Logo
news content
User
Kateqoriyalar

Analitika

KTMT-dən kənarda! – Lavrov məsələni sərt qoyub
Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək?

Kazan şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. Ermənistan yenə də toplantıda iştirak etməyib.

KTMT ölkələri Ermənistanın iki ildən artıq müddətdə üzvlük haqlarını ödəməməsi səbəbindən təşkilatın nizamnaməsinin müvafiq maddəsinin bu ölkəyə tətbiqi məsələsinə baxılması barədə razılığa gəliblər.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl ölkəsinin KTMT-də üzvlüyü ilə bağlı məsələyə toxunaraq bəyan edib ki, Ermənistan nə üzvlük haqqı ödəyir, nə də təşkilatın fəaliyyətində iştirak edir.

Biz bu gün belə vəziyyətdə nə etmək lazım olduğunu müzakirə etdik. Ermənistanın KTMT büdcəsinə olan borcu artıq iki ildən çoxdur qalır... Bu gün biz KTMT nizamnaməsinin müvafiq maddəsinin tətbiqi imkanlarına baxmaq barədə razılığa gəldik”, – Lavrov qeyd edib.

Bundan əlavə, Lavrov bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü məsələsi də artıq kəskin xarakter alıb, çünki ölkədə Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul edilib.

Ermənistanda artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul olunub, buna görə də məsələ artıq gündəmin ən aktual mövzularından biridir... Burada, əlbəttə ki, operativ şəkildə aydınlıq gətirmək lazım gələcək”, – o vurğulayıb.

Beləliklə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov faktiki olaraq Ermənistanın təşkilatdan çıxarılması məsələsinə baxılmasının zəruriliyini bəyan edib.

Ümumilikdə İrəvanın da məhz bunu gözlədiyini demək olarmı? Çünki görünür, ermənilər özləri KTMT-dən çıxmaq niyyətində deyillər. Ermənistan KTMT-dən çıxacağı təqdirdə nə qazanacaq, nə itirəcək? Bəs ölkə Avrasiya İqtisadi İttifaqından da çıxarılsa, onu nə gözləyir? Bu, daha çox itki olacaq, yoxsa qazanc? Əgər ikinci variantdırsa, Ermənistanın qarşısında hansı yeni perspektivlər açılacaq?

Bununla bağlı Pressklub.az-a danışan müstəqil politoloq Xaqani Cəfərlinin fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı səmərəli ola bilməzdi və olmadı da. Çünki bu təşkilat dövlətlərin könüllü birliyi deyil.

Bu təşkilatın yaradıcısı olan Rusiyanın ərazisi hər gün Ukrayna tərəfindən hərbi zərbələrə məruz qalır, lakin KTMT ölkələri həmin hücumların qarşısını almaq üçün Rusiyaya heç bir yardım göstərmirlər. Onlar hətta Rusiyaya qarşı hücumları pisləməkdən də çəkinirlər. Ermənistanda da bunu görürlər. Eyni zamanda, KTMT üzvlüyünün Ermənistan üçün əlavə problemlər yaratmaq ehtimalı çox yüksəkdir. Buna görə də Ermənistan üzvlük haqlarını ödəmir və təlimlərdə iştirak etmir. Ermənistan faktiki olaraq, rəsmi şəkildə olmasa da, KTMT-ni tərk edib. Üzvlük haqqı ödəməyən və təlimlərdə iştirak etməyən bir dövlətin təşkilatın üzvü kimi təqdim olunması artıq gülüş doğurur. Buna görə də Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmə gəlib. Ermənistan da KTMT-nin onu öz sıralarından çıxarmasını istəyir. Özü təşəbbüs göstərmir, çünki bu, Moskva ilə münasibətlərdə əlavə gərginlik yarada bilər.

Demək olar ki, Ermənistan KTMT-dən çıxmaqla heç nə itirməyəcək. Əksinə, təşkilatdan çıxdıqdan sonra onun Avropa İttifaqı, Böyük Britaniya və ABŞ ilə daha sıx əlaqələr qurmaq imkanları genişlənəcək. Ölkə KTMT-nin üzvü olaraq qaldığı müddətdə Qərblə yaxınlaşa bilməyəcək”, – ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması halında ilk illərdə müəyyən çətinliklərlə üzləşməsi mümkündür.

Lakin Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə bu itkiləri ən qısa müddətdə kompensasiya edə biləcək. Əgər İrəvan Avropa İttifaqına inteqrasiya istiqamətində qətiyyətli addımlar ata bilsə, bu, ölkənin inkişafı üçün ciddi resurslar əldə etməsinə imkan verəcək. Aİ bazarına güzəştli şərtlərlə ixrac imkanları, nəhəng Avropa maliyyə resurslarına və texnologiyalarına çıxış Ermənistanın sürətli inkişafını təmin edə bilər. Ermənistan kimi kiçik dövlətlər üçün Avropa öz nəhəng resursları ilə əsas inkişaf mənbəyinə çevrilir. Bu baxımdan, KTMT və Aİİ-dən çıxmaq Ermənistanın qarşısında geniş perspektivlər aça bilər”, – Cəfərli əminliklə bildirib.

Rauf Orucov