfəz ərəb dövlətlərinin onu beynəlxalq təcriddən çıxarmaq üçün həm pulu, həm də təsiri var idi və 2017-ci ildə Birləşmiş Ərəb Əmirlikləri Dəməşqlə əlaqə qurmağa başladı. Amma Əbu-Dabinin bir şərti vardı və bu, vətəndaş müharibəsindən əvvəl də irəli sürülən eyni şərt idi: Əsəd İrandan uzaqlaşmalı idi. Körfəz ölkələri uzun müddətdir ki, Tehrandakı inqilabi teokratları ən böyük təhlükə kimi görürdülər və Suriyanın onlarla uzunmüddətli ittifaqı — Bəşərin atası Hafiz Əsəd tərəfindən qurulmuş əlaqə — digər ərəb liderləri üçün ağrılı mövzu idi.
İranın şübhəli “yoldaşlığını” Fars körfəzi ölkələrinin zənginliyi ilə dəyişmək Suriya üçün məntiqli görünürdü. Amma bir məqam vardı: bu, Əsəd ailəsi üçün mütləq ən yaxşı seçim deyildi. Körfəz ölkələri və Qərbdən fərqli olaraq, iranlılar həmişə açıq şəkildə bildirirdilər ki, Əsədi hakimiyyətdə saxlamaq üçün hər şeyə hazırdırlar. Əvəzində ondan tələb olunan yeganə şey Tehranın Hizbullaha — İranın “Müqavimət oxu”nda əsas oyunçu olan Livan silahlı təşkilatına — Suriya ərazisi vasitəsilə silah və pul ötürməsini davam etdirməsinə şərait yaratmaq idi.
Əsəd BƏƏ ilə müəyyən yaxınlaşmaya getdi və 2018-ci ildə əmirliklər Dəməşqdə səfirliklərini yenidən açdılar. Lakin o, İranla əlaqələrini kəsməkdən boyun qaçırdı.
“Bəşər uydurma bir dünyada yaşayırdı”, – deyə həmin illərdə tez-tez Suriyada olan keçmiş “Hizbullah” siyasi funksioneri söylədi (o, mümkün nəticələrdən qorxduğu üçün adının çəkilməsini istəmədi): “İranlılar mənə möhtacdır. Rusların başqa yolu yoxdur. Mən kralam”.
Əsədin himayədarları narazılıq etməyə başladılar, amma Suriya lideri qulaq asmadı. 2019-cu ildə, həmin keçmiş “Hizbullah” funksionerinin dediyinə görə, Rusiya və İran onu Qərb ölkələrini sakitləşdirəcək və Suriyanın iqtisadi təcridinin yükünü azaldacaq əsasən simvolik islahatlar aparmağa sövq etməyə çalışırdı. Əsəd isə yalan danışır və vaxt udurdu. İranın o dövrdəki xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Cəzirə”yə verdiyi son müsahibədə bildirib ki, o, Əsədi “müxalifətlə dialoqa girməyə” çağırmışdı, lakin Suriya lideri “zəfər sərxoşluğu” vəziyyətində prosesi uzadıb.
Əsədin küt düşüncəsinin ən sarsıdıcı nümunəsi isə Trampın ilk prezidentliyi dövründə ortaya çıxdı. 2012-ci ildə Suriyada yoxa çıxmış və Əsəd rejiminin əlində olduğu güman edilən amerikalı jurnalist Ostin Taysı tapmaq üçün Vaşinqton 2020-ci ildə iki rəsmini — Rocer Karstens və Kaş Pateli —Livana göndərdi. O zaman Livanın Ümumi Təhlükəsizlik xidmətinin rəhbəri olan Abbas İbrahim bu iki şəxsi Dəməşqə apardı; orada onlar Əsədin ən yüksək təhlükəsizlik rəsmilərindən biri — hamının qorxduğu Əli Məmlüklə görüşdülər. Karstensin mənə dediyinə görə, amerikalılar Taysın məsələsini qaldıranda Məmlük cavab verdi ki, ABŞ əvvəlcə sanksiyaları ləğv etməli və qoşunlarını Suriyadan çıxarmalıdır. Görüşdə iştirak etmiş və bəzi detalları fərqli xatırlayan İbrahim isə bildirdi ki, Məmlükun sözlərini ilkin manevr kimi görmüş və amerikalıların bu qədər geniş güzəştlərə gedəcəyini gözləməmişdi.
