Logo
news content
User
Kateqoriyalar

Analitika

Brüssel sülh prosesini niyə pozur və Bakı niyə kəskin reaksiya verdi?
Aİ–Ermənistan sənədindəki qərəzli müddəalar post-münaqişə reallıqlarını təhrif edir

Dekabrın 2-də Brüsseldə imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədin post-münaqişə dövründə reallıqları təhrif etməsi və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələləri prioritetləşdirilməsi ciddi narahatlıq doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. 

XİN-in açıqlamasında qeyd edilir ki, sənədə Azərbaycan əleyhinə yönəlmiş müddəaların salınması yolverilməzdir və bu, Bakı ilə Aİ münasibətlərinin perspektivlərinə də mənfi təsir göstərir. Sənəddə bildirilir ki, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkədən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir.

Aİ-nin Ermənistanın Beynəlxalq Məhkəmənin qərarları ilə bağlı tələblərini dəstəkləməsi, habelə ikitərəfli məsələlərin üçüncü tərəfin müzakirəsinə çıxarılması məntiqsiz addımlar kimi qiymətləndirilir və Azərbaycanın qarşılıqlı məhkəmə iddialarının nəzərə alınmaması kimi dəyərləndirilir. Bu məsələlərin sənəddə qeyd edilməsi isə qarşılıqlı iddiaların aradan qaldırılmasını nəzərdə tutan Vaşinqton sülh sazişi layihəsinə ziddir.

Sənəddə “əsir” kimi təqdim edilən, əslində isə hərbi cinayətlərə görə məhkum olunmuş ermənilərin azadlığa buraxılması tələblərinin yer alması da qəbuledilməz sayılır. Qeyd edilir ki, Ermənistanın irəli sürdüyü “sülh kəsişməsi” təşəbbüsünün dəstəklənməsinə baxmayaraq, TRIPP layihəsinə toxunulmaması həm Ermənistanın, həm də Aİ-nin niyyətlərinin ciddi olmasına şübhə yaradır.

Azərbaycanı narahat edən digər məqam isə Bakının təbliğat vasitəsi hesab etdiyi Aİ-nin Ermənistandakı müşahidə missiyasının saxlanılmasıdır. Sənəddə hərbi və müdafiə məsələlərinə xüsusi diqqət ayrılması isə Ermənistanın hərbiləşməsinə yol açdığı vurğulanır.

XİN onu da bildirir ki, bu müddəalar avqustun 8-dən bu yana müşahidə olunan pozitiv dəyişikliklər fonunda keçmiş münaqişə elementlərini yenidən gündəmə gətirir. Bakı Ermənistandan və Aİ-dən zərərli bəndlərin aradan qaldırılmasına yönəlik addımlar gözlədiyini bildirir və əlavə edir ki, proses diqqətlə izləniləcək və müvafiq nəticələr çıxarılacaq.

Sual yaranır, rəsmi Bakı bu sənədə belə kəskin reaksiya verməliydimi? Sənəd doğrudanmı bu qədər prinsipial əhəmiyyət daşıyır? Ermənistan–Aİ gündəliyi sülh prosesinin gedişinə, gələcək sülh sazişinin imzalanmasına təsir göstərə bilərmi? Yoxsa onu sadəcə görməzdən gəlmək olardı?

Tanınmış ekspertlər bununla bağlı Pressklub.az-a açıqlamalarında fikirlərini bildiriblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru, diplomat Fərid Şəfiyev hesab edir ki, bu sənəd həm Ermənistanın, həm də qismən Avropa İttifaqının siyasətindəki ikili yanaşma olduğunu göstərir.

Elə təəssürat yaranır ki, ermənilər gələcəkdə yenidən münaqişəyə qayıtmaq üçün hansısa ehtiyat “kartlar” saxlayırlar. Axı bunun nə mənası var? Aydındır ki, bunun nəticəsi Ermənistan üçün olduqca acınacaqlı olacaq, bütün bunlar yeni faciələrlə nəticələnəcək. Amma bir o qədər də aydındır ki, mətnə salınmış həmin şübhəli məqamlar Ermənistanın təşəbbüsü ilə daha çox Avropa İttifaqının təşəbbüsü ilə daxil edilib”, – analitik hesab edir.

Biz deyirik ki, sülhə doğru irəliləyirik, münasibətlərin normallaşmasına çalışırıq, belə bir şəraitdə isə hərbi cinayətkarlarla bağlı “Bakıdakı girovlar” kimi terminlərdən istifadə edilməsi qətiyyən yolverilməzdir. Söhbət, yeri gəlmişkən, həm də Ermənistanda hakimiyyəti dəyişməyə cəhd edən, yaxud heç olmasa buna cəhd göstərmiş oliqarxlardan biri olan Ruben Vardanyandandan gedir. İndi bunu digər oliqarxlar – Samvel Karapetyan və başqaları edir. Bu, bir daha Avropa İttifaqının siyasətinin tamamilə uzaqgörən olmadığını göstərir. Mövcud şəraitdə isə bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması səylərinə zərbədir”, – Şəfiyev düşünür.

Öz növbəsində, müstəqil politoloq Xəqani Cəfərli əmindir ki, Azərbaycan və Ermənistan arasında möhkəm sülh bərqərar olmayınca, regionda sülh istəyən bütün paytaxtlar son dərəcə həssas davranmalıdır.

Təəssüf ki, Avropa İttifaqı belə həssaslıq göstərmir. Axı Aİ hamıdan yaxşı bilir ki, xalqların dinc yanaşı yaşamasının əsas şərtlərindən biri qarşılıqlı iddialardan imtina etməkdir. Avropa İttifaqının yaranması məhz qurucu dövlətlərin tarixdən miras qalan düşmənçilikdən, narazılıqlardan və iddialardan imtina etməsi hesabına mümkün olub. İnsanlığa bu qədər gözəl bir nümunə təqdim edən sivilizasiyanın Azərbaycanla Ermənistan arasında sülhə töhfə vermək əvəzinə, iki ölkənin kövrək sülh addımlarına zərər vuran mövqe sərgiləməsi ədalətsizlikdir.

Mənim fikrimcə, Azərbaycan XİN-inin mövqeyi doğru olsa da, iradların ifadə forması düzgün seçilməyib. Aİ-yə etiraz məhz yuxarıda qeyd etdiyim prinsiplər əsasında formalaşdırılsaydı, daha məqsədəuyğun olardı”, – Cəfərli mövqeyini belə ifadə edib.

Rauf Orucov