Kif basmış arzular: Moskva yenə “3+3” xəyalı ilə yaşayır
Ekspert: Bu format artıq öz aktuallığını itirmiş, tarixə çevrilmiş strukturdur
07 İyun 2026
Moskva Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının tam açılmasını dəstəkləyir. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində təşkil olunmuş “3+3 Platforması: ümumi çağırışlar və strateji tərəfdaşlıq” sessiyasında bəyan edib.
Onun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının açılması “3+3” formatının tam fəaliyyət göstərməsi üçün zəruridir.
“Bizim fikrimizcə, Cənubi Qafqazın tranzit potensialının inkişafında regionun bütün ölkələrinin iştirakını təmin etmək vacibdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri, eləcə də Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açılmadan tamhüquqlu nəqliyyat əlaqələrindən danışmaq mümkün deyil. Hesab edirik ki, bu nə qədər tez baş versə, regionun bütün iştirakçıları bir o qədər çox logistik imkanlar əldə edəcəklər”, – rusiyalı diplomat bildirib.
Əvvəla, Gürcüstanın tərkib hissəsi olan və hazırda Rusiya tərəfindən işğal edilmiş regionlarla hansısa “sərhədlərdən” danışmaq olduqca qəribə görünür. Təkcə bu faktın özü qəti şəkildə belə nəticəyə gəlməyə əsas verir ki, “3+3” adlanan platforma sadəcə bir fiksiyadır. Boş bir ifadədən başqa bir şey deyil. Əgər Qaluzin diplomatdırsa, bunu anlamalıdır. Bu qənaəti təsdiqləyən başqa çoxsaylı səbəblər də var. Məsələn, Rusiya və İranın öz orta əsr təfəkkürünü xatırladan davranışları ilə özlərini saldıqları vəziyyət. Bu gün həmin təcrid olunmuş dövlətlərlə şüurlu şəkildə sıx tərəfdaşlığa can atan normal bir ölkə varmı?
Elə burada sual yaranır: Moskva niyə inadkarlıqla “3+3” mövzusunu gündəmdə saxlayır, sanki onun arxasında reallığa bənzər nəsə dayanır? Bunun heç olmasa hansısa rasional əsası varmı?
Hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, “3+3” formatı artıq əvvəl nəzərdə tutulan çərçivələrdən tamamilə çıxıb.
“Bu, sırf Rusiyanın təşəbbüsü ilə yaradılmış regional təhlükəsizlik formatı idi və hazırda reallığa uyğun gəlmir.
Hazırda “3+1” (və ya “2+1+1”) modeli fəaliyyət göstərir: iki Cənubi Qafqaz dövləti (Ermənistan və Azərbaycan), bir regional lider (Türkiyə) və bir qlobal aktor (ABŞ). Bu kontekstdə “3+3” formatı artıq öz aktuallığını itirmiş, tarixə çevrilmiş strukturdur.
Düşünürəm ki, hazırkı addımlar Kremlin özünü reabilitasiya etmək və bu vəziyyətdə hansısa formada mövqeyini təsdiqləmək cəhdindən başqa bir şey deyil. Onların Ermənistana təzyiq göstərməyə hazırlaşması da bir daha təsdiq edir ki, köhnə format artıq işləmir.
Hazırda faktiki olaraq yalnız “2+1+1” modeli fəaliyyət göstərir. Bu isə birbaşa olaraq Zəngəzur dəhlizi adlandırılan layihənin həyata keçirilməsi, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlıdır”, – professor Maisaya hesab edir.
Rauf Orucov