Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Bellanın qorxulu hekayəti: fırıldaq və rüşvət, məşum porno, dəhşətli son...
Hökmdən sonra kamerasına qayıdıb, ulamağa başladı

Stalinin ölümündən sonra SSRİ-də siyasi mühit xeyli yumşaldı. Bu, məhkəmələrin çıxardığı ölüm hökmlərinin statistikasında da özünü göstərdi, xüsusən də qadınlara münasibətdə. Stalindən yalnız 25 il sonra, 1978-ci ildə bir qadına ölüm hökmü çıxarıldı. İkinci dünya müharibəsi zamanı almanlarla əməkdaşlıq edərək 1500 sovet hərbi əsirini və mülki şəxsi güllələyən Antonina Makarova haqqında daha əvvəl müəllif məqaləsi paylaşmışdıq. 1980-ci illərdə daha iki qadın edama məhkum edildi. Onlardan biri “sosialist əmlakının mütəmadi oğurlamağa” görə güllələnən Bella Borodkina idi. 

Mətbəx sirləri

Gələcəyin “Gelencik kraliçası” Bella Borodkina — doğuşdan adı Berta Korol — 1927-ci ildə anadan olub. O, Ukraynanın Bila Çerkva şəhərciyində yaşayan varlı çəkməçinin ailəsində dünyaya gəlmiş on uşaqdan biri idi. Kiçik yaşlarından özünü hamıya Bella kimi təqdim edirdi — Berta adı ona qətiyyən xoş gəlmirdi. Həmyaşıdlarından onu elmə marağı və inadkarlığı fərqləndirirdi, lakin sovet-alman müharibəsi səbəbindən doqquzuncu sinfi belə bitirə bilmədi.

Bununla belə, Kubanda uzun müddət bir “qorxu hekayəsi” dolaşırdı: guya Bella daha əvvəl doğulub və müharibə illərində almanlara fəal kömək edib. Deyilənə görə, o dövrlərdən qolunun ön hissəsində döymə də qalmışdı və Bella sonradan onu dəri parçası ilə birlikdə kəsdiribmiş... Lakin Borodkinanın bu “bioqrafiyası” sənədlərlə təsdiqlənməyib.

Müharibə başa çatdıqdan sonra Bella təhsilə vaxt sərf etməməyə qərar verdi: Odessaya köçərək Ayzinberq soyadlı bir şəhər sakini ilə evləndi. Ancaq darıxdırıcı ailə həyatı tezliklə onu bezdirdi — 1951-ci ildə sevmədiyi ərini tərk edib, Gelencikə köçdü. Orada o, yenidən ailə qurdu, bu dəfə ehtiyatda olan üçüncü dərəcəli kapitan Borodkinlə, lakin bir neçə ildən sonra dul qaldı. Bundan sonra daha dörd dəfə ərə getdi.

Bella “çörəkli” peşə seçdi — Gelencikdəki kafelərdən birində ofisiant işləməyə başladı. İstirahətə gələnlər adətən xəsislik etmir, gülərüz qıza səxavətlə bəxşiş verirdilər. Amma Borodkinanın zahiri xoşrəftarlığı aldadıcı idi — onun arxasında məqsədyönlülük və prinsipsizlik gizlənirdi. Bella ofisiantlıqla kifayətlənmək fikrində deyildi və sürətlə karyera pillələri ilə yüksəlirdi: əvvəl bufetçi, sonra isə kafe müdiri oldu.

Borodkina kifayət qədər diribaş idarəçi çıxdı: ilk növbədə aşpazlara ət yeməklərinə qənaət etməyi öyrətdi. Məsələn, kotletlərə bir az artıq çörək və ya yarma qatılarsa, sovet vətəndaşının bunu hiss etməsi çətin olardı. Bu “əməliyyatlardan” sonra qalan əti Bella kənara satırdı — ondan kotletdən daha çox gəlir gətirən kabab hazırlanırdı. Təqribi hesablamalara görə, təkcə bu sadə sxem bir neçə il ərzində Borodkinanı təxminən 80 min rubl varlandırmışdı.

