Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

Miflərdən reallığa: münaqişədən sonra konstruktiv ictimai narrativləri necə qurmaq olar
Sülhün imitasiyası, yoxsa həqiqi barışıq?

Məni bu məqaləni yazmağa iki əsas amil vadar etdi: “Təmas xətti” redaktorlarının ictimai narrativlərdəki miflər barədə artıq dolayı şəkildə danışmağı dayandırıb, məsələyə birbaşa və konkret yanaşmağa çağırış kimi səslənən tövsiyəsi, eləcə də Ermənistanın ən adekvat və erudisiyalı ekspertlərindən biri saydığım Arşaluys Mqdesyanın sözlərinə şəxsi reaksiyam. O, verilişlərin birində Bakıda separatçılar üzərində keçirilən məhkəməni “Nürnberq prosesinin parodiyası” adlandıraraq demişdi ki, “hərbi əsirlərin azad olunmaması Azərbaycanın sülhə tam sadiqliyinə şübhə yaradır”. Birinci amil mənə istiqaməti göstərdi, ikinci amil isə onun aktuallığını vurğuladı.

Diplomat həqiqəti, yalnız həqiqəti deyir, amma onu tam demir. Beynəlxalq münasibətlər sahəsində tez-tez işlədilən bu ifadə konstruktiv ictimai narrativlərin formalaşması məsələsinə də aid edilə bilər.

“Nağıl və miflərdən” fərqli olaraq, konstruktiv ictimai narrativ reallıqdan tam qopmuş şəkildə mövcud ola bilməz. O, özündə mütləq həqiqəti (və ya həqiqət hesab ediləni) tam əks etdirmir, lakin gerçəkliyə və məntiqə söykənir. Reallığı olduğu kimi qəbul etməyəndə və sonrakı narrativləri həmin reallığın diktə etdiyi məntiq üzərində qurmayanda məhsuldar nəticəyə gəlmək mümkün deyil. Bu halda ancaq keçmişin hansısa bir anında ilişib qalmaq, Leonardo Di Kaprionun “Lənətlənmişlərin adası” filmində oynadığı qəhrəmanı kimi şüurun qaranlıq labirintlərində dolaşmaq olar.

Bizim halda, konstruktiv ictimai narrativlərin qurula biləcəyi və qurulmalı olduğu reallıq, sülh münasibətlərinin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında bərqərar olmasını tələb edir. Bu razılaşmaya zidd olan bütün digər narrativlər tədricən ortadan çıxarılmalıdır:
a) rəsmi dövlət ritorikasından və müvafiq sənədlərdən;
b) ictimai diskussiya trendindən.

Qoy onlar cəmiyyətdə etik və sosial narahatlıq doğuran, ictimaiyyət tərəfindən qəbul edilməyən, marginallaşmış qrupların nostalji predmeti kimi qalsın.

Erməni YouTube kanallarındakı müxtəlif verilişlərə baxanda ilk baxışdan hər şey düzgün görünür: müharibəni unutmağa, sülhə, ticarətə qayıtmağa çağırırlar. Lakin ən adekvat insanların çıxışlarında, narrativlərində belə, yenə də “Artsax”, “hərbi əsirlər” kimi terminlər ortaya çıxır. Bu, mənə Putinin SSRİ-nin süqutu barədə dediyi fikri xatırladır: guya bu, sosial-iqtisadi inkişaf modelinin yanlışlığının göstəricisi yox, təsadüfi fəlakət olub. Bir çox erməni ekspertlərinin çıxışlarında da eyni xətt hiss olunur: guya “miatsum” ideyası düzgün olub, sadəcə hərbi məğlubiyyətə görə alınmayıb. Deyə bilərik ki, sülh formulunu onun həqiqi mənasında daxilən qəbul etməmək onların hamısında hiss edilir (bəlkə də bunu bəzən bilmədən edirlər, amma bu, heç kəsə təsəlli vermir).

Aydındır ki, Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan, istər onun vətəndaşı olan, istərsə də ümumiyyətlə hansı vətəndaşlığı daşıdıqları bilinməyən adamlardan danışanda “hərbi əsir” terminindən istifadə etmək, “Artsax”ın ayrıca subyektliyini nəzərdə tutan ifadələri səsləndirmək keçmişə, yəni, qonşu dövlətin ərazi bütövlüyünün şübhə altına alındığı dövrə qayıdışdır və deməli, yeni qarşıdurma, yeni münaqişə üçün zəmindir. Belə məntiqi zəncir, belə alt məna ilə edilən hər çıxış Azərbaycan hakimiyyətinin təbii şübhələrini səbəb olur, onu “Qərbi Azərbaycan” adlanan cavab alətini əlindən buraxmamağa məcbur edir.