İbrahim və Məmlükü təəccübləndirən isə ABŞ hökumətinin Taysın sağ olduğuna dair sübut qarşılığında razılaşmaya siqnal verməsi oldu. İbrahim daha sonra Vaşinqtona uçdu və orada ona Trampın Amerika mövqeyini təsdiqlədiyini söylədilər. Amma o, Əsəddən gələn cavabı eşidəndə daha da heyrətə gəldi: razılaşma yoxdur və danışıqlar bitdi. İbrahim səbəbini soruşanda Məmlük dedi ki, bu, “Trampın illər əvvəl Əsədi heyvan adlandırmasına görədir.”
İbrahim suriyalı həmkarına bunun dəli bir qərar olduğunu dedi. Tays ölmüş olsa belə, amerikalılar onun başına nə gəldiyini öyrənib “dosyeni bağlamaq” şərti ilə razılaşmaya əməl edəcəkdilər. İbrahimin sözlərinə görə, amerikalılar istənilən nəticəyə can atırdılar: “Bir dəfə Pompeodan zəng aldım; dedi ki, şəxsi təyyarə ilə Suriyaya uçmağa, hər kəslə əl sıxmağa hazıram” (Pompeo və Patel şərh istəklərimə cavab vermədilər).
Bu, “qızıl fürsət” idi. İbrahim hesab edir ki, Əsəd o vaxtkı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşə, rejimin Taysın taleyindən xəbərsiz olduğuna görə üzrxahlıq edə bilərdi. Təkcə bu görüşün özü Əsədə yeni legitimlik qazandırar və digər ölkələri də onunla əlaqə qurmağa daha meyilli edərdi.
Bayden administrasiyası 2023-cü ildə bu təklifi yenilədi və Taysla bağlı Suriya rəsmiləri ilə görüşmək üçün yüksək səviyyəli nümayəndə heyətini Omana göndərdi. Bu dəfə isə, İbrahimin sözlərinə görə, Əsəd demək olar ki, təhqiramiz davrandı və onlarla görüşə hətta yüksək rütbəli bir məmur belə göndərməkdən imtina etdi. Onun əvəzinə, Tays mövzusunda bir kəlmə belə danışmamaq barədə ciddi göstəriş almış keçmiş bir səfiri göndərdi.
Əsədin, öz təkəbbürü və uzaqgörənlik çatışmazlığı ilə, tezliklə devrilməsi retrospektiv baxımdan o qədər də təəccüblü görünməyə bilər. Daha təəccüblüsü isə onun bu qədər uzun müddət hakimiyyətdə qala bilməsidir. Bunun səbəbi atasına gedib çıxır: o, elə möhkəm və amansız bir rejim qurmuşdu ki, oğlunun 25 illik səriştəsiz idarəçiliyinə belə tab gətirdi. Əsədin süqutundan çıxarılan dərslərdən biri çox qədim bir həqiqətdir: bütün siyasi sülalələrin ən böyük zəifliyi varislik problemidir.
Bəşər klassik tipli diktator olan atasından fərqli idi. Suriyaya ilk dəfə gələnlər belə onun bu rola uyğun gəlmədiyini görə bilirdilər: zəif çənəsi, təşvişli baxışları vardı, başı və boynu isə qəribə dərəcədə uzunsov idi — sanki doğum kanalında həddən artıq sıxılmışdı. Suriyanın hər yerində rast gəlinən reklam lövhələrində onun şəkillərini görəndə, sanki kimsə zarafat edib liderin başını narahat bir məktəbli uşağın başı ilə əvəz etmişdi.
Danışmağa başlayanda isə təəssürat daha da pisləşirdi. Səsi nazik idi və burnunda danışırdı, çıxış zamanı həmişə narahat görünürdü — sanki bir an əvvəl bitirmək istəyirdi. Nitq qabiliyyətinə və avtoritetə böyük önəm verən bir mədəniyyətdə, onların heç biri yox idi.
Bəşər hakimiyyətə təsadüf nəticəsində gəldi. Orduda xidmət edən və “Suriyanın Qızıl Cəngavəri” kimi tanınan Bəsil — həm də peşəkar atçılıqla məşğul idi — taxtın varisi sayılırdı. Lakin o, 1994-cü ildə avtomobil qəzasında öldü. Hafiz Əsəd Bəşəri Londondan geri çağırdı; o vaxt Bəşər oftalmoloq olmaq üçün təhsil alırdı və onu gələcək lider kimi hazırlamağa başladı.
