Logo
news content
User
Kateqoriyalar

Analitika

Putinin “Troya atı” getdi: 90 milyard avro gündəmə qayıdır
Brüssel Macarıstanı Rusiyanın caynağından qopara biləcəkmi?

Bazar günü Macarıstan parlamentinə keçirilən seçkilərdə konstitusion səs çoxluğu (üçdə iki səs) əldə edən Peter Magyar bildirib ki, o, Ukraynanın Avropa İttifaqından kredit almasına mane olmayacaq. O, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında açıqlama verib. Bu isə Ukraynaya 90 milyard avro həcmində hərbi maliyyənin ayrılması məsələsinin tezliklə yenidən gündəmə gətirilməsinə imkan verəcək.

Aİ ölkələrindən olan iki diplomat Financial Times-a bildiriblər ki, Brüsseldə məhz bunu gözləyirlər. Qeyd edək ki, Ukraynaya kredit verilməsinə və Rusiyaya qarşı yeni sanksiyalar paketinə qoyulan vetoya görə, Macarıstana 35 milyard avroluq yardımın verilməsi bloklanıb. Buna keçmiş hakimiyyətin müxtəlif addımları, o cümlədən Viktor Orban rejiminin demokratik normaları zəiflətməsi ilə bağlı mübahisələr səbəb olub. Magyarın bəyanatı bu vəsaitin blokdan çıxarılması prosesində ilk addım ola bilər.

Bloomberg-in məlumatına görə, Ukraynanın büdcə və müdafiə xərclərini maliyyələşdirmək üçün yalnız iyun ayına qədər vəsaiti qalıb.

Agentlik qeyd edir ki, Brüssel vəsaitlərin Kiyevə daha tez köçürülməsi üçün operativ hərəkət etmək niyyətindədir. Hazırda Aİ-yə sədrlik edən Kipr bu məsələni yaxın vaxtlarda üzv ölkələrin səfirlərinin görüşündə müzakirəyə çıxaracaq.

Bloomberg-in Avropa üzrə köşə yazarı Lionel Loran qeyd edir ki, daima veto hüququndan istifadə edən və Vladimir Putinin Aİ-dəki “Troya atı” hesab olunan Orbanın siyasi səhnədən çəkilməsi Aİ-yə Macarıstanın Kiyevə daha fəal dəstək verəcəyinə ümid etməyə imkan yaradır. Budapeşt ən azı prosesə mane olmayacaq.

Beləliklə, əgər hər şey gözlənildiyi kimi olsa, Aİ-nin ayıracağı 90 milyard avro Ukrayna-Rusiya cəbhəsində vəziyyəti kəskin şəkildə dəyişə bilərmi? Ümumiyyətlə, bu vəsaitin ayrılması hansı dəyişikliklərə gətirib çıxaracaq? Bu suallar hazırda həm Avropa ölkələrini, həm də postsovet məkanını narahat edir. Çünki onların hamısı aqressiv Putin rejimi tərəfindən əsaslandırılmamış potensial müdaxilə təhlükəsi hiss edir.

Pressklub.az-ın suallarını cavablandıran tanınmış ukraynalı jurnalist və bloqer Roman Tsimbalyukun sözlərinə görə, Macarıstanda siyasi rəhbərliyin dəyişməsi və Peter Magyarın hakimiyyətə gəlməsi Avropa birliyinin bərpası və Ukraynada sabitliyin təmin olunması baxımından mühüm mərhələ oldu.

Əvvəllər Viktor Orban Kremlin maraqlarına uyğun hərəkət edərək Kiyevə maliyyə yardımını bloklayırdı və bu, Ukrayna dövlətinin fəaliyyətini təhlükə altına qoyurdu. Bu vəsaitlərin blokdan çıxarılması “normallığa qayıdış” kimi qiymətləndirilir və Ukraynaya iflasdan qaçmağa, mübarizəni davam etdirməyə imkan verir.

Ukraynanın yardım asılılığı kritik səviyyədədir. Hazırda ölkəmiz tam şəkildə Avropalı tərəfdaşların maliyyə dəstəyindən asılıdır. Maliyyələşmənin olmaması silah alınmasının, maaşların ödənilməsinin mümkünsüzlüyünə və nəticədə müharibədə məğlubiyyətə gətirib çıxarardı. Alınan vəsaitlər isə dövlətin fəaliyyətini davam etdirməsinə və müharibə aparmasına imkan yaradır”, – ekspert bildirib.

O qeyd edib ki, Macarıstandakı siyasi dəyişikliklərin əsas nəticəsi Aİ-nin həm Rusiya Federasiyası ilə qarşıdurmada, həm də ABŞ-dan qaynaqlana biləcək potensial qeyri-sabitliyə qarşı vahid mövqeyin bərpası olub.

Avropa öz hərbiləşmə proqramlarını inkişaf etdirmək qərarı verib və “ABŞ-ın təhlükəsizlik çətirindən”, eləcə də Amerika prezidentlərinin (xüsusilə Donald Trampın) siyasi qərarlarından asılılığı azaltmağa çalışır.

Peter Magyar sırf Ukraynapərəst siyasətçi kimi qiymətləndirilmir, lakin onun hakimiyyətə gəlişi Avropa İttifaqındakı “dərin çatı” aradan qaldırır. Qarşılıqlı faydalı münasibətlərin qurulacağı gözlənilir. Macarıstan Aİ maliyyəsinə çıxış əldə edir, Ukrayna isə böyük ehtimalla, “Drujba” neft kəmərinin fəaliyyətini bərpa edəcək.

Belə bir fikir var ki, Orban prosesləri ləngitsə də, bütün hallarda Ukraynaya vəsait ayrılacaqdı. Lakin Budapeştdə hakimiyyət dəyişikliyi bu prosesi əhəmiyyətli dərəcədə sürətləndirib və sadələşdirib.

Beləliklə, mövcud geosiyasi vəziyyət Avropa məkanında konsolidasiyaya gətirib çıxarıb və Ukraynaya dəstək artıq Avropanın uzunmüddətli təhlükəsizlik strategiyasının bir hissəsinə çevrilib”, – Tsimbalyuk yekunlaşdırıb.

Rauf Orucov