Logo
news content
User
Kateqoriyalar

Analitika

Orban getdi, sistem qalır?
Macarıstan seçkilərinin görünməyən tərəfləri

Macarıstanda keçirilən son parlament seçkiləri təkcə hakimiyyət dəyişikliyi kimi deyil, həm də Avropada siyasi balansın yenidən qurulması kimi qiymətləndirilir. 16 il hakimiyyətdə qalan Viktor Orbanın məğlubiyyəti və müxalifətin lideri Peter Magyarın qələbəsi həm regionda, həm də beynəlxalq mediada geniş rezonans doğurub.

Rusdilli informasiya məkanında isə bu hadisə, demək olar ki, geosiyasi dönüş nöqtəsi kimi təqdim olunur. Bəzi şərhçilər bunu Kreml üçün ciddi zərbə, hətta Vladimir Putinin  dolayısı ilə “məğlubiyyəti” kimi qiymətləndirirlər. Hətta bu kontekstdə ABŞ Prezidenti Donald Trampın da adı çəkilir - Orbanın ideoloji müttəfiqi kimi.

Lakin məsələyə daha soyuqqanlı yanaşdıqda aydın olur ki, Macarıstandakı seçkilərin əsas motivi xarici siyasət deyil. Seçicilərin qərarına təsir edən başlıca faktor iqtisadi vəziyyətin pisləşməsi, həyat səviyyəsinin aşağı düşməsi, korrupsiyanın geniş yayılması və sosial narazılığın artması olub.

Araşdırmalar göstərir ki, siyasi rəqiblərin şüarlarına baxmayaraq, seçicilər nə “Rusiya əleyhinə”, nə də “Avropa İttifaqı tərəfdarı” olmaq üçün səs veriblər. Onlar sadəcə daha yaxşı həyat istəyiblər. Bu isə seçkilərin ideoloji deyil, daha çox sosial-iqtisadi mahiyyət daşıdığını göstərir.

Son illərdə Macarıstan tez-tez “avtokratiya” kimi təqdim olunurdu. Freedom House və Milli Demokratiya İnstitutu kimi qurumlar ölkənin demokratiklik indeksini aşağı salmışdılar. Lakin Orbanın məğlubiyyətini dərhal tanıması bu tezisləri sual altına qoydu. Ölkə tam avtoritar rejim olsaydı, hakimiyyətin bu qədər tez və sakit şəkildə təhvil verilməsi mümkün olmazdı. Bu fakt göstərir ki, bütün problemlərə baxmayaraq, Macarıstanda seçki mexanizmi hələ də işləkdir.

Seçkilərin bu cür nəticələnməsində Avropa İttifaqının rolu da xüsusi qeyd olunur. 2022-ci ildə Brüsselin Macarıstana ayrılan subsidiyaları dondurması ölkə iqtisadiyyatına ciddi təsir göstərdi. Nəticədə sosial narazılıq artdı və bu, Orban hakimiyyətinə qarşı əsas zərbə oldu. Bu baxımdan, demək olar ki, Aİ ilk dəfə olaraq maliyyə alətlərindən istifadə etməklə üzv ölkədə siyasi nəticəyə təsir göstərdi.

Peter Magyarın qələbəsi ilk baxışdan dəyişiklik kimi görünür. Lakin onun siyasi profili göstərir ki, o, radikal dönüşdən çox, sistemdaxili transformasiyanın tərəfdarıdır. Magyar “Orbanın yumşaldılmış versiyası” kimi xarakterizə olunur - sağ-mərkəzçi, milli maraqları önə çəkən, lakin daha praqmatik və kompromisə açıq siyasətçi. Bu isə o deməkdir ki, Macarıstanda kəskin siyasi kurs dəyişikliyi yox, daha çox taktiki korrektələr gözlənilir.

Magyar ilk bəyanatında son 16 ildə ölkədə “müstəqil institutların zəiflədildiyini” və balans-nəzarət mexanizmlərinin sıradan çıxarıldığını bəyan, bu sistemin yenidən qurulacağını vəd edib. Onun əsas açıqlamaları aşağıdakı istiqamətləri əhatə edir:

Ali Məhkəmə, Baş Prokurorluq, Media Tənzimləmə Orqanı və Rəqabət Qurumu rəhbərlərinin istefası tələb ediləcək; 

Hüquqi dövlət prinsiplərinə qayıdış təmin olunacaq; 

Fövqəladə vəziyyət rejimi ləğv ediləcək, idarəetmə yalnız parlament qanunları ilə həyata keçiriləcək; 

Dövlət strukturlarına yerləşdirilmiş keçmiş hakim partiya kadrları vəzifələrdən uzaqlaşdırılacaq; 

Dövlət televiziyasının xəbər departamenti ləğv ediləcək; 

Korrupsiyaya qarşı ayrıca nazirlik yaradılacaq; 

Dövlət tenderləri və Avropa İttifaqı fondlarının bölüşdürülməsi yenidən yoxlanılacaq; 

Dövlət vəsaitlərinin keçmiş hakimiyyət çevrələrinə yönəldilməsi iddiaları araşdırılacaq; 

Qanunsuz əldə edilən aktivlərin geri qaytarılması üçün xüsusi istintaq və nəzarət mexanizmləri formalaşdırılacaq. 

Seçkilərin nəticəsi fonunda əsas suallardan biri də Budapeştin Moskva ilə münasibətlərinin gələcəyidir. Lakin ekspertlər hesab edir ki, bu sahədə radikal dəyişiklik gözləmək sadəlövhlük olardı. Macarıstanın enerji təhlükəsizliyi hələ də Rusiya resurslarından asılıdır. Bu səbəbdən yeni hökumətin Moskva ilə əlaqələri tam kəsməsi real görünmür.

Bununla belə, Avropa İttifaqı ilə münasibətlərin normallaşması və Ukrayna məsələsində daha yumşaq mövqe ehtimalı artır. Magyar ilk bəyanatında bu istiqamətdə aydın vədlər verib.

Bu seçkilərin ən maraqlı tərəfi ondan ibarətdir ki, qalib yalnız bir siyasi fiqur deyil. Əsl qalib Macarıstan cəmiyyətidir. Seçicilər göstərdi ki, onlar istədikləri anda hakimiyyəti dəyişə bilirlər. Bu isə Avropa siyasi sisteminin əsas sütunu olan demokratik mexanizmlərin hələ də işlədiyini təsdiqləyir. Eyni zamanda bu hadisə bir reallığı da üzə çıxardı: uzun illər qurulan siyasi sistemlər belə, iqtisadi uğursuzluq qarşısında davamlı deyil.

Turqut