Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyanın yuxulu fantaziyaları: Bakıda Türkiyə bazası, “Artsaxda” erməni hərbçiləri
“Politnaviqator” portalı iddia edir ki, Azərbaycan və Ermənistan hərbçiləri birgə təlim keçəcəklər

Rusiyanın “Politnaviqator” portalı ABŞ vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfərinin yekunlarına dair öz “yekunlarını” açıqlayıb. Nəşrdə iddia olunur ki, Vens Azərbaycan və Ermənistana səfər etməklə, faktiki olaraq Mərkəzi Asiyanın ələ keçirilməsi, eləcə də İran və Rusiya ilə müharibə üçün tramplin hesab edilən Cənubi Qafqazdakı yeni “mülklərə” baxış keçirib.

“Sülh Şurası”nın çağırılan Ermənistan və Azərbaycan rəhbərlərinin başlarını aşağı salıb dərhal ora qaçdıqlarını nəzərə alsaq, bu səfər yeni ərazilərdə nəzarəti möhkəmləndirmək məqsədi daşıyırdı. Üstəlik, hazırda Sünikdə “Tramp marşrutu” işə salınır. Bu da yankilərin (amerikalı müstəmləkəçilərə verilən ləqəb – red.) Çindən Aİ ölkələrinə uzanan Transxəzər dəhlizi üzərində nəzarətini təmin etməlidir. Vens yerli elitalarla onların bundan sonrakı davranışlarının detalları barədə razılaşmalar aparıb.

Bu, hakim dairələrin bu dəfə artıq Vaşinqtonun idarəçiliyi altında Rusiyadan qəti şəkildə uzaqlaşmaq və “türk inteqrasiyası”nı sürətləndirmək istəklərində açıq siyasi dəstək jestidir. Paşinyan və Əliyev bu kursun canlı təcəssümü olduqlarından, onların hakimiyyətinin möhkəmləndirilməsi də Tramp administrasiyasının maraq dairəsinə daxildir.

Bu səbəbdən Vens yekun mətbuat konfransında qarşıdan gələn seçkilərdə Paşinyanı dəstəklədiyini gur səslə bəyan etdi və bununla da faktiki olaraq ölkənin daxili işlərinə müdaxilə edərək Ermənistanın ABŞ-ın təsir dairəsində olduğunu göstərdi”, – məqalədə vurğulanır.

“Politnaviqator” yazır ki, İrəvanın Moskvadan uzaqlaşdırılması istiqamətində ən real addım tərəflər arasında nüvə energetikası sahəsində dinc əməkdaşlıq haqqında memorandumun imzalanması olub: “Bu, hələ sovet dövründən qalan AES-in ləğvini və respublikanın Türkiyənin enerji şəbəkələrinə qoşulmasını nəzərdə tutur. Biz rusiyalı biznesmen Samvel Karapetyanın “Ermənistanın elektrik şəbəkələri” şirkətinin “milliləşdirilməsi”ni şərh edərkən bunun baş verəcəyini dəfələrlə yazmışıq.

Əvəzində, Vaşinqton kasıb İrəvana 9 milyard dollara başa gələcək modul tipli AES tikməyi təklif edib. Bəlkə də qeyri-mükəmməl texnologiya və belə obyektlərin inşasında təcrübə çatışmazlığı səbəbindən bu stansiya ümumiyyətlə tikilməyəcək. Bu, Ukraynanı NATO və Aİ-yə üzv etməklə bağlı əvvəlki vədlər kimi yalandır və Ermənistanı cənubdan Rusiyaya qarşı açıq cəbhəyə qoşmaq məqsədinə xidmət edir”.

Ağ Ev Bakı üçün isə regionda “əsas nəzarətçi” rolunu hazırlayıb. Çox güman ki, “Tramp marşrutu”nun təchiz edilməsi və işə salınması ilə bağlı xərcləri də məhz Azərbaycan öz üzərinə götürəcək. Vens və Əliyev bu məqsədlə Strateji tərəfdaşlıq Xartiyasını imzalayıblar. Sənəddə ABŞ Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təminatçısı elan olunur, eyni zamanda müdafiəni möhkəmləndirmək və energetika ilə texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyəti bəyan edilir.

Vensin Əliyevi eyni vaxtda həm Ankara, həm də Təl-Əvivlə münasibətlər quran, zamanında ABŞ ordusuna dəstək göstərmək məqsədilə öz bölmələrini Əfqanıstana göndərən unikal prezident kimi qeyd etməsi təsadüfi deyil”, – məqalədə bildirilir.

