Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskva meydana qayıtmağa çalışır – “Soyuq sülh” fonunda Bakıya təmas təklifi
Rusiya Azərbaycana nə təklif edir: səssiz diplomatiyanın pərdəarxası məqamları

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüş keçirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, danışıqlar zamanı ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub.

Tərəflər 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq münasibətlərin bundan sonra da inkişaf etdirilməsinə sadiqliyi yenidən təsdiqləyiblər.

Bundan əlavə, qarşıdakı siyasi təmasların qrafiki nəzərdən keçirilib və müxtəlif regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb”, – Rusiya XİN-in məlumatında qeyd olunur.

Göründüyü kimi, kifayət qədər ümumi və konkretlikdən uzaq açıqlamadır. Adətən konkret məsələlər müzakirə ediləndə, lakin bu barədə ictimaiyyətə məlumat verilməsi məqsədəuyğun sayılmayanda bu cür açıqlama verilir.

Azərbaycan–Rusiya münasibətlərinin artıq xeyli vaxtdır “dondurulmuş” vəziyyətdə olduğunu demək olar və reallıq beldir. Əhəmiyyətli müsbət dinamika müşahidə edilmir. Moskva hələ də silahlı qüvvələri tərəfindən mülki sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyətini rəsmən etiraf etmək istəmir. Hər iki ölkənin həbsxanalarında isə Azərbaycan və Rusiya vətəndaşları qalmaqda davam edir.

Üstəlik, Qaluzinlə Mustafayevin görüşü ilə eyni gündə daha bir xəbər yayıldı: Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinski Yekaterinburqda qətlin təşkili və qəsddə təqsirli bilinib. Bu barədə URA.RU güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb.

Andlılar kollegiyası Şıxlinski ilə yanaşı Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovları və Sücəddin Rəcəbovu qətlin təşkili və sui-qəsddə günahkar hesab edib. İstintaq 2001-ci ildə sahibkar Yunis Paşayevin qətli və 2010-cu ildə biznesmen Fehruz Şirinova sui-qəsd hadisələrində onların əli olduğunu iddia edir.

Prokurorluğun tələbi ilə andlılar məhkəməsinin iclası qapalı keçirilib. Hökmün yaxın vaxtlarda elan olunacağı bildirilir.

Xatırladaq ki, ötən ilin iyununda Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı zor tətbiq olunub, nəticədə Azərbaycan əsilli Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən vəfat ediblər. Digər Səfərov qardaşları və daha bir neçə həmyerlimiz məhkəmə qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərə aid cinayət epizodları üzrə ittihamlar irəli sürülüb.

Sonradan Yekaterinburqda Şahin Şıxlinski və onun oğlu Mütvəli Şıxlinski də saxlanılıb. Mütvəli Şıxlinskiyə hakimiyyət nümayəndəsinə zor tətbiqi maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qəsd cəhdi və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Rusiya tərəfi belə bir fonda Bakı ilə nəyi müzakirə etməyə çalışır? Moskva son illərin xoşagəlməz epizodlarını görməzdən gəlməyi təklif edərək, qarşılıqlı siyasi əlaqəni bərpa etməyə can atır? Amma görünür, zamanın dəyişdiyini və əvvəlki mexanizmlərin artıq işləmədiyini nəzərə almır.

Rusiya XİN-in “qarşıdakı siyasi təmasların qrafiki”nin hazırlanması istiqamətində növbəti cəhdləri hansısa fayda verəcəkmi? Azərbaycan tərəfinin prinsipial xarakter alan bu qarşıdurmada geri addım atmasına dair hər hansı əlamət varmı?

Baş verənləri Pressklub.az-a şərh edən Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, Azadlıq Radiosunun jurnalisti Vadim Dubnov (Praqa) hesab edir ki, Azərbaycanın geri addım atması üçün nə real imkan, nə risk, nə də perspektiv mövcuddur.

Sadəcə olaraq, bu təmaslar üçün elə seqmentlər seçiləcək ki, orada müəyyən irəliləyiş mümkündür və ya münasibətlərdəki “soyuma” ən az hiss olunub. İlk növbədə bu, Vensin səfəri ilə bağlıdır. Həmin səfər daha çox gələcəkdə istənilən layihənin reallaşdırıla biləcəyi tikinti meydançasının təmizlənməsi janrında həyata keçirildi: orada sonradan nəsə tikmək olar – məsələn, çip istehsalı zavodu (hərçənd bu, az ehtimallıdır) və ya kazino. Yaxud, ümumiyyətlə heç nə tikməyəcəklər, sadəcə torpağın bahalaşmasını gözləyəcəklər və ya orada başqasının nəsə tikməməsi üçün oranı nəzarətdə saxlayacaqlar”, – analitik bildirib.

Onun fikrincə, baş verənlərin hamısı gözləntilər bazarında aparılan kommersiya əməliyyatlarıdır və buna məhz belə yanaşmaq lazımdır.

Moskvada müşahidə olunan fəallıq müəyyən dərəcədə bununla bağlıdır, lakin paralel olaraq ikitərəfli gündəlik də mövcuddur. Moskva və Bakı əvvəllər də kifayət qədər qarşılıqlı faydalı şəkildə etdikləri kimi, bir-birinə həssas və incə xidmətlər göstərə bilərlər. Münasibətlərin bu seqmentini heç kim korlamayıb və bu seqment inkişaf etməkdə davam edəcək.

İctimai müstəvidə isə biz hələ uzun müddət “soyuq sülh” müşahidə edəcəyik. Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra prosesin gərginliyi bir qədər azalsa da, bu çərçivədə Rusiyada azərbaycanlılara təzyiqlər davam edəcək. Təəssüf ki, belə hallar siyasi əmtəə olan insan taleləri üzərindən aparılan alverdir. Bu, vəziyyətdən asılı olaraq davam edəcək. Düşünürəm ki, Moskva girov götürmə praktikasını davam etdirəcək və həmin insanların taleyi birbaşa olaraq münasibətlərin sonrakı dinamikasından asılı olacaq”, – Vadim Dubnov vurğulayıb.

Rauf Orucov