Bakının Tehranla “dialoqu” – Cavab verəcək ünvan varmı?
Azərbaycan sərt mesajını səsləndirir, amma İranda real hakimiyyətin kimdə olduğu artıq bəlli deyil
21 Mart 2026
Azərbaycan ümid edir ki, İran Naxçıvana PUA zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi vədi yerinə yetirəcək və gələcəkdə belə halların qarşısını almaq üçün zəruri tədbirlər görəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən XİN başçılarının görüşündə bəyan edib.
Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan pilotsuz uçuş aparatları Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb, Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla, kritik infrastruktura ciddi ziyan dəyib.
Nazir vurğulayıb ki, Azərbaycan insidentə operativ və qəti reaksiya verib, suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqliyini təsdiqləyib.
“Azərbaycan gözləyir ki, İran tərəfinin insidentin hərtərəfli araşdırılması ilə bağlı verdiyi vədi yerinə yetiriləcək və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görüləcək”, – nazir əlavə edib.
Bayramov, həmçinin Yaxın Şərq regionunda yaranmış ciddi böhrana təcili reaksiya verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, eskalasiyanın nəticələri ayrı-ayrı ölkələrin sərhədlərini aşaraq daha geniş regional və qlobal risklər yaradır, mülki əhalinin həyatına və infrastruktura təhlükə törədir.
“Konfliktin coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Region dövlətlərinə qarşı hücumların davam etməsi parçalanmanı dərinləşdirir və uzunmüddətli sabitliyi sarsıdır”, – o bildirib.
Nazirin sözlərinə görə, baş verənlərin nəticələri ayrı-ayrı ölkələrlə məhdudlaşmır və daha geniş regional və qlobal təhlükələr yaradır. Bu baxımdan, mövcud böhrana təcili reaksiya verilməsi zəruridir.
Bayramov xatırladıb ki, eskalasiya başlayandan sonra Azərbaycan İrana humanitar yardım göstərib, o cümlədən son yardım partiyası martın 18-də Novruz və Ramazan bayramları ərəfəsində göndərilib. Bundan əlavə, Azərbaycan üçüncü ölkələrin humanitar yüklərinin İrana çatdırılmasına, eləcə də mülki şəxslərin öz ərazisi vasitəsilə təxliyəsinə dəstək verib.
Nazir, həmçinin region ölkələrinin məsuliyyətinin və sülhün, təhlükəsizliyin təminində onların aparıcı rolunun vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq hüququn əsas prinsiplərinə sadiqlik – suverenliyə və ərazi bütövlüyünə hörmət, güc tətbiq etməmək və daxili işlərə qarışmamaq – dayanıqlı sülhün əldə olunmasının əsas şərti olaraq qalır.
Lakin burada sual yaranır: indiki vəziyyətdə rəsmi Bakının İrandan ümumiyyətlə nəsə gözləməsi nə dərəcədə əsaslıdır? Bu ölkədə hakimiyyət sistemi öz bütövlüyünü qoruyub saxlayırmı? Hazırda Naxçıvanda baş verən hadisə kimi insidentləri araşdırmağa məsul olan strukturlar varmı? Əgər varsa, onlar kimə tabedirlər?
Bu suallar heç də ritorik deyil. Nəzərə alaq ki, prezident Pezeşkian bir söz deyir, onun birbaşa tabeliyində olan xarici işlər naziri Araqçi başqa mövqe səsləndirir, Xameneinin ölümündən sonra ölkənin faktiki rəhbəri sayılan Əli Laricani isə artıq aradan götürülüb – belə şəraitdə Azərbaycana cavabı kim verməlidir? Bəlkə SEPAH? Lakin bu strukturun Azərbaycan Respublikasına hər hansı hörmət nümayiş etdirdiyini demək çətindir.
Yaranmış vəziyyətlə bağlı Pressklub.az-a danışan Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq Radiosu”nun jurnalisti Vadim Dubnovun (Praqa) fikrincə, Azərbaycanın hansısa real istintaq nəticələri əldə edəcəyinə ciddi şəkildə ümid etdiyini söyləmək çətindir.

“Düşünmürəm ki, hazırkı şəraitdə İranda bu hadisəni araşdıracaq real mexanizmlər mövcuddur. Üstəlik, əmin deyiləm ki, hətta vəziyyətin daha sabit olduğu dövrlərdə də belə tələb ciddi qəbul edilərdi.
Məncə, bu, tamamilə siyasi bəyanatdır və onun məqsədi Azərbaycanın bu gün İranla hansı sərtlik səviyyəsində danışa biləcəyini göstərməkdir. Bu bəyanatı həmin sərtliyin formulası kimi qiymətləndirmək olar – burada hər şey kifayət qədər ölçülüb-biçilmiş şəkildə təqdim olunub.
Yəni bu, münasibətlərin mövcud olduğu dövlətə ünvanlanan normal tələbdir. Bu münasibətlər dostluq xarakteri daşımır, lakin korrektdir və tərəflərin üzərinə müəyyən öhdəliklər qoyur. Azərbaycan da məhz bu öhdəliklərin yerinə yetirilməsini tələb edir – kifayət qədər israrlı və sərt şəkildə, amma düşmənçilik tonuna keçmədən.
Bu baxımdan düşünürəm ki, burada əsas məqsədlərdən biri, bir tərəfdən, gələcəkdə mövqeni sərtləşdirmək və ya yumşaltmaq imkanını qoruyub saxlamaqdır. Digər tərəfdən isə Azərbaycan bir daha Yaxın Şərqdə və ümumilikdə regionda gedən proseslərin iştirakçısı olduğunu göstərir – bu meydanda əsas oyunçulardan biri kimi çıxış edərək öz tələblərini həm korrekt, həm də kifayət qədər sərt formada irəli sürə bilən tərəf kimi”, – Dubnov qeyd edib.
Rauf Orucov