Logo
news content
User
Kateqoriyalar

Analitika

Sahibkarları “daş dövrünə” qaytarırlar...
Tender və kotirovka sorğularında iştirak niyə əngəllənir?

Dövlət qurumlarının elan etdiyi tender və kotirovka sorğularında iştirak etmək istəyən sahibkarlar böyük əngəllə üzləşiblər. Bu barədə Pressklub.az-a müraciət edən sahibkarlardan biri məlumat verib. Mənbə qeyd edib ki, problemin mənbəyi Nazirlər Kabinetinin 3 noyabr tarixində verdiyi qərardır...

Qaydalara görə, tenderlərdə və kotirovka sorğularında iştirak etmək üçün biznes subyekti öz kateqoriyasını müəyyən etmək məqsədilə dövlət qurumlarından arayış almalıdır. Nazirlər Kabinetinin qərarından əvvəl məsul qurum Dövlət Statistika Komitəsi (DSK) olub. Sahibkarlar bu quruma onlayn müraciət edib, cəmi bir neçə saniyə ərzində arayış əldə edirdilər. Heç bir ödəniş, vaxt itkisi baş vermirdi. Amma indi DSK-nın məlum elektron xidmətinə müraciət etdikdə həmin bölümə bu elan yerləşdirilib:

“Sahibkarların nəzərinə! 

Bildirilir ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kateqoriyalarına aid edilməsi “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 noyabr tarixli 327 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müraciət etməyiniz xahiş olunur”.

Sahibkar bildirişə uyğun olaraq İqtisadiyyat Nazirliyinin 195 çağrı mərkəzinə müraciət edir. Oradan isə bildirilir ki, bu funksiya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) həvalə olunub.  

Agentliyə müraciət edən sahibkarlara bildirilib ki, sorğulara e-mail vasitəsilə, 15 iş günü ərzində cavab veriləcək.

Məlumdur ki, Azərbaycanda dövlət satınalmalarında iştirak üçün tender müraciətləri üçün 20, kotirovka sorğularına isə 10 günlük müddət qoyulur. İddia olunduğu kimi, KOBİA-nın müəyyən etdiyi 15 günlük vaxt xidmət sektoru təmsilçilərini avtomatik olaraq kotirovka sorğularında iştirakdan məhrum edir. Məsələn, mart ayında cəmi 13 gün iş günü var, belə çıxır ki, gələn ay heç bir subyekt dövlət satınalmalarında iştirak edə bilməyəcək... Nəzərə almaq lazımdır ki, sahibkar başqa sənədləri də toplamalıdır və bunun üçün də vaxt lazımdır. Sahibkar Nazirlər Kabinetinin qərarının məntiqini sorğulayır: DSK bu işi rahat və operativ gördüyü halda, dəyişikliyə ehtiyac nə ilə bağlıdır?

Həm də sual olunur ki, ölkə prezidenti müşavirə keçirib idarəetmədə rəqəmsallaşma, elektron hökumətin daha da təkmilləşdirilməsi, süni intellektin imkanlarından istifadə olunmasını tələb etdiyi halda, Nazirlər Kabineti, KOBİA sahibkarları niyə “daş dövrünə” qaytarır?

Əsas suallardan biri də İqtisadiyyat Nazirliyinə ünvanlanır:

Sahibkarların, biznes subyektlərinin bütün məlumatları bu quruma tabe olan Dövlət Vergi Xidmətində elektron qaydada mövcuddur. O zaman KOBİA hansı zərurətdən elektron xidmətdən imtina edir və sorğulara cavab üçün 15 günlük vaxt təyin edir? 

İqtisadçı Rövşən Ağayev Pressklub.az-a şərhində bildirib ki, atılan addım hökumətin kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı rəsmi bəyanatları ilə ziddiyyət təşkil edir. “Bu, mahiyyət etibarilə bürokratik prosedurdur və kiçik və orta sahibkarlıq subyektlərini satınalmalardan kənarda saxlayan yolverilməz yanaşmadır”, - o qeyd edib.
İqtisadçının sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi qərarda sahibkarlıq subyektlərinin meyarlar üzrə bölgüsü aydın şəkildə müəyyən edilib. Həmin meyarlara əsasən:
1–10 işçisi və illik dövriyyəsi 200 min manatdan az olan subyektlər mikro sahibkarlıq sayılır;
11–50 işçisi və müəyyən edilmiş hədd daxilində illik dövriyyəsi olanlar isə kiçik və ya orta sahibkarlıq kateqoriyasına aid edilir.
Qanunvericilikdə meyarlar konkret göstərildiyi halda, yeni qaydalara uyğunlaşmaq üçün sahibkarlara cəmi 15–20 gün müddət verilməsi faktiki olaraq onların geniş tətbiq olunan satınalma mexanizmlərindən kənarda qalmasına səbəb olur.
R.Ağayev bildirir ki, əslində problemin həlli kifayət qədər sadədir: “Kiçik və orta sahibkarlıq subyektlərinin onlayn reyestri yaradıla bilər. Bu reyestr vergi orqanlarının məlumat bazası əsasında formalaşdırıla bilər. Çünki Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan iki əsas göstərici – işçi sayı və dövriyyə artıq vergi orqanlarında mövcuddur. Vergi qanunvericiliyinə görə, 5 və ya 20 faiz vergi tətbiqi də məhz bu göstəricilərə əsaslanır və vergi xidməti həmin məlumatları mütəmadi olaraq izləyir”.
İqtisadçı vurğulayır ki, belə olan halda, məlumatların ayda bir dəfə və ya ən azı rübdə bir yenilənməsi ilə vahid reyestr formalaşdırmaq mümkündür. Onun sözlərinə görə, tender zamanı satınalan təşkilat həmin reyestrə daxil olaraq konkret subyektin hansı kateqoriyaya aid olduğunu birbaşa yoxlaya bilər. Bu halda sahibkardan əlavə arayış tələb edilməsinə ehtiyac qalmaz:
“Məsələnin həlli mexanizmi sadə olsa da, görünən odur ki, tətbiq edilmir. Rəsmi təbliğata baxmayaraq, bürokratik maneələr hələ də qalmaqdadır. Qeyd edək ki, 2019-cu ildə qəbul edilən yeni “Dövlət satınalmaları haqqında” qanunun müzakirəsi zamanı kiçik və orta sahibkarlığın satınalmalarda daha rahat iştirakını nəzərdə tutan ayrıca müddəalar mövcud idi. Lakin praktikada bu mexanizmlər arxa plana keçib və gözlənilən nəticəni verməyib”.

Turqut