Hiyləgər müdir hətta çay dəmləməsinə belə qənaət edirdi: o, mətbəx işçilərinə çaya lazımi rəngi vermək üçün onu karamelizə olunmuş şəkərlə qarışdırmağı şəxsən öyrədirdi. Resept üzrə nəzərdə tutulan kərə yağının payı isə Borodkinanın nəzarəti altında yarıbayarı azaldılırdı.

Gelencik kraliçası

Sonsuz maxinasiyalar qurarkən Bella təftiş orqanlarının qəzəbinə tuş gəlməkdən dəhşətli dərəcədə qorxurdu. Bu isə asanlıqla baş verə bilərdi, istirahətçilərə vaxtı keçmiş və ya keyfiyyətsiz yemək verilsəydi. Buna görə də Borodkinanın adamları xama və ya südə su qatarkən, bunu yalnız qaynadılmış su ilə edirdilər. Sahibəyə qaynadılmamış su istifadə edənlər barədə xəbər çatdırılsaydı, onları cərimə və hətta işdən çıxarılma gözləyirdi.

Bu zaman işçilərin mənəvi keyfiyyətləri Borodkinanı az maraqlandırırdı — maaşlarından fərqli olaraq. Onun kafesində çalışan hər bir əməkdaş qazancının bir hissəsini müdirə verməyə borclu idi və bunun hesabına Bella dəbdəbəli həyat sürürdü. Özünü yerli kraliça kimi hiss edən Bella var-dövlətini gizlətmirdi — o, xəzləri, gözəçarpan zinət əşyalarını və gənc kişiləri sevirdi, simpatiya qarşılığında hədiyyələrə xəsislik etmirdi.

Dəbdəbəyə sevgisinə görə Gelencik sakinləri Borodkinanı “şaxinya” (şahbanu) adlandırırdılar. Fırıldaqçını yaxından tanıyanlar isə ona arxasınca “Dəmir Bella” deyirdilər. Elə-belə deyildi — iradəli xarakteri sayəsində Bella 1974-cü ildə yerli restoran və yeməkxanalar trestinin rəhbərinə çevrildi, başqa sözlə, bütün kurort şəhərinin ictimai iaşə təsərrüfatının sahibi oldu.

Borodkina rəqiblərə dözümü yox idi və onlardan məkrli üsullarla qurtulurdu. Kurortçuların həm yaşadığı, həm də qidalandığı fərdi sektora şahbanu istirahətçi qiyafəsində öz adamlarını göndərirdi. Onlar kirayə evlərə yerləşir, ev yeməklərindən dadandan sonra zəhərlənmə səhnəsi qurur, sonra isə nəzarət qurumlarını şikayətə tuturdular. Yoxlamalar və cərimələr qonaqların yeməyindən qazanc əldə etmək istəyən fərdi sahibkarların sayını sürətlə azaldırdı.

Stəkanın dibindəki fırıldaq

Bu arada restoran trestinin rəhbəri vəzifəsi Borodkinaya qeyri-qanuni qazanc üçün yeni üfüqlər açdı: Dəmir Bella sovet vətəndaşlarının istirahətinin alkoqollu hissəsi ilə məşğul olmağa başladı. Bundan pul qazanmaq isə olduqca asan idi. Gelencik əyləncə məkanlarının sərxoş qonaqları axşamın sonunda xərclərini hesablamağı dayandırırdılar — ofisiantlar isə onları fəal şəkildə aldatmağa başlayırdılar.

Lakin spirtli içkidən qızışmış kurortçular fırıldaqçıları əlüstü yaxalaya bilsələr də, qatışdırılmış tünd alkoqolu və şərabı ümumiyyətlə hiss etmirdilər. Bu da təəccüblü deyildi — çünki məsələn, həmin konyakı Borodkinanın adamları heç də su ilə qarışdırmırdılar. Nəcib içkiyə səxavətlə çovdar arağı əlavə olunurdu; onun dadı elə idi ki, konyakın içində hiss etmək demək olar ki, mümkün deyildi. Bu alkoqol fırıldağının son dərəcə gəlirli olduğunu təxmin etmək çətin olmamalıdır. 

