Logo
news content
User
Kateqoriyalar

Analitika

Kreml daxilində çat: Putin ətrafında “yumşaq” və “sərt” düşərgələr toqquşur?
Ekspert: “Daxildəki düşərgələr eyni sistemin parçasıdır”

Kremldə Putinin ətrafında dərin fikir ayrılığı formalaşıb. The Washington Post nəşri Rusiya hakimiyyətindəki məlumatlı mənbəyə istinadən yazır ki, bu, Boris Yeltsinin 1996-cı ildə yenidən seçilməsi ərəfəsində yaranmış parçalanmaya bənzəyir. Bildirilir ki, sentyabr ayına planlaşdırılan Dövlət Dumasına seçkilər yaxınlaşdıqca ziddiyyətlər daha da güclənib.

Məlumata görə, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və “onun komandası” Putini inandırmağa çalışırlar ki, o, ölkədəki vəziyyəti siyasi texnologiyalar vasitəsilə nəzarətdə saxlaya bilər. Eyni zamanda, ölkədə ən nüfuzlu qurumlardan biri hesab olunan FTX-nin Konstitusiya quruluşunun qorunması və terrorizmlə mübarizə xidməti (2-ci xidmət) isə hesab edir ki, vəziyyəti yalnız sərt üsullar və “vintlərin daha da sıxılması” ilə sabitləşdirmək mümkündür.

Bunlar müxtəlif yanaşmalar, müxtəlif risklər və Putinin diqqəti uğrunda rəqabət aparan fərqli komandalardır.

WP-nin mənbəsi vəziyyəti 1996-cı ildəki qarşıdurma ilə müqayisə edib. Həmin dövrdə sərt xətt tərəfdarları hakimiyyəti qorumaq üçün Yeltsinin prezident seçkilərini ləğv etmək və ya təxirə salmaq, eləcə də hərbi vəziyyət elan etmək istəyirdilər. Oliqarxlar isə onun seçki kampaniyasını maliyyələşdirmək niyyətində idilər. Bu gün də seçim təxminən eynidir: ya idarəolunan seçkilər ssenarisi, ya da repressiyaların daha da sərtləşdirilməsi.

“YUKOS”un keçmiş rəhbəri Mixail Xodorkovski də WP-yə müsahibəsində nəşrin versiyasını təsdiqləyib. “Prezident Administrasiyası ilə FTX-nin ikinci idarəsi arasında tam aydın qarşıdurma mövcuddur. Bu adamlar çox geniş səlahiyyətlər əldə ediblər və nəzarəti həddindən artıq sərtləşdirməyə başlayıblar. Prezident Administrasiyası isə Putinə vəziyyətin nəzarətdən çıxa biləcəyini hansısa formada anlatmağa çalışır”, – o bildirib.

The Washington Post bu qarşıdurmanın bir neçə ictimai əlamətini sadalayır. Prezidentin ictimai layihələr idarəsinin rəhbəri Sergey Novikov aprelin sonunda demoqrafiya üzrə konfransda çıxışı zamanı bildirib: “Cəmiyyət artıq qadağa ritorikasından yorulub, daha nəyisə qadağan etmək mümkün deyil”.

FTX-də isə internetin daha sərt məhdudlaşdırılması, messencerlərin və Qərb saytlarına sərbəst girişin qadağan olunması ideyası irəli sürülür. Bir həftə əvvəl Putin ictimai çıxışında “vintlərin daha da sıxılması” siyasətinin davam etdirilməsinin tərəfdarı olduğunu açıq şəkildə nümayiş etdirib.

Maraqlıdır, XXI əsr Rusiya cəmiyyətində müasir kommunikasiya vasitələrinin və qlobal informasiyaya çıxış imkanlarının bu cür zorakı şəkildə məhdudlaşdırılması nə ilə nəticələnə bilər? Bu addımlar, hətta Kremlin Ukraynaya qarşı aqressiyasından fərqli olaraq, gözlənilmədən xalq narazılığının partlayışına və hakimiyyət üçün proqnozlaşdırılması çətin nəticələrə səbəb ola bilərmi?

