Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var
Bakı layihənin mətninin seçkilərdən sonra açıqlanmasının tərəfdarıdır

Ermənistanın baş naziri Nikol Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərindən sonra ölkənin yeni Konstitusiyasının layihəsinin ictimaiyyətə açıqlanacağını istisna etməyib.

Jurnalistlərin ölkənin əsas qanununun layihəsinin dərcinə münasibət bildirməsi və onun müddəaları ilə tanış olub-olmaması barədə sualına cavab verən Paşinyan bildirib ki, o, şübhəsiz, yeni Konstitusiya layihəsi ilə tanışdır və hətta müəyyən dərəcədə onun mətninin hazırlanmasında iştirak edib. Bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Mən Konstitusiya layihəsinin dərc olunmasının tərəfdarıyam. Lakin problem ondadır ki, dövlət idarəetmə sistemi ilə bağlı bir sıra prinsipial və vacib məqamlar üzrə siyasi və hökumət komandasında bəzi fikir ayrılıqları mövcuddur. Mən sənədin bu mübahisələr həll olunmadan dərc edilməsini istəmirəm”, – o qeyd edib.

Maraqlıdır, Paşinyan yeni Konstitusiya layihəsi ilə bağlı komandası daxilində mövcud olan fikir ayrılıqları barədə danışanda nəyi nəzərdə tutur? Və əsas qanunun yeni layihəsinin açıqlanması baxımından hansı vaxt Bakının maraqlarına daha məqsədəuyğun olardı – Ermənistan parlamentinə keçiriləcək seçkilərdən əvvəl, yoxsa sonra?

Bununla bağlı Pressklub.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl xatırladıb ki, Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi anti-terror əməliyyatından sonra müxtəlif səviyyələrdə Ermənistanda yeni Konstitusiyanın qəbul ediləcəyi ilə bağlı məlumatlar yayılmağa başlamışdı.

Paşinyan və onun komandasının üzvləri dəfələrlə bəyan ediblər ki, yeni Konstitusiyada bir sıra maddələr ləğv olunacaq, eyni zamanda yeni müddəalar əlavə ediləcək. İlk növbədə, Konstitusiyaya əlavə olunan Müstəqillik Bəyannaməsində əksini tapan və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan müddəa aradan qaldırılacaq. Bu isə Azərbaycan Respublikasına qarşı açıq ərazi iddiası hesab olunur. Eyni zamanda, Ermənistan Konstitusiyasında Türkiyə Respublikasının bəzi ərazilərinə qarşı iddialar da yer alır. Məlumdur ki, Ermənistan Konstitusiyası layihəsini hazırlayan komissiyaya bu iddialara yenidən baxılması, həmçinin ölkənin gerbi və digər dövlət atributları ilə bağlı məsələlərin dəyişdirilməsi, yeni simvolların qəbul edilməsi və digər maddələrin yenilənməsi tapşırılıb.

Paşinyanın da qeyd etdiyi kimi, bu istiqamətdə onun komandası daxilində müəyyən fikir ayrılıqları mövcuddur. Revanşist qüvvələr, kilsə, daşnaklar və keçmiş hakimiyyət nümayəndələri qəti şəkildə bu layihəyə qarşı çıxırlar. Hazırda Ermənistan taleyüklü parlament seçkiləri ərəfəsindədir. Görünür, hakim komandanın bəzi üzvləri dövlət gerbi, qondarma soyqırımı və hətta Qarabağ məsələsi ilə bağlı dəyişikliklərin seçkilər ərəfəsində açıqlanmasının riskli olduğunu düşünür və ehtiyatlı mövqe tutaraq onların seçkilərdən sonra, qələbə qazanacaqları təqdirdə açıqlanmasının tərəfdarıdırlar. Yəni, onlar milli hisslər üzərindən müxalifətə əlavə arqument verməyi məqsədəuyğun saymırlar”, – ekspert izah edib.

Onun fikrincə, rəsmi Bakı Ermənistandakı siyasi prosesləri diqqətlə izləyir və hesab edir ki, qonşu ölkədə sabitliyin pozulması gələcəkdə təxribatlarla müşayiət oluna bilər. “Əgər yeni layihə bir il əvvəl dərc olunsaydı və Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılsaydı, biz bunu alqışlayardıq. Lakin hazırkı şəraitdə – Ermənistana həm daxili, həm də xarici təzyiqlərin artdığı, milli atributların isə hələ də həssas məsələ olaraq qaldığı bir dövrdə – Konstitusiya layihəsinin seçkilərdən sonrakı mərhələyə saxlanılması daha məqsədəuyğun hesab olunur”, – İlham İsmayıl yekunlaşdırıb.

Rauf Orucov