Bir çox suriyalı müxalifətçi əvvəlcə Bəşərın utancaqlığını və yöndəmsizliyini müsbət qarşılayırdı. Onun diktatora bənzəməməsi daha yumşaq və tolerant olacağında ümidləri artırdı. Qısa bir müddət üçün bu, həqiqətən də belə göründü. 2000-ci ildə atasının ölümündən sonra başlayan “Dəməşq baharı” dövründə söz azadlığının sərhədləri genişləndi.
Amma tezliklə sərt repressiyalar başladı və sonrakı illərdə Əsədin psixologiyası sanki əks istiqamətdə işləməyə başladı. O, zəif görünməkdən o qədər qorxurdu ki, gözləntilərə cavab verə biləcəyini sübut etmək üçün təkrar-təkrar amansızlıq nümayiş etdirməli olduğuna inanırdı.
O, xüsusilə Hizbullah lideri Həsən Nəsrullaha heyran idi — son dərəcə populyar və xarizmatik bir fiqura. Görünür, Əsəd Nəsrullahın ona ötürdüyü təbliğata inanmışdı; bəlkə də ona görə ki, bu, eşitmək istədiyi şey idi: Müqavimət oxu İsrailə ağır zərbə endirəcək, bundan sonra isə Əsəd sülh üçün istədiyi şərtləri diktə edə biləcəkdi. Başqa sözlə, o, heç bir çətin qərar və heç bir qurban verməyəcəkdi — hər şey ona hazır şəkildə təqdim ediləcəkdi.
2023-cü il oktyabrın 7-də Əsəd bir neçə saatlıq da olsa, yəqin ki, Nəsrullahın peyğəmbərcəsinə verdiyi vədlərin gerçəkləşdiyini düşündü. HƏMAS döyüşçüləri Qəzzadan sərhəd hasarını keçərək min nəfərdən çox insanı qətlə yetirdi. Regionun Samsonu sayılan İsrail zəif və hazırlıqsız görünürdü.
Amma çox keçmədi ki, İsrail təkcə Qəzzaya deyil, həm də Livan və Suriyaya minlərlə hava zərbəsi endirməyə başladı. Bu kampaniya sonda Nəsrullahın özünün ölümü ilə nəticələndi. Əsəd isə müttəfiqlərinə qarşı aparılan bu hücumlar barədə bir kəlmə belə demədi. Ola bilsin ki, o, İsrailin hədəf siyahısına düşməməyə ümid edirdi. Lakin Suriya rejiminə yaxın olan livanlı siyasi fiqur Viam Vəhhabın sözlərinə görə, Əsədin susqunluğu İranda şübhələr doğurdu — guya o, israillilərə məlumat ötürürdü. “Müqavimət oxu” dağılmaq üzrə idi.
Bu vəziyyət Əsədi ciddi narahat etməli idi, xüsusən də onun digər himayədarı Rusiyanın Ukraynada bataqlığa düşdüyü bir vaxtda. Amma saraydakı ab-hava sağlam düşünməyə imkan vermirdi. Danışdığım keçmiş Hizbullah əməliyyatçısının sözlərinə görə, Əsəd vaxtının böyük hissəsini telefonunda “Candy Crush” və digər video oyunları oynamaqla keçirirdi. O, atasının dövründən qalan “boz kardinal”ları kənara çəkmiş, əvəzində isə şübhəli reputasiyaya malik gənc fiqurlardan ibarət dar bir çevrəyə güvənirdi.
Onlardan biri, keçmiş “Əl-Cəzirə” jurnalisti Luna Şibl idi. Keçmiş saray əməkdaşlarının və bir israilli sabiq məmurun dediklərinə görə, o, həm Əsədin sevgilisi idi, həm də onun üçün digər qadınları — o cümlədən yüksək rütbəli zabitlərin arvadlarını — tapırdı.
