Bakıda yeni məhkəmə başladı: Separatçılar Paşinyana hədiyyə ediləcəkmi?
Ekspertlər bu versiyanı inanıdırıcı saymırlar, amma...
28 May 2026
Bakı Apellyasiya Məhkəməsi Ermənistan vətəndaşları (vaxtilə Qarabağdakı separatçı rejimdə yüksək vəzifə tutmuş şəxslər) – Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərlə bağlı hökmdən verilmiş apellyasiya şikayəti üzrə işi icraata qəbul edib.
Məhkəmə prosesi mayın 26-da başlayıb. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılır.
Xatırladaq ki, adıçəkilən şəxslər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb olunublar. Onlara qarşı irəli sürülən ittihamlar arasında təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və adətlərinin pozulması, həmçinin terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılması və digər çoxsaylı cinayətlər yer alır.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər.
Arkadi Qukasyan və Bako Saakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il azadlıqdan məhrum ediliblər.
Bu hökmlər fevral ayında çıxarılıb. İndi isə mayın sonudur və qonşu Ermənistanda həlledici parlament seçkiləri yaxınlaşır. Heç kimə sirr deyil ki, rəsmi Bakı və Ankara hakimiyyətdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qalmasında maraqlıdır. Çünki bu, regionda sülh və sabitliyə, mərhələli şəkildə mehriban qonşuluq münasibətlərinin qurulmasına və iqtisadi əməkdaşlığın inkişafına aparan yol deməkdir. Bununla yanaşı, Rusiyanın Cənubi Qafqazdakı siyasi rolunun azalması prosesi də davam edəcək.
Belə bir vəziyyətdə keçmiş separatçı hərəkat liderləri üzərində apellyasiya prosesinin məhz indi başlamasının təsadüfi olmadığı barədə ehtimallar irəli sürmək mümkündür. Çünki Bakı yaxın vaxtlarda bu şəxslərin İrəvana verilməsi barədə qərar qəbul etsə, bu, Paşinyan və onun partiyası üçün çox böyük seçkiqabağı hədiyyəyə çevriləcək. Belə bir addım hələ də tərəddüd edən, 7 iyunda Nikol Paşinyana və onun komandasına, yoxsa Moskva yönlü müxalifət partiyalarından birinə səs verəcəyini müəyyənləşdirə bilməyən seçicilərin dəstəyini onun tərəfinə çəkə bilər.
Bugünkü reallıqları nəzərə alsaq, Bakının belə bir planının olması mümkündürmü? Və Azərbaycan rəhbərliyinin həmin şəxslərin tezliklə Ermənistana verilməsinə razılaşması müqabilində hansısa əlavə şərtlərin irəli sürülməsi ehtimalı varmı?
Tanınmış analitiklər bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüblər.
Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq Radiosu”nun jurnalisti Vadim Dubnov (Praqa) bu hadisəni Ermənistandakı seçkilərlə sinxronlaşdırmaq lazım olduğunu düşünmür.

“Əgər bu, doğrudan da təsadüfi deyilsə, onda, müəyyən mənada Ceyhun Bayramovun Vaşinqtona və Moskvaya səfərlərinin qrafiki ilə üst-üstə düşür. Ola bilər ki, bu, hansısa başqa razılaşmaların tərkib hissəsidir və mən həmin apellyasiya şikayətlərinin uğurla nəticələnəcəyinə tam əmin deyiləm.
Düşünürəm ki, Bayramov Moskvada Azərbaycanla Rusiya arasında yekun nizamlanma məsələsini müzakirə edəcək. Və bu səfərlər zamanı erməni məhbusları mövzusu da qaldırıla bilər. Ona görə də, hesab edirəm ki, müəyyən müzakirələr mümkündür. Amma bu, qətiyyən seçkiqabağı tədbir deyil. Birincisi, seçkilərə çox az vaxt qalıb. İkincisi isə bu, Paşinyan üçün hədiyyə sayıla bilməz. Çünki Bakıda saxlanılan şəxslərin hamısı onun siyasi rəqibləridir. Bu, daha çox müxalifətin küçəsində bayram olar, Paşinyanın yox. Üçüncüsü, bir daha deyirəm, bu apellyasiya prosesinin sürətli uğurla başa çatacağına əminlik yoxdur”, – Dubnov mövqeyini bölüşüb.
Müstəqil politoloq Xəqani Cəfərli isə öz növbəsində bildirib ki, Ermənistan vətəndaşlarının və Qarabağ separatçılarının əfv edilərək Ermənistana təhvil verilməsi hazırkı mərhələdə həm hüquqi baxımdan mümkün deyil, həm də siyasi baxımdan məqsədəuyğun sayılmır.

“Bildiyimə görə, dövlət başçısı məhkum olunmuş şəxsləri yalnız Apellyasiya Məhkəməsinin qərarından sonra əfv edə bilər.
Məsələnin siyasi tərəfinə gəlincə, Ermənistan vətəndaşlarının və Qarabağ separatçılarının əfv edilərək Ermənistana təhvil verilməsinin Paşinyanın seçkilərdə mövqelərini gücləndirəcəyini hesab etmirəm. Əksinə, belə bir addım onun əleyhinə işləyə bilər. Paşinyanın rəqibləri Azərbaycanın seçkilərə müdaxilə etdiyini iddia edərək isteriya qaldıra bilərlər ki, bu da nəticədə elə Paşinyanın özünə zərər verər. Bu gün ən düzgün mövqe Ermənistanda gedən seçki kampaniyasından məsafə saxlamaqdır.
Mənim qənaətimə görə, ən doğru addım İrəvanın siyasi kursunun dəyişməsi və sülh prosesinə yenidən baxılmasının ağır nəticələrə gətirib çıxara biləcəyini sakit şəkildə bəyan etməkdir. Bununla yanaşı, bu seçkilərdə tərəf olmadığımızı da təsdiqləməliyik”, – Cəfərli yekunlaşdırıb.
Rauf Orucov