Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Moskvadan sonra Minsk də Ermənistana xəbərdarlıq edir...
02 İyun 2026
Putindən sonra Belarus rəhbəri Aleksandr Lukaşenko da Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmanın “Ukrayna ssenarisi”ni təkrarlanması riskinə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə BelTA agentliyi məlumat yayıb.
“Ermənilər çox ehtiyatlı olmalıdırlar ki, Allah eləməsin, Ukraynada baş verənlər təkrarlanmasın... Ukraynada hər şey məhz belə başlamışdı... İstəməzdim ki, yenicə bir müharibədən çıxan ermənilər bununla əlaqədar ağır vəziyyətə düşsünlər. Tələsmək lazım deyil. Sadəcə düşünmək, müdrik olmaq lazımdır”, – Lukaşenko Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) yekunları ilə bağlı çıxış edərkən bildirib.
O, yenə də Putinin sözlərini təkrarlayaraq əlavə edib ki, Ermənistan xalqı bu məsələ ilə bağlı “öz mövqeyini bildirməlidir” və respublika rəhbərliyini iyunun 7-nə təyin olunmuş parlament seçkiləri fonunda “seçki oyunu oynamaqda” tənqid edib.
“Hamımız başa düşürük ki, burada siyasi oyun gedir – sabah Ermənistanda seçkilərdir. Təbii ki, bu məsələ ətrafında müxtəlif manipulyasiyalar aparılır... Amma Ermənistan rəhbərliyi səhv edir”, – Lukaşenko bildirib və İrəvanın addımlarını Aİİ üçün “alçaldıcı” adlandırıb.
Belarus lideri, həmçinin, İrəvanın son vaxtlar Avropa İttifaqı nümayəndələri ilə təmaslarını xatırladaraq, baş verənlərin xarici qüvvələrin maraqlarına xidmət etdiyinə eyham vurub. “Kimsə bundan fayda götürür. Gəldilər, orada müəyyən adamları topladılar (avropalılardan kimin gəldiyini bilirsiniz), onlara bir yığın vəd verdilər”, – o bildirib.
Lukaşenkonun sözlərinə görə, Avropa nümayəndələrinin çıxışlarında əsasən Minsk və Moskvanın ünvanına tənqidlər səslənib.
“Yalnız belə müzakirələr aparılırdı: ‘Belarus və Rusiya elədir, belədir”, – Lukaşenko hesab edir.
Mayın 29-da Vladimir Putin də İrəvanı “Ukrayna ssenarisi” ilə hədələyib. O bildirib ki, “Ukraynadakı böhran Avropa İttifaqına qoşulmaq cəhdləri ilə başlayıb”. Bundan əvvəl, mayın 10-da Putin oxşar bəyanatla çıxış edərək Ermənistan hakimiyyətinə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməyi tövsiyə etmiş və ölkənin Aİİ-dən çıxacağı təqdirdə, tərəflərin “yumşaq, mədəni və qarşılıqlı faydalı boşanma yolu ilə ayrılmasını” məsləhət görmüşdü.
Bu arada, Euronews-nun məlumatına görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 7 iyun seçkilərində inandırıcı üstünlük qazana bilər. “Breavis” şirkətinin sorğusuna əsasən, artıq kimə səs verəcəyinə qərar vermiş seçicilərin təxminən 65 faizi hakim partiyanı dəstəkləməyə hazırdır. Bu da Paşinyana Qərblə yaxınlaşma kursunu davam etdirməyə imkan verə bilər.
Bu fonda Rusiya Ermənistan məhsullarına qarşı ticarət məhdudiyyətləri tətbiq edib. Bundan başqa, səfir Sergey Kopırkin “məsləhətləşmələr üçün” geri çağırılıb. Moskva bu addımı Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşmaq istiqamətində atdığı və Aİİ çərçivəsində əməkdaşlığa zərər vuran addımlarla izah edib.
Reuters isə Qərb kəşfiyyat orqanlarına istinadən xəbər verir ki, Kreml Ermənistana təsir əməliyyatları aparmaq üçün xüsusi bölmə yaradıb və qarşıdan gələn parlament seçkilərinə müdaxilə etməyə hazırlaşır. Məlumata görə, məqsəd Rusiyada yaşayan ermənilərdən 100 min nəfəri seçkilər üçün vətənə göndərməkdir. Qeyd edək ki, Rusiyadakı erməni diasporunun ümumi sayı 2 milyondan çoxdur.
Bəs bütün bunlar Lukaşenkoya nə üçün lazımdır? O, Putinin başladığı bu təhdid ritorikasına niyə qoşulub? Onlar belə çıxışlarla Paşinyandan nə əldə etməyə çalışırlar? Hesab nə üzərində qurulub?
Pressklub.az-ın suallarına cavab verin tanınmış belaruslu analitik, jurnalist və demokratik fəal Aleksandr Otroşenkovun (Varşava) sözlərinə görə, belaruslular artıq çoxdan Aleksandr Lukaşenkonun bu cür çıxış üslubuna öyrəşiblər.

“O, Putin və ya Rusiya rəhbərliyinin digər nümayəndələri ilə görüşdən çıxan kimi, adətən Rusiya təbliğatçılarının mikrofonları qarşısında dayanır və Kremlin metodik göstərişlərində yazılan bütün tezisləri mexaniki şəkildə təkrarlayır. Üstəlik, çox vaxt Putindən də daha radikal bəyanatlar verir, bununla da ona sədaqətini və Kremlin carçısı rolunda faydalılığını nümayiş etdirir.
Lukaşenko 2022-ci ilin əvvəlində məhz bu üslubda çıxış edərək Ukraynanın bir neçə gün ərzində məğlub olacağını proqnozlaşdırırdı, Baltik ölkələrinin dövlətçiliyini itirəcəyi ilə hədələyirdi, Polşaya və digər dövlətlərə qarşı təhdidlər səsləndirirdi.
Maraqlıdır ki, Ermənistanla bağlı səsləndirdiyi təhdidlər onun Aİİ sammitindəki çıxışında dedikləri ilə tam ziddiyyət təşkil edir. Axı o, həmin çıxışında bildirirdi ki, bu təşkilat daha səmərəli və yeni potensial iştirakçılar üçün daha cəlbedici olmalıdır. Lakin Ermənistana hədə-qorxu gəlməklə, əksinə, göstərir ki, təşkilata üzvlük könüllü xarakter daşımır və burada iştirakın riskləri üstünlüklərdən daha çox ola, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində problemlərə gətirib çıxara bilər. Başqa sözlə, giriş bir rubldursa, çıxış iki rubldur”, – analitik bildirib.
Onun fikrincə, Lukaşenko müstəqil siyasi oyunçu deyil və səsləndirdiyi təhdidlər də əslində Kremlin təhdidləridir.
“Amma bu, həmin təhdidlərin real olmadığı anlamına gəlmir. Aydındır ki, Ermənistan üçün problemlər onun Aİİ-dən çıxmasına görə yaradılmayacaq (üstəlik, Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın belə bir planı yoxdur). Daha çox ona görə yaradılacaq ki, Ermənistan xalqı öz taleyini müstəqil müəyyənləşdirmək, ölkə rəhbərliyini özü seçmək və Rusiyada, Belarus, eləcə də Aİİ-yə daxil olan bir çox digər ölkələrdə formalaşmış siyasi sistemi və siyasi mədəniyyəti qəbul etmək istəmədiyini dəfələrlə göstərib.
Ermənistan xalqına qarşıdan gələn 7 iyun seçkilərində və sonrakı bütün seçkilərdə müdriklik, həmçinin seçdiyi yolda möhkəmlik arzulamaq qalır. Çünki aydındır ki, keçmiş “müttəfiqlər” bu yolda hələ dəfələrlə maneələr yaradacaqlar”, – Aleksandr Otroşenkov proqnozlaşdırır.
Rauf Orucov