Sadə istirahətçiləri aldadan Dəmir Bella eyni zamanda güc sahiblərini razı salmağa da çalışırdı. Gelencikə ciddi və nüfuzlu bir şəxs gələndə Borodkinanın ən təzə defisit məhsullar və elit alkoqoldan ibarət eksklüziv menyusu olurdu. Restoranlardakı furşetlərdən əlavə, dələduz qadın mühüm qonaqlar üçün kruiz teploxodlarının göyərtəsində süfrələr açır, turist səfərlərində pikniklər təşkil edirdi. Üstəlik, lazımi əlaqələrə malik olan Dəmir Bella məmurları yüngül əxlaqlı qızlarla da asanlıqla təmin edə bilirdi ki, onların Gelencik haqqında ən xoş xatirələri qalsın.

Məşum porno

Borodkinanın səyləri hədər getmədi: o, tədricən hakimiyyətin ən yüksək eşelonlarında nüfuzlu himayədarlar qazandı; yerli partiya liderləri və SSRİ-nin Sosialist Əmlakının Dağıdılması ilə  Mübarizə Şöbəsinin (OBXSS) müfəttişləri də istisna deyildi. Onları dəbdəbəli süfrələr az maraqlandırırdı — şahbanu tərəfindən müntəzəm olaraq zərflərdə verilən rüşvətə üstünlük verirdilər.

Dəmir Bellanın “yemlədiyi” şəxslər arasında Sov.İKP-nin Gelencik şəhər komitəsinin birinci katibi Nikolay Poqodin də var idi. Deyilənə görə, hətta “Kubanın sahibi” —Krasnodar vilayət partiya komitəsinin birinci katibi Sergey Medunov da ondan pul alırdı. Hər necə olsa da, Medunov Borodkinadan çox razı idi; heç olmasa ona görə ki, o, yüksək vəzifəli qonaqları daim öz hesabına yedirdir, vilayət büdcəsindən bir qəpik belə tələb etmirdi.

Lakin 1981-ci ildə bütün əlaqələrinə baxmayaraq, Gelencikin kraliçası ilə hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olmağa başladılar. Üstəlik, o, heç də restoran fırıldaqlarına görə tutulmadı — məlum oldu ki, Dəmir Bella şəhər kafelərindən birində porno filmlərin qapalı nümayişlərini təşkil edibmiş. Təbii ki, ora hamını buraxmırdılar — yalnız dəvətlə və xeyli məbləğ müqabilində.

Amma Gelencikin laqeyd olmayan bir sakini gizli kinoteatrdan xəbər tutdu. Şəhər əhalisinin əxlaqı naminə mübarizə apardığını deyən kişi prokurorluğa şikayət etdi — və kafe əməkdaşları tezliklə cinayət başında yaxalandılar. Onlar da susmadılar və nümayişlərin Borodkinanın xəbəri ilə keçirildiyini, gəlirin bir hissəsini ona verdiklərini danışdılar. Formal olaraq məhz bu andan etibarən Dəmir Bella sovet ədalətinin hədəfinə çevrildi.

Əslində isə hüquq-mühafizə orqanlarının ona marağının səbəbləri daha dərin idi. Məsələ burasındadır ki, həmin vaxt Kubanda KQB  rəhbəri Yuri Andropovun şəxsən təşəbbüsü ilə başladılmış genişmiqyaslı “Krasnodar işi” — rüşvətxorlar və korrupsionerlərə qarşı əməliyyat sürət yığırdı. Şərtlər elə gətirdi ki, Bella Borodkina ibrəti-aləm xarakterli məhkəmə prosesində müttəhimlik qismət oldu.