Tanınmış rusiyalı politoloq, sosioloq, iqtisad elmləri doktoru, Postindustrial Cəmiyyət Araşdırmaları Mərkəzinin rəhbəri Vladislav İnozemtsev mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O hesab edir ki, Qərb informasiya agentliklərinə özlərini Kremlin daxilindən məlumatlı mənbə kimi təqdim edərək fikir bildirən şəxslər əslində yalnız Kremlin paylaşmaq istədiyi məlumatları ötürürlər.

Buna görə də mən rejim üçün hansısa ciddi təhlükənin mövcud olduğunu düşünmürəm. Əlbəttə, müəyyən sızmalar, müəyyən informasiya səbəbləri var – məsələn, Viktoriya Bonya ilə bağlı çıxış və ya İlya Remeslonun müsahibəsi. Lakin bu məlumatlar, şübhəsiz ki, filtrdən keçirilmiş materiallardır. Dəqiq demək olar ki, onlar hətta Rusiya Prezident Administrasiyası tərəfindən təşkil olunmayıbsa belə, ən azı hansısa mərhələdə təsdiqlənib.

Ona görə də, mən hesab edirəm ki, burada sərt və daha yumşaq xətt tərəfdarları arasında müəyyən oyun gedir. Amma bu, 1996-cı ildə olduğu kimi real qarşıdurma deyil, məhz oyundur. Kənardan bu cür görünə bilər, lakin mənim fikrimcə, söhbət Vladimir Putinə təsir göstərmək və onu bu və ya digər mövqeyi qəbul etməyə yönəltmək üçün qurulmuş ssenaridən gedir. Əlbəttə, administrasiya daxilində, Kremlin dar elitası çərçivəsində müxtəlif düşərgələrin mövcudluğundan danışmaq olar, amma onların arasında – xüsusilə də 1996-cı ildə olduğu kimi sərt bir qarşıdurmanın olduğunu deməzdim.

Biz Rusiyada yaranan hansısa problemlərlə bağlı Qərbdə çox danışıldığını eşitmişik, amma rejim daxilində real parçalanma görmürük. Hətta “liberal iqtisadçılar” da hakimiyyətin tərkibində qalırlar. Aydındır ki, administrasiyanın daha rasional və daha mürəkkəb oyun aparan hissəsi FTX-nin sərt təzyiqlərindən narazıdır, lakin bu, eyni düşərgə daxilindəki oyundur. Bu düşərgəni dağıda biləcək daxili qarşıdurma isə hələlik görünmür”, – tədqiqatçı bildirib.

Onun fikrincə, Washington Post-da dərc olunan məqalə yəqin ki, günün və ya həftənin ən çox oxunan materiallarından biridir və bunun üçün vəziyyəti bir qədər dramatik göstərmək çətin deyil.

Məlumata çıxışın məhdudlaşdırılmasının ciddi sosial partlayış yaradıb-yaratmayacağına gəlincə, yox, məncə, yaratmaz. Bəli, bu, hazırda cəmiyyətdə mövcud olan ən böyük qıcıqlandırıcı amildir. Hakimiyyət isə son dövrlərə qədər belə qıcıqlandırıcıların yaranmaması üçün əlindən gələni edirdi, xüsusilə də yeni səfərbərlik dalğası elan etmirdi. Yəni onlar cəmiyyətin böyük hissəsinin maraqlarına toxunmamağa çalışırdılar. İndi isə artıq toxunublar.

Mən düşünürəm ki, gələcəkdə bu siyasətdə müəyyən yumşalma olacaq, amma radikal şəkildə yox. Yəni rusiyalılar qapalı cəmiyyətə müəyyən mənada hazırdırlar. Buna reaksiyanın isə böyük ehtimalla ciddi ictimai etiraz deyil, əhəmiyyətli miqrasiya artımı olacağını düşünürəm. Bu, əhalinin hakimiyyətə qarşı hansısa ciddi çıxışından daha real görünür. Buna görə də bir daha təkrar edirəm: mən hələlik hakimiyyət üçün həyati təhlükə yarada biləcək siqnallar görmürəm”, – İnozemtsev yekunlaşdırıb.

Rauf Orucov