Logo
news content
User
Kateqoriyalar

Analitika

Yeni səfirin köhnə-yeni missiyası
Azərbaycanlılar işğalçı müharibədən qorumalıdır…

Polad Bülbüloğlundan sonra Azərbaycanın Rusiyadakı səfirinin kim olacağı maraqla gözlənilirdi. Keçmiş mədəniyyət naziri, xalq artisti Bülbüloğlu nə az, nə çox, düz 18 il Azərbaycanı bu ölkədə təmsil edib. O, heç də qısa olmayan diplomatik karyerasını yalnız bir ölkədə başlayıb, elə oradan da təqaüdə çıxan bəlkə də yeganə diplomatdır.

Dünya təcrübəsində səfirlərin bir ölkədə uzunmüddətli diplomatik xidmətdə qalmasına az rast gəlinir. Onların yeri hər 2-4 ildən bir dəyişdirilir, yaxud yeni formalaşan hökumətlərdə siyasi postlara təyinatlar alır. Azərbaycanda da diplomatik xidmətdən dövlət qulluğuna, parlament fəaliyyətinə, yaxud əksinə, səfir, konsul vəzifələrinə göndərilən məmurlar olub.

Polad Bülbüloğlu bir ölkədə 18 il çalışmış yeganə məmurdur. Ondan sonrakı rekord hazırda həbsdə olan keçmiş baş prokuror, Azərbaycanın Serbiya və Montoneqrodakı səfiri olmuş Eldar Həsənova məxsusdur. Ömrünün 31 ilini diplomatik xidmətdə keçirmiş, hazırda bu sahədə fəaliyyətini davam etdirən Tamerlan Qarayevin də səfir olduğu ölkələrin sayı çox deyil. 

Təcrübə göstərir ki, səfirlərin rotasiyasındakı fərqlilik şəxslər və ya dövlətlərarası münasibətlərlə bağlıdır. Müğənni, xalq artisti Bülbüloğlu keçmiş SSR dövründən populyarlıq qazanan, Moskva və Bakı elitasında hörmətə malik şəxs kimi hamını qane edib. Böyük ehtimalla, onun təqaüdə göndərilməsi yalnız yaşla bağlıdır. Yəqin, ömrünün qalan hissəsini Qarabağ əhalisi adından Milli Məclisdə oturacaq...  

Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevin karyerasında Moskva həyatı, rus təhsil sistemli önəmli yer tutur. Prezident İlham Əliyev onu Niderlanddakı səfir vəzifəsindən geri çağıraraq Rusiya paytaxtına göndərib. 61 yaşlı R.Mustafayev Prezidentin təhsil aldığı Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində 1980–1985-ci illərdə təhsil alıb. Mümkündür ki, İlham Əliyev onu tələbəlik illərində tanıyıb və karyerasında bu tanışlıq mühüm rol oynayıb. O, 1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.1997–1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə yenidən Azərbaycanın Rusiyadakı səfirliyində işə qayıdaraq müşavir vəzifəsini tutub. 

R.Mustafayev bundan sonra karyera nərdivanında sürətlə irəliləyib: 2006-cı ilin may-noyabr aylarında Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub. 2006-cı ilin noyabrından 2009-cu ilədək Nazirliyin birinci ərazi idarəsinin direktoru işləyib.

Daha sonra Yunanıstana səfir postuna təyin olunub, 2017-ci ildə Albaniya, 2017-2022-ci illərdə Fransada, 2022-ci ildən bu günə kimi isə Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir kimi çalışıb.

Azərbaycan-Rusiya münasibətləri rəvan olsa da, indiki həssas geosiyasi dövrdə yeni səfirin qarşısında bir çox vacib məsələlər dayanır. Doğrudur, dövlətlərarası strateji mövzularla bağlı qərarlar ali rəhbərlik tərəfindən qəbul olunur, amma səfirin üzərinə düşən vəzifələr az deyil.

