Nikol vs Qaregin! – Kim qalib gələcək?
Baş nazirlə kilsə başçısının mübarizəsində Ermənistanın gələcək inkişaf yolu müəyyənləşir
07 Dekabr 2025
“Mən düşünürəm ki, kilsəyə qarşı məhz Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin – red.) və onun ətrafındakı dar çevrə fəaliyyət göstərir. Onlar anti-kilsə məntiqi ilə hərəkət edir”.
Bunu ölkənin baş naziri Nikol Paşinyan dekabrın 4-də jurnalistlərlə söhbəti zamanı bildirib.
“Erməni Apostol Kilsəsinə Ktriç Nersisyanın özündən daha çox zərər vuran heç kim, heç nə yoxdur. Proses başlayıb və o, getməlidir. Onun istefa verib-verməyəcəyi seçimi yoxdur. O, getməlidir”, – Paşinyan əlavə edib.
Baş nazir hesab edir ki, kilsə ətrafında yaranmış səs-küy “sağaldıcı xarakter” daşıyır.
“Demokratik ölkələr səs-küydən və ictimai müzakirələrdən qaçmamalıdır. Mən onunla dəfələrlə ünsiyyətdə olmuşam və həmin görüşlərdən aldığım təəssürat məhz bu qənaətə gəlməyimə səbəb olub: onun Eçmiədzində mövcudluğu Erməni Apostol Kilsəsinə fəlakətli zərər vurur”, – Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, katolikosun övladının olması isə onunla qorxuludur ki, xarici xüsusi xidmət orqanları bu boşluqdan istifadə edərək onu ələ almaq üçün çalışa bilərlər.
Onun sözlərinə görə, bu, dövlət təhlükəsizliyi ilə bağlı risklərdir və dövlət buna son dərəcə diqqətli yanaşmalıdır.
Paşinyan qeyd edib ki, Eçmiədzinin kənardan idarə olunduğu açıq-aşkar görünür. Onun sözlərinə görə, ruhanilərin çoxu səfalət həddində yaşayır, amma bəlli təbəqə böyük sərvətlər toplayıb. “Bu – problemdir”, – Paşinyan deyib.
O, həmçinin əmin edib ki, Erməni Apostol Kilsəsinin yeni rəhbərinin ona sadiq katolikos olacağı ilə bağlı gözləntisi yoxdur.
Bəs, Paşinyan məhz hazırkı katolikosun getməsində israr etməklə nəyə nail olmaq istəyir? Hər şeyin əsasında II Qareginin Moskvaya işələməsi şübhəsi dayanır?
Erməni analitiki və publisisti İşxan Verdyan Pressklub.az-a açıqlamasında bildirib ki, Paşinyan özünə loyal katolikosu təyin etmək istəmədiyini, əsas niyyətinin yeni katolikosun xarici dövlətlərə işləməməsi olduğunu bildirib.

“O, bunu dəfələrlə təkrarlayıb. Sonra isə bəyan edib ki, hazırkı katolikos Ermənistan dövlətçiliyinə qarşı fəaliyyət göstərir. Bu sözlər ölkənin baş nazirinin dilindən səslənib və aydındır ki, onun müəyyən informasiyası var. Sadəcə, hələlik etik səbəblərə görə açıqlamır. Amma dövlət başçısı belə açıqlama verirsə, bu, ciddi siqnaldır – deməli, arxasında nəsə dayanır.
Beləliklə, Paşinyan iddia edir ki, əslində katolikosla mübarizəsi təkcə kilsəni xarici təsirdən təmizləmək deyil, bütövlükdə ölkəni bu təsirlərdən azad etmək cəhdidir. Bu isə onun daşnaklarla qarşıdurma xəttinə də uyğun gəlir və həmin qarşıdurma artıq praktik mərhələyə keçir”, – ekspert bildirib.
Katolikosun istefasına nail olub-olmayacağına gəlincə, Verdyanın sözlərinə görə, Paşinyanın və dövlət strukturlarının bunun üçün qanuni rıçaqları yoxdur.
“Katolikos Konstitusiya ilə qorunur. Baş nazirin yalnız iki imkanı qalır: ya digər kilsə xadimlərini öz tərəfinə çəkmək, ya da katolikosu birbaşa qanun pozuntusunda yaxalamaq. Başqa mexanizm demək olar ki, yoxdur. Buna baxmayaraq, Paşinyanın əminliyi və geri çəkilməməsi onun planının gec-tez baş tutacağı ehtimalını artırır”, – İ. Verdyan vurğulayıb.
Rauf Orucov