“Politnaviqator”un əsas yuxulu fantaziyaları isə bundan sonra başlayır. Nəşr iddia edir ki, əslində Xartiyanın imzalanması ilə Bakı yaxınlığında ən böyük Türkiyə bazasının tikintisinə faktiki razılıq verilib. Guya, bu baza Rusiyanı Xəzərdə “təcrid etmək” və ABŞ-ın Mərkəzi Asiyaya irəliləməsi üçün Pentaqonun maskalanmış hərbi qolu olacaq: “Maraqlıdır ki, eyni vaxtda ABŞ-ın Qazaxıstandakı səfiri yeni Konstitusiyanı və onunla bağlı keçiriləcək referendumu dəstəkləyib. Bu isə “türk dünyasında” bütün “islahatların” uzlaşdırıldığını və təkcə Cənubi Qafqazın deyil, onun vasitəsilə bütün Mərkəzi Asiya regionunun siyasi cəhətdən ələ keçirilməsinin başlandığını göstərir.

Paşinyanın Vaşinqtonun bu hazırlıqlarını təkzib etməsinə, Moskva əleyhinə oyunda düşmən alətinə çevrilməyəcəyi ilə bağlı verdiyi təminatlara baxmayaraq, hər şey əksini göstərir. Vensin Azərbaycan və Ermənistana səfərindən əvvəl dörd gün ərzində ABŞ Silahlı Qüvvələrinə məxsus iyirmidən çox hərbi-nəqliyyat təyyarəsinin bölgəyə endiyi bildirilir. Rəsmi məlumatda isə İrəvana yalnız 11 milyon dollar dəyərində PUA-ların tədarükündən bəhs olunur.

Biz “Artsaxda” Ermənistan və Azərbaycan hərbçiləri üçün NATO məktəbinin açılacağı, onların ruslara və iranlılara qarşı müharibəyə hazırlanacağı barədə yazarkən haqlı çıxmışıq”.

Maraqlıdır ki, məqalədə heç bir fakt və mənbə ilə təsdiqlənməyən ən azı iki iddia yer alıb.

Birincisi – Bakı yaxınlığında ən böyük Türkiyə bazasının tikintisinə faktiki razılıq verilməsi iddiası;

İkincisi – “Artsaxda” Ermənistan və Azərbaycan hərbçiləri üçün NATO məktəbinin açılacağı iddiası.

Müəlliflər bu iddiaları təsdiqləyəcək hər hansı faktı təqdim etməyə cəhd göstərmirlər. 

Ümumilikdə isə materialda kifayət qədər açıq mesajlar var və ciddi suallar yaranır: Bütün bunları necə qiymətləndirmək olar? Bu material nəyə hesablanıb? Məqalə hansı nəticəni hədəfləyir?

Hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, “Politnavigator”un yazdıqlarını diqqətlə nəzərdən keçirdikdə belə nəticəyə gəlmək olar ki, bu, Kremlin rəqiblərinə və ya düşmənlərinə qarşı apardığı klassik psixoloji müharibənin açıq təzahürüdür.

Rusiya bu sıraya Ermənistanı, Azərbaycanı, ABŞ-ı və qismən, latent şəkildə Çini də daxil edir. Avropa İttifaqından isə danışmağa ehtiyac yoxdur. Bu, sırf təbliğat hücumudur, çünki Rusiyaya regionda münasibətlərin qurulması ilə bağlı öz modelini reallaşdırmağa imkan vermirlər. Burada əsas nümunə kimi Rusiyanın həyata keçirmək istədiyi “Şimal – Cənub” (Sankt-Peterburq – Mumbay) geoiqtisadi layihəsi çıxış edir.

Yeri gəlmişkən, hazırda onlar ultimativ formada Gürcüstana da təzyiq göstərirlər. Rusiya Federasiyasının xarici işlər nazirinin birinci müavini Mixail Qaluzin Tbilisidən diplomatik münasibətlərin bərpasını ultimativ şəkildə tələb edib. Həmçinin, baş nazirin müavini Overçuk qondarma Abxaziya dəmir yolunun bərpasında israr edir. Bu dəmir yolu Rusiyanı İran vasitəsilə Fars körfəzi limanları ilə birləşdirməlidir”, – professor bildirib.

Onun fikrincə, bu kontekstdə Rusiya ilə ABŞ arasında açıq geoiqtisadi müharibə gedir və yaxın vaxtlarda buraya Çinin də qoşulacağı gözləniləndir.

Bu, xüsusi psixoloji əməliyyatlar kontekstində geoiqtisadi müharibənin başlandığının nümayişidir. ABŞ-ın da burada öz maraqları var: onlar “Qərb – Cənub” adlı geoiqtisadi layihəni irəli aparmaq istəyirlər. Bu tranzit xətti faktiki olaraq Amsterdam və Antverpeni Mumbayla birləşdirməlidir.

Rusiya artıq anlayır ki, bu geoiqtisadi mübarizəyə qoşulub və bu cür addımlarla ona hazırlaşmağa çalışır. Çünki bu mübarizədə uduzduğunu görür”, – Maisaya hesab edir.

Rauf Orucov