Moskvadan Tbilisiyə “pravoslav hücum” – Rusiya Kəşfiyyatı işə qarışır
Ekspert: Kremlin və ya Rusiya Pravoslav Kilsəsinin istənilən müdaxilə cəhdi uğursuzluğa məhkumdur
03 Aprel 2026
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti Gürcüstanda yeni patriarx seçkisi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, xidmətə daxil olan məlumatlara görə, Konstantinopol (İstanbul) patriarxı Varfolomey “dünya pravoslavlığını parçalamağa yönəlmiş məkrli xəttini davam etdirir və “parçala və hökm sür” prinsipinə əsaslanır”. Bu dəfə o, Gürcü Pravoslav Kilsəsini (GPK) öz təsiri altına salmaq niyyətindədir və bunu bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatından istifadə edərək həyata keçirmək istəyir.
“Fanariot boşalmış posta özünə dayaq ola biləcək GPK nümayəndəsini irəli sürmək istəyir. Bu rol üçün Varfolomey Qərbi Avropa mitropoliti Avraamı (Qarmeliya) və Poti və Xob mitropoliti Qriqorini (Berbiçaşvili) nəzərdən keçirir. O, yaxın ətrafında onları öz iradəsini həyata keçirə biləcək ən uyğun namizədlər kimi təqdim edir.
Kilsə dairələrində qeyd olunur ki, hakimiyyətpərəstlik Konstantinopoldakı (İstanbul) parçalanma tərəfdarının ayrılmaz xüsusiyyətinə çevrilib. Varfolomey öz hərəkətləri ilə “şərəf üstünlüyü”nü – yenidən “hakimiyyət üstünlüyü” ilə əvəz edir və növbəti pravoslav kilsənin, bu dəfə ən qədim kilsələrdən biri olan Gürcü Pravoslav Kilsəsinin daxili işlərinə müdaxilə edir. Aydındır ki, o, Ukrayna, Serbiya və Baltik ölkələrində olduğu kimi, II Ümumdünya Kilsə Şurasının ikinci qaydasını unudub: “Vilayət yepiskopları öz hakimiyyətlərini öz ərazilərindən kənardakı kilsələrə yaymamalıdırlar…”, – bəyanatda bildirilir.
Rəsmi Tbilisi hələlik Rusiya xüsusi xidmət orqanının bu bəyanatına münasibət bildirməyib. Gürcüstan Patriarxiyası isə təəccübünü ifadə edib.
Yeni Katolikos-Patriarx seçkiləri taxtın boşalmasından sonra 40 gündən iki ayadək müddətdə keçirilməlidir. Prosesdə Sinodun 39 üzvü – arxiyereylər iştirak edir. Namizədin seçilməsi üçün səslərin yarısından çoxunu (minimum 20 səs) toplanması lazımdır. Seçkilərdə, ehtimal ki, patriarx taxtının müvəqqəti icraçısı, Senaki və Çxorotskuy mitropoliti Şio (Muciri) də iştirak edəcək.
Ümumdünya patriarxı Varfolomey Katolikos-Patriarx II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisidə olub. Rus Pravoslav Kilsəsinin (RPK) nümayəndə heyətinə isə Minsk və Zaslavl mitropoliti, bütün Belarus üzrə patriarx ekzarı Veniamin (Tupeko) rəhbərlik edib. Tbilisidə həmçinin Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da olub.
Aydındır ki, Cənubi Qafqazda əvvəlki təsirini itirməkdən narahat olan Moskva onu bərpa etmək üçün hər bir imkandan istifadə etməyə çalışır. Artıq prosesə məntiqə görə daha uyğun görünən RPK yox, açıq və birbaşa şəkildə kəşfiyyat orqanı qoşulub. Kreml yenidən pravoslav dünyasının əsas fiqurlarından biri olan Ümumdünya patriarxı Varfolomeyin nüfuzunu sarsıtmağa çalışır. İstanbulda doğulmuş bu yunan əsilli dini lider, Türkiyə ordusunun keçmiş zabiti, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl Ukrayna Pravoslav Kilsəsinin avtokefaliyasını – yəni Moskva Patriarxlığından tam müstəqilliyini tanımışdı. Bu isə Putini ciddi narazı salmışdı və o, Moskva patriarxı Kirilə Konstantinopoldakı (İstanbuldakı) Ümumdünya patriarxlığının üstünlüyünü tanımamaq barədə göstəriş vermişdi. Beləliklə, faktiki olaraq RPK bu gün parçalanmış kilsə statusundadır.
Buna baxmayaraq, Kreml GPK-nin başına “öz adamını” gətirməyə çalışır ki, gürcü cəmiyyətinə təsir etmək üçün daha bir alət əldə etsin. Moskvanın bu planı reallaşa bilərmi? Gürcüstanın ali dini rəhbərliyi arasında Rusiya təsiri nə dərəcədədir?
Pressklub.az-ın suallarına hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) cavab verib.

Onun fikrincə, Rusiya xarici kəşfiyyatının yaydığı məlumat klassik təsir əməliyyatının elementidir və “kəsici güc” (sharp power) adlandırılan yanaşmanın nümunəsidir.
“Bu cür əməliyyatlar informasiya-psixoloji metodların tətbiqini nəzərdə tutur və başqa ölkənin cəmiyyətinin şüuruna təsir etmək, eləcə də daxili işlərə, xüsusilə din və Gürcü Pravoslav Kilsəsi məsələlərinə müdaxilə məqsədi daşıyır.
Gürcü Pravoslav Kilsəsi bir çox cəhətdən digər kilsələrdən fərqlənir, çünki o, hələ 483-cü ildə avtokefaliya elan edib. Kilsə öz tarixində çoxsaylı faciəli mərhələlərdən keçib, o cümlədən avtokefaliyanın bərpasınadək Rusiya imperiyasının Sinodu tərəfindən faktiki işğal dövrünü yaşayıb. 1917-ci il hadisələrindən sonra – 25 mart 1990-cı ildə GPK qədim pravoslav kilsələri, o cümlədən Konstantinopol (İstanbul) patriarxlığı tərəfindən rəsmi beynəlxalq tanınma əldə edib. GPK qədim və sistemli qurumdur və onun qərarlarına sovet dövründə kommunist rejim belə ciddi təsir göstərə bilməyib. Patriarx II İliya 2009-cu ildə vəfat edən Rusiya patriarxı Aleksiy üçün vida ibadəti də keçirmişdi ki, bu da GPK-nin Rusiya patriarxlığına təsirinin əhəmiyyətli olduğunu göstərir”, – professor qeyd edib.
Onun sözlərinə görə, Gürcü Pravoslav Kilsəsi faktiki olaraq müstəqil fəaliyyət göstərir, Eduard Şevardnadzenin prezidentliyi dövründə kilsə ilə dövlət arasında Konkordat imzalanıb.
“GPK bu mühüm müqaviləni əldə edə bilmiş yeganə kilsədir və bu, onun həm xarici, həm də daxili təsirlərdən tam müstəqilliyini təsdiqləyir. II İliyanın varisini Böyük Şura seçəcək – onun tərkibinə 39 iyerarx, eləcə də teoloqlar və ekspertlər daxil olacaq. II İliya kilsəni faktiki olaraq yenidən dirçəldən və onun yüksək ideoloji inkişafını təmin edən simvolik fiqurdur.
Bu prosesə Kremlin və ya Rusiya Pravoslav Kilsəsi nümayəndələrinin hər hansı müdaxilə cəhdləri uğursuzluğa məhkumdur. Yeparxiyalar şurası gürcü kilsəsinin ən layiqli din xadimini seçəcək. Bu vəziyyət ölkənin milli maraqlarının təmin olunmasında mühüm elementdir. Kilsənin gürcü cəmiyyətinə təsiri son dərəcə böyükdür və əhəmiyyətinə görə birinci yerdədir, ona rəqib yoxdur. Gürcü patriarxlığı mövcud mürəkkəb geosiyasi şəraitdə layiqli mövqe tutur”, – Maisaya bildirib.
Rauf Orucov