Logo
news content
User
Kateqoriyalar

Analitika

Tehranın “Tramp marşrutu” sancısı – İran niyə narahatdır?
Ekspert: Rusiyanın mövcudluğu onları bu qədər narahat etmirdi

İran açıq şəkildə “Tramp marşrutu”na qarşıdır. IRNA agentliyinin məlumatına görə, bu barədə İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistanın səfiri Qriqor Akopyanla görüşü zamanı bəyan edib.

İran lap əvvəldən Zəngəzur dəhlizinə qarşı olub, çünki Tehran regional sərhədlərin istənilən dəyişməsini rədd edir və xarici perimetr üzrə öz təhlükəsizliyinə yönələn təhdidlərə həssas yanaşır.

Bu dəhlizin reallaşdırılması İranın şimalında NATO-nun mövcudluğuna gətirib çıxara bilər ki, bu da İranın şimal bölgələri və Rusiyanın cənubu üçün ciddi təhlükəsizlik riskləri yaradar”, – iranlı məmur bildirib.

Vilayəti əlavə edib ki, “Tramp planı” mahiyyət etibarilə eyni layihədir, sadəcə adı dəyişdirilib və hazırda Amerika şirkətlərinin Ermənistana daxil olması yolu ilə irəli sürülür.

ABŞ-ın iqtisadi layihələr adı altında həssas regionlara nüfuz etmək təcrübəsi var. Zaman keçdikcə bu cür iştirak hərbi və güc strukturlarının mövcudluğuna çevrilir”, – Vilayəti vurğulayıb.

Ali rəhbərin müşavirinin bu sözlərinə necə qəbul etmək olar? Bu, İranın siyasi elitasının konservativ hissəsinin mövqeyinin ifadəsidirmi? Xatırladaq ki, nə prezident Pezeşkian, nə də xarici işlər naziri Araqçi indiyədək Zəngəzur dəhlizi, eləcə də Əliyev və Paşinyanın Vaşinqtonda görüşündən sonra “Tramp marşrutu” adlandırılan layihə ilə bağlı mənfi qiymətləndirmə verməyiblər. İran siyasətinin konservativ qanadının bu münasibəti layihənin həyata keçirilməsi imkanlarına necə təsir göstərə bilər? Üstəlik, unutmayaq ki, Zəngəzur dəhlizinin paralel variantı İran ərazisindən keçməklə Araz çayının cənub sahili boyunca inşa olunur.

Bununla bağlı Pressklub.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə ilk növbədə xatırladıb ki, Vilayətinin bu cür bəyanatları ilk dəfə səslənmir. 

Bu açıqlama İran isteblişmentinin konservativ hissəsinin regionda, xüsusən də TRIPP layihəsinin reallaşdırılması ətrafında baş verən prosesləri necə qavradığını əks etdirir. Halbuki icra hakimiyyətinin nümayəndələri – həm Pezeşkian, həm də Araqçi dəfələrlə bildiriblər ki, Ermənistan tərəfdən bu tranzit marşrutunun xarakteri ilə bağlı dolğun izahat alıblar və İran üçün hər hansı təhlükə görmürlər. Bu isə onu göstərir ki, İran siyasi isteblişmenti daxilində xarici və daxili siyasətin müxtəlif məsələləri üzrə mövcud olan ziddiyyətlər TRIPP məsələsində də öz əksini tapır.

Xarici mövcudluq məsələsinə gəldikdə, diqqəti ona yönəltmək istərdim ki, bütün bu müstəqillik illəri ərzində (mən hələ əvvəlki dövrü demirəm) İran–Ermənistan sərhədini Rusiya sərhədçiləri qoruyur. Bu, Rusiya sərhədçilərinin aktiv fəaliyyət zonasıdır. Maraqlıdır ki, İran bu xarici mövcudiyyəti öz maraqlarına təhlükə kimi qəbul etmir. Vilayəti bildirir ki, onlar layihənin reallaşdırılması ilə bağlı istənilən xarici müdaxiləyə qarşıdırlar. Halbuki artıq tarixə qovuşmuş Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, orada məhz Rusiya sərhədçiləri dayanmalı və dəhlizin təhlükəsizliyinə tam nəzarəti təmin etməli idilər. Nədənsə, İran o zaman bundan narahat deyildi”, – ekspert vurğulayıb.

Vəlizadənin sözlərinə görə, ümumilikdə götürdükdə iranlıların ABŞ və NATO qüvvələrinin regionda mümkün mövcudluğundan narahat olması başadüşüləndir. Lakin burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, söhbət marşrutun Ermənistanın suveren ərazisindən keçməsindən gedir. “Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, bu ərazi ilə bağlı başqa niyyəti yoxdur, onu ələ keçirmək və ya özünə birləşdirmək fikrində deyil. Ərazi Ermənistanın suveren ərazisi olduğuna görə, orada kimə konsessiya vermək və bu dəhlizdən necə istifadə etmək hüququ məhz İrəvana məxsusdur. ABŞ bu layihəyə Ermənistana təzyiq və ya hücum nəticəsində deyil, Ermənistan tərəfinin yolu idarə etmək üçün amerikalı operatoru cəlb etməyə könüllü razılığı əsasında daxil olur. İran tərəfinin narahatlıqları isə tamamilə əsassız və yersizdir. Üstəlik, bu, rəsmi Tehranın deyil, məhz konservativ qrupların mövqeyidir. Razılaşın ki, Azərbaycan və ya Ermənistanın qonşu İranda həyata keçirilən layihələrə mənfi reaksiya verməsi qəribə olardı.

İran ərazisindən keçən Araz dəhlizinə gəldikdə, bu, paralel marşrutdur. Açıq görünür ki, Tehran yüklərin və ticarət axınının Ermənistan deyil, məhz İran üzərindən keçməsində maraqlıdır. Bu baxımdan onların narahatlığını müəyyən qədər anlamaq olar. Yəqin, İranın bu cür qeyri-məntiqi tələblə çıxış etməsinin səbəbi də elə budur. Amma bir daha qeyd edim ki, söhbət rəsmi Tehrandan deyil, İranın konservativ dairələrindən gedir”, – İlqar Vəlizadə yekunlaşdırıb.

Rauf Orucov