Ömürlük həbs cəzası və nida!
Qarabağ separatçılarının liderləri Ermənistana təhvil verilə bilərlərmi?
07 Fevral 2026
Bakı Hərbi Məhkəməsi separatçıların sabiq lideri Araik Harutyunyanı ömürlük azadlıqdan məhrum edib.
Separatçı silahlı birləşmələrin keçmiş komandiri Levon Mnatsakanyan, onun müavini David Manukyan, separatçıların “parlament sədri” David İşxanyan və keçmiş “xarici işlər naziri” David Babayana da ömürlük həbs cəzası verilib.
Separatçıların sabiq rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə təqsirləndirilən şəxslərin yaşının 65-dən yuxarı olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun şəkildə onlara ömürlük cəza tətbiq etməyib.
Beləliklə, separatçı liderlər faktiki olaraq ömürlük həbsə məhkum ediliblər. Bu qərar onların Ermənistana verilməsi üçün hansısa imkan saxlayırmı? Azərbaycan rəhbərliyi bu şəxslərin azadlığa buraxılmasına hansısa şərtlərlə razılaşa bilər?
Mövzu ilə bağlı Pressklub.az-a danışan təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssis İlham İsmayılın sözlərinə görə, tarixi təcrübə göstərir ki, hökmün müddətindən asılı olmayaraq, dövlətlərarası münasibətlərin qorunması, inkişafı və normallaşdırılması, eləcə də ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması məqsədilə ya məhbus mübadiləsinə gedilir, ya da birtərəfli qaydada humanitar addım atılaraq xarici vətəndaş azad edilərək öz ölkəsinə təhvil verilir.

“Hazırkı vəziyyətdə məhbus mübadiləsi prinsipi mövcud deyil. Ermənistan həbsxanalarında konkret Azərbaycan vətəndaşları yoxdur. Bir neçə gün əvvəl Azərbaycan üç erməni məhbusu əfv edərək Ermənistana təhvil verdi. Bu, Azərbaycanın atdığı ciddi humanitar addımı idi. Onilliklər boyu müharibə vəziyyətində olan Azərbaycan və Ermənistan arasında yaxınlaşmaqda olan sülh müqaviləsi ərəfəsində bu humanitar jest sülhün bərqərar olunmasına mühüm töhfə verdi.
Düz qeyd olunur ki, separatçı liderlərə çıxarılan hökmlər faktiki olaraq ömürlük həbs deməkdir. Lakin istisna edilmir ki, müəyyən müddətdən sonra bu şəxslər mərhələli şəkildə Ermənistana təhvil verilə bilər”, – mütəxəssis bildirib.
Onun fikrincə, burada artıq təkcə humanizm deyil, siyasi prinsiplər, münasibətlər və siyasi maraqların incə məqamları ön plana çıxır və humanitar addım atılarkən bunlar mütləq nəzərə alınacaq.
“Əlbəttə, hər hansı xarici təzyiq və ya şərt qəbuledilməzdir. Belə bir humanitar addım yalnız Azərbaycanın siyasi iradəsi və maraqları əsasında atıla bilər. Ermənistandakı siyasi vəziyyət də nəzərə alınacaq. Hesab edirəm ki, iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri fonunda formalaşacaq situasiya da qiymətləndirilməlidir.
Cinayətkarlar törətdikləri əməllərə görə layiqli cəza alıblar və yaxın zamanda Ermənistana verilməyəcəklər. Bir daha vurğulayıram ki, separatçıların Ermənistana ekstradisiyası hər hansı xarici təzyiq nəticəsində deyil, Azərbaycanın siyasi maraqları və iradəsi əsasında mümkün ola bilər”, – İsmayıl qeyd edib.
Rauf Orucov