İkinci mühüm məqam – sadəcə susmaq, “gəlin, hamının etdiyi hər şeyi unudaq, sıfırdan başlayaq” demək mümkün olmayacaq. Nə qarşı tərəfin xalqı ilə, nə də öz xalqınla. Cəmiyyət hələ də iki əbədi suala cavab axtarır: “Günahkar kimdir?” və “Nə etməli?”. Əgər biz ərazi məsələsində yenidən Almatı Bəyannaməsinin müddəalarına qayıdırıqsa, bəs bu 30 illik qanlı toqquşmada kim günahkardır? Niyə hər iki tərəfdən bu qədər insan öldü, şikəst oldu və insanların böyük hissəsi hələ də dərin psixoloji travmalarla yaşayır?!

Azərbaycan tərəfindən bu suallar daha sərt səslənir. Çünki 30 il ərzində işğal olunan Ermənistan yox, məhz Azərbaycan əraziləri olub – talan edilib, bəzi yerlər isə sanki Smauq səhralığına çevrilib. Azərbaycan niyə bizim, yəni vergi ödəyicilərinin hesabına milyardlarla manat vəsaiti Qarabağın və ətraf rayonların bərpasına yatırmalıdır? Günahkarlar göstərilmədən, onların rəsmi şəkildə qınanması olmadan xalqlar sülh formulunu tam şəkildə qəbul etməyəcəklər. Buna görə kimsə cavab verməlidir. Özü də təkcə Azərbaycan xalqının deyil, həm də erməni xalqının, idealda isə dünya ictimaiyyəti qarşısında cavab verməlidir.

Hər iki tərəfin rəsmən tanınmış reallığı həqiqi şəkildə qəbulundan sonra sülh yolu daha aydın görünür, hansı ictimai narrativlər üzərində işləmək lazım olduğu daha dəqiq anlaşılır. Bu sahədə əsas vəzifələrdən biri – etnik mənsubiyyət məsələsini münaqişə edən tərəflərin şüurundan tədricən silməkdir. Yəni “bunu ermənilər etdi”, “bunda azərbaycanlılar günahkardır”, “ermənilər və azərbaycanlılar genetik uyğun deyil” kimi abstrakt kollektiv ittihamlar, mövcud olan və hər iki tərəfin qəbul etdiyi obyektiv reallıqdan çıxış edərək konkret qruplara və şəxslərə yönəlməlidir.

Nürnberq prosesini xatırlatmışkən, həmin analogiyadan istifadə edim. Hitler, proqramına nisbi demokratik seçkilərdə hər üç alman seçicidən birinin səs verdiyi siyasətçi idi (bəli, çoxları Hitlerin ritorikasının hara apardığını sonadək anlamırdı, amma başqalarının hesabına Böyük Reyx və Böyük Almaniya ideyasını dəstəkləyirdi). Lakin xalqları cinayətlərə görə mühakimə etmək olmaz. Bu səbəbdən Almaniyanın müharibədən sonrakı dövrdə böhrandan çıxmasının əsas şərtləri bunlar idi: 

a) günahın etiraf edilməsi və radikal milli ideyalardan imtina; 

b) alman xalqının Hitler hökuməti ilə eyniləşdirilməsinin aradan qaldırılması – əksər insanların şüurunda almanların faşistlərdən ayrılması; 

c) siyasi və hərbi rəhbərliyin bir hissəsinin cəzalandırılması. 

Almaniyanın yeni rəhbəri Konrad Adenauer növbəti mərhələdə daha bir “amnistiya səviyyəsi” tətbiq etdi – mülki dövlət idarəetmə aparatının böyük hissəsini “faşist” və ya “faşizmə yardım edən” damğasından azad etdi. Nəticədə, Nürnberq prosesi üzvləri də daxil olmaqla, məhkum edilənlərin ümumi sayı 200 nəfərdən azacıq çox oldu (Nürnberqdə mühakimə olunan 24 yüksəkvəzifəli nazir və generaldan üçü bəraət aldı, digərləri məhkum edildi, amma sonrakı proseslərdə bəraət alanların sayı daha çox idi).

