Netanyahu İranda rejim dəyişikliyi proqnozlaşdırır – Realdırmı?
Ölkədə bunun üçün tam mühit yetişməyib, amma müəyyən işartılar var
02 İyul 2026
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İrana qarşı hərbi kampaniya gələcəkdə bu ölkədə mümkün hakimiyyət dəyişikliyi üçün şərait yaradıb. Bu barədə The Times of Israel nəşri yazır.
Netanyahu Qüdsdə keçirilən JNS beynəlxalq siyasi sammitində çıxışı zamanı xatırladıb ki, ABŞ və İsrailin birgə əməliyyatının əvvəlində qarşıya qoyulan məqsədlərdən biri İran rejiminin süqutu üçün “şərait yaratmaq” olub.
Onun sözlərinə görə, İsrail münaqişə zamanı mühüm nəticələr əldə edib.
İsrailin Baş naziri bildirib ki, İran rejiminin əsas rəhbərləri məhv edilib, ölkənin raket sənayesinə, hərbi dəniz və hərbi hava qüvvələrinə, həmçinin hərbi sənaye obyektlərinə və infrastrukturuna ciddi zərbə vurulub.
Netanyahunun qiymətləndirməsinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iqtisadi strukturlarına vurulan zərərin həcmi “yüz milyardlarla dollar” təşkil edir.
“Onların bərpa olunması üçün uzun müddət lazım olacaq. Hətta ola bilsin ki, onlar ümumiyyətlə bərpa olunmasınlar”, – İsrailin Baş naziri bildirib.
Onun fikrincə, endirilən zərbələrdən və hakimiyyətlə cəmiyyət arasında dərin parçalanma yaranmasından sonra rejimin nə vaxt süqut edəcəyini proqnozlaşdırmaq mümkün deyil. “Düşünürəm ki, biz onun gələcəkdə süqutu üçün şərait yaratmışıq”, – Netanyahu iddia edib.
Bununla yanaşı, o vurğulayıb ki, “rejimin taleyi İran vətəndaşlarının özlərindən asılıdır”.
Bəs Netanyahu bu məsələdə nə dərəcədə haqlıdır? Doğrudanmı, İranda hakimiyyət dəyişikliyi mümkündür, yoxsa bu, indiki şəraitdə sadəcə illüziyadır? Axı bunun üçün İslam İnqilabı Keşikçiləri Korpusunun bütün ölkə ərazisində səfərbər edilmiş qüvvələrinə qalib gəlməyə qadir olan ümumxalq üsyanı baş verməlidir. Hazırkı atəşkəsin İran rejiminə müəyyən üstünlüklər qazandırdığı bir vaxtda, belə genişmiqyaslı və güclü etiraz dalğasına ümid etmək olarmı?
Pressklub.az-ın suallarına region üzrə tanınmış mütəxəssislər cavab veriblər.
İsrailli iranşünas tədqiqatçı, Oriental Express Telegram kanalının müəllifi Mixail Borodkin qeyd edir ki, hakimiyyət dəyişikliyinin baş verməsi üçün eyni vaxtda bir neçə şərt formalaşmalıdır.

“Birincisi, bunun üçün hakim elita daxilində ciddi parçalanma baş verməlidir ki, repressiv güc aparatının fəaliyyəti iflic olsun. İkincisi, Tehranda hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçirilməli və rejimin dəyişdirilməsini istəyən qüvvələrin geniş cəbhəsi formalaşmalıdır. Bundan əlavə, məqsədlərə nail olmaq üçün güc tətbiq etməyə hazırlıq və imkanın olması da arzuolunandır.
İranda bu şərtlər formalaşıbmı? Qismən. Əli Xameneinin öldürülməsi nəticəsində “hakimiyyətin qeyri-təbii yolla dəyişməsi” baş verdi. Müctəba Xamenei tam normal hesab edilməyən prosedurla İranın yeni ali rəhbəri elan olunub. Üstəlik, fevralın 28-dən sonra onu nə televiziyada görən, nə də radioda eşidən olub. Bütün bunlar İran rəhbərliyində müəyyən böhranın yaşandığını göstərir. Hakim elitanın heç də hamısı hakimiyyətin irsi xarakter alması ilə razı deyil. Deməli, elita daxilində parçalanma üçün ilkin zəmin mövcuddur.
Eyni dərəcədə etiraz potensialı da mövcuddur. Rejim 2026-cı ilin yanvarında xalq üsyanını qan içində boğsa da, müharibədən sonra məktəblilər və tələbələrin etiraz aksiyalarının şahidi olduq”, – şərqşünas bildirib.
Onun sözlərinə görə, deməli, rejimdən narazılıq heç yerə yox olmayıb.
“Əlbəttə, İran rejimi yaranmış fasilədən istifadə edərək ölkə daxilində mövqelərini möhkəmləndirməyə çalışa bilər. Lakin bu, elə də asan deyil, çünki bunun üçün İran hakimiyyətinə kifayət qədər çeviklik tələb olunur, bu isə yoxdur. Rejim əhalinin böyük əksəriyyətinin gözündə legitimliyini itirib və hələlik bu legitimliyi bərpa edə bilmir.
Beləliklə, Netanyahunun bəhs etdiyi ilkin şərtlər və imkanlar həqiqətən mövcuddur. Lakin bu potensial enerjinin real siyasi dəyişikliyə çevrilməsi üçün hakimiyyətə alternativ təklif edən güclü müxalifət strukturu lazımdır. Hələlik isə belə bir struktur mövcud deyil”, – Borodkin xatırladıb.
Kiyevdəki Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov hesab edir ki, hərbi və siyasi kampaniyanın real nəticələrinin necə olmasından asılı olmayaraq Benyamin Netanyahu müharibənin aktiv mərhələsi başa çatdıqdan sonra “qələbəni” elan etməli idi.

“İsrail rəhbərliyi üçün qələbəni elan etmək siyasi addımdır. Müharibənin aydın və başa düşülən yekunu olmalıdır.
İsrailin qələbə elan etməsi nə İran rejiminin məğlub olması, nə də onun yaxın vaxtlarda qaçılmaz süqutu deməkdir. İran doğrudan da müharibədən xeyli zəifləyərək çıxıb. Hərbi, enerji, nəqliyyat və idarəetmə infrastrukturuna endirilən zərbələr döyüşlər başlamazdan xeyli əvvəl mövcud olan böhranı daha da dərinləşdirib. İnflyasiya, milli valyutanın dəyərdən düşməsi, resurs çatışmazlığı, sanksiyalar səbəbindən təcrid, korrupsiya, texnoloji gerilik və dövlət idarəçiliyinin səmərəsizliyi rejimin cəmiyyətdə mövcud nizamı qoruyub saxlaya bildiyi məkanı tədricən daraldırdı. Müharibə böhran yaratmadı. O, sadəcə onun inkişafını sürətləndirdi və nəticələrini daha qabarıq göstərdi.
Bununla belə, iqtisadi tükənmə və hərbi məğlubiyyət özlüyündə xalq üsyanlarına səbəb olmur. Həyat şəraitinin pisləşməsi ilə kütləvi siyasi fəaliyyət arasında avtomatik əlaqə yoxdur. İnsanlar hakimiyyətdən narazı ola, eyni zamanda xaosdan, vətəndaş müharibəsindən, xarici müdaxilədən və ya ölkənin dağılmasından qorxa bilərlər. Onlar rejimə nifrət etsələr də, onu daha kiçik şər hesab edə bilərlər”, – tədqiqatçı bildirib.
Onun sözlərinə görə, xarici hücum zamanı hətta dərin parçalanmış cəmiyyətin belə müvəqqəti olaraq dövlət ətrafında birləşməsi mümkündür. “Bu, hökmən hakim rejimə və ya onun ideologiyasına dəstək verilməsi demək deyil. İslam Respublikasına qarşı çıxan bir iranlı eyni zamanda İsrailin və ya ABŞ-nin zərbəsini öz ölkəsinə hücum kimi qəbul edə bilər. Xarici təhlükə hakimiyyətə İslam inqilabından daha çox İran vətənpərvərliyinə istinad etmək imkanı verir.
“Bayraq ətrafında birləşmə” effekti daxili ziddiyyətləri yalnız qısa müddətə arxa plana keçirə bilər. Müharibə rejimə istənilən tənqidi düşmənə yardım kimi təqdim etmək və iqtisadi problemləri xarici təcavüzlə izah etmək imkanı yaradır. Lakin belə birlik davamlı olmur. Birbaşa təhlükə aradan qalxmağa başlayanda cəmiyyət başqa suallar verməyə başlayır. Ölkə niyə bu qədər həssas vəziyyətə düşdü? Dağıntılara görə məsuliyyəti kim daşıyır? Onilliklər boyu davam edən hərbi xərclər niyə təhlükəsizliyi təmin etmədi? Niyə adi vətəndaşlar müharibənin nəticələrinin əvəzini ödədiyi halda, elitalar resurslara çıxışlarını qoruyub saxladılar?
Sülh dövründə vətənpərvərlik səfərbərliyi sürətlə dağılır. Üstəlik, hakimiyyət əhalinin mənasız qurban kimi qəbul etdiyi vəziyyəti qələbə kimi təqdim etməyə çalışarsa, bu səfərbərlik güclü məyusluqla əvəz oluna bilər.
Əgər İranda yeni kütləvi üsyan başlasa, onu nə Netanyahu, nə Tramp, nə Qərb xüsusi xidmət orqanları, nə də İran diasporu təşkil etmiş olacaq. Xarici oyunçular dövlət institutlarını zəiflədə, informasiya kampaniyalarını dəstəkləyə və ya müxalifət üçün əlavə resurslar yarada bilərlər. Lakin onlar daxili siyasi təşkilatlanmanı və cəmiyyətin kütləvi şəkildə riskə getməyə hazır olmasını əvəz edə bilməzlər.
Üsyan insanların əksəriyyətinin narazı olduğu vaxt başlamır. İranda narazılıq artıq uzun illərdir mövcuddur. Üsyan o zaman başlayır ki, cəmiyyətin əhəmiyyətli hissəsi eyni vaxtda bir neçə nəticəyə gəlir.
Birincisi, əvvəlki nizam artıq hətta minimal proqnozlaşdırıla bilənliyi belə təmin edə bilmir. İkincisi, hakimiyyət vəziyyətə nəzarət etmək qabiliyyətini itirir. Üçüncüsü, etirazlarda iştirak artıq mənasız fərdi qurban kimi görünmür. Dördüncüsü isə rejim süqut etdikdən sonra yalnız xaosun deyil, həm də fərqli bir siyasi nizamın mümkün olduğuna dair təsəvvür formalaşır”, – Danilov vəziyyətə baxışını ifadə edib.
Rauf Orucov