Sülhə körpü salanlar
Azərbaycan və Ermənistan arasında vasitəçisiz dialoqun məqamları
11 Dekabr 2025
Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən bu il avqustun 8-də imzalanmış Vaşinqton bəyanatından sonra iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş ardıcıl addımlar atıldı. Bu addımlar içində ən çox diqqət çəkəni Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri oldu.
Bu görüşlirın əsas özəlliyi onların vasitəçi olmadan, yalnız iki ölkənin nümayəndələri tərəfindən təşkil olunması idi. İlk görüş 21–22 oktyabr tarixlərində Yerevanda keçirildi.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarə Yerevandakı Zvartnots hava limanına eniş etdi. Bir çox media qurumu və ekspertlər bunun son 30 ildə AZAL təyyarəsinin Yerevana ilk enişi olduğunu bildirsələr də, bəzi mütəxəssislər 2006 və 2011-ci illərdə də birbaşa uçuşların həyata keçirildiyini xatırlatdılar.

Azərbaycan mətbuatı vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana bu səfərini “tarixi addım” kimi qiymətəndirir.
Report İnformasiya Agentliyinin internet səhifəsində yer alan analitik məqalədə vasitəçisiz görüşün sülh gündəminə təkan verəcəyi qeyd edilir:
“Vətəndaş cəmiyyəti təmsilçilərinin vasitəçi olmadan, yalnız öz hökumətlərinin dəstəyi ilə görüşüb-danışması sülh gündəmi üçün vacib faktor sayılır. Müstəqil şəkildə təşkil edilən görüşlər sülh prosesinin tərəflərində əlavə məsuliyyət yaradır.”
Görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesinin mümkün istiqamətləri, humanitar məsələlər, normallaşma fonunda yaranan iqtisadi və logistika imkanları, eləcə də etimad quruculuğu üçün gələcək addımlar müzakirə edildi. Nümayəndələr həmçinin birgə fəaliyyət planlarının hazırlanmasına və gələcək əməkdaşlıq perspektivlərinə xüsusi önəm verdilər.
Azərbaycan və Ermənistan nümayəndələri həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdülər. Qriqoryan bu cür görüşün vacib olduğunu qeyd etdi:
"Mən belə görüşlərin keçirilməsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin tərkib hissəsi kimi yüksək qiymətləndirdim, çünki onlar insanlar arasında müsbət təmasların yaradılmasına yönəlib. Mən vurğuladım ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu işə cəlb olunması yalnız sülhün möhkəmlənməsinə töhfə verəcək".
Ermənistan səfərinin iştirakçılarından geri döndükdən sonra İctimai TV-yə danışan politoloq Fərhad Məmmədov da bildirib ki, belə görüşlər sülh gündəliyi baxımından böyük əhəmiyyət daşıyır. Yerevandakı təəssüratlarını bölüşən Məmmədova görə, erməni nümayəndələr iki ölkə arasındakı sülh prosesini və normallaşmanı dəstəkləyirlər, bütövlükdə Ermənistan cəmiyyətinin sülh müqaviləsini dəstəkləyib-dəstəkləməməsi isə 2026-cı ildə orada keçiriləcək parlament seçkilərində aydın olacaq.
Digər görüş iştirakçısı, Topşubaşov Mərkəzinin direktoru Rusif Hüseynov yerli YouTube kanalına verdiyi müsahibədə Ermənistan cəmiyyətinin böyük hissəsində bu səfərlərin mənfi qarşılandığını bildiklərini söyləyib. Onun sözlərinə görə, belə vəziyyət Ermənistan daxilində davam edən müxtəlif siyasi proseslərlə bağlıdır. Hüseynov real durumun bəzən mediada gerçəkdə olduğundan fərqli formada təqdim edildiyini də qeyd edib və belə səfərlərin sıxlıği artdıqca, cəmiyyətin də onları zamanla qəbul edəcəyini düşündüyünü deyib.
Ermənistana gedən heyət mədəni tədbirlərdə, gəzintilərdə də iştirak edib. Rusif Hüseynov Yerevanda ziyarət etdikləri bir muzeydə rəhbərliyin və əməkdaşların onlarla çox nəzakətli davrandığını vurğulayıb.
Azərbaycandan 5 nəfərlik nümayəndə heyətinin Yerevana səfərindən bir ay sonra, 21–22 noyabr tarixlərində Ermənistan vətəndaş cəmiyyətinin 5 nəfər üzvü Bakıya səfər etdi. Heyət üzvlərindən jurnalist Boris Navasardyan sonuncu dəfə Bakıya 2011-ci ildə səyahət etmişdi, digərləri isə Azərbaycanın paytaxtına ilk dəfə gəlirdilər.
Azərbaycan mətbuatında yer alan xəbərlərə əsasən nümayəndə heyyətlərinin Bakı görüşü 8 saat çəkdi. Görüşdən sonra verilən açıqlamalarda tərəflər təşəbbüsün adının “Sülh Körpüsü” qoyulduğunu elan etdilər. İştirakçılardan Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İsgəndərlinin sözlərinə görə, media sahəsində birgə fəaliyyətin artırılması, ekspert qrupları arasında birbaşa ünsiyyətin təmin edilməsi, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha fəal şəkildə cəlb olunması barədə razılığa gəlindi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Bakıda nümayəndə heyətləri ilə görüşərək onların suallarını cavablandırdı. Qonaqlar üçün Bakıda gəzinti təşkil olundu. Onlar Heydər Əliyev Mərkəzi, Botanika Bağı, Şirvanşahlar Sarayı, Qız Qalası və İçərişəhər kimi yerləri ziyarət etdilər. Bakının mərkəzində yerləşən və hazırda kitabxana kimi fəaliyyət göstərən Müqəddəs Qriqori erməni kilisəsində qonaqlara kitabxanada saxlanılan təxminən 5.000 erməni dilində kitab haqqında məlumat verildi.
Ermənistan nümayəndələri Azərbaycan mediasına da müsahibələr verdilər. CBC kanalına danışan politoloq Samvel Meliksetyan şəhər gəzintisindən məmnun qaldığını xüsusilə vurğuladı. Onun sözlərinə görə, iki xalq arasında düşünüldüyündən daha çox oxşarlıqlar var və bu oxşarlıqlar əslində anlaşılmazlıqlara deyil, uzlaşmaya yol açmalıdır.
Meliksetyan illər əvvəl Ermənistandan məcburi köç etmək zorunda qalmış bir azərbaycanlı ilə qarşılaşdığını, həmin şəxslə ermənicə danışdığını bildirdi və keçmişdə yaşanan acıların qarşısının alınmamasını böyük bir faciə adlandırdı:
“Bu, xalqlarımızın ən böyük faciəsidir; biz vaxtında duyğularımıza hakim ola bilmədik. Həmin dövrdə Ermənistandan olan azərbaycanlılar erməni mədəniyyətini də daşıyırdılar; eyni şəkildə Azərbaycanda yaşayan ermənilər də Azərbaycan mədəniyyətinin bir parçası idilər.”
CBC kanalına müsahibə verən digər səfər iştirakçısı Boris Navasardyan oldu. O, müxtəlif sahələrdən mütəxəssislərin iştirak edəcəyi ortaq bir forumun keçirilməsinin vacib olduğunu düşündüyünü dedi. Bildirdi ki, əvvəllər oxşar təşəbbüslər əsasən üçüncü ölkələrdən və ya beynəlxalq təşkilatlardan gəlirdi, bu gün isə birbaşa ikitərəfli görüşlər üçün real imkanlar yaradılıb.
“Bu, digər ölkələrdən həmkarlarımızı dəvət etməyəcəyimiz anlamına gəlmir; lakin gündəmin özü və müzakirə olunacaq məsələlər Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müəyyənləşdirilməlidir.”
Navasardyan həmçinin hər iki ölkə xalqının normallaşma prosesinə daha geniş cəlb olunmasının vacibliyini xüsusi qeyd edir. O, sərhəd kəndlərində yaşayan insanlar arasındakı təmasların, eləcə də biznes nümayəndələri arasındakı qarşılıqlı əlaqələrin bütövlükdə dialoqun bərpasına ciddi töhfə verə biləcəyini söyləyir.
“ Düşünürəm ki, kafelərdə, restoranlarda, muzeylərdə, Botanika bağında qarşılaşdığımız insanlarla, Bakı sakinləri ilə bu cür normal, canlı ünsiyyət bizim yaxşı perespektivlərimiz olduğunun göstəricisidir,”- deyə Navasardyan CBC-yə müsahibəsində qənaitini bölüşür.

Azərbaycan üçün prosesin fasiləsiz şəkildə davam etməsi böyük əhəmiyyət daşısa da, müəyyən risklər mövcuddur. Bu risklərin başında isə Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri dayanır. Orada müxalif qruplar Azərbaycan-Ermənistan sülh prosesinə qarşı çıxır. Qonşu ölkədəki siyasi hadisələr və seçkilərə hazırlıq Azərbaycanda da yaxından izlənir. Çoxları bu rəydədir ki, Nikol Paşinyanın partiyası seçkiləri uduzsa və ya parlamentdə çoxluğu əldə edə bilməsə, iki ölkə arasındakı sülh prosesinin dayanma ehtimalı yüksəkdir.
“Sülh Körpüsü” təşəbbüsünün məqsədi də qarşıdakı aylar ərzində hər iki cəmiyyəti mümkün qədər davamlı sülhə hazırlamaqdır.
Görüşdən sonra ITV-yə danışan Fərhad Məmmədov bildirib ki, danışıqlar zamanı Ermənistan nümayəndələri “hazırda Azərbaycanda məhkəmə prosesi davam edən, hərbi cinayətlər törətməkdə ittiham olunan bəzi şəxslərin azadlığa buraxılması” məsələsini də gündəmə gətiriblər. Məsələ Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüş zamanı da qaldırılıb, bunun Ermənistan cəmiyyətində sülh gündəminə etimadın artırılması baxımından önəmli olduğu vurğulanıb. Hikmət Hacıyev isə cavabında bildirib ki, Azərbaycan ictimaiyyətində bu məsələdə açıq və qəti mövqe var.
Hacıyev Yerevandan gəlmiş nümayəndələr vasitəsi ilə erməni cəmiyyətinə mühüm mesajlar da çatdırıb, Azərbaycan üçün mübahisə səhifəsinin artıq bağlandığını deyib.
Tərəflərin bildirdiyinə görə, “Sülh Körpüsü” təşəbbüsünün tərkibini genişləndirmək, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları intensiv dialoqa təşviq etmək planlaşdırılır.
Ermənistan və Azərbaycan nümayəndələrinin atdığı bu addımın Azərbaycanda ümumilikdə müsbət qarşılanmasına baxmayaraq, sosial mediada pessimist fikirlər də mövcuddur. Tərəflər qarşıdakı aylar ərzində maksimum etimad mühiti yaratmağa çalışsalar da, prosesin uzun və yorucu olacağı aydındır.
Uzun illər dünyanın müxtəlif ölkələrində belə dialoqlar aparılıb və çox vaxt ictimaiyyət həmin görüşlərdən xəbərsiz olub. Hətta bəzi dialoq iştirakçıları görüşlərdə dediklərini müsahibələrdə də dəstəkləmək əvəzinə, geri dönəndən sonra tam əks yöndə açıqlamalar veriblər. Bu gün isə belə təşəbbüslərin mediada işıqlandırılması və cəmiyyətlərin proseslərdən tam xəbərdar olması tərəfləri daha məsuliyyətli davranmağa sövq edir. Bununla belə, Azərbaycanda formalaşmış rəyə görə, prosesin davamlılığı Ermənistanın daxilində gedən siyasi proseslərə və onların nəticələrinə bağlıdır.
Könül Şahin