R.Mustafayev ilk növbədə Polad Bülbüloğlu dövründə yığılıb qalan problemlərin həlli ilə məşğul olmalıdır. Mediada yer alan çoxsaylı xəbərlərə görə, Rusiyadakı səfirliyimiz bu ölkədə yaşayan yüz minlərlə əmək miqrantı olan azərbaycanlının üzünə bağlı olub. Vətəndaşlarımızın hüquqlarının ən çox pozulduğu, qətlə yetirildiyi, həbs olunduğu ölkələrin başında Rusiya dayanır. Ötən 30 ildə minlərlə həmvətənimiz müxtəlif kriminal qruplaşmaların (onların içində azərbaycanlılar da az deyil) qurbanına çevrilib, əmlakı əlindən alınıb, qul kimi işlədilib, izsiz-tozsuz yoxa çıxıb, “bomj”a çevrilib. Çox təəssüf ki, ictimailəşən problemlər istisna olmaqla Azərbaycan səfirliyi əksər hallarda vətəndaşlarımızın hüquqlarını müdafiə etməyib. Hazırda çoxlu sayda azərbaycanlı Şimal qonşumuzda çətin durumdadır, sənədləri yoxdur, ailələri ilə əlaqə itib. Onların dövlətin köməyinə ehtiyacı var... Bu istiqamətdə çoxsaylı başqa problemləri də qeyd etmək olar. Yeni səfirin Rusiya azərbaycanlılarına müraciət edərək, Azərbaycan dövlətinin onların arxasında olduğunu xatırlatması, problemlərin həllinə dəstək olacağını vəd etməsi yaxşı olardı.

İkinci vacib məqamlardan biri Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının dağınıq olması, bu ölkənin ictimai-siyasi həyatında zəif rol oynamasıdır. Doğrudur, Rusiyada azərbaycanlı milyarderlər var, amma təəssüf ki, Dövlət Dumasına, mühüm vəzifələrə, yerli parlamentlərə seçilən şəxslər demək olar ki, yoxdur. Səfirlik onların fəaliyyətini koordinasiya edərək ictimai gücə, nüfuz qazanmasına dəstək ola bilər. Bu işə azərbaycanlı milyarderlərin cəlb olunması da böyük imkanlar yaradar.

Rusiyada diktatura ilə sərhədə yaxın sərt avtoritar idarəçilik olsa da, keçmiş ittifaq ölkələrindən gələn, yaxud SSRİ dövründən ölkənin biznes və ictimai həyatında kök salmış tanınmış insanlara münasibətdə diskriminasiya yoxdur. Habelə yüz minlərlə əmək miqrantının digər heç bir ölkədə mövcud olmayan yumşaq şərtlərlə bu ölkədə çörək qazanaraq ailəsinə göndərməsi Azərbaycanda iqtisadi fəallığın yaranmasında mühüm rol oynayır. Bu və ya sadalanmayan digər amillər diaspor təşkilatlarının gücləndirilməsi, Rusiya siyasi-ictimai həyatına daxil olması dövlətlərarası münasibətləri geosiyasi risklərdən sığortalayır. 

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsində dinamika yüksəkdir, builki statistik rəqəmlərə görə 4 milyard dolları geridə qoyub. Qarşılıqlı investisiyalar artır, Azərbaycanın aqrar sektoru üçün Rusiya bir nömrəli bazar olaraq qalır, yaxın gələcəkdə bu reallığın dəyişəcəyi gözlənilmir. Çünki regionun digər ölkələri Azərbaycan fermerlərinin istehsal etdiyi məhsullarla rəqabət aparır. Türkiyə, İran, Gürcüstan fermerləri kənd təsərrüfatı üçün daim bazarlar axtarır. 

Rusiya ilə bu istiqamətdə əlaqələrin daha da inkişaf etdirilməsi vacibdir, eləcə də humanitar, texniki sahələrdə də münasibətlərin yüksək səviyyədə saxlanılması dövlətin xarici siyasi prioritetlərinə uyğundur. 

Dövrün əsas problemləri sırasında Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədən dolayı sərtləşən qanunvericiliyinin azərbaycanlı miqrantlara təsir etməsidir. Məlumdur ki, Rusiya hökuməti miqrantları müharibəyə qoşulmağa həvəsləndirir, bəzi hallarda zorakı üsullarla təzyiq edir. Habelə, əmək miqrantları deport edilərək ölkədən qovulur. Rusiyadakı terror hadisələrindən sonra Tacikistan vətəndaşlarının kütləvi şəkildə deportasiya edilməsi buna əyani sübutdur.  

Bir sözlə, Azərbaycanın Moskvadakı yeni səfirinin qarşısında azərbaycanlıları müharibə təhlükəsindən qorumaq, onların qovulmasını əngəlləmək kimi çətin tapşırıq durur. Rusiyadakı həmvətənlərimiz nəhayət Azərbaycan dövlətinin onlara çox yaxın olduğunu hiss etməlidirlər...

Turqut