Əminəm ki, erməni separatçılarına qarşı keçirilən mümkün məhkəmə prosesində də həbs olunanların bir hissəsi əfv edilə, azadlığa buraxılardı. Lakin ən əsas fiqurlar öz əməllərinə görə cavab verməlidirlər. İdeal halda Koçaryan və Sarkisyan da bu siyahıda olmalı idilər. Ola bilsin ki, Ermənistan cəmiyyətində də bir gün yuxudan oyanıb həmin şəxslərin artıq Azərbaycan həbsxanasında olduğunu görməyə razı olanlar var. Əsas odur ki, bu, Ermənistan tərəfinin iştirakı olmadan baş versin. Nasist yönümlü milliyətçilərin marginallaşması prosesi tamamlansın. Amma həyatda, sadəcə yuxudan oyanıb hər şeyin artıq bitdiyini görmək olmur. Qəbul edilmiş ümumi dəyərlərdən və prinsiplərdən, o cümlədən ərazi bütövlüyündən çıxış edərək ardıcıl şəkildə addımlar atmaq lazımdır.

Bu mənada, Ermənistanın müharibədən sonrakı siyasi dövründə ən ardıcıl və məntiqli mövqeyi Paşinyan tutur. O, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Ermənistanın ərazi bütövlüyünü müdafiə edir; bundan çıxış edərək real Ermənistanı uydurma Ermənistanla qarşı-qarşıya qoyur, baş verən bütün bədbəxtliklərdə həmin dövrün rəhbərlərini ittiham edir, bununla da erməni cəmiyyətini və xalqını emosional, psixoloji və narrativ zərbə altından çıxarır. Əslində, kilsə rəhbərliyinin dəyişdirilməsi uğrunda mübarizə aparmaqla kilsə institutunu onilliklər boyu radikal millətçi mifologiyanı dəstəkləyən xətdən təmizləyir. Ermənistanda yaşayanlardan daimi qurban tələb edən diasporanın, vətənpərvərlik şüarlar altında xalqa sülh və çiçəklənmə gətirə biləcək fəaliyyətdən savayı hər şeylə məşğul olan radikal milliyətçi partiyaların,  “Qarabağ klanı”nın “bostanına daş atır”. Bütün bunların hansı templə və formada baş verməsini erməni cəmiyyətinin özünün qiymətləndirməsi daha doğru olardı. Bu artıq başqa sualdır. Lakin məntiqin özü konstruktiv ictimai narrativin quruluşuna tam uyğun gəlir. Münaqişəni etnik qarşıdurma vəziyyətindən çıxararaq hüquqi müstəviyə keçirmək, kimisə milli mənsubiyyətinə görə deyil, törətdiyi əməllərə əsasən müdafiə etmək və ya ittiham etmək xalqlara, birincisi, dinc həmyaşayışın şərtlərini qəbul etməyə, ikincisi, baş verənləri anlamağa və bağışlamağa, bəzi hallarda isə hər iki cəmiyyətin müəyyən dərəcədə daşıdığı mənəvi məsuliyyət və günah yükü ilə yaşamağı öyrənməyə imkan verəcək. Və ən əsası, gənc və gələcək nəsillərin mehriban qonşuluq şəraitində yaşaması üçün daha möhkəm təməl yaradacaq.

Azərbaycan prezidenti də ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması postulatına əsaslanaraq, eyni ardıcıllığı və məntiqi nümayiş etdirir. Bəli, daha sərt ifadələrlə, Paşinyan qədər açıq ictimai müzakirə formatlarında deyil, amma sözlərində və qəbul etdiyi qərarlarda dəqiq ölçülüb-biçilmiş şəkildə. Hər biri öz peşəkar və həyat təcrübəsindən, öz xalqının mentalitetindən çıxış edir, lakin hər ikisi tərəflərin yerdə və hüquqi müstəvidə qəbul etdiyi reallıqlara əsaslanır.

Bu ardıcıllığı, danışmaq və hərəkət etmək cəsarətini özlərini “sülhməramlı” və “konfliktoloq” adlandıran ekspertlər də göstərməlidirlər, öz daxili “əjdahaları” ilə mübarizə aparmalıdırlar. Əks halda baş verənlər sülh yox, son otuz il ərzində etdiyimiz kimi sadəcə sülh prosesinin imitasiyası olacaq. Mən bundan artıq yorulmuşam. Bəs siz?

Anar Eyyubov