Rejimə yaxın bir şəxslə evli olan Şibl, görünür, Əsəddə saray mühitində formalaşmış sadə insanlara yuxarıdan aşağı baxmaq vərdişini daha da gücləndirirdi. Keçən ilin dekabrında yayılan bir səs yazısında Əsəd və Şibl Hizbullahın iddialarına istehza ilə gülür, Dəməşq ətrafı bir qəsəbədən keçərkən onlara salam verən əsgərləri məsxərəyə qoyurlar. Sükan arxasında olan Əsəd küçədəki suriyalılar barədə bir anda belə deyir: “Onlar pullarını məscidlərə xərcləyirlər, amma yemək tapmırlar.”
Əsədin bu sözlərinin nə qədər iyrənc olduğunu anlamaq üçün bilmək lazımdır ki, o, eyni vaxtda əsasən narkotik qaçaqmalçılığı hesabına nəhəng şəxsi sərvət toplayırdı, halbuki bir çox suriyalılar aclığın astanasında idi. Sadə əsgərlərə ayda cəmi 10 dollar maaş verilirdi — bu isə yaşamaq üçün qətiyyən kifayət etmirdi. Vaxtilə dollar qarşısında 1=47 olan Suriya funtu 2023-cü ilə gəldikdə 15 minə düşmüşdü. 2020-ci ildən sonra, ABŞ Konqresinin “Sezar – Suriya Mülki Əhalinin Müdafiəsi Aktı” çərçivəsində yeni ağır sanksiyalar tətbiq etməsindən sonra yoxsulluq daha da dərinləşdi.
Hətta uzun illər rejimi dəstəkləmiş ələvilər — Əsədlərin mənsub olduğu dini azlıq — belə səfalətdən şikayət etməyə başlamışdılar. Əsəd ailəsinin Avropada yaşayan bir üzvü mənə dedi ki, 2021-ci ildə Suriyaya səfər edəndə heyrətə gəlib: onun yaxın ailəsini qoruyan elit Respublika Qvardiyasının zabitləri o qədər kasıb idilər ki, xidmət vaxtından kənarda küçədə meyvə və siqaret satırdılar.
Əsəd və ailəsi isə öz həyat səviyyələrini Suriyanı narkodövlətə çevirməklə qoruyurdu. Bəşərin qardaşı Mahir kaptaqon adlı qeyri-qanuni amfetaminin istehsalına və qaçaqmalçılığına nəzarət edirdi. Bu narkotik ticarəti Əsədə milyardlarla dollar qazandırdı, amma eyni zamanda Körfəz ölkələrində və İordaniyada narkomaniya böhranını dərinləşdirdi və onların liderlərini qəzəbləndirdi.
2024-cü ilin iyulunda, Qəzzadakı müharibə gündəmi zəbt etdiyi bir vaxtda, Luna Şibl Dəməşq yaxınlığında BMW avtomobilində ölü tapıldı. Rejim mediası bunu yol qəzası adlandırdı, amma detallar şübhəli idi: bəzi məlumatlara görə, maşın cüzi zədələnmişdi, lakin qadının kəlləsi sındırılmışdı. Tezliklə şayiələr yayıldı ki, o, israillilərə hədəf məlumatları ötürdüyü üçün Tehran tərəfindən öldürülüb.
Amma israilli keçmiş məmur və rejimlə əlaqəsi olan iki mənbə mənə dedi ki, keçmiş sevgilisinin qətlini məhz Əsədin özünün sifariş edib. Həmin israillinin sözlərinə görə, Şibl faktiki olaraq Rusiya agentinə çevrilib və Moskvaya İranın Suriyadakı fəaliyyəti barədə məlumat ötürürdü. Ola bilsin, o, Əsədin sonunun yaxınlaşdığını hiss edib və özünə yeni himayədar axtarıb. Bu versiyanı təsdiqləmək mümkün olmadı; Rusiya rəsmiləri kəşfiyyat məsələlərinə münasibət bildirmirlər.
Bir tiran devriləndə, biz bəzən onun son anda faciəvi bir özünüdərk yaşayacağını təsəvvür edirik — Edipin öz gözlərini çıxarması, ya da Makbetin çöldə qəzəblə hayqırması kimi şəxsi hesablaşma anı. Amma mən real diktatorların belə getdiyinə inanmıram. Onlar özlərini aldatmaqda həddən artıq ustadırlar.
Əsəd üçün son pərdə 2024-cü ilin noyabrında açıldı. Əhməd Şaraanın komandanlığı altındakı üsyançılar Türkiyədən hərbi əməliyyata başlamaq üçün icazə almağa çalışırdılar və nəhayət, Rəcəb Tayyib Ərdoğan bu icazəni verdi. (Türkiyə əməliyyatda rəsmi iştirakını inkar etdi.)
Ərdoğan bunu könülsüz etdi. İl boyu o, Əsəddən onunla görüşməyi xahiş edirdi. Tələbləri də olduqca təvazökar idi: siyasi barışıq və Türkiyədə olan milyonlarla suriyalı qaçqının vətənə qayıtmasına imkan verəcək bir razılaşma. Amma Əsəd elə davranırdı ki, guya bütün kartlar onun əlindədir; Ərdoğan Suriyadan bütün türk qoşunlarını çıxarmağa öncədən razılaşmadıqca görüşdən imtina edirdi. Ərdoğanın təsdiqlədiyi üsyançı əməliyyatı, görünür, Əsədi danışıqlara məcbur etmək üçün nəzərdə tutulmuşdu; bu, işğal kimi deyil, müdafiə xarakterli addım kimi təqdim olunurdu.
2024-cü il noyabrın 27-də üsyançılar Hələbə doğru şimal-şərqdən irəliləyəndə, Əsəd Rusiyada idi — o vaxt oğlu Moskva Dövlət Universitetində ədədlər nəzəriyyəsi və polinom təsvirləri üzrə dissertasiya müdafiə edirdi. Hələbin müdafiə xətti çökməyə başlayanda Əsəd Moskvada qalmaqda davam etdi və bu, vətəndəki komandirlərdə şok və məyusluq doğurdu. Görünür, Putini onu xilas etməyə razı salacağına ümid edirdi.
Lakin Rusiya prezidenti onu günlərlə gözlətdi və nəhayət, baş tutan görüş çox qısa oldu. Danışdığım keçmiş israilli rəsminin sözlərinə görə, Putin Əsədə deyib ki, onun yerinə müharibə aparmayacaq və Suriya liderinin yeganə ümidi Ərdoğanın yanına gedib razılaşma bağlamaqdır. Rusiya üçün Türkiyə ilə strateji münasibətlər həmişə Suriya ilə münasibətlərdən qat-qat vacib olub. Əsədin bunu dərk edib-etmədiyini demək çətindir. Amma Putin, öz əsgərləri kütləvi şəkildə fərarilik edən xırda bir diktatoru xilas etmək üçün Türkiyənin dəstəklədiyi üsyançılara qarşı yeni müharibə başlatmaq niyyətində deyildi.
Əsəd Dəməşqə qayıdanda Hələb artıq üsyançıların əlinə keçmişdi. Əhmədin mənə dediyinə görə, cəmi bir neçə saat sonra o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə uçdu. Kimlərlə görüşdüyü və nələrin danışıldığı aydın deyil. Əmirliklər Şaraanın islamçı milislərindən Tehran qədər ehtiyat edirdilər. Amma onların quru qoşunları yox idi.
Dəməşqə qayıdan Əsəd son bir gediş etməyə çalışdı — illərdir yığdığı “monarxiya alətləri”nə əl atdı. Əhmədin sözlərinə görə, o, vaxtilə vətəndaş müharibəsini qazanmağa kömək etmiş qüvvələri tez bir zamanda yenidən toplamaq üçün könüllülərə həddən artıq yüksək maaşlar vəd etdi. Amma illərlə aclıq həddində maaş alan sıravi əsgərlər bu təklifləri eşidəndə o qədər qəzəbləndilər ki, postlarını tərk etdilər.
Bu vaxt üsyançılar artıq Həmanı ələ keçirmiş və paytaxtdan 160 kilometr şimalda yerləşən Hüms istiqamətində irəliləyirdilər. Eyni zamanda, rejimi ayaqda saxlayan İran İnqilab Keşikçiləri Korpusunun komandirləri əşyalarını yığıb ölkəni tərk etməyə başladılar. Suriyalı əsgərlər müttəfiqlərinin geri çəkildiyini eşidəndə, aralarında təlaş yayıldı. Üsyançılar demək olar ki, heç bir müqavimətlə üzləşmədən cənuba doğru hərəkət etdilər.
2024-cü il dekabrın 7-də Rusiya və Yaxın Şərqin yeddi ölkəsinin xarici işlər nazirləri Qətərin paytaxtı Dohada keçirilən illik təhlükəsizlik konfransı çərçivəsində fövqəladə görüş keçirdilər. Heç biri Əsəd rejiminin çökməsini istəmirdi. Onlar hərbi əməliyyatların dayandırılmasına və on il əvvəl qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanan mərhələli siyasi keçidə çağıran bir bəyanat yaydılar. Bunun üçün Əsədin razılığı və iştirakı lazım idi, amma ciddi problem vardı: heç kim ona yetişə bilmirdi. Görünür, telefonunu söndürmüşdü.
Son saatlarında onunla birlikdə olan ətrafından bir şəxs mənə aşağıdakı hekayəni danışdı. Regionda yaşamağa davam etdiyi üçün adının açıqlanmamasını xahiş etdi.
Əsəd təxminən axşam saat 6-da paytaxtın əl-Malki məhəlləsində yerləşən şəxsi iqamətgahına qayıtdı. O, sakit görünürdü və bildirdi ki, az əvvəl əmisi oğlu İhab Məxlufu arxayın edib — guya narahat olmağa dəyməz, BƏƏ və Səudiyyə Ərəbistanı üsyançıların irəliləyişini dayandırmağın bir yolunu tapacaqlar. Məxluf həmin gecə avtomobillə Livana qaçarkən güllələnərək öldürüldü.
Axşam saat 8-də xəbər gəldi ki, Hüms üsyançıların əlinə keçib. Bu, ətrafdakıları vahiməyə saldı. Amma Əsəd köməkçilərini əmin etdi ki, rejim qüvvələri paytaxtı mühasirəyə alıb müdafiə etmək üçün cənubdan gəlirlər. Bu, doğru deyildi və mənbələrim Əsədin buna özü inanıb-inanmadığını deyə bilmədilər. Sonrakı saatlarda o, ümidsizliklə “qələbə yaxındır” kimi xəyali arxayınlıqlar arasında tərəddüd edirdi — bu ruh halı Berlində Fürerbunkerdə Hitlerin son günlərindən bəhs edən “Çöküş” (Azərbaycanda “Bunker” adı ilə tanınır - Press klub) filmini izləyənlərə tanışdır.
Axşam saat 11-dən bir az sonra Əsədin ən yaxın köməkçilərindən biri olan Mənsur Əzzam kiçik bir rusiyalı rəsmi qrupla evə gəldi. Onlar Əsədlə danışmaq üçün bir otağa çəkildilər. Mənbəm deyir ki, ruslar Əsədə rejim qüvvələrinin artıq döyüşmədiyini sübut edən videolar göstərirdilər.
Gecə saat 1-ə yaxın xəbərlər yayıldı ki, rejimin bir çox tərəfdarları mübarizədən əl çəkib paytaxtı tərk edir və ələvilərin əsas bölgəsi olan Suriya sahillərinə qaçırlar.
Saat 2-də Əsəd şəxsi otağından çıxdı və illərdir onun sürücüsü olan adama dedi ki, ona mikroavtobuslar lazımdır. O, heyətə əşyalarını mümkün qədər tez yığmağı əmr etdi. Evin qarşısında bir qrup rus var idi.
Həmin ana qədər ətrafdakılar Əsədin prezident sarayına gedib tərəfdarlarına müqavimət çağırışı ilə çıxış edəcəyinə inanırdılar. İndi isə, nəhayət, başa düşdülər ki, savaş bitib. Əsəd onları həmişəlik tərk edir. O, bu dəfə iki köməkçisi və oğlu Hafizlə birlikdə ön qapıya doğru getdi. Digərlərinə isə yer olmadığı bildirildi.
Əsədin orta yaşlı sürücüsü qapının yanında dayanmışdı və üzündə açıq-aşkar məyusluq ifadəsi vardı.
- Bizi doğrudan da tərk edirsən? — deyə o soruşdu.
Əsəd ona baxdı. Bu son anda belə, ölkəsinin başına gələnlərə görə məsuliyyəti üzərinə götürmədi. O, tərəfdarlarına xəyanət etmirdi — onun fikrincə, xəyanəti edən onlar idi: hakimiyyətini uzatmaq üçün həyatlarını qurban verməkdən imtina edənlər.
— Bəs siz? — Əsəd sürücüdən soruşdu. — Döyüşmək istəmirsiniz?
Sonra arxasını çevirib, gecənin qaranlığına çıxdı. Ruslar onu gözləyirdi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada