Logo
news content
User
Kateqoriyalar

Analitika

“Sülh Şurası”: Bakı üçün siyasi platforma, yoxsa diplomatik manevr
Azərbaycanın Trampın şurasına qoşulmaqda marağı nədir?

Fevralın 19-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk iclası dünya mediasının əsas gündəm mövzusu oldu. Toplantıda 20-dən çox ölkənin rəhbərləri və nümayəndələri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və digəri qatılıblar.

Görüşün sonunda Donald Tramp “maliyyə dürüstlüyü və şəffaflıq prinsipləri”ni müəyyənləşdirən qətnamə imzaladığını bildirib. Tramp iştirakçı ölkələrin Qəzza sektorunun bərpası üçün 7 milyard dollar ayırdığını, ABŞ-nin isə “Sülh Şurası” layihələrinə 10 milyard dollar ianə edəcəyini deyib. ABŞ Prezidenti toplantıdakılara müraciətində “Qəzzada qayda yaradacaqlarını, Qəzzanı uğurlu və təhlükəsiz edəcəklərini” söyləyib.

Bəyanatdan qısa müddət sonra Prezident İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb ki, iclasda səsləndirilən 7 milyard dollarlıq Qəzza maliyyə təşəbbüsündə Azərbaycanın iştirakı nəzərdə tutulmur. O, eyni zamanda gələcəkdə Azərbaycanın “Sülh Şurası” vasitəsilə Qəzzaya sərmayə layihələrində iştirakını istisna etməyib və Azərbaycanın təsisçi üzv dövlət kimi şuranın məqsəd və məramlarını dəstəklədiyini vurğulayıb.

Qərb mediası yazır ki, “Sülh Şurası” əvvəlcə atəşkəsdən sonra Qəzza sektorunun idarə olunması üçün beynəlxalq mexanizm kimi nəzərdən keçirilsə də, daha sonra münaqişədən zərər çəkmiş bölgələrdə davamlı sülhün təmin edilməsi kimi daha geniş məqsəd qoymaq istədiyi iddia olunur. Bəzi şərhçilər bunu Trampın BMT-yə alternativ platforma yaratmaq cəhdi kimi qiymətləndirir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Pressklub.az-a şərhində bildirib ki, burada əsas məsələ maliyyə deyil: “Əsas məsələ siyasi və institusional həll mexanizminin formalaşdırılmasıdır. Əgər müqəddəs məkanların beynəlxalq statusu ilə bağlı geniş razılaşma əldə olunarsa, İslam ölkələri, eləcə də digər maraqlı tərəflər bu prosesdə iştirak etmək üçün təşəbbüs göstərəcəklər. Bəzən biz maliyyə faktorunu ön plana çəkirik, lakin bu məsələdə siyasi iradə və beynəlxalq razılaşma daha vacibdir. İslam ölkələri arasında da müəyyən nüfuz və təsir rəqabəti mövcuddur. Gələcəkdə xüsusi statusun təminatı üçün yaradılacaq mümkün beynəlxalq idarəetmə və ya müşahidə mexanizmində təmsil olunmaq bir çox ölkələr üçün prestij məsələsi olacaq. Qüds İslam dünyası üçün müqəddəs məkanlardan biridir. Bu baxımdan Azərbaycanın prosesdə iştirakı yalnız maliyyə deyil, siyasi və diplomatik baxımdan daha önəmlidir”. 

Keçmiş nazir vurğulayıb ki, əsas məsələ həm də ondan ibarətdir ki, Azərbaycan ümumislam və ümumbəşəri xarakter daşıyan məsələlərin həllində fəal və balanslı mövqe sərgiləyir. T.Zülfüqarov Qəzza ilə bağlı beynəlxalq prosesdə Azərbaycanın yaxından iştirakının səbəblərini belə dəyərləndirib: 

Qəzza problemi Yaxın Şərq münaqişəsinin ən həssas komponentlərindən biridir. Yaxın Şərq münaqişəsinin kökləri 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi bölünmə planına gedib çıxır. Həmin sənəddə iki dövlətin – İsrail və Fələstin dövlətlərinin yaradılması, eləcə də Qüds şəhərinə xüsusi beynəlxalq status verilməsi nəzərdə tutulurdu. Qüdsün xüsusi status məsələsi təsadüfi deyildi. Çünki bu şəhər üç böyük səmavi din üçün müqəddəs məkandır. Müsəlmanlar üçün Əl-Əqsa məscidi, xristianlar üçün Müqəddəs Qəbir kilsəsi, yəhudilər üçün isə Qərb divarı burada yerləşir. Tarix boyu bu məkan müxtəlif dövrlərdə fərqli güclərin nəzarətində olub. Bu səbəbdən beynəlxalq təminat mexanizmi ideyası ortaya çıxmışdı. Sonrakı hərbi qarşıdurmalar nəticəsində Qüdsün böyük hissəsi İsrailin nəzarətinə keçib və şəhərin statusu bu gün də beynəlxalq mübahisə mövzusu olaraq qalır”. 

Eks-nazirin sözlərinə görə, bu məsələlərin müzakirəsində Azərbaycanın iştirak etməsi İslam dünyası ilə dialoq baxımından mühüm əhəmiyyət daşıyır. “Orada ciddi demoqrafik dəyişikliklər baş verir. Hazırkı mərhələdə Qüdsün vaxtilə müəyyən edilmiş statusu qeyri-müəyyən olaraq qalır. Ola bilsin ki, həmin dövrdə nəzərdə tutulan xüsusi status yalnız müqəddəs məkanlara aid idi. Çünki bu müqəddəs yerlər çox da böyük olmayan ərazidə yerləşir”, - T.Zülfüqarov vurğulayıb.

Turqut