Gözlənilməz qonaqlar

Gizli kinoteatrın darmadağın edilməsindən az sonra trest rəhbərinin evinə asayiş keşikçiləri gəldilər. Gəliş məqsədini öyrənən Dəmir Bella əməliyyatçıların üzünə sadəcə güldü və qapını çırpıb bağladı. Milislər qapını sındırıb evə daxil olanda belə, o, toxunulmazlığına əmin olaraq qalırdı. Sakit və soyuqqanlı Borodkina mövqeyində israr edir, gözlənilməz qonaqlardan davranışlarına görə üzr tələb edirdi. Lakin onlar çəkinib eləmədilər və axtarışa başladılar.

Elə əvvəldən aydın idi ki, axtarış istintaqa çox maraqlı faktlar verəcək: Gelencikin kraliçasının evinin daxili tərtibatı dəbdəbəsi ilə heyrət doğururdu. Hər yerdə büllur qablar düzülmüşdü, şkaflar xəz və dəbli geyimlə, mücrülər isə qiymətli zinət əşyaları ilə ağzınadək dolmuşdu... Amma əməliyyatçıların əsas “şikarı” ağzınadək pulla doldurulmuş çoxsaylı şüşə bankalar oldu. Ev sahibi onları zirzəmidə qış üçün hazırlanmış konservlərin arxasında və həyətdə kərpic yığınlarının arasında gizlədirdi. Sonradan pul bağlamaları radiatorların arxasında və divarlarda — bahalı xalçaların altında da tapıldı. Nəticədə Dəmir Bellanın evində aparılan axtarış 500 min rubldan — o dövr üçün nəhəng məbləğ — artıq pul və qiymətli əşyaların müsadirəsi ilə nəticələndi.

Bəzi məlumatlara görə, şahbanu nağd pulu həmişə bu qədər səylə gizlətmirdi: bunu yalnız 70-ci illərin sonunda mənzili qarət olunduqdan sonra etməyə başlamışdı. Bella uzaqgörənlik etməyərək oğurluq barədə milisə müraciət etmişdi. Mənzil oğrusu tezliklə tapıldı və etiraf etdi ki, onun qəniməti xeyli böyük məbləğ — 20 min rubl olub. Lakin məhkəmədə Borodkina oğrunun ifadəsini təkzib etdi və dedi ki, ondan cəmi iki min rubl oğurlanıb, həmin məbləğin yarısını isə ümumiyyətlə borc götürmüşdü. O vaxt isə ədalət orqanlarının Dəmir Bellaya əlləri çatmadı.

Birtərəfli səyahət

Borodkinanı istintaq təcridxanasına aparanda o, təəccüb içində idi və öz bildiyini deyirdi — guya xoşagəlməz bir səhv baş verib və bu, bir neçə saata həll olunacaq... Bir ay keçdi. Məhbus qadın dindirmələr zamanı ona işgəncə və təhqirə məruz qalmasından şikayət etməyə başladı. Dəmir Bella deyirdi ki, hər axşam onu amansızcasına döyürlər və bütün dişlərini sındırıblar. Həbsdən bir müddət sonra Borodkinanı görən qohumları qeyd edirdilər ki, vaxtilə hər şeyə qadir olan şahbanu xeyli zəifləyib. O, əbəs yerə dəlilik görüntüsü yaratmağa çalışdı — təcrübəli psixiatrlar hiyləni tez başa düşdülər.

Bütün bunlara baxmayaraq, Bella yenə də qüdrətli himayədarlarının işə qarışıb onu azad edəcəyini gözləyirdi. Lakin onun təşkil etdiyi ziyafətlərdə böyük məmnuniyyətlə iştirak edənlər indi kənara çəkilməyi və Andropovun idarəsinin diqqət mərkəzinə düşməməyi üstün tutdular. Üstəlik, Borodkina böyük adamların çoxlu sirlərini bilirdi — və bir çoxları üçün onun aradan götürülməsi yalnız sərfəli idi. “Kubanın sahibi” Medunov da onu xilas etmədi: Dəmir Bellanın onun üçün necə canfəşanlıq etdiyini tez unutdu.

