Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanda seçki yarışı: Paşinyanın inamlı qələbəsi mümkündürmü?
Erməni ekspert: Vəziyyət pis deyil, səsvermənin nəticələri bunu aydın şəkildə göstərəcək

Ermənistanda iyunun 7-nə təyin olunmuş növbəti parlament seçkilərinə hazırlıq gedir. Əsas siyasi mübarizə ölkənin gələcək kursu (Qərb və ya Rusiya istiqaməti) və daxili sabitlik məsələləri ətrafında cərəyan edir.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası liderliyini qoruyub saxlayır, lakin onun reytinqi azalıb. Son sorğulara görə, seçicilərin təxminən 24,3%-i bu partiyaya səs verməyə hazırdır. Ekspertlər qeyd edirlər ki, hazırkı şəraitdə koalisiya olmadan mütləq çoxluq (50%-dən artıq) qazanmaq ehtimalı böyük deyil.

“Ermənistan” bloku 30 nəfərlik seçki siyahısını elan edib və siyahıya yenidən sabiq prezident Robert Koçaryan rəhbərlik edir.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan da seçki prosesinə fəal şəkildə qoşulub və bildirib ki, seçkilər ölkənin daxili taleyini həll etməli, geosiyasi alətə çevrilməməlidir.

Parlament bu yaxınlarda Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər partiya və blokların adlarında liderlərin adlarının istifadə edilməsini qadağan edir, həmçinin süni intellekt tərəfindən yaradılmış kontentin açıqlanmasını tələb edir.

Bu seçkilər Ermənistanın Qərblə yaxınlaşma kursunu davam etdirib-etdirməyəcəyini və ya yenidən Rusiya ilə daha sıx ittifaqa qayıdıb-qayıtmayacağını müəyyən edəcək test kimi qiymətləndirilir.

Rusiya Xarici İşlər Nazirliyi rəsmi olaraq seçkilərə müdaxilə etmədiyini bəyan edir, lakin Ermənistan qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı narahatlığını açıq şəkildə ifadə edir və Rusiyapərəst qüvvələrin seçkilərdə sərbəst iştirakına ümid etdiyini bildirir.

Sərhədlərin delimitasiyası fonunda milli təhlükəsizlik məsələsi bütün namizədlərin ritorikasında əsas mövzulardan biri olaraq qalır.

Hazırda Ermənistanda seçkiqabağı mühitin əsas xüsusiyyətləri nədən ibarətdir? Seçicilərin simpatiyası nə dərəcədə aydın görünür? Müxtəlif siyasi qüvvələr 7 iyuna qədər xalqın seçimində gözlənilməz dəyişiklik yarada bilərlərmi?

Tanınmış erməni analitik və publisist İşxan Verdyan Pressklub.az-a açılqamasında bildirib ki, ilk baxışdan Ermənistanda seçkiqabağı vəziyyətin olduqca qeyri-müəyyən olduğu və Nikol Paşinyanın qələbə qazanmaq üçün ciddi səylər göstərməli olacağı təsiri yarana bilər.

Lakin bu təəssürat əsasən səthi xarakter daşıyır. Ölkə daxilində real vəziyyət mediada təqdim olunan mənzərədən xeyli fərqlənir. Bəlkə də bu, hazırkı hakimiyyətin əsas problemlərindən biridir: Paşinyanın komandası xarici media ilə effektiv kommunikasiya qura bilməyib və faktiki olaraq xarici informasiya məkanını öz rəqiblərinə güzəştə gedib. Onlar isə bu sahədə daha peşəkar fəaliyyət göstərirlər.

Əslində vəziyyət o qədər də narahatedici deyil.

İlk növbədə, partiya bloklarının adlarında şəxsi adların istifadəsini qadağan edən seçki qanunvericiliyinə edilən dəyişikliklər müxalifət tərəfindən rəqabətin məhdudlaşdırılması kimi təqdim olunur. Lakin bu, sadəcə şərhdir və mahiyyət etibarilə düzgün deyil. Bu qadağa nə passiv, nə də aktiv seçki hüququna təsir edir. Əksinə, o, parlamentarizmin inkişaf məntiqinə uyğundur: burada diqqət fərdlərdən daha çox proqramlara və ölkənin gələcəyi ilə bağlı baxışlara yönəlir. Bu normanı “demokratiyaya zərbə” kimi təqdim etmək isə daha çox siyasi motivli görünür.

Sözügedən sosioloji sorğuya gəlincə, onu dərc edən təşkilat əvvəllər də qeyri-dəqiq məlumatlara görə tənqid olunub. Ermənistan daxilində onun reputasiyası yaxşı məlumdur, lakin ölkə xaricində bu cür materiallar çox vaxt lazımi tənqidi yanaşma olmadan qəbul edilir. Burada hakimiyyətin başqa bir zəif tərəfi də üzə çıxır – ictimai rəy ilə sistemli işin və müstəqil, nüfuzlu statistik infrastrukturun olmaması. Nəticədə informasiya məkanı şübhəli məlumatlarla dolur və sonra bu məlumatlar xarici mənbələr tərəfindən tirajlanır”, – ekspert bildirib.

Onun fikrincə, müxalifətin parlament binası qarşısında keçirdiyi etiraz aksiyaları məhdud xarakter daşıyır və ciddi siyasi faktor kimi qiymətləndirilə bilməz.

Hətta pik mərhələlərdə belə bu aksiyalara nisbətən az sayda insan qatılır və onlar ölkə üçün adi sayılan etiraz fəallığı çərçivəsindən kənara çıxmır. Bu isə özlüyündə ciddi seçici dəyişikliklərinin göstəricisi deyil.

Vəziyyətə yerli kontekstdən kənardan baxdıqda hakimiyyətin ciddi problemlərlə üzləşdiyi təəssüratı yarana bilər. Lakin bu, real mənzərəni əks etdirmir. Praktikada baş nazir cəmiyyətin yüksək etimadını qoruyub saxlayır və böyük ehtimalla bu etimad seçkilərdə də özünü göstərəcək.

Bu qiymətləndirmə müxalif media tərəfindən formalaşdırılan obrazla üst-üstə düşməyə bilər. Lakin səsvermənin nəticələri bunu aydın şəkildə göstərəcək. Böyük ehtimalla Nikol Paşinyan inamlı qələbə qazanacaq, hətta konstitusion çoxluq əldə etməsi də mümkündür”, – Verdyan hesab edir.

Rauf Orucov