Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan Avropanın gündəliyini qəbul etdi, Bakı narazı qaldı
Poltoloq: “Bu yanaşmalar sülh gündəliyinə zərər vurur və etimadı azaldır”

Dekabrın 2-də Avropa İttifaqı (Aİ) və Ermənistan “Aİ–Ermənistan Tərəfdaşlığı üçün yeni Strateji Gündəliyi” qəbul edib. Strateji sənəd proqram xarakteri daşıyır və ümumilikdə 64 səhifədən ibarətdir. Sənəddə Ermənistanın Aİ ilə siyasi qarşılıqlı fəaliyyət, iqtisadiyyat, demokratiyanın inkişafı və digər sahələr üzrə strateji gündəliyi öz əksini tapıb.

Sənəd siyasi, iqtisadi və sektorlar üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm addım sayılır. Gündəlik Aİ–Ermənistan Tərəfdaşlıq Şurası tərəfindən təsdiqlənib və 2017-ci il Tərəfdaşlıq Prioritetlərini əvəz edir, birgə fəaliyyət üçün daha əhatəli çərçivə müəyyən edir.

Strateji Gündəlik Aİ–Ermənistan Əhatəli və Gücləndirilmiş Tərəfdaşlıq Müqaviləsi (CEPA) əsasında hazırlanıb və qarşıdakı illər üçün ortaq baxışı əks etdirir. Sənəd demokratiya və hüquq qaydası, ədliyyə islahatı, insan hüquqları, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, ticarətin diversifikasiyası və təhlükəsizlik sahələrində yeni əməkdaşlığı əhatə edir.

Əlaqələndirmə sənədin əsas istiqamətidir. Bu, Ermənistan, region və Aİ arasında nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsini nəzərdə tutur. Global Gateway çərçivəsində strateji investisiyalara diqqət yetirilir və “Crossroads of Peace” kimi təşəbbüslərə dəstək verilir. Məqsəd regional əlaqələri yaxşılaşdırmaq, iqtisadi dayanıqlığı artırmaq, ticarət və hərəkətlilik üçün yeni imkanlar açmaqdır.

Strateji Gündəlik həm qısa müddətli (3-4 il), həm də orta müddətli (7 il) prioritetləri müəyyən edir. Bu prioritetlər vətəndaşlar üçün faydalar təmin etməyi və Ermənistanın çətin regional mühitdə dayanıqlığını gücləndirməyi hədəfləyir. Eyni zamanda, Aİ Ermənistanın islahat proqramını texniki və maliyyə yardımı ilə dəstəkləyir.

Sənəd hərəkətlilik məsələsini, xüsusən viza sadələşdirilməsi dialoqunu da vurğulayır. Qarabağdan köç etmiş ermənilərin sosial və iqtisadi inteqrasiyasının dəstəklənməsi də gündəmdədir. Strateji Gündəlik təhlükəsizlik, böhran idarəçiliyi, hibrid təhdidlər və kiberdayanıqlılıq sahələrində əməkdaşlığı gücləndirir və regionda davamlı sülh üçün Aİ-nin dəstəyini təsdiqləyir.

Yeni Strateji Gündəlik aydın prioritetlər və strukturlaşdırılmış monitorinq sistemi təqdim edir. Sənəd Aİ-nin Ermənistan, onun vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu təsdiqləyir, sabitliyi və rifahı təşviq etməyi və vətəndaşlar üçün konkret nəticələr əldə etməyi hədəfləyir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Strateji Gündəliyin imzalanması tərəflər arasında əlaqələrin inkişafında mühüm hadisədir. O qeyd edib ki, bu sənəd Ermənistan və Avropa İttifaqı arasında münasibətlərdə vacib dəyişiklikləri nəzərdə tutur.

Paşinyan həmçinin vurğulayıb ki, 8 avqust Vaşinqton sazişləri və TRIPP layihəsinin elanından sonra Ermənistanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, ölkə maraqlıdır ki, Avropa İttifaqı bu infrastruktur layihələrində konkret iştirak və dəstək göstərsin.

Baş nazir əlavə edib ki, Ermənistanın əməkdaşlığı yalnız regional kommunikasiyalarla məhdudlaşmır. Avropa İttifaqı Ermənistana illər əvvəl 2,6 milyard avro dəstək ayırıb. Paşinyan TRIPP layihəsi çərçivəsində Aİ-nin konkret investisiya proqramları və iştirakını gözlədiklərini bildirib.

Paşinyan həmçinin qeyd edib ki, strateji çərçivələrin dəqiqləşdirilməsi üzrə işlər davam edir və TRIPP layihəsi planlaşdırılan vaxt çərçivəsində həyata keçiriləcək.

Baş nazir əlavə edib ki, Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük məsələsində maraqlıdır. O, Çinlə strateji tərəfdaşlıq sənədinin imzalandığını və Çinlə ŞƏT-in Ermənistan üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu vurğulayıb. Paşinyan Ermənistanın Çin və ŞƏT ilə əlaqələri dərinləşdirmək və inkişaf etdirmək niyyətində olduğunu da qeyd edib.

Sənədi şərh edən politoloq Fərhad Məmmədov bildirir ki, Strateji Gündəlikdə yeni ticarət müqaviləsi yoxdur, həmçinin Ermənistanın gələcəkdə Aİ-yə üzvlüyü ilə bağlı da heç bir fikir yer almır. Bu sənəd sadəcə hazırda mövcud olan fəaliyyətlərin və planlaşdırılan addımların sistemləşdirilmiş siyahısıdır. Politoloq sənədi “Aİ-dən Ermənistana maksimal siyasi dəstək paketi” kimi xarakterizə edib.

Politoloq vurğulayıb ki, sənəddə Azərbaycan 5 dəfə xatırlanır və bunun iki dəfə sülh gündəliyi çərçivəsində olması normaldır. Lakin o, giriş və nəticə bölmələrində yer alan bir sıra məqamları “qəbulolunmaz və aydınlaşdırılmağa ehtiyacı olan” ifadələr kimi qiymətləndirib.

Fərhad Məmmədov diqqətə çatdırıb ki, sənədin Giriş hissəsində belə yazılıb: “Xüsusi diqqət həmçinin Azərbaycanın hərbi əməliyyatından sonra köçürülmüş Qarabağ ermənilərinin ehtiyaclarına və onların sosial-iqtisadi inteqrasiyasına ayrılacaq”. Eyni məzmunda fikir sənədin Nəticə hissəsində də təkrar olunur.

Müsahibimiz hesab edir ki, bu, artıq Qarabağ ermənilərinin Ermənistana köçünün siyasi qiymətləndirilməsidir. Politoloqun sözlərinə görə, sənəddə köçün gerçək səbəbi, yəni Qarabağdakı erməni əhalinin idarə edilməsinin və onların çıxışının Ermənistan tərəfindən təşkil olunması ümumiyyətlə qeyd olunmur.

F.Məmmədov deyib ki, Aİ hələ də Qarabağ ermənilərini “köçkün”, yoxsa “qaçqın” adlandırmaqda qərarsızdır: “Avropalı diplomatlar özlərinə sual vermirlər: niyə belə oldu və bu termin niyə qeyri-müəyyəndir?”

Politoloq əlavə edib ki, Aİ Azərbaycanın mövqeyini – yəni Qarabağda Ermənistan silahlı birləşmələrinin qalıqlarının qalmasının qəbuledilməzliyini çox yaxşı bilir, lakin sənəddə buna heç bir istinad yoxdur. Onun fikrincə, sənəddə hadisələr sadəcə bir-birinə bağlanıb və kontekstdən çıxarılaraq, tarixə salını: “Elə bu yanaşmaya görə, Azərbaycan da Aİ–Azərbaycan sənədində Aİ-nin Ermənistandan qovulmuş qərbi azərbaycanlılara yardım şərtini yazmağı təklif edə bilər. Amma Aİ buna heç vaxt razı olmayacaq”.

Politoloq daha bir məqamı qeyd edib - sənədin 31-ci səhifəsində Aİ-nin “erməni məhbusların və digər saxlanılan şəxslərin azad olunması üçün səylər göstərəcəyi” bildirilir. Sənəddə konkret olaraq hansı məhbuslardan söhbət getdiyi açıqlanmır və Aİ-nin bu öhdəliyi niyə öz üzərinə götürdüyü də anlaşılmır.

F.Məmmədov sənədin “Regionda münasibətlərin normallaşdırılması” bölməsində yer alan aşağıdakı fikrə də toxunub: “Bütün müvafiq Beynəlxalq Məhkəmə qərarlarının tam, dərhal və effektiv icrasının dəstəklənməsi”. Politoloq bildirib ki, bu da qeyri-müəyyəndir: “Konkret bir məhkəmə qərarından danışırsınızsa, bunu açıq yazın. Yoxsa bu yanaşma Aİ–Ermənistan tərəfdaşlığının məqsədi barədə suallar yaradır”. 

O, əlavə edib ki, bütün bu yanaşmalar sülh gündəliyinə zərər vurur və etimadı azaldır: “Bunlar sadəcə texniki cümlələr deyil, siyasi mövqedir və sülhə xidmət etmir”.

Turqut