Borodkinanın “yemlədiyi” Gelencik şəhər komitəsinin birinci katibi Poqodinə gəlincə isə, o ümumiyyətlə itkin düşdü. 1982-ci ilin iyunun ortalarında Poqodin Medunovun qəbulunda olmuş, sonra isə dəniz sahilinə gəzməyə getmiş və yoxa çıxmışdı. Müxtəlif şayiələr dolaşırdı: məsələn, guya Nikolay hansısa gəmi sahibiylə razılaşıb və o, onu xaricə keçirib. Daha bədbin versiyalar da vardı: onlardan birinə görə, Poqodin ən yüksək səviyyədəki maxinasiyaların “artıq” şahidinə çevrilmiş və öldürülmüşdü.

Hər necə olsa da, o vaxtdan bəri şəhər komitəsinin birinci katibini bir daha görən olmadı. Halbuki Poqodin yoxa çıxmasaydı, mütləq cinayət işinin fiqurantı olacaqdı. Çünki Dəmir Bellanın işi üzrə ittiham aktında deyilirdi: “Son iki il ərzində [1979–1981-ci illər] şəhər partiya komitəsinin katibi Poqodinə qiymətli əşyalar, pul və məhsullar şəklində 15 min rubl verilib”. Əsas himayədarlarından birinin itkin düşməsindən sonra Borodkina qəti anladı ki, ona köməyə gələn olmayacaq.

Son eniş

Borodkinanın işi 20 cilddən ibarət idi; onunla birlikdə 70 ortağı müttəhimlər kürsüsünə çıxarıldı. Trest rəhbəri özü ilə birlikdə Gelencik prokuroru Nikolay Kovalyovu da “dartıb apardı” — bildirdi ki, onun toy xərclərini ödəyib. Kovalyov özünü müdafiə etməyə çalışdı və hətta saxladığı xərc qəbzlərini təqdim etdi, lakin vəzifəsindən yenə də çıxarıldı. 

Borodkina hətta sudan quru çıxa bilməyəcəyini anlayanda da cəzanın nə qədər sərt olacağını təsəvvür edə bilmirdi. Doğrudur, o dövrdə ölüm hökmü formal olaraq qadınlara da tətbiq edilə bilərdi, praktikada iqtisadi cinayətlər sahəsində belə presedent olmamışdı. Buna görə də Dəmir Bellanı əmlakının müsadirəsi ilə 15 il azadlıqdan məhrumetmə gözləyirdi. 

Məhkəmənin hökmü — güllələnmə — hamı üçün gözlənilməz oldu, lakin Borodkinanı mənəvi cəhətdən tam sarsıtdı. Ruhdan düşmüş halda kamerasına qayıdaraq dəhşətli şəkildə ulamağa başladı. Ölümə məhkum edilmiş qadını xilas etməyə çalışan yeganə şəxs onun qızı oldu. Qız müxtəlif instansiyalara əfv ərizələri yazdı, lakin səylər nəticəsiz qaldı — hər yerdən rədd cavabı gəldi. Üstəlik, tam formal bir səbəblə: guya Borodkina azadlıqda olarkən mədəni-kütləvi və siyasi əhəmiyyətli tədbirlərdə iştirakdan imtina edib...

Keçmiş Gelencik kraliçası ömrünün son ilini Novoçerkassk həbsxanasında keçirdi. Ölüm hökmü 1983-cü ilin avqustunda icra olundu. Qısa müddət sonra Borodkinanın qızı son ərizəsinə də — anasının cəsədini götürüb torpağa tapşırmaq üçün — rədd cavabı aldı. Dəmir Bella dövlət hesabına, adsız bir məzarda dəfn edildi.

Redaksiyadan: SSRİ məhkəməsinin hökmü ilə güllələnən son qadın haqqında məqalə yaxın günlərdə paylaşılacaq. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada