Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibə başladığı yerə qayıdır – “Ukrayna yanacaqsa, Moskva da yanacaq”
Zelenski Rusiyanın kilsəyə zərbə endirməsinə cavab verib

İyunun 18-nə keçən gecə müharibə başlayandan Moskvaya ən genişmiqyaslı pilotsuz uçuş aparatı hücumu həyata keçirilib. Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, bu zərbə Rusiyanın Kiyev-Peçersk Lavrasına endirdiyi hücuma cavab olub və tamamilə ədalətlidir.

Cavab güclü və ədalətli olmalıdır. Onlar Lavraya zərbə endirdilər. Mən jurnalistlərlə birlikdə Lavrada idim və o zaman tam səmimiyyətlə dedim: “Biz cavab hazırlayacağıq və siz bunu görəcəksiniz”. Düşünürəm ki, siz bunu artıq görürsünüz”, – Zelenski cümə axşamı Brüsseldə bildirib.

Rusiya iyunun 15-nə keçən gecə Ukraynanın paytaxtına həyata keçirdiyi kütləvi hücum zamanı Kiyev Lavrasının Uspenski kilsəsinə zərbə endirib. Rəsmi Moskva məbəd kompleksinin ərazisinə guya istismar müddəti başa çatmış Patriot hava hücumundan müdafiə sisteminin raketinin düşdüyünü iddia edib.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Moskva ətrafında yaradılmış üçqat hava hücumundan müdafiə sisteminə baxmayaraq, paytaxtdakı hədəfləri vurmağa qadirdir.

Əgər Vladimir Putin bu müharibəni bitirmək istəmirsə və onu davam etdirmək niyyətindədirsə, biz sakit oturmayacağıq, cavab verəcəyik”, – o, əlavə edib.

Prezident qeyd edib ki, ukraynalılar “bu müharibəni istəmirlər və heç vaxt istəməyiblər”, lakin eyni zamanda hakimiyyət Rusiya hücumlarını cavabsız da qoya bilməz: “Əgər Ukrayna yanacaqsa, sizin Moskvanız da yanacaq. Buna görə də biz bir daha vurğulayırıq ki, təcavüzə son qoymağın, bu müharibəni bitirməyin vaxtı çatıb”.

Ukrayna prezidenti bundan əvvəl də Moskvanı danışıqlara başlamağa çağırmışdı.

Bu gecə uzaqmənzilli sanksiyalarımız yenidən Moskva bölgəsinə çatdı. Bir neçə gün əvvəl bütün tərəfdaşlarımız orta mənzilli və uzaq mənzilli sanksiyalarımızın dəqiqliyini və effektivliyini qeyd edirdilər. Bu müharibəyə son qoymağın vaxtıdır və Rusiya diplomatiya sahəsində lazımi addımları atmalıdır”.

Rusiya hakimiyyətinin məlumatına görə, paytaxta edilən hücum zamanı 194 pilotsuz uçuş aparatı vurulub. Hücum nəticəsində Moskvanın Kapotnya rayonundakı Moskva Neft Emalı Zavodunda yanğın baş verib. Bu zavoda bir həftə ərzində ikinci dəfə zərbə endirilir. Zavodun üzərində qara tüstü dumanı yüksəlib, bundan sonra Moskva vilayətinin bir sıra ərazilərində “neft yağışları” qeydə alınıb. Bu cür “neft yağışları” daha əvvəl Tuapse, Ryazan və Permdə müşahidə edilmişdi. 

Maraqlıdır ki, müharibə başlayandan sonra Moskvaya qarşı həyata keçirilən ən böyük hücumdan dərhal sonra Kremlin təbliğatçıları yerli sakinləri hava hücumlarından narahat olmamağa çağırıblar və 16 nəfərin yaralanmasına, eləcə də Kapotnyadakı neft emalı zavodu da daxil olmaqla bir sıra obyektlərin zərər görməsinə baxmayaraq, hava hücumundan müdafiə sisteminin fəaliyyətini tərifləyiblər. “Komsomolskaya Pravda”nın hərbi müxbiri Dmitri Steşin bildirib ki, “yalnız pəncərənin altında özüyeriyən minaatan atəş açmağa başlayanda narahat olmaq lazımdır. Hələlik isə boş şeydir”.

Qulağını yorğanın küncü ilə ört və yat. Əgər bəxtin gətirməsə, bu, Tanrının hökmü olacaq – başqa dünyaya keçidi heç hiss etməyəcəksən. Bəxtin gətirsə, səni dağıntılar altından çıxaracaqlar”, – Steşin yazıb.

Rusiya Hərbi-Kosmik Qüvvələrinə yaxınlığı ilə tanınan bloqer İlya Tumanov (Fighterbomber) bildirib ki, Moskva ətrafında “dünyada analoqu olmayan hava hücumundan müdafiə sistemi yaradılıb”.

O, əvvəlcə hətta HHM sisteminin eyni hədəfə – neft emalı zavoduna – təkrar zərbələr endirilməsinə imkan verməsindən narahatlığını ifadə edib. Lakin daha sonra həmin paylaşımı silib və insanları “rahatlaşmamağa” çağırıb.

Öz növbəsində Ümumrusiya Dövlət Teleradio Şirkətini baş direktorunun müavini Andrey Medvedev qeyd edib ki, obyektlərə dəyən zərbələr “xoşagəlməzdir”, lakin “belə hallar olur” və ümumilikdə “hava hücumundan müdafiə sisteminin çox keyfiyyətli fəaliyyətindən” danışmaq olar. Onun sözlərinə görə, “vəziyyət daha pis də ola bilərdi”.

“Komsomolskaya Pravda”nın digər müxbiri Aleksandr Kots isə bildirib ki, zenit bölmələri və radioelektron mübarizə sistemlərinin ekipajları bu istiqamətdə mümkün olan maksimum tempdə fəaliyyət göstəriblər. Buna görə də yüzlərlə pilotsuz aparat arasından yalnız bir neçəsi paytaxtdakı hədəflərə çata bilib.

Hava hücumundan müdafiə sistemləri paytaxta yaxınlaşan 180-dən çox dronu vurub. Bu, hələ bir ay əvvəl ümumiyyətlə ağıla gələ bilməyəcək bir rəqəm idi”, – Kots vurğulayıb.

O əlavə edib ki, müdafiə sistemi qarşısında “şlyapasını çıxarır”, çünki onun fikrincə, bu sistem “hər gün daha da təkmilləşir”.

Moskva meri Sergey Sobyanin ümumilikdə 194 pilotsuz uçuş aparatının vurulduğu barədə məlumat verib. Hücum nəticəsində Kapotnyadakı Moskva Neft Emalı Zavodunda güclü yanğın olub. Bu zavod iki gün əvvəl də zərbəyə məruz qalmış və fəaliyyətini dayandırmışdı. Bundan başqa, “Sadovod” və “Belaya Daça” ticarət mərkəzlərinə ziyan dəyib. Şeremetyevo hava limanında sərnişinlər paytaxt aviasiya qovşağına edilən hücumlar tarixində ilk dəfə olaraq parkinqdəki sığınacaqlara təxliyə olunublar.

Moskva vilayətində dronlar Jukovski şəhərində Qaqarin küçəsində yerləşən çoxmənzilli binaya dəyib. Pavlovski Posadda iki bağ evi, Çexovda isə bir bağ evi dağılıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, ümumilikdə 16 nəfər, o cümlədən iki uşaq yaralanıb. 

Eyni zamanda təbliğatçılar rusiyalılara qarşı repressiyaların gücləndirilməsi çağırışlarını artırıblar. Xüsusilə, “Solovyov Live” kanalının aparıcısı Armen Qasparyan Kapotnyadakı neft emalı zavodunun vurulmasını videoya çəkən Moskva sakinlərinə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açmağa çağırıb. Təbliğatçı bildirib ki, Ukrayna kanallarında yüzə yaxın video görüb və hüquq-mühafizə orqanlarını sifət tanıma sistemlərindən istifadə etməklə həmin videoların müəlliflərini tapmağa çağırıb. Qasparyanın fikrincə, belə “yararsız alçaqlar” və Ukrayna Silahlı Qüvvələrinin “könüllü köməkçiləri” – həbs olunmalı və dindirmələr zamanı “dilləri açılmalıdır”.

Kirpiklərini boyamış hansısa küçə qadını sevinə-sevinə nəsə şərh edir, hansısa təsadüfi səbəbdən hələ alçaldılmamış homoseksual isə öz fikirlərini bildirir”, – deyən təbliğatçı kobud şəkildə təhqirlərdən də çəkinməyi.

Moskvanın bombalanmasını əks etdirən foto və videoları çəkib göndərən şəxslərin azadlıqdan məhrum edilməsinə çağırış edənlərdən biri də Vladimir Solovyov olub. O bildirib ki, “Moskva vilayətinə zərbələrdən sonra bütün internet bu görüntülərlə doludur”. Solovyovun sözlərinə görə, bu materialları göndərənlərin hamısı açıq şəkildə həbs olunmalıdır.

Bu bloqqerin (Anatoli Şariyin) əlində həmin video və fotoların olması faktının özü belə onları çəkib göndərən şəxslərin həbs olunması üçün kifayət qədər əsasdır”, – deyə o bildirib.

Solovyov həmçinin bəyan edib ki, moskvalılar Ukrayna dronlarının hücumları zamanı “isterikaya qapılmamalıdırlar” və basqınlar səbəbindən əsəbiləşənlərə paytaxtı tərk etməyi tövsiyə edib. Aparıcı eyni zamanda sovet diktatoru İosif Stalinin SSRİ Xalq Müdafiə Komissarının 28 iyul 1942-ci il tarixli 227 saylı əmrindən sitat gətirib: “Əgər vəziyyəti xilas etmək və Vətənimizi qoruyub saxlamaq istəyiriksə, ordumuzda ən sərt qayda-qanun və dəmir intizam yaratmalıyıq. <…> Panika yayanlar və qorxaqlar yerindəcə məhv edilməlidir”.

Vəssalam. İsterikaya qapılmaq lazım deyil, düşünmək lazımdır”, – təbliğatçı yekunlaşdırıb.

Beləliklə, bir tərəfdən təsadüfi hərbi zərbə nəticəsində həlak olmaq riski ilə üz-üzə qalan Moskva sakinlərini olduqca şübhəli təsəlliverici çağırışlarla sakitləşdirməyə çalışırlar, digər tərəfdən isə bu ölümcül riskləri videoya çəkib qeydə almağa cəsarət etdiklərinə görə onları həbsxana ilə hədələyirlər.

Bəs Ukraynanın getdikcə intensivləşən bu hərbi hücumları əslində sıravi rusiyalılara necə təsir göstərir? Onlar həqiqətən müharibə getdiyini və bunun artıq “haradasa uzaqda” deyil, birbaşa öz şəhərlərində baş verdiyini anlamağa başlayırlarmı? Hərbi əməliyyatların gedişindəki bu dəyişiklik Putinin və onun ətrafının populyarlığı baxımından rusiyalıların əhval-ruhiyyəsinə necə təsir edir? Bu fonda Rusiyanın daxilində hansısa dəyişikliklər gözləmək olarmı? Yoxsa xalq yenə susmağa davam edəcək?

Rusiyalı siyasi analitik, After Empire portalının baş redaktoru Olqa Kurnosova mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Qeyd etmək lazımdır ki, rusiyalıların əksəriyyəti artıq çoxdan hər şeyi anlayır. Onlar çoxdan başa düşürlər ki, bu, heç bir Xüsusi Hərbi Əməliyyat deyil, əsl müharibədir. Həmçinin çoxdan anlayırlar ki, şəxsi həyatlarının pisləşməsi – mağazalardakı qiymətlər, internetin olmaması, benzinlə bağlı fasilələr və digər problemlər – davam edən müharibə ilə bağlıdır.

Və bu, əslində, həm Putinin, həm də “Vahid Rusiya”nın reytinqlərinin aşağı düşməsinə gətirib çıxarır. Başqa məsələ isə odur ki, Dövlət Dumasına seçkilər yaxınlaşır. Amma rusiyalılar, qəribə də olsa (yəqin ki, çoxları buna təəccüblənəcək), axmaq deyillər və çox yaxşı başa düşürlər ki, Dövlət Dumasında ümumiyyətlə müxalifət partiyaları yoxdur. Çünki repressiyaları gücləndirən bütün qanunlara, hərbi əməliyyatlarla bağlı bütün qanunlara onların özlərini müxalifət adlandırıb-adlandırmamalarından asılı olmayaraq bütün fraksiyalar səs veriblər”, – politoloq qeyd edib.

Onun sözlərinə görə, bu seçkilərin problemi də məhz ondadır ki, böyük ehtimalla səs verməyə heç kim olmayacaq. “Müharibənin heç bir ilkin şərt olmadan dayandırılmasının tərəfdarı olan yeganə partiya “Yabloko” partiyasıdır. Amma onun sonda seçki bülletenində qalıb-qalmayacağı böyük sual altındadır.

Buna görə də – bəli, hamı hər şeyi anlayır. Amma bundan sonra nə baş verəcəyi ayrıca məsələdir. Məncə, burada elitada baş verən prosesləri çox diqqətlə izləmək lazımdır. Çünki görünən odur ki, parçalanma artıq başlayıb. Və İlya Traberin (Sankt-Peterburqun ən nüfuzlu sahibkarlarından biri, Putinə yaxın şəxs) həbsi, mənim fikrimcə, elitadakı parçalanmanın sürətlə getdiyinin əlamətlərindən biridir.

Elitalar parçalandıqdan və onların bir hissəsi Putindən qurtulmağa hazır olduqdan sonra isə həmin hissənin legitimlik qazanmaq üçün rusiyalıların küçələrə çıxmasına ehtiyacı olacaq. Müvafiq olaraq, rusiyalılar küçəyə çıxanda başlarına dəyənəklə vurulmayacağını hiss edən kimi, həmin anda kifayət qədər ciddi kütləvi etirazlar başlaya bilər”, – Kurnosova yekunlaşdırıb